Modern.az

Atasızlıq

Atasızlıq

Ədəbi̇yyat

20 Yanvar 2017, 11:04

(Hekayə)


Vasif gözlərini açıb ,palatada yanında kürsüdə əyləşmiş atası ilə anasını gördü. Özünü toplayıb xeyli atasına baxdı, sonra bunu yalvarıcı baxışlar əvəz elədi. Ələsgər kişi cibindən dəsmalını çıxarıb gözlərinin yaşını silərək bu baxışların cavabı olaraq soruşdu:

-Eşidirəm, oğul?

Vasif fikrini cəmləyib:

-Ata, babamın müharibədən qayıtmasını bir də danış mənimçün–dedi.

Ələsgər əlini Vasifin ağ tənziflə sarınmış başına qoyub,oğlunun fikrini yayındır-mağa çalışdı:

-Vasif, bala, axı indi bunun yeri deyil,bir də ki, onu mən sənə çox danışmışam-dedisə də başa düşdü ki,indi danışacağı əhvalat Vasif  üçün bəlkə də ən böyük məlhəmdi. Onunçün  bütün fikrini cəmləşdirib, Vasifin bildiyi bu əhvalatı sanki ilk dəfə danışırmış kimi aramla, asta-asta danışmağa başladı:

-Hə, oğlum, onda 1945-ci ilin yazı idi,müharibə təzəcə qurtarmışdı.Müharibədən kiminin atası sağ qayıtmışdı, kiminin qara xəbəri gəlmişdi,  kiminin də ki, atasının nə öldüsü var idi, nə qaldısı, mən də belələrindən idim. Doqquz yaşım təzəcə tamam olmuşdu ,atamın yolunu səbirsizliklə gözləyirdim ki, bu gün gələr, sabaha gələr, heç atamdan çoxdan idi ki, məktub da almırdıq, amma cəbhə yoldaşlarından biri gəlib demişdi ki, atam sağdı, tezliklə qayıdacaq. Anam, mən və məndən iki yaş böyük bacım çiy kərpicdən tikilmiş,balaca bir evdə yaşayırdıq. Günlər bir-birini əvəz etdikcə mən hiss edirdim ki, anamın ümidini bir ümidsizlik əvəz edir və anam bizdən xəlvət gizlin-gizlin ağlayırdı. Amma mən inanırdım ki, atam gələcək, mütləq gələcək, özümü atasız təsəvvür edə bilmirdim. Anam son vaxtlar bütün meylini mənə salmışdı və mən bunu anlayaraq bütün işlərdə ona kömək edir, uşaq ağlımla fikirləşirdim ki, anamı gərək dərd çəkməyə qoymayam. Axşam düşəndə balaca komamıza yığışardıq, anam bizə öz anasından danışardı, o da atasını uşaq vaxtı itirdiyinə görə atası haqqında heç nə bilmirdi və yəqin elə buna görə idi ki, bizim atasız böyüməyimizlə barışa bilmirdi,günü-gündən sıxılırdı.

Yatmaq vaxtı gələndə anam bacımla qucaqlaşıb mən isə onların ayaqları altında  yatardım,belə vaxtlar da fikirləşərdim ki,kim deyibsə gözəl deyib anaların ayaqları  altı cənnətdir.

 

Bütün müharibəni beləcənə keçirtmişik,indi də atamı gözləyirdik gəlib çıxmırdı.

Belə gecələrin birində mən həyətdə bir şaqqıltı və danışıq səsləri eşidib oyandım, atamın gəldiyini zənn edərək cəld anamı da dümsükləyib ayıltdım. Sakitcənə pəncərənin önünə gəlib həyətə baxdıq, pəncərəmiz düz tövləyə baxdığından və ayın işığında hər tərəf apaydın göründüyündən gördük ki, iki nəfər inəyimizi tövlədən açıb aparır. Anam tez mənim qolumdan tutdu, bildi ki, özümü saxlaya bilməyib qaçacağam onların qabağına. Qorxdu anam. Heç özü də bayıra çıxmadı, beləcənə gözümüz görə-görə tanımadığımız adamlar inəyimizi arxayın-arxayın açıb apardılar. Anam məni çəkib yatağa apardı və yataqda hiss elədim ki, anam için-için ağlayır. Mən yenə də anamın ayağını qucaqlamışdım, amma indi ayrı şey fikirləşirdim. Fikirləşirdim ki, anamın ayaqları altı cənnətdirsə, onda gör atanın ayaqları altı nə olmalıdır. Məni hirsimdən ağlamaq boğurdu, amma ağlamırdım, deyirdim,kişi də ağlarmı bəyəm.Atam yox idi, atam olsa idi onların ikisini də qatmışdı bir-birinə, atam  qabağından yeyən kişi deyildi. Bəlkə də atam olsa idi heç bu həyətə yaxın düşməzdilər.

      Anam bütün günü işləyib yorulduğundan tez yuxuya gedirdi. Mən hiss edəndə ki, anam yuxuya gedib yavaşcana sivişib yataqdan çıxdım, həyətə düşüb yerdən əlimə yaxşı bir qənbər daşı götürüb  çıxdım küçəyə. Fikrimdə vardı ki, gizlincə onlara yaxınlaşıb hansı olur-olsun mənim üçün fərqi yox idi daşı başına çırpım. Çətini daşı vurmaq idi, ondan sonra məni tutmaq müşkül məsələdi, güllə kimi gedirdim. Küçəni o başa, bu başa bir neçə dəfə gedib gəldim, nə onları gördüm, nə də izlərini. Kor-peşiman evə qayıtdım. Sakitcənə ayaqlarımın ucunda evə keçmək istəyirdim ki,yatanları oyatmayım.Elə içəri keçəndə anam qapıda məni qarşıladı:

-Hara getmişdin?

-Heç, elə-belə çölə çıxmışdım-yəni ki, ayaqyoluna demək istəyirdim.

-Yalan deyirsən. Sən yerindən duranda mən hiss elədim, gözlədim gəlib çıxmadın.

Anam xasiyyətimi bildiyindən işin nə yerdə olduğunu çox gözəl başa düşmüşdü. Ağlaya-ağlaya sözünə davam elədi:

-İnəyimizi aparıblar? Belə cəhənnəmə aparıblar, gor da dalınca. Niyə getmişdin? Demirsən səni vurub öldürərlər, sonra əlim hara çatacaq, mənə yazığın gəlmir? Hələ məlum deyil atan gələcək, ya...dilim-ağzım qurusun. Allah, qurusun dilim-ağzım-anamı hıçqırıq boğdu.

Yerimizdə uzanmışdıq,mən çox gözəl başa düşürdüm ki, inəyimizin getməsi nə

 

deməkdir. Deməli, yaşayışımız sabahdan qat-qat çətinləşəcək,eh cəhənnəmə ki, mən də anam kimi öz-özümə dedim, təki atam gəlsin,atam gələnəcən hər çətinliyə dözərəm.

Səhər açılırdı. Bu səhər də mən yuxudan hamıdan tez oyanıb həmişəki kimi süd qabına yaxınlaşdım ki, bir-iki qurtum süd içib inəyimizi örüşə aparım. Birdən yadıma düşdü ki, inək nə gəzir, bu qabda olan süd də inəyin bizə bağışladığı son hədiyyəsidir. Südə əl dəyməyib küçəyə çıxdım,həmişəki kimi yenə də uşaqlar öz inəklərini aparırdılar və mən də onlara qoşuldum. Yolda əhvalatı uşaqlara danışdım, çox məyus oldular. Otlaqda uzanmışdıq, ordan-burdan söhbət edirdik, kimi öz atasının müharibədə göstərdiyi qəhrəmanlıqdan, kimi atasının aldığı orden-medallardan danışırdı. Mənim kimi atası gəlməyənlər də oturub uşaqlara qulaq asırdı. Mənim daha uşaqlara qulaq asmağa halım yox idi, atamın həsrətini çəkirdim, durub uşaqlardan bir az aralanıb uzaqda görünən “qüdrətdən, səngərli qalalı dağlar”a baxdım. Fikirləşirdim ki, eh dağlar, dağlar, mən də atamı sizin kimi bir dağ bilirəm, atam yoxsa sizin qüdrətiniz də mənim üçün heç nədir. Bu zaman uşaqların içində Məmməd oğlu Bağırın dediyi sözləri qulağım aldı:

-Kişi də heç qoyarmı gözü görə-görə inəklərini aparsınlar? Mən olsa idim...

Daha Bağırın nə dediyini eşitmirdim. Bu həmin Bağırdı ki, məndən bir yaş böyük idi, həmişə sözümüz çəp gələrdi və tez-tez dalaşardıq. Düzdür təklikdə olanda mənlə dalaşmağa ürək eləmirdi, amma uşaqların yanına düşəndə di gəl ki, dilini dinc qoymurdu. Onu da deyim ki, Bağırın atası müharibədən üç-dörd ay olardı ki, qayıtmışdı.

Özümü saxlaya bilmədim, cumdum Bağırın üstünə,inəyimizi aparanların heyfini Bağırdan alacaqdım. Başladıq  süpürləşməyə. Gah o məni altına yıxır, gah mən onu və uşaqlar da mən tərəfdə olduğundan bizi ayırmaq istəmirdilər, bilirdilər ki, gec-tez Bağırı altıma sərəcəm. Elə belə də oldu. Dizlərimi Bağırın sinəsinə qoyub əllərimlə yaxasından tutub qışqırırdım:

-Alçağın biri alçaq, bacarırsan mənə cavab ver, yox əgər mənə cavab verə bilmirsənsə inəyimizi aparan yekə kişilərə necə cavab verəcəksən?

Bağır altımda çapalayır, canını məndən qurtarmağa çalışırdı. Mən elə hirslənməmişdim ki,onu xoşluğnan buraxım. Elə bu vaxt kimsə qulağımı burub məni qaldırdı. Başımı qaldıranda Bağırın atası Məmməd kişini gördüm. Bağır isə ayağa qalxan kimi mənə tərs bir şillə çəkdi və o saat üzüm qıp-qırmızı qızardı. Bundan sonra Məmməd kişi qulağımı buraxdı. Uşaqların üstünə elə bil su səpdilər, araya lal sükut çökdü. Nəhayət, Məmməd kişi ağır-ağır dilləndi:

 

-Ə, Ələsgər nə vaxtdan qoçu çıxmısan?

Mən susurdum, cavab vermək halında deyildim. Qulağımın ağrısı, Bağırın namərdcəsinə vurduğu şillənin qızartısı içimi yandırırdı, biri tutdu o biri də namərdcəsinə vurdu. Birdən atam yadıma düşdü. Hardasan ay ata,məni nakişilərin əlində niyə axı tək qoymusan,niyə gəlmirsən,dünən inəyimiz getdi, bu gün nahaq bir şillə yedim. Ağlamaq məni boğdusa da, dişimlə damağımı sıxdım ki, ağlamayım,fikirləşdim ki, kişi ağlamaz, üzümü dağlara tərəf çevirdim və dərk elədim ki, doğurdan da atamsız bu dağların qüdrəti yoxdu mənimçün. Dağların köməyi yox idi, susurdu, dağlar bu haqsızlığa niyə susurdu bilmirəm.

Düzdü sonralar mən Bağırın köynəyini çıxarıb lüt bədəninə nar çubuğu ilə o qədər çəkəcəkdim ki, bir ay təpitmə qoyacaqlar. Bunlar hamısı sonralar olacaqdı. Amma indi o məni vurmuşdu.

-Ə, Ələsgər, karsan bəyəm? Səninlə deyiləm?

Daha dözə bilmirdim, hirsimdən, tənhalığımdan ağlamaq məni boğurdu. Yox əgər Allah varsa, niyə Allahlığını sübut eləmir,niyə o məğrur dağlar, həmişə arxa sandığım, qürrələndiyim o dağlar hərəkətə gəlib mənə kömək eləmir. Mənim bu tənha vaxtımda niyə çaylar daşıb bunları sularında boğmur.Üzümü dağlardan çəkdim, indi üzümü göyə tutmuşdum, yerdən əlim üzülmüşdü, kömək mənə gəlsə ordan gəlməli idi, istəyir daş  yağsın, istəyir dəmir, mənimçün fərqi yoxdur, təki Allah Allahlığını sübut eləsin. Gözlərimi yumdum, bircə dəfə ay Allah,dedim,uzun sürən bu sakitlikdə mənim ay Allah deməyim bir tənhanın ürək ağrıdan fəryadı idi.Yeri göyü yaradan Allahdı, qurban olum Allaha eşitdi mənim bu fəryadımı və uzaqdan gələn bir qışqırtı mənim bu fəryadımın cavabı oldu:

-Ə-ləs-gər, a-tan, gəl-di, eşi-dir-sən, ay Ə-ləs-gər atan gəlib ey, atan.

Mən üzümü səs  gələn tərəfə çevirdim, məndən iki yaş kiçik olan əmim oğlu sevinə-sevinə biz tərəfə qaçırdı. Uşaqlar üzünü mənə dikdilər ki, mən sevinsəm onlar da sevinsin. Amma mən daha özümü saxlaya bilmədim, ürəyimə dolmuş qəhər nəhayət gözlərimə yol tapa bildi, mən ağladım, hönkür-hönkür ağladım, ağlım kəsəndən ilk dəfə idi ki, ağlayırdım. Deməli atam gəlmişdi. Düzdü inəyimiz gedəndən sonra, mənə şillə vurulandan sonra, amma nə olsun əsas o idi ki, atam gəlmişdi, dünyam gəlmişdi, söykənəcəyim dağ gəlmişdi...

Ələsgər kişi söhbətini qurtarıb dərindən nəfəs aldı, siqaret çəkməkçün oğlunu və həyat yoldaşını palatada tək qoyub foyeyə çıxdı.

Həyat yarandığı gündən möcüzələrlə qarşılaşır və əvvəl-əvvəl bu möcüzələrə inanmaq istəmirik. Lakin sonralar həyat özü məcbur edir ki, bunları adi bir hal kimi qarşılayaq.

 

O gecə-1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə doğurdan da möcüzə baş vermişdi. Ayaqlarında qalın  əsgər çəkmələri, bədənlərində güllə keçirməyən dəmir zirehlər, başlarında dəbilqə, əllərində Kalaşnikov avtomatı və üstəlik onun açılmış süngüsü olan, üz-gözlərini tük basmış əsgərlər və bir də əllərində heç bir silahı olmayan ürəklərində qeyrəti, namusu, vicdanı olan vətən fədailəri üz-üzə dayanmışdılar. Hələ üstəlik əsgərlərin tankları, tankların belində qurulmuş pulemyotları, ürəklərində isə bu millətə qarşı aşılanmış sonsuz bir nifrət var idi. Doğurdan da möcüzə idi, axı kim inanardı ki, bir neçə dəqiqədən sonra təpədən-dırnağacan silahlanmış belə bir qoşun şəhərin müdafiəsini təşkil edən yük və minik maşınlarından ibarət  barrikadaların üzərinə yeriyəcək, onların arxasında dayanmış silahsız insan selini ayaqları altına alacaq. Vasif də o gecə dayananla-rın arasında idi, fikirləşirdi ki, belə şey ola bilməz, dünyasında ola bilməz. Yox əgər belə bir şey olsa idi, bu ona bənzərdi ki, otuz beş-qırx yaşlarında qüvvətli bir kişi yenicə dil açan körpəyə şillə vurur. Yenicə dil açan körpəyə əl qaldırmaqmı olar,belə şeyi Allah götürməz, dünyasında götürməz, əgər Allah götürsə də körpə götürməz, yadında saxlar o qüvvətli əli, ona vurulan şilləni, o alçaq vücudu gözlərinə həkk edər. Unutmaz o şilləni, o şillənin ağrısı çox yandıracaqdı körpəni, amma bir vaxt gələcəkdir ki, özündə qüvvə toplayıb yetişəcəkdi, böyüyəcəkdi körpə. Bax o zaman ona şillə vuran ikiüzlü, iyrənc, mənfur, alçaq, vicdansız, qeyrətsiz, namussuz,arsız,vəhşi, yırtıcı, zalım indi isə tamam qocalıb əldən düşmüş, tanınmaz dərəcədə dəyişilmiş bu iyrənc məxluqa yaxınlaşıb soruşacaqdı:

-Salam. Ey Allahın yazıq bəndəsi. Yadındamı bir vaxtlar əllərində qüdrət, güc, ürəyində zalımlıq, vəhşilik var idi?Yadındamı təzəcə dil açan körpəyə vurduğun şillə, həmin körpəyəm dayanmışam qarşında. O vaxt mənə vurduğun şillədən özümdə güc toplayıb yetişdim, böyüdüm, çünki mənim gələcəyim var idi. De görüm indi mən sənə həmin şillədən vursam ayağa qalxa biləcəksənmi? Yox.Qalxa bilmərsən, çünki sənin gələcəyin qurtardı. Mən səni vursam gərək həyatla əbədi vidalaşasan, əlvida deyəsən bu günəşə, bu aya, ulduzlara, bu işıqlı həyata. Dünyada hər şeyə, bütün varlığına əlvida deyəsən, cavab ver mənə. Səni vurum ya yox? Eşidirsən məni ey alçaq məxluq cavab ver mənə.- Vasifi bu fikirlərindən tankların qulaqbatırıcı gurultusu, avtomatların şaqqıltısı, güllənin yağış seli kimi yağması ayırdı. Elə bu vaxt yanında dayanmış oğlanın qardaş, vurdular məni kömək elə ahını eşitdi,güllə oğlanın sinəsindən dəymişdi. Vasif cəld onu çəkib  ağaclığa salmaq istərkən,namərdlərin atdığı güllə sol qolunu dəlib keçdi. Daha sonrasını xatırlamırdı. Axı necə xatırlayaydı? Barrikadaları – yük maşınlarını, minik maşınlarını -əzərək üstündən keçən tanklar,yolda güllələrdən yaralanıb qalanları altına alaraq xurd- xəşil edir, tankların tırtıllarından sürünərək yayınan yaralıları isə əsgərlər öz kobud çəkmələri ilə təpiyin altına salır, o ki var ağzına, gözünə, üzünə vururdular.

 

 Vasifin də qismətinə sol qoluna dəyən güllədən başqa ağzına-üzünə, gözlərinin altına dəyən ağır əsgər təpikləri düşdü,huşunu itirib yerə sərildi.

     O gecə hansı bir zülümlərlə özü və özündən başqa neçə yaralını xəstəxanaya çatdırmağa tələsən təcili yardım maşınının neçə dəfə gülləyə tutulduğundan xəbəri olmadı. Sonralar biləcəkdi ki,  ordu dörd tərəfdən Bakıya soxulmuş, millətin qanı su kimi axmış, kimi itkin düşmüş , kiminin meydini gəmilərə yığıb dənizdə batırmışlar, kiminin meydini yandırmışlar. Sonralar biləcəkdi ki, o gecə Bakının xəstəxanaları yaralılarla, meyidxanaları meyidlərlə dolmuş, ataların beli əyilmiş, anaların gözü yaşlı qalmış, qız-gəlinlərin ahı göylərə yüksəlmiş, millət təklənmiş, oğulları qurban getmişlər. Bunların hamısını ayılandan sonra biləcəkdi və onu da biləcəkdi ki, xəstəxanada bir həftə huşsuz yatarkən bağıraraq avtomat istəyib, əllərində sanki avtomat tutaraq, tətiyi sıxaraq qışqırıb:-Part, part, alçaqlar, vicdansızlar, siz mənim millətimi qırırsınız, hamınızı qıracağam, hamınızı, part, part, mənim qan qardaşlarımı, can qardaşlarımı  tək görmüsünüz, onları öldürüb anaları, bacıları gözü yaşlı qoymaq istəyirsiniz? Əclaflar, yırtıcılar, birinizi də sağ buraxmayacağam, part, part, part. Həkimlər güclə onu sakitləşdirib yatağına uzandırmışlar.Sonralar biləcəkdi ki, bir gecədə bu qədər yaralını qoynuna alan, xəstəxanalarda dərmanlar  çatışmırdı, həkimlər necə bir əziyyətlə işləyirdilər, bədənlərdən gülləni hansı bir ürək ağrısı ilə çıxarırdılar və bəzən özlərinin də ürəyi gedirdi, çatdıra bilmirdi həkimlər. Yaralı yaralı dalınca gəlirdi. Qanlı bir qış gecəsi idi bu, tarixə qanlı hərflərlə yazılacaq vəhşi bir xəyanət idi, neçə insan taleyinin sonu idi, bir millətin bədbəxtliyi, əzilməsi, təklənməsi idi bu gecə. Hər gecənin işıqlı bir səhər doğduğuna inanan Vasif sonralar biləcəkdi ki, sən demə o gecə Müqəddəs Məzarıstan – Şəhidlər Xiyabanı doğulurmuş.

O qanlı qış gecəsindən bir aydan bir az artıq vaxt keçirdi,bütün Bakı qara geyinmiş, maşınların antenalarına qara lentlər bağlanmış, binalardan qara bayraqlar asılmış, ürəklərdən qara qanlar axırdı. Bakı matəm içində idi, Bakı yas içində idi. Qoca Şərqin qoca Bakısı namərdlikdən, ikiüzlülükdən sarsılmış, qırmızı orduya qarşı ürəyi nifrətlə dolmuş, gücü tətilə çatmışdı. Bütün Bakı tətil edirdi,zavodlar, fabriklər, elmi-tədqiqat  institutları, ali məktəblər və bir çox müəssisələr gücünü ancaq kütləvi itaətsizliklə bildirirdilər. O gecədən bəri təyin olunmuş fövqəladə vəziyyət şəraitində televizorda, radioda matəm musiqisi verilir və tez-tez bu musiqini komendantın kobud səsi  yeni-yeni əmrlər verməklə pozurdu. Küçələrdə əsgərlər, iki-iki, üç-üç çiyinlərində avtomat, əllərində rezin dəyənək gəzir, gecələrsə dükanların şüşələrini sındırıb siqaret, peçenye və əllərinə nə düşdü götürürdülər. Keflərinə düşəndə isə avtomatın lüləyini küçələri işıqlandıran projektorlara tutub ,atırdılar.

 

Bütün bunların heç birinin sorğu-sualı olmazdı, çünki bütün hakimiyyət onların əlində idi. Ağır günləri idi, başsız idi Bakı və belə bir vaxtda Vətən yolunda şəhid gedənlərin qırxını verməyə hazırlaşırdı. Şəhidlərin qırxına isə cəmi bir neçə gün qalırdı və bu günə qədər də Müqəddəs Məzarıstana gələnlərin əlindən tərpənmək olmurdu. Bu gün də belə idi, Xiyabana xeyli adam gəlmişdi. Vasif də onların arasında idi, xəstəxanadan təzəcə çıxmışdı və bu Müqəddəs Xiyabana ilk gəlişi idi. İlk iki məzarın önündə çox dayana bilmədi.  İlhamın bir daha işdən gəlib,gülə-gülə qapını açmayacağını, şirin-şirin söhbət etməyəcəyini, bu işıqlı həyatda bir daha olmayacağını dərk edən Fərizənin özünü zəhərləməsi Vasifin ürəyini ağrıtmış, vücudunu titrətmiş və bir daha əmin etmişdir ki, bu yurdun qeyrətli qızları , millət oğullarını hətta məzarda belə tək  yatmağa qoymurlar. Vasif göz yaşlarını güclə boğurdu, qarşıda isə hələ neçə məzar var idi. İlahi, günahımız nə idi? Niyə axı bu qədər məzarı bizə qıydın, ataların belini əydin, anaların gözünü yaşlı qoydun. Vasif üzəri sonsuz sayda qərənfillərlə sanki al-qana bələnmiş məzarları, dəhşətli bir ürək ağrısı ilə ziyarət edirdi. Dünyada heç bir Məzarıstan bu qədər qərənfil görməmişdi.

 Bu da həmyaşıdı Ülvinin məzarı, məzarın baş tərəfində Ülvinin müqəddəs andı yazılmışdı:“ Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm:Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam, Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq,qorxaqlığı, alçaqlığı,yaltaqlığı  özümə yaxın buraxmayacaq,nəyin bahasına olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü,elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim”. İmza:B. Ülvi       10.09.89.

Vasif dünyanın naxələfliyinə, güclüyə haqq qazandırmasına nifrət edə-edə sonsuz bir ürək ağrısı ilə Məzarıstanı tərk etdi. Özünü güclə evə çatdırıb anasından ürək dərmanı alıb içəndən sonra öz otağına çəkilib radioqəbuledicini  qurdalamağa başladı, bir şey tuta bilməyib dilxor halda aldığı qəzetləri nəzərdən keçirməyə başladı. Artıq hava qaralırdı, cəmi bir neçə saatdan sonra komendant saatı başlayacaqdı, deməli əsgərlərin hüdudsuz bir hökmranlığı şəhərin həmişə sakit olan gecələrinə də sirayət edəcək. Hardasa bir dükanın şüşələri sındırılacaq, siqaret, peçenye oğurlanacaq və bütün bu vəhşiliklərin iki milyon əhalisi olan Bakının gecələr boşalmış küçələrindən başqa şahidi olmayacaq. Hardasa projektorlar da kor qalacaq və həmin projektorlara atılmış güllə səsindən hansı bir evdəsə şirin yuxuya dalmış körpə dik atılacaq və yenə də bütün bunların heç bir sorğu-sualı olmayacaq.


Bütün bu cinayətlərin, fövqəladə vəziyyətin nə qədər davam edəcəyini qara camaat bilmirdi və heç bilə də bilməzdi. Çünki camaat qara idi, ləkəli idi, ekstremist  idi.

Zəminə xala Vasifin  Şəhidlər Xiyabanından həyəcanla qayıtdığını görüb bir müddət oğluna heç nə demədi. Sonra ürəyi dözməyib otağın qapısını açıb:

-Vasif,qadan alım  bayaqdan acsan, gəl bir tikə çörək  ye. Allah onların evini yıxsın, Allah özü onların cəzasını versin-dedi.

Vasif mizin arxasında oturub nəsə yazırdı, anasının sözünü eşitcək qələmini sakitcənə yerə qoyub, başını qaldırıb düz anasının gözünün içinə baxdı. Nəsə demək istədi, deyə bilmədi.

Zəminə xala oğlunun başını qucaqlayıb üzündən-gözündən öpməyə başladı:

-Qadan alım, qurban olum, ümidim sənədir  iki bacının bir qardaşısan, özünü ələ al, Allah səni odun-alovun içindən sağ çıxarıb, mənə yazığı gəlib Allahın. Atan  gözünü sənə dikib. Qurban olum, özünü üzmə.

Zəminə xala bunu deyib bir müddət susdu. Vasif sanki indi ayıldı, hiss elədi ki, özü anasına ürək-dirək verməkdənsə anası onu sakitləşdirməyə çalışır. Özünü ələ alıb tam bir soyuqqanlıqla:

-Ana,özünüz yeyin, mənim payımı da qoyun qalsın, bir az yazı işim var, gəlib yeyərəm.

Zəminə xala daha heç nə deməyib otaqdan çıxdı.

Ələsgər kişi televizoru açıb komendantın son məlumatına qulaq asırdı, elə ki, komendant gecə tutulanların sayını deməyə başladı, televizoru söndürüb əsəbi halda yatmağa getdi. Zəminə xala da ev işlərini qurtardıqdan sonra yerinə uzandı. Xəyalı onu  bütün bu qırğından əvvəlki vaxtlara apardı. Vasif dərsdən gələndən sonra anasının süfrəyə qoyduğu çörəkdən yeyib, çaydan içəndən sonra aldığı qəzetləri böyük maraqla oxuyardı və bəzən xoşuna gəlməyən bir şey olanda hirslənib özündən çıxar və tez-tez təkrar edərdi: “Yazıqlar olsun o kəslərə ki, azadlığın nə demək olduğunu bilmirlər və heç bilmək belə istəmirlər, özlərinin qul olması ilə böyük məmnuniyyətlə razılaşırlar, üstəlik azad olmaq istəyən qulları tutduqları yoldan çəkindirmək istəyirlər. Yazıqlar olsun o kəslərə ki, Babəkin oğluna yazdığı “Qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır” sözlərini unudurlar. Azərbaycanın bir vaxt azad, müstəqil dövlət olacağını təsəvvür belə edə bilmirlər. Yazıqlar olsun  o qullara ki, azadlıq istəmirlər çünki, əsil qul özünü ağasız təsəvvür edə bilmir. Vasif hətta dünyanın siyasi xəritəsində belə Azərbaycanı şimallı-cənublu eyni rənglə rəngləmişdi.

Zəminə xala yadına oğlunun xəstəxanada yatdığı günləri saldı. Hər gün Vasifin yanına tələbə yoldaşları, uşaqlıq dostları, tanışları, qohumları gələrdilər. Vasifdən hal-əhval tutardılar və elə oradaca yeni-yeni xəbərlər gətirərdilər:” Bu gün cavan bir oğlan əsgərlərə nə deyib,deməyib elə şəhərin ortasındaca gülləni doldurublar qarnına”,”Sumqayıt yolunda içində üç nəfər olan “Jiquli”nin belinə tank çıxıb, əzik-əzik edib maşını”,”Deyirlər ki, Bakıya dava-dərman göndərməyə də qoymurlar”, “Dənizdə gəmi kapitanlarından biri Moskvaya ultimatum verib ki, qoşun Bakıdan çıxmasa neft dolu tankeri buxtada partladacaqlar”,” Komen-dant deyib ki, kim sağ qalmaq istəyirsə evindən bayıra çıxmasın”.

Bütün bunları xatırladıqca Zəminə xala sonsuz bir iztirab keçirirdi. Yerində ora-bura fırlanır,yatmaq istəyirdi, yuxusu isə elə ərşə çəkilmişdi. Yata bilmirdi. Fikirləşirdi ki, indi Allah bilir nə qədər adam onun kimi yata bilmir, yerində qurcalanır, vurnuxur, yuxuları gəlmir ki,gəlmir. Hamının əsəbləri tamam korlanıb, səhəri dirigözlü açırlar, öz evində belə özlərini sərbəst hiss edə bilmirlər. Səhəri Allah eləməmişkən yeni bir bəd xəbərlə açacaqlarından qorxurlar. Gecə isə saqqız kimi uzanır, yerini səhərə verməyə tələsmirdi.

Zəminə xala durub saata baxdı. Saat ikiyə işləyirdi. Vasifin işığı isə hələ də yanırdı. Ehmallıca otağın qapısını açdı. Vasif sağ tərəfdə qoyulmuş, çarpayısında paltarlı-paltarlı üzüqoylu yatmışdı. Ayaqlarının ucunda Vasifin yazı mizinə yaxınlaşdı. Evdə heç vaxt siqaret çəkməyən Vasif  stolun üstünə qoyulmuş külqabını çəkilmiş siqaret kötükləri ilə doldurmuşdu. Külqabının yanında , içində bir-iki siqaret qalmış “Qarabağ” qutusu var idi. Qutunun sağ tərəfində isə Babəkin, Şah İsmayıl Xətainin, Məmməd Əmin Rəsulzadənin şəkilləri yanaşı qoyulmuşdu. Zəminə xalanın diqqətini göy üzlü, nazik, on iki vərəqli dəftər cəlb elədi. Götürüb oxumağa başladı.

“İlahi, bu torpağı niyə başsız görüblər,bu torpağın günahı nədir,bu torpaqdan kimə pislik keçib axı? Arxasında duran yoxdu deyə bu torpağı gərək əzsinlər, tankın tırtılları ilə şumlasınlar, körpələri atasız, ataları balasız, gəlinləri dul qoysunlar, anaları hönkür-hönkür ağlatsınlar? Nəyə görə İlahi, nəyə görə axı bizi təkləyiblər, nəyə görə bizi qan içində boğmaq istəyirlər?

Atamın atası vaxtında gəldi, oğlunun köməyinə yetdi. Bəs bizim? İlahi, yəqin Şah İsmayılın ruhunun bizim dərdimizdən xəbəri yoxdu,olsa idi indi özünü yetirmişdi, bizi təklənməyə qoymazdı.

 

Od düşdü torpağa, alışdı torpaq,

Söndürmək istədi, qan içdi torpaq.

Yandı, dilə gəldi,danışdı torpaq.

Hanı bəs, hardadır Şah Xətaimiz?

 

Alışıb çəmən də, alışıb bağ da,

Yanır göz yaşı tək axan bulaq da.

Hayqırır dəniz də, hayqırır dağ da

Hanı bəs, hardadır Şah Xətaimiz?

 

Nəşə içindədir fitva verənlər,

Vəhşi tək dağıdır yurda girənlər.

İndi başsız olub başlı ərənlər

Hanı bəs, hardadır Şah Xətaimiz? 

 

Torpağa qovuşur torpaq övladı,

Yazılır tarixə müqəddəs andı.

Titrədir qəlbləri körpə fəryadı,

Hanı bəs, hardadır Şah Xətaimiz?

 

Sevinir yadelli öz uğurundan,

Qurtula bilmirik İblis torundan.

Bir yandan səs gəlir şəhid ruhundan

Hanı bəs, hardadır Şah Xətaimiz?

                                            

İlahi, səsimi onun ruhuna yetir”.

Zəminə xala göz yaşları içində dəftəri örtüb, kənara qoydu və ayaqüstə dayana bilməyib mizin arxasında qoyulmuş stula çökdü. Hiss etdi ki, nəsə ürəyi sözünə baxmır. Çalışdı ki, fikrini dağıtsın, gözünü hərləyib kitab rəfində qoyulmuş zəngli saatda saxladı. Saat isə acıq verirmiş kimi, ürəyinin döyüntüsü təkin aramsız çıqqıldayır, otağın sakitliyindən sanki narahat olduğunu bildirirdi. Zəminə xala özünü ələ alıb ayağa durdu. Vasifin yatdığı çarpayıya yaxınlaşıb onu soyundur-mağa çalışdı. Bayaqdan bəri saatın aydın eşidilən ürək döyüntüsünü ananın dəhşətli bir fəryadı pozdu.

Vasifin ürəyi dayanmışdı.      

                                                           

Xaqani Əlqəməoğlu

Bu hekayə 1991-ci ildə ”Ulduz” jurnalında çap olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi