Modern.az

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - IV YAZI

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - IV YAZI

21 Yanvar 2017, 09:56

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Türklük və Turançılıqla bağlı “Azərbaycan” milli ideyasının əsas milli ideoloqu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Bizcə, Rəsulzadədə Türklük və Turanla bağlı “Azərbaycan” milli ideyası 1-ci Dünya müharibəsi dövründə (1914-1918) meydana çıxmışdır. Belə ki, 1-ci Dünya müharibəsi nəticəsində yeni milliyyətlərin ortaya çıxacağına inanan Rəsulzadə təmsil olunduğu cəmiyyəti əvvəlcə Türk milliyyətçiliyi ya da Qafqaz Türk milliyyətçiliyi, Qafqaz türkləri kimi qələmə versə də, daha sonra Azərbaycan Türk milliyyətçiliyi, Azərbaycan türkləri anlayışları üzərində dayanmışdır. Rəsulzadənin dünyagörüşündə “Azərbaycan” milli ideyasının formalaşmasında isə Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdır ki, onların hər birinin, yəni Azərbaycan Türkçülüyü ilə Azərbaycan Turançılığının ayrı ayrılıqda ələ alınmasını məqsədə uyğun görürük

“Tarixi-coğrafi Azərbaycan”ın Turanla biri-birini tamamlaması məsələsinə gəlincə, M.Ə.Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən “ortaq yurd” hesab etdiyi “İran”, ortaq ideologiya saydığı “iranlılıq” üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-cı illərdən etibarən siyasi, mədəni, əxlaqi, etnik, adət-ənənə anlamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmağa başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birinə zidd olmasını daha dərindən anladıqdan sonra da, türklər üçün “İran”, “iranlılığ”ın  deyil, Turan və Azərbaycanın önəmli olması qənaətinə gəldi.

Bu anlamda Rəsulzadənin Novruz bayramı ilə bağlı yazdığı məqalələrdə İran və Turan məsələsini gündəmə gətirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriylə bağlı olmasını müdafiə etməsi təsadüfi deyildi. Rəsulzadə yazırdı ki, türklərin tilsimlənmiş mühasirədən çıxdıqları gün (Ərgənəqon) martın 9-u imiş, moğollar da əski türklərdə martın 9-nu bayram saxlayarlarmış. Demək, Novruz bayramı da əsla türklərə yabançı bir şey deyildir. Rəsulzadəyə görə, Qurd ilə 9 rəqəminə türklərdə, türk asari-tarixiyyəsində böyük bir ehtiram görülür. Rəsulzadə yazırdı: “Türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstəriyor. Bütün Türkistan – bu əski Turan – Novruzu İran qədər bənimsəmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər... Uzun bir vəqt öylə düşünülüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və moğol ənənələri və əsatiri haqqında başlamaqda olan tədqiqat ortaya moğollarca məşhur olan “qurtuluş” əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərgənəqon” da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcnə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur”.

Rəsulzadənin fikrinə görə, qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə yoxdur ki, qurd sözündən törəmişdir. Başqa sözlə, nicat və azad olmaq mənasına gələn türkcə qurtulmaq və qurtuluş sözləri həmin qurd və olmaq kəlimələrindən ibarətdir. Deməli, qurtulmaq sözü ehtimal qurd olmaq deməkdir ki, qurd kimi yol bulub Ərgənəqondan çıxmağa dəlalət edir. Rəsulzadə yazırdı: “İranilərin babası olan İrəc, turanlıların babası olan Tur və ərəblərin babası olan Sam Yafəsin oğlanları idi. İranilər ilə turanilərin sonra ərəblər ilə bunların vuruşması, qardaşlar və əmioğlanları arasında görülməkdə olan vuruşmalar qəbilindən qeyri-təbii olmadığı kimi, aralarından müştərək ənənə dəxi ortaqlı bir baba malı kimi təsəvvür oluna bilməzmi? Turanilik olsun – deyə Novruza qarşı çıxmaq bəncə Şərq və İslam millətlərindən iki böyük ünsür arasında lüzumsuz soyuqluq salmaqdır. Bundansa zatən şərikli olan bu günü heyvanat, nəbatat, xülasə bütün kainatla bərabər istiqbal edərsək, daha münasib olmazmı?”.

 Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrdə Türk Səlcuqlardan Cəlaləddin Məlikşahın yeni təqvimlər düzəldərək “İran”da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktəkinin fars şairi Firdovsiyə, məzmunu iranlıların turanlılar əleyhində icra elədikləri “pəhləvanlıqları” şeirləndirən bir “Şahnamə” yazdırtmaq qəbilindən bir xəta kimi görsələr də, bunu ancaq bu cür dəyərləndirmək doğru olmaya bilər: “Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qutuluş” günü olduğu ənənəsi olmasın?... Hər halda  gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Səlcuq hökmdarı bu xüsusda müvaxizə deyil. Təqdir olunmalı!...”.

Deməli, Rəsulzadə iranlıların Novruzuna qarşı turanlıların Qurtuluş gününü ya da Ərgənəqonu irəli sürmüşdür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermək və mücadiləçi olmaq daha çox önəmlidir: “Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir. Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalar da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyor. Turan qövmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski moğol əsatiri bu qurtuluşlardan birini martın 9-da sorağ veriyor. Təbiətin bayram etdiyi bu gün turanilərin də qurtuluş günüdür”.

Gördüyümüz kimi, Cümhuriyyət qurulana qədər “Tarixi-coğrafi Azərbaycan”ın Türkçülük və Turançılıqla bağlı olması haqqında müəyyən müddəalar irəli sürülmüşdür ki, bunun da əsas müəllifi Rəsulzadə olmuşdur. Rəsulzadə də Azərbaycan türkçülüyünü ya da Azərbaycan turançılığını birmənalı şəkildə “Rusiya Azərbaycanı”na və “İran Azərbaycanı”na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı Azərbaycanizmin mahiyyətində artıq Rusiya və “İran” mərkəzlilik deyil, məhz Türklük və Turanlılıq dayanırdı. Başqa sözlə, Şimali Azərbaycan türkləri bir tərəfdən 100 ilə yaxın Rusiyanın işğalı altında olduğu üçün ruslaşdırma siyasətinin qurbanı olmuşlara, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan farsçılarla onların təsiri altına düşmüşlərə qarşı mübarizə apararaq Azərbaycan turançılığını müdafiə etmişlər. Üstəlik, Azərbaycan türk aydınları, özəlliklə də Rəsulzadə “Turan Azərbaycanı”, “Türk Azərbaycanı” ideyalarını müdafiə edərkən də bir tərəfdən türkçülük, turançılıq prinsiplərindən kənara çıxmamağa çalışmış, digər tərəfdən isə Türkçülük və Turançılıq içində onun müstəqil varlığını müdafiə etmişdir.

Azərbaycan və Turan ideyalarının üst-üstə düşməsinə əsas səbəblərdən biri də, Turanın mərkəzinin Azərbaycan olmasıdır. Hətta, iranlılarla turanlılar arasında ilk müharibədə Azərbaycanda olmuşdur. Əski dövrlərdə İran-Turan müharibələri də əsasən Azərbaycanda baş vermiş, Azərbaycan Turanın mərkəzi olmuşdur. Çünki türklər/turanlılar iranlılardan/arilərdən çox öncə Turanın mərkəzi olan Azərbaycanın sakini olmuşlar. Çox maraqlıdır ki, Turan-Azərbaycan bütövlüyünü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazıb-yaratmış bir çox ingilis, fransız alimləri də etiraf etmişlər. Məsələn, həmin dövrün ingilis-amerikan alimi Nikela Qrablisə görə, Turan haqqında tədqiqatlar genişləndikcə məlim olur ki, Turanın əsas mərkəzi Azərbaycan olmuş, iranlılarla ilk müharibədə Azərbaycan türkləriylə olmuşdur. N.Qrablis “Şərq məsələsi”  adlı kitabında yazırdı ki, Türklərin iranlılardan ya  da arilərdən daha öncə Azərbaycanda sakin olmaqları, iranlıların isə bu əraziyə gəlmə olduqları barədə dəqiq, sabit sübut və dəlillər vardır. Başqa bir ingilis alimi professor Says isə yazırdı: “Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər, bizə ondan böyük yadigarlar qalacaqdı”.

Hər halda “Azərbaycan” ismi zahirən türklərin Turan idealını özündə əks etdirməsə də, ancaq tarixi-coğrafi və etnik, adət-ənənə anlamında onun ayrılmaz bir hissəsi, özü də ən vacib və mərkəzi bir hissəsi olmaqla bu haqqı qazanmışdır. Başqa sözlə, Türk Cümhuriyyəti qurulana qədər artıq “Azərbaycan”ın Farslıq və İranla ya da başqa yad bir millət və əraziylə deyil, məhz doğma Türklük və Turanla bağlılığının öz təsbitini tapmasının nəticəsi idi ki, qəti bir qərar verilmişdir. Bizcə, Rəsulzadə “Azərbaycan” adında israr edərkən də silahdaşlarına onun qövmiyyət, adət-ənənələr, həyat tərzi, dövlətçilik məsələlərindən tutmuş tarixi-coğrafi anlamınadək ilk növbədə, Türklük və Turanla bağlı olmasını inandırmağı bacarmışdır.

Görünür, də əsas hədəf kimi gördüyü böyük Turana doğru gedən yolda ilk addımlardan biri hesab edən milli ideoloqumuz M.Ə.Rəsulzadə inanırdı ki, özünü turanlı kimliyində görənlər Azərbaycan ideyasına da sahib çıxacaqlar. Bu anlamda Rəsulzadənin düşüncəsində Turan və Azərbaycan ideyaları vahidlik, eynilik təşkil edirdi. Onun qurucusu olduğu Müsavat Partiyasının proqramı da  ideal olaraq böyük bir Turan ideyasına hesasablanmışdır. Rəsulzadə Turanın müstəqil Türk müttəfiq hökumətlərinin birliyi şəkilində meyadana gələcəyinə inanırdı.

Azərbaycan Cümhuriyyətinin qurulmasında Nuri Paşa başda olmaqla, Osmanlı türklərinin yardımını “Turan toxumunun əkilməsi” kimi dəyərləndirən Rəsulzadəyə görə, bununla da Turan idelaının gerçəklşəməsi yolunda ilk addımlar atılmışdır. Rəsulzadə yazırdı: “Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət gətirən və ən şətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanalr verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir”. Azərbaycan fikriylə Turan fikrini biri-birinin tamamlayıcısı kimi görən Rəsulzadə “biz məfkurəmizdə böyük Türk millətinin bir gün gəlib də bir Türk federasyonu qurmaqla bütün görmək istəriz”, - deyirdi.

Beləliklə, Azərbaycanın, Azərbaycan türklərinin ana ülkülərindən birinin də Turançılıq, Turan vətəninin olmasına qətiyyən şübhə etmirik. Bu anlamda milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin varlığının Turan, Turançılıq məfkurəsiylə birbaşa bağlılığı vardır. Şübhəsiz, yeni qurulan Türk Cümhuriyyətinə məhz “Azərbaycan” adı verilərkən də əsas hədəflərdən biri olaraq Turan, Turançılıq məfkurəsindən çıxış edilməsidir. Çünki ən əski dönəmlərdən “Azərbaycan” istər tarixi-coğrafi anlamda, istərsə də etnik, adət-ənənə, əxlaqi dəyərlər baxımdan Turan vətəninin ya da Turan (Turanlı) kimliyinin tərkib hissəsi olmuş, onun başlıca qalalarından biri olmuşdur. Hesab edirik ki, Rəsulzadə ilə onun fikirdaşları, silahdaşları da Turan və Turançılıq məfkurəsini yetərincə dərk etdikləri üçün yeni qurulan Türk Cümhuriyyətinə “Azərbaycan” ismini vermək qərarına gəlmişlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu