Modern.az

Baş redaktorlardan etiraz: “Test üsulunun ləğvini istəyənlər Azərbaycanın DÜŞMƏNLƏRİDİR

Baş redaktorlardan etiraz: “Test üsulunun ləğvini istəyənlər Azərbaycanın DÜŞMƏNLƏRİDİR”

19 Yanvar 2017, 09:06

Azərbaycanda ali məktəbə tələbə qəbulu prosesində test üsulu 1992-ci ildən tətbiq olunub. Artıq bəzi ekspertlər hesab edir ki, test üsulu təhsilimizin geriləməsinə səbəb olub. Bunun üçün də test üsulunun ləğvinin vacibliyini gündəmə gətirirlər. Bu cür təkliflər isə cəmiyyətdə heç də birmənalı qarşılanmır.

Modern.az məsələ ilə bağlı media rəhbərlərinin də fikrini öyrənməyə çalışıb.


“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalın sözlərinə görə, Azərbaycanın təhsil sistemində test üsulu indiyə qədər əldə etdiyimiz ən böyük uğurdur.

“İnanmıram ki, Azərbaycanda  test üsulu ləğv olunsun. Test üsulundan imtinanı imkansız sayıram, düşünmürəm ki, belə bir addım atılsın. Test üsulunun xeyirli, uğurlu nəticələri çoxdur. Bu, bizim tələbələrimizə öz fikirlərini normal şəkildə ifadə etmək imkanı verir. Təbii ki, test üsulunun  müəyyən qədər pis tərəfləri də var. İstərdim ki, gələcəkdə orta məktəblərdə şagirdlərə bilik vərdişləri aşılanarkən mütaliə vərdişi birinci yerdə dayansın. Çünki bizim tələbələr test üsulundan irəli gələn əzbərçiliyə daha çox önəm verirlər və mütaliə bir qədər arxa plana keçir. Bunu bəyənmirəm, amma bütövlükdə test üsulu Azərbaycan təhsil sistemində indiyə qədər gəlmiş-keçmiş ən uğurlu addımlardan biridir və düsünürəm ki, qətiyyən ondan vaz keçmək olmaz”.

 

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini  Arzu Nağıyev bildirib ki, dünyanın bir çox ölkəsində test və yaxud başqa üsulla hər-hansı universitetə qəbul olmaq praktikası yoxdur:


“Bu, təhsil sistemində bir yenilik idi və Azərbaycan üçün labüd məsələ olduğundan onu tətbiq elədilər. Bu gün zəmanə dəyişdikcə, təhsil sistemində müvafiq proseslər getdikcə, dünya praktikasına da müraciət etmək lazımdır. Mən düşünürəm ki, universitetlərə və digər təhsil ocaqlarına qəbul limiti aradan götürülməlidir. Əgər bir insan biliyinə, savadına güvənərək universitetə qəbul olmağı məqbul sayırsa, istər ödənişli, istərsə də ödənişsiz olaraq qəbul olunmalıdır. Oxuya bilməsə, universiteti məcbur olub tərk edəcək, oxuya bilirsə də təhsilini davam etdirəcək. Düşünürəm ki, bu məsələlərə hansısa qadağa qoymaq düzgün deyil. Ancaq indi  Azərbaycan şəraitində hansısa hesablamalara görə, bu proses davam edirsə, ümumi dünya praktikasını nəzərə alaraq düşünürəm ki, qadağaların aradan götürülməsi daha məqsədəuyğun olardı.

Bizim dövrümüzdə imtahanlar yazılı və şifahi şəkildə keçirilirdi. Mən nə o üsulu, nə də test üsulunu düzgün sayıram. SSRİ qapalı bir ölkə idi, hər hansı bir universitetə qəbul olunmaq üçün fənnlərin hamısını nəzərdən keçirmək lazım idi. İndi test üsulunda 11-ci sinfi bitirmiş məzunlar  demək olar ki, ümumi fənlərin 70 faizinə əhəmiyyət vermirlər. Abituriyentlər hansı sahəyə hazırlaşırsa, o sahəyə uyğun fənlərdən repetitor və yaxud da məktəbdə məşğul olurlar. Daha doğrusu, riyaziyyat istiqamətində hazırlaşan birinin tarixdən xəbəri, tarixdən hazırlaşanın isə riyaziyyatdan xəbəri yoxdur.
SSRİ vaxtında bütün fənləri hərtərəfli öyrənmək lazım idi, hansısa universitetə qəbul olunanda abituriyentin bilik səviyyəsi yoxlanılırdı”.

 

 “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, test üsulu 1992-ci ildə tətbiq olunanda əsas məqsəd o idi ki, təhsil olacağına layiqli tələbələr daxil ola bilsin.

“Çünki o vaxt böyük bir problem var idi, rüşvət yolu ilə, tanışlıq yolu ilə, qohum-əqrəba yolu ilə tələbələr universitetlərə qəbul edilirdi. O vaxt bunun adını “tapşırılmış” qoyurdular. Təhsil alanlar arasında “tapşırılmış”ların sayı çox idi. Bu, keyfiyyət məsələsində də problem yaradırdı. Fəhlə, kəndli, imkanı zəif olanların universitetə qəbul olunmasına test üsulu imkan yaratdı. Universitetlərə daha ədalətli qəbul olunmaq təmin olundu.
Sonradan ortaya başqa bir problem çıxdı, orta məktəblərdə təhsil səviyyəsi çox aşağı düşüb. Test üsulunun nəticələri göstərdi ki, tələbələrin böyük bir hissəsi universitetlərə daxil ola bilmir. Onların bilik səviyyəsi çox aşağıdır. İndiki vəziyyətdə test üsulu ilə universitetlərə daxil olmaq demək olar ki, mümkün deyil. Bunun səbəbi savadlarının aşağı olmasıdır. Ona görə də bunu görürlər və deyirlər ki, kim istəyir gəlib pullu oxusun. Bacarırsa oxusun, bacarmırsa oxumasın.  Dünyanın bir çox ölkəsində belə imkanlar yaradılıb ki, vətəndaş imtahansız universitetə qəbul olunur, pulunu ödəyib oxuyur. Amma oralarla bizim fərqimiz ondan ibarətdir ki, orada universitetlərdə rüşvət yoxdur. Orada pul verib qiymət yazdırmaq, kiminsə tərəfindən tapşırılmaq yoxdur. Ona görə deyirlər ki, sən universitetə pulunu ödə, oxuya bilməyəcəksənsə,  diplom da ala bilməyəcəksən. Xaricdə belə bir mexanizm işləyir, Azərbaycanda bu mexanizm işləmir. Azərbaycanda korrupsiyadır, rüşvətxorluqdur. Ona görə də təhsil keyfiyyəti aşağı səviyyədədir. Əgər test üsulu ləğv olunarsa, təhsilin səviyyəsi daha da aşağı düşəcək. Çünki, pulla qəbul olunacaqlar, pulla imtahan verəcəklər və pulla diplom alacaqlar. Azərbaycan kimi ölkədə testdən imtina etmək olmaz”.

Modern.az Xəbər Agentliyinin baş direktoru Elşad Eyvazlı bildirib ki, test üsulu Azərbaycanda müstəqilliyin atributu kimi tarixə düşüb:

“Ona görə də testin hansısa şəkildə ləğvinin əleyhinəyəm. Hesab edirəm ki, bütün  dünyada ali məktəblərə daxil olarkən test üsulundan  istifadə olunursa, nəticə verirsə və heç kim bundan imtina etmirsə, Azərbaycanın bundan imtina etməsi yolverilməzdir. Əks halda bu, Sovet dövrünə qayıtmaq kimi anlaşılır. Eyni zamanda, hesab edirəm ki, testin ləğvi haqda fikir bildirənlər yanlışlığa yol verirlər.

Konkret olaraq fikrimi bu şəkildə izah edə bilərəm. Məsələn, azərbaycanlıların yaxşı yadındadır ki, test üsulu olmazdan qabaq universitetlərə daxil olmaq necə çətin idi. Kifayət qədər korrupsiya məsələsi var idi. Universitetlərə daxil olarkən daha çox pul işləyirdi. Test üsulu isə bu məsələni tam yoluna qoymasa da, 90-95% həll etdi.

Artıq kasıb ailələrin övladları da universitetlərə rahat şəkildə daxil olub, təhsil ala bildilər. Bunu da hər kəs görür. Amma test üsulunun ləğvi bunu kökündən dəyişəcək. Əgər ləğv olunarsa, təhsil sistemi əvvəlki vəziyyətə qayıdacaq. Test üsulunu ləğv etmək düşüncəsində olan insanlar, Azərbaycan xalqının gələcəyinin, təhsilinin düşmənləridir. Təhsilimizi inkişaf etdirmək və islahatlar aparmaq istəyənlər təhsildəki problemlərin kökünü test üsulunun ləğvində görürlərsə,  bu, yanlış düşüncədir. Təhsilimizdə kifayət qədər problemlər var. Düşünürəm ki, təhsil adamları təhsildəki problemləri həll etmək istəyirlərsə, bu məsələnin üstünə getməlidirlər. Testin üstünə getmək əslində, Azərbaycan təhsilində olan yeganə müsbət bir məqamın üstündən xətt çəkmək deməkdir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin fikrincə, testin müsbət tərəfləri, Azərbaycan cəmiyyətinə verdiyi xeyirlər sözlə ifadə olunacaq dərəcədə deyil.

“Test tətbiq olunandan rüşvət yığışdırıldı, kasıb balaları, regionlarda heç bir imkanı olmayan,  amma savadı olan insanlar rahat şəkildə universitetlərə daxil oldular və bu, uzun illərdir davam edir. Ona görə də biz bu sistemi qoruyub saxlamalıyıq. Əlbəttə  test üsulu ideal sistem deyil, mənfi tərəfləri də var. Neçə illərdir, bunu müşahidə edirik. Bunun təkmilləşdirilməsi istiqamətində də müəyyən işlər apara bilərik. Bu istiqamətdə bəzi addımlar atılıb. Məsələn,  jurnalistikaya, incəsənət sahəsinə və bir çox sahəyə qəbul qabiliyyət imtahanı ilə aparılır. Azərbaycan şəraitində hazırkı dövrdə testdən yaxşı modeli görmürəm”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı