Modern.az

20 Yanvar şəhidləri Tibb Universitetində anıldı

20 Yanvar şəhidləri Tibb Universitetində anıldı

18 Yanvar 2017, 15:55

20 Yanvar hadisələrinin 27-ci ildönümü ərəfəsində Azərbaycan Tibb Universitetində faciə qurbanlarının ruhu anılıb. Bu gün keçirilən mərasimin əvvəlində universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ATU-da şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, önünə əklil qoyublar.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli  hər bir xalqın tarixində bütövlükdə həmin xalqın inkişafına, bir millət kimi formalaşmasına, müstəqilliyini qazanmasına və qorumasına təsir edən xüsusi günlərin olduğunu dedi: “Azərbaycan xalqının həyatında belə hadisələrdən biri 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verib. Bu hadisənin mahiyyəti illər keçdikcə daha da dərinləşir, böyük əhəmiyyət kəsb etməyə başlayır. Əliyalın insanlara qarşı ağır texnika, tanklarla vəhşicəsinə hücum edildiyi, insanların gülləbaran olunduğu bu gecə xalqımızın böyük faciələrindən biridir. Fövqəladə vəziyyətə, komendant saatına baxmayaraq, indiki müasir rabitə üsullarının olmaması halında belə, 21 yanvar günü səhər tezdən milyonlarla insan öz ürəklərinin çağırışı ilə “Azadlıq”meydanına toplanmışdı. Həmin gün kimsə tərəfindən təşkil olunmamış möhtəşəm bir dəfn mərasimi keçirildi. Təsadüfi deyil ki, bu gün milli dirçəliş tariximizin vacib mərhələlərindən biri kimi hesab olunur”.

 

G.Gəraybəyli bu hüznlü günün Azərbaycan üçün bəşəri nəticələrinin olduğunu da bildirdi. Rektorun sözlərinə görə, 20 Yanvar hadisələri tariximizdə bir dönüş nöqtəsi olaraq milli qürurun formalaşmasında, müstəqilliyin qorunub saxlanılmasında, bizim  dünya xalqları arasında özünə məxsus yer tutmağımızda böyük rol oynayıb: “Biz hazırda da görürük ki, bu tarixi faciə həmin qırğından sonra dünyaya gələn gənclərimizə də böyük təsir göstərib, onlarda milli qürur hisslərini daha da gücləndirib. Biz hər birimiz dövlətimiz, müstəqilliyimiz uğrunda canlarından keçən oğullarımız, bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik”.  

 

Daha sonra ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov çıxışında həmin gecə ilə bağlı xatirələrini bölüşdü. “Həmin gecə açılan ölümsaçan güllələrin bir neçəsi indi də mənim stolumun üstündədir” deyən professor qeyd etdi ki, bu faciədən 27 il keçməsinə baxmayaraq, 20 yanvar hadisələri hər kəsin xatirinə əbədi həkk olunub.

 

I cərrahi xəstəliklər kafedrasının dosenti Səxavət Rəfiyev 20 Yanvar hadisələrinin canlı iştirakçısı kimi o gecə yaşananları bir daha xatırlatdı. Qeyd etdi ki, yollar bağlı olduğundan, həkimlər böyük  çətinliklə özlərini xəstəxanaya çatdırdılar: “Xəstəxananın həyətində izdiham vardı. Həkimlər az, əməliyyat otaqları isə yaralılarla dolu idi. İnsanlara tibbi yardımın göstərilməsində Tibb Universitetinin tələbələri böyük köməkliklər etdilər. Bu ərazidə yaşayan və yataqxanada qalan tələbələrimiz xəstələrin daşınmasında iştirak etdilər, əməliyyata kömək etdilər, həmin gün səhərə qədər və ondan sonraki günlərdə də könülü qanvermə aksiyası keçirdilər”.

 

II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nailə Şirəliyeva gənclər adından çıxış edərək 20 Yanvar faciəsinin unudulmayacağını bildirdi. Və gənc həkimlərin öz peşələrinə daha çox məsuliyyətlə yanaşmalı olduqlarını dedi.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox nəfər qanunsuz həbs edildi. Amansızca qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, şikəstlər də vardı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir