Modern.az

Rusiya istəsə, İrəvanın gözünü basıb Qarabağdan çıxarar

Rusiya istəsə, İrəvanın gözünü basıb Qarabağdan çıxarar

20 Yanvar 2017, 10:52

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
  


Azərbaycan öz torpaqlarını güc tətbiq etməklə işğaldan azad etmək hüququna tam malikdir. Bu, Lavrovun nə deməsindən asılı olmayaraq Azərbaycanın mücərrəd yox, sırf daxili işidir

 

Ötən il "aprel havasından" sonra Rusiya prezidenti Vladimir Putinin  Ermənistan prezidenti Serj Sarkisyanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həm Moskvada, həm dəBakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı eyni məzmunda - "Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq" deməsi, haqla nahaqqa eyni bucaqdan baxması olmadımı?Məgər, rəngləri qarışdırıb eyniləşdirməklə, V.Putin hayların əlinə ağ bayraq əvəzinə "İsgəndər" vermədimi? 

 

Ona görə də, Rusiya xarici idarəsinin başçısı, Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında azərbaycanlı həmkarımızın Dağlıq Qarabağla bağlı sualına "Bu, mücərrəd bir məsələdir. Qarabağ problemi Azərbaycanın sırf daxili işi deyil " - deyə cavab verməsində, Azərbaycanı təəccübləndirəcək heç bir şey olmamalıdır. O, sadəcə rəsmi Moskvanın Azərbaycana qarşı qapalı niyyətini açıq şəkildə - sözlə ifadə edib.

 

Məlumdur ki, Sergey Viktoroviç Lavrov 21 mart, 1950-ci ildə Moskvada anadan olsa da, amma onun atası, soyadı Kələntəryan və ya Kələntərov olan Tiflis ermənisidir. Nazirin anası isə SSRİ Xarici Ticarət Nazirliyində mühüm vəzifədə işləyib və onun xarici siyasətə olan marağı məhz buradan başlayıb. Əlbəttə, Lavrovun milli kimliyi, Rusiya maraqlarının yanında onun "heçkimliyidir" desək yanılmarıq.

 

Amma görünür bütün hallarda Azərbaycan jurnalistinin "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualı, onu diplomatlıqdan çıxarıb. Çünki, Lavrov bu suala damarında axan qanın təzyiqilə cavab verməli olub.

 

Onun "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün, ilk növbədə status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər" deməsi isə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə təmsilçisi kimi münaqişənin ədalətli həllinə nəinki mənfi təsir edir, ümumiyyətlə BMT-nin qəbul edilmiş qətnamələrini qətiyyətlə rədd etmiş olur. 

 

Sözsüz ki, Rusiyanın Ermənistana həm böyük qardaşlıq, həm atalıq, həm də lap dədəlik etməsi heç kimə sirr deyil. Amma bu o demək deyil ki, onun kiçik və ya küçük qardaşı hamıya daş atıb baş yarmalıdır və ona "gözün üstə qaşın var" deyən olmamalıdır.

 

Məlumdur ki, qəbul edilmiş məlum Beynəlxalq qətnamələrə və BMT-nin 51-ci maddəsinə əsasən, Azərbaycan öz torpaqlarını güc tətbiq etməklə işğaldan azad etmək hüququna tam malikdir. Bu, Lavrovun nə deməsindən asılı olmayaraq Azərbaycanın mücərrəd yox, sırf daxili işidir. Məgər Rusiya özü, "bu bizim daxili işimizdir" deyib, Çeçenstanda iki yüz min insanı öldürməklə çeçenlərin daxilini dünyanın gözü qarşısında alt-üst etmədimi? 

Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupuna həvalə olunsa da, Azərbaycanın əldə silah işğalda olan torpaqlarını geri qaytarmağa tam hüququ vardır.

 

Əlbəttə, Lavrovun bu sözünə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun - "Əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması mümkün olacaq" deməsi, indiyədək bildirdiyi fikirlərin ən dəqiqidir. Çünki, həqiqətən də Rusiya istəsə, haqsız mövqe tutan rəsmi İrəvanın gözünü basıb Dağlıq Qarabağdan çıxarar. Amma daha çox gözdən pərdə salmağa vərdiş edən rəsmi Moskva öz maraqları naminə Qafqazda geosiyasi üstünlüyünü qorumaq üçün, aradabir hayların çıxan səsinə hay verərək onları sakitləşdirir.

 

İndiyədək Azərbaycanın xarici qüvvələr tərəfdən ikili standartlara məruz qalmasının nəticəsidir ki, artıq məsələ gəlib onun "daxilinə" də çıxıb. Amma ikili standartları bir-birindən yalnız dəqiq atəşlə ayırmaq olar!

 

 P.S. Aprelin gəlişinə az qalır. Bu ay Qarabağda güllələrin yenidən açılmasını deyə bilməsək də, amma şəhidlərimizin ayaq izlərini ətirləndirəcək güllər mütləq açılacaq.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı