Modern.az

Aktauda 20 yanvar şəhidlərinin ruhuna ehsan verilib

Aktauda 20 yanvar şəhidlərinin ruhuna ehsan verilib

19 Yanvar 2017, 15:54

Bu gün Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirib. Mərasimdə, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər. 


Tədbir keçirilən zalda 20 yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılmış, tədbir öncəsi 20 yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilib.   


Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəblərindən danışıb və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Daha sonra, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Kürgeri, Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, professor Yusif Quliyev, Manqistau vilayət ağsaqqallarından və ictimaiyyət arasında nüfuzlu şəxslərindən olan Sarsenbay Tulebayev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.

Şair Rövşən Həsənli isə 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri səsləndirib.


Çıxışlardan sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Rəsmi hissədən sonra 20 yanvar şəhidlərinin ruhuna azərbaycanlı iş adamları Kərim Hüseynov və Əliəşrəf Allahverdiyev tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, dualar oxunub. 20 yanvar şəhidlərinin xatirəsi ilə bağlı ehsan payları həmçinin Aktau şəhərində yaşayan az təminatlı ailələrə də paylanılıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi