Modern.az

20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi

20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi

19 Yanvar 2017, 18:41

SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunda 20 Yanvar qırğınının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bir daha qeyd olundu ki, faciələrimizi unutmamalı, onların əsl mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq

 

Azərbaycan tarixinin  qəhrəmanlıq səhifəsi olan 1990-cı il  20 Yanvar faciəsindən 27 il ötür. Bu münasibətlə   bütün   idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir,  hadisənin əsl  mahiyyəti  geniş təhlil olunur.  Dünən SOCAR-ın  «Neftqazelmitədqiqatlayihə» İnstitutunda keçirilən tədbirdə də bizləri hər zaman düşündürən  «20 Yanvar qətliamının törədilməsinin əsas səbəbi nə olmuşdur» sualı ətrafında  fikirlər açıqlandı.

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və 20 Yanvar hadisələrini əks etdirən filmin nümayişindən sonra tədbiri  giriş sözü ilə açan «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiqlənən «20 Yanvar faciəsinin iyirmi yeddinci  ildönümünün  keçirilməsi ilə bağlı tədbirlər planı»nda əksini tapan tədbirlərdən bəhs edərək bildirdi ki, faciələrimizi unutmamalı, onların əsl mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin xüsusi  diqqət göstərdiyi   əsas  məsələlərdəndir.

 

 

O da bildirildi ki, 20 Yanvar hadisələri  Azərbaycanda  demokratik  proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan  hərəkət idi. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət  sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri  dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi,  günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının  hərbi əməliyyatları nəticəsində Bakıda və  rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.  Lakin dünya  bu qətliama göz yumdu.

 

 

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü,  «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə  bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzusu olub.  

V.Rəhimzadə qeyd etdi ki, həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladılmışdı.  Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı  hadisədən xəbərsiz idi. Belə ağır  bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də  Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi.  Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

 

 

Bildirildi ki,  20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi və siyasi qiymətin verilməsi ulu öndər  Heydər Əliyevin hakimiyyətə  qayıdışından sonra mümkün oldu.  Dahi şəxsiyyət Heydər Əliyev  20 yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı,  xalqla birliyini bir daha   təsdiqlədi. 20 Yanvar  hadisələrinin   geniş miqyas almasında, kütləvi insan tələfatı ilə  nəticələnməsində  o dövrdə iqtidarda olanlar da  günahkar idilər. 

V.Rəhimzadə bildirdi ki,  mərd, qorxmaz  xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.     

 

 

YAP Siyasi Şurasının üzvü  ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək vurğuladı ki,  ölkəmiz 1993-cü ildən başlayaraq inkişaf yolunda inamla irəliləyir. Son on üç  ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və  əbədi edir.

V. Rəhimzadə  diqqətə çatdırdı ki, Azərbaycanın uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına böyük inam yaradır.  Ölkə Prezidenti  cənab İlham Əliyevin  bəyan etdiyi kimi,  Azərbaycanın üçrəngli bayrağının  Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil.

«Neftqazelmitədqiqatlayihə» İnstitutunun əməkdaşları  Famil Vəliyev, Ələddin Həsənov və  Ülviyyə Məmmədova çıxış edərək  bildirdilər  ki,  müstəqillik, azadlıq  yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli  azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

 

Yeganə Əliyeva,

Rəqsanə Məmmədova,

Vüsal Cahanov (Foto), «İki sahil»

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir