Modern.az

Onların-təhsilçilərlə davası nədi?

Onların-təhsilçilərlə davası nədi?

Aktual

19 Yanvar 2017, 16:53

Nicat Abdullayev


“Təhsil millətin gələcəyidir”  - Heç kim deyə bilməz ki, keçmişi deyil. Bəli təhsil millətin gələcəyini bəlirlədiyi kimi keçmişini də nə vaxtsa müəyyən etmişdi. Yəni zənimcə təhsillə bağlı heç vaxt KEÇMƏmək lazımdır. Çünki təhsil zaman anlayışına bərabər bir məfuma çevrilib. Öz axarı var... Məncə bizi aparan bu axar olmalıdır. Və təbii ki, bu axarla getsək keçmişimiz, indimiz, gələcəyimiz olar. 

 

İndi bəşəriyyət bəlkədə tərəqqinin son həddini yaşayır. Yaranan texnoloji yenilikləri izləyəndə belə təəssürat yaranır ki, daha heç nə kəşf olunmayacaq. Necəki, bir vaxtlar deyirdilər-“Özündən Amerika kəşf etmə!”. Bilmirəm bu ifadə harada yaranıb. Amma dəqiq bilirəm ki, bu ifadəyə görə ən çox ziyan çəkən biz olmuşuq. Bu cür yanaşma bizi çox geri salıb və deyərdim ki, hələ də davam edir.

 

İndi təhsillə bağlı təhsilçilərin ortaya qoyduğu strategiya “Amerika”, icad edən də təhsilçilərimiz olub. Bizim insanlar “kurrikulumu” bəyənmir, müəllim şagird dostluğuna dırnaqarası baxır, valideynin məktəbə getməsi də yaxşı qəbul olunmur. Axı daha vacib işləri var!

Hər kəs kimi mənim də ətrafımda sadaladıqlarımı və sadalamadıqlarımı bəyənməyənlər çoxdur. Soruşuram...

 

-Axı nə xoşunuza gəlmir, nəyi bəyənmirsiniz?

-Mən məktəbi qızıl medalla qurtarmışam. Ali təhsilim var. Oğlum IX sinifdə oxuyur. Onun məsələlərini həll edə bilmirəm. Tarixi elə yazıblar ki, elə tapşırıqlar verirlər ki, sanki riyaziyyatdır. Ədəbiyyatdan şeir verirlər. Deyirlər ki, əzbərləməsən də olar, inşa yaz. Biz toylarda çıxış edəndə 1 saat, 2 saat sinədən şeir deyirdik.

 

-Nə deyim siz də düz deyirsiniz!

Deməli həmin adam Sovet dövründə bitirib məktəbi. Qızıl medalı olduğundan bəllidir, SSRİ və Kommunist tarixini bəlkədə nöqtəsinə, vergülünə kimi əzbər bilir. Bilsin... Söhbətdə daha çox diqqətimi çəkən 1, 2 saat sinədən şeir demək məsələsi oldu. Mübahisə etmək istədim. Çünki, kurrikulum sisteminə az-çox bələdəm. Şeir haqqında essenin yazılmasında, şəklin çəkilməsində, diskussiyanın təşkil olunmasında məqsədin nə olduğunu yaxşı bilirəm və necə effektli olduğunu da yaxşı dərk edirəm. Lakin düşündüm ki, söz çatdıra bilməyəcəm, sinədən deməyim bərbaddır. Bununla belə Nizaminin dediklərini, Fizulini, Nəsimini, Sabiri, Vurğunu yaxşı bildiyimi hesab edirəm. Ən azı bilirəm ki, Nizami əzbərlənmək üçün yazmayıb, Sabir hamı toyda içib onun şeirlərini desin deyə əlləşib-vuruşmayıb. Yazıb ki, gedib toyda qədərində içsinlər, camaatın 5 saatlıq toyundan 2 saat oğurlamasınlar. Təəssüf ki, onları anlamaq çətindir bizlər üçün!

 

Ona görə də yeni nəslin yaranması hava, su kimi vacibdir. Onları yetişdirməyin yolu da düşünürəm ki, təhsilçilərin ortaya qoyduğu yoldur. Biz müasir dünyanın təhsil trendləri ilə ayaqlaşmalıyıq. Bu yaxınlarda professor Şahlar Əsgərovun Təhsil TV-də maraqlı müzakirəsini izlədim. Şahlar müəllim deyir ki, yaxın 10 ildə avtomobil şirkətləri ləğv olunacaq. Onları İpad, Samsung kimi iri texnologiya nəhəngləri əvəz edəcək. Deyir çünki, avtomobillər artıq 4 təkər üzərində olan kompyuterlərə çevrilib və bu proses görünməyən sürətlə davam edir. Şahlar müəllimin bu fikirləri adamı əməllibaşlı silkələyir.

 

Deyəsən artıq dünyaya mühəndis yanaşması lazımdır. Çünki “Amerikanın” yenidən kəşf olunmağa çox böyük ehtiyacı var.

Axı necə olur ki, bir əsrdə 2 dəfə dünya ilə müharibə edən, özü də hər ikisində məğlub olan millət bu gün 3-cü dəfə cahana meydan oxumaq iqtidarındadır. II Dünya Müharibəsindən sonra Almaniyanı iki yerə böldülər, sonra qızılını, pulunu əlindən aldılar. Bu azmış kimi zavodlarını söküb sözdə qalib olan ölkələrə apardılar, oralarda təzədən tikib dədə-baba malı kimi işlətdilər. Amma indi həmin ölkələrin televiziyalarında kərə yağından tutmuş paltaryuyan maşına kimi demək olar ki, hər şeyin reklamında camaata deyirlər ki, qorxmayın alın, alman texnologiyası ilə hazırlanıb.

 

Əziz analar, atalar, qardaşlar və bacılar gəlin bu kurrikulumu, təhsil strategiyasını yıxıb sürüməkdən vaz keçək. Övladlarımıza biz öyrəndiklərimizi öyrənmək yetmir, heç yetməyəcək!

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?