Modern.az

Fikrət Qoca “Atalar və Oğullar” layihəsində: “Atamın bizə təzə ayaqqabı almağa pulu çatmırdı”

Fikrət Qoca “Atalar və Oğullar” layihəsində: “Atamın bizə təzə ayaqqabı almağa pulu çatmırdı”

18 Yanvar 2017, 15:06

Modern.az saytı “Atalar və oğullar” adlı yeni layihəyə start verir. Burada tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarından, onların ağrılı-acılı ömür yolundan danışacaqlar. Bir növ atalarının keçdiyi ömür yolunu xarakterizə edəcəklər. Təkcə yazının deyil, həm də fotoların diliylə...


Layihəmizdə ilk olaraq, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca el arasında “Göyüş həkim” adıyla tanınan atası Göyüş Qocayevdən danışacaq.


Sizi Fikrət Qoca və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

“Tay-tuşumuz” Göyüş həkim


-
Hara getsək də, harada qalsaq da, hamı atamı “Göyüş həkim”  kimi tanıdı, hörmət etdi. Xəstələrin ümid-pənahı idi, atam Göyüş həkim. Kənarda hamı ona dərin hörmət bəsləyər, kəlmə kəsməkdən çəkinərdilər. Amma bizimlə - 8 övladı ilə hər zaman tay-tuş kimi danışardı. Lap təzə  dil açmağa başlayandan sonra o, mənimlə əsl dost kimi davrandı. Evin böyük uşağı idim. Mənimlə elə danışardı ki, sanki böyük adama müraciət edir. Hər zaman buna təəccüblənirdim. “Göyüş həkim də bu cür danışarmı” deyə, fikirləşirdim. Amma o, bu cür xüsusiyyətlərinə görə Göyüş həkim idi.


Əli sığallı müəllim

-Bu adam heç vaxt mənim üstümə qısdırmadı. Təbii ki, başqa uşaqlar kimi mənim də səhvlərim olurdu, dərslərimi bəzən həll edə bilmirdim. Qəti acıqlanmazdı, mənimlə birlikdə oturub bilmədiyim dərsləri - əsasən də, riyaziyyatı həll edərdik.  Həkim olsa da, ilk təhsili mühəndislik olub deyə, riyaziyyatı çox gözəl bilirdi. Bildiklərini də mənə öyrədirdi. Riyaziyyatla aram olmayıb. Odur ki, bəzən hansısa mövzunu gec qavrayırdım. Amma atam o qədər səbirlə mənə öyrədirdi ki, həmin mövzu  sonradan heç vaxt yadımdan çıxmazdı. Böyük təmkin sahibiydi. Öz bildiyini, bacarığını yedizdirməyi çox gözəl bacarardı. Özü də hirslə-hikkəylə yox, sığalla, tumarla bunu edərdi. Fikirləşirdim, görən, bu kişidə bu qədər səbir hardandı?



“Cuhud” atam

-Cuduhdlarla bizim aramızda bir fərq var: onlarda uşaq dəcəllik edəndə, dinc dayanmayanda ata başını tumarlayar. Deyər ki, “ağıllı balam daha ağıllı olacaq, ən ağıılı olacaq”. Bu cür tumarla naqislikləri uşağın beynindən silərlər. Amma bizdə necədir, uşaq dəcəllik edəndə ana o saat deyinir: “Kül başına, eynilə atana oxşamısan”. Hələ bir əl altdan kötəkləyir də... Mənim atam eynən cuhudlar kimi edib. Biz heç vaxt ondan kötək görməmişik.

“Ayaqqabısız” məhəbbət

-Ailədə 8 uşaq olmuşuq. Böyük övlad mən idim. Atam məni o biriləri üçün bir nümunə bilərdi. “Fikrət, sən necə olacaqsansa, qardaş-bacıların da sənə oxşayacaq. Avara olacaqsansa, hamısı avara olacaq”, deyərdi.
Əvvəl elə bilirdim ki, böyük olduğum üçün mənimlə bu cür tay-tuş kimi söhbət edir, dostyana danışır. Sonradan gördüm ki, yox, elə hamısı ilə o cürdü. Mənimlə - yəni böyük övladla sonbeşik arasında heç bir fərq qoymurdu. Onunla da “həmyaşıd” olurdu. Həkim adam idi, 8 övladının hamısına təzə ayaqqabı almağa pulu çatmırdı. Amma 8 övladının hamısına məhəbbət paylamağa, sevgini onlar arasında bölüşdürməyə imkanı yetərli idi.

 

Mikayıl Müşfiqin yaxın dostu

 

-Atam özü cavanlığında şeirlər yazıb, dərnəklərdə aktiv iştirak edib. Mikayıl Müşfiqlə, Hüseyn Cavidlə dost olmuşdu. Həmin dərnəklərdə ara-sıra rastlaşıblar. O illərdə Bakıda mühəndislik ixtisası üzrə ali təhsil alırmış. 1937-ci ildə onu tutmaq istəyiblər. Bilirsiz ki, o illər necə ağır illər olub. Odur ki, rayona qayıdıb. Heç təhsilini də başa vura bilməyib. Amma kadrlara ciddi ehtiyac olduğundan onu su mühəndisi kimi işə götürüblər. Atamın tay-tuşları - Mikayıl Müşfiq və başqaları da o illərin acı aqibətini yaşadılar. Ondan sonra atam oradan uzaqlaşdı, yazı-pozunu da bir kənara atdı. Ara sakitləşəndən sonra yenidən Bakıya qayıtdı. Amma bu dəfə tam ayrı sahəyə - tibbə yönəldi, Tibb İnstitutuna qəbul olundu. Onun instituta qəbul olunmasında şair Əli Kərimin qayınatası Süleyman kişinin böyük xidməti olub.



O illərin şeiri

-1941-ci ildə müharibə başlayanda atamı  həkim kimi cəbhəyə göndərdilər. Amma uşaqlıqdan ailəmizin sözə-sova olan sevgisini duyurdum. Atam da, anam da şeir vurğunu idilər. Yeri gələndən şeirlər deyər, sözdən danışardılar. Anam hərdən atamın cavanlıqda yazdığı şeirlərdən də deyərdi. Amma daha çox müəllifi məlum olmayan şeirlər  eşidərdik. Həm anamdan, həm atamdan...
Uşaq idik, heç fərqində deyildik ki, o şeirləri kim yazıb. Böyüyəndən sonra bildim ki, sən demə, atamın, anamın oxuduğu şeirlər Hüseyn Cavidin, Mikayıl Müşfiqin imiş. Amma o zaman atam həmin illərdən heç bir xatirə danışmadı. Bəlkə də danışası xatirələri olmayıb, bəlkə də, olub, amma özü danışmayıb. Biz uşaq idik, bilmirdik ki, ətrafda hansı hadisələr baş verir, nələr yaşanır... Amma görünür o zaman atam qadağan olunmuş mövzulardan ehtiyatlanırmış.


Atam cəbhədə yaralandı

-Atam Tibb İnstitutunda oxuyan zaman müharibə başladı. Ona və xeyli tələbə yoldaşına vaxtından tez institutu bitirmək haqqında bildiriş verib, cəbhə xəttinə yolladılar. Rəhmətlik Yusifağa Axundov atamın qrup yoldaşı idi. 1941-ci ildə həmin buraxılış institutdan ayrılıb cəbhəyə yollandı. Az keçmədi ki, atam yaralandı, arxa cəbhəyə göndərildi. Azərbaycanın bir çox rayonlarında baş həkim kimi çalışdı. Çünki cəbhədən durmadan yaralı əsgərlər göndərilirdi. Onların müalicəsi üçün həkimlər ayrı-ayrı yerlərə səfərbər edilirdi. Atam bir gün bu, sabahı gün isə o biri rayona yollanırdı. Bir növ, köçəri həyat yaşayırdıq. Çünki atam hara gedirdisə, ailəsini də aparırdı. Ona görə də mən Azərbaycanın bir neçə rayonunda orta məktəbdə oxumuşam. Həmin illər bu gün də gözümün qabağındadır.  İndi xatirələr yazıram. Muncuq-muncuq kağıza düzülür həmin xatirələr. Elə hazırda bu xatirələri bir araya topladığım üçün sizə onlardan danışa bilmərəm. İstəyirəm ki, yazıb qurtarım, sonra üzə çıxsın.


Gizli sevinc

-Məktəbi bitirəndən sonra Dəmiryol Texnikumunda oxudum. Ara-sıra tikintilərdə  çalışırdım da. Amma qəzet və jurnallarda şeirlərim də çıxırdı. “Kirpi” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzetində mütəmadi çıxış edirdim. Bu səbəbdən mənə Yazıçılar İttifaqından təklif gəldi ki, “səni Moskvaya-Maksim Qorki adına Ədəbiyyat İnstitutuna müsabiqəyə göndərək. Əgər keçsən, tələbə kimi orada təhsil alacaqsan”.
Müsabiqədən keçdim və maraqlı bir tələbəlik illəri yaşadım. Həm bu illər, həm də qəzet-jurnallarda çıxan şeirlərim, poemalarım, ən nəhayət ilk şeir kitabım atama çox qəribə gəlirdi. Bir dəfə qəzetlərin biri mənə çox böyük yazı həsr etmişdi. Yazı ilə birgə yeddi şəklimi də qəzetdə vermişdilər. Qəzeti masanın üstünə qoymuşdum. Atam məndən gizlicə gəlib həmin qəzetə dəfələrlə baxıb-gedirdi. Özüm bunun şahidi oldum, çox sevinirdi, amma sevincini biruzə vermirdi. İlk şeirlər kitabım çıxanda da eyni sevinci yaşadı.




Atamın ölümü

-Fərqi yoxdu, istəyirsən çoban ol, istəyirsən fəhlə, istəyirsə də dahi ol, rəhbər ol. Atanın yoxluğunda adam yetim qalır. Sanki arxalandığın divar uçur. Atam Göyüş həkimin ölümündən sonra yetim qaldım. Amma onun vəfatından sonra ölümdən heç qorxmadım. Ona qədər ölüm məni vahimələndirirdi. Anladım ki, bu həyatdı, ən yaxşı işlər görən insanlar da, təbii qanunlara tabe olub bu dünyadan köçməlidir. Atamdan sonra ölümdən qorxmadım, anamdan sonra isə ölüm mənə adi hal kimi göründü.

 

“Atam qocalır”

 

-Sonda atama həsr etdiyim bir şeiri deyim –“Atam qocalır”. Atamın ölümü təkcə məni yox, ona ümid kimi baxan xəstələrini də yetim qoymuşdu:

Allah olmayıb ki, həkim olubdu,

Sağalda bilməyib hər xəstəsini.

Ümid xatirinə boğub səsini

Yalan da deyibdi xəstəyə hərdən

Xəstələr yanında ümid tək gəzən

Atam qocalır...


E.Nazimoğlu

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi