Modern.az

 Elə, bu!?..

 Elə, bu!?..

Ədəbi̇yyat

21 Yanvar 2017, 11:12

Azad Müzəffərli

(hekayə)


Avtomobili qan ağalayırdı, it günündəydi. Asim özünü tələm-tələsik Bakıya çatdırmaq istəsə də, bu sızıltıya tab gətirə bilmədi. Sürəti azaldaraq “Mersedes”ini yolun kənarına çəkdi. Maşınından düşərək çömbəldi. Avtomobilin altında sağ yer yoxdu, elə bil, döyüş bölgəsindən indicə çıxmışdı. Dözəmmədi, yerə çökərək başını qolları və dizləri arasına aldı. İllərlə avtomobil həsrətində olmuşdu. Rusiyada yaşayan qardaşının onun yubileyinə hədiyyə etdiyi “Mersedes”inin “dərd”inə şərik çıxaraq hönkürdü.  Xeyli için-için göz yaşları tökdü.

      Nisbətən sakitləşəndə nəzərini ərtafdakı mənzərələrə yönəltməyə çalışdı. Alınmadı. İstər-istəməz yenə də gözləri önündə ölü yerinə getdiyi kənd canlandı. Daha doğrusu, həmin yaşayış məntəqəsinin gedər-gəlməz küçələri. Yolun asfalt hissəsindən ayrılaraq yuxarıya sarı – kəndin içərisinə doğru burulanda, sanki,   zəlzələ təkanları ilə üzbəüz qalırsan. Yer maşının altından qaçır. Top mərmilərinin açdığı çala-çuxura bənzər “dərəli-təpəli” küçələrlə irəlilədikcə avtomobilin altı yerə dəyməsin deyə səndə ürək-göbək qalmır.  Maşının altına çırpılan müxtəlif ölçülü çay daşlarının tappıltısından da qulaq batır. Bir andaca “dilə gələn” cansız avtomobilinin fəryadı iç dünyanı tar-mar edir. Az qalırsan, Tanrıya asi olasan. 

        Bakıda orta məktəbdə musiqi müəllimi işləyən Asim bayaqdan ha fikirləşsə də, həmin kəndin tən ortasından keçən xudmani asfalt yolla uca dağlar qoynunda yerləşən təmtəraqlı bağ evlərinə tez-tez gedib-gələn yüksək vəzifəli soydaşlarının bu probemə  “soyuq münasibəti”ndən heç cür baş çıxara bilmirdi. Yerli sakinlərin hər gün göz-gözə qaldıqları bu biabırçılığa biganəliyi isə onu lap yandırıb-yaxırdı. Axı, bu küçələrdə min bir əzab-əziyyətə qatlaşmaq məcburiyyətində qalan onlardı. Özü də, içərilərində imkanlıları da kifayət qədərdi. Həyət-bacalarına, darvazalarının kandarına  bir asfalt döşətdiriblər ki, gəl görəsən, handa-handa milyonçular belə həsəd aparar. Lap, imkanı qoyaq kənara. Axı, kəndin ən kasıb sakinlərinin belə qapısı sal daşlarla səliqəynən döşənib. Hüzr yerində olarkən oğrun-oğrun diqqətlə baxmışdı. Yaman gündə olan küçələr boyunca yerləşən bütün həyətlər ya asfalt, ya da hamar çay daşları ilə döşənmişdi. Bütün doqqazların həndəvəri də beləydi. Di gəl, yolun maşınlar gedib-gələn bircə cıqqa hissəsinin, elə bil, kənd sakinlərinə dəxli yoxdu. Ara küçələrin hərəkət hissəsi didim-didimdi, dağ çaylarının açdığı yarğana bənzəyirdi.

      Nahar vaxtı evə çatanda Asim tam heysizdi. Gözlərində şimşək çaxırdı, qara buludlar tək dolmuşdu. Şahidi olduqlarını yanğılı-yanğılı həyat yoldaşına nəql elədi. Matdım-matdım ona baxan xanımı cavabında ikicə kəlmə işlətdi: - Elə, bu!?.

      Asimi sanki ildırım vurdu. Var qüvvəsi ilə bağırmaqdan özünü güclə saxladı, qəzəblə  həyat yoldaşının gözlərinin qarasına taxıldı. Xanımı sussa da, gözlərindən nə demək istədiyi bəlliydi. Köhnə mahnıydı; məvacibi aydan-aya güc-bəla ilə yetir, bu isə gör nələrin hayındadır?!.

      Axşamüstü məktəbdə iclas vardı. Bağrı dağlanan Asim könülsüz də olsa məktəbə yollandı. İclasın əsas mövzusu vətənpərvərliklə bağlıydı. Məktəb direktoru və dərs hissə müdirinin odlu-alovlu çıxışlarından sonra əsasən ədəbiyyat və tarix müəllimləri qan eylədi. Növbə üstə davaydı. İki saatlıq həmin iclasın sonuna yaxın torpaqları azad eləmək əmri verilsəydi, ermənilər çətinki Qarabağda duruş gətirərdilər. Məktəb direktoru iclası qapatmaq istəyərkən heç kəsin gözləmədiyi halda musiqi müəllimi söz aldı. Hamıya elə gəldi ki, yersiz çıxışa başlayan Asim müəllim, yəqinki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində dövlət himni, hərbi marş və əsgər mahnılarının vacib rolundan danışacaq.

       O, nitqinə başlar-başlamaz sanki qurbağa gölünə daş atdılar, kimsə cınqırını çıxarmadı.

-      Məncə, çıxışlarda bir mühüm məsələyə toxunulmadı. Əgər, fikir vermisinizsə, hazırda öz taleyinə yiyə duran bütün millətlər lazım gələndə xorla, yəni ellilikcə oxuya bilirlər. Düzdü, təbii sual yarana bilər; axı, bunun mətləbə nə dəxli?!.  İş orasındadır ki, xorla ifa etmək bacarığı təşkilatlanmanın, kollektiv şəkildə sinxron hərəkət etməyin ən vacib elementlərindən biridir.  Bu, vətənpərvərlik üçün də həlledici məqamdır. İlk baxışdan bu adi görünsə də, əslində, dolayısı ilə hər bir millətin səfərbərlik imkanının bariz göstəricilərindən biridir. Ta qədim zamanlarda da bu belə olub. Məsələn, vaxtilə dünyada meydan sulayan Yunanıstanda xorda oxuya bilməyənlər savadsız kimi qəbul edilib. Tarixdən də göründüyü kimi, ellikcə oxumaq bacarığı birlik fəlsəfəsinin başlıca məntiqlərindən sayılır. İnanın, bizim idmanda komanda yarışlarında heç bir növ üzrə böyük uğur qazana bilməməyimiz də dolayısı ilə buradan qaynaqlanır.

      Asim müəllim çıxışını səngidib salona boylandı. Heç nə anlaya bilmədi. Hamı kal-kal ona baxırdı. O fikrini tamamlamağa çalışdı:

-      Dediklərim aydın olsun deyə sadə bir həyati misal çəkim. Zəhmət olmasa, yadınıza salın; deyək ki, hər hansı bir musiqi yarışması və ya məşhurlardan kiminsə konsertidir. Əgər, bu cür tədbirlər inkişaf etmiş ölkələrdən birində keçirilirsə, müğənninin çağrışına anındaca hay verən tamaşaçılar onun istənilən mahnısını ellilikcə əzbər söyləyəcəklər. Dəxli yoxdur, kimin səsi var, ya yoxdur. Hamı bir nəfər kimi müğənninin səsinə səs verəcək.  O cümlədən, qardaş Türkiyədə. İndi isə təsəvvür edək ki, belə bir konsert bizdədir. Tanınmışlarımızdan biri salona müraciət edir. Olsa-olsa üç-beş nəfər ona qoşulacaq, vəssalam. Ələlxüsus, yuxarı başda əyləşən vəzifəli və pullularımızın nə özləri, nə də övladları bunu özlərinə rəva görməyəcəklər. Peşəkar müğənnilərimizin əksər mahnılarını əzbər bilməyimizdən isə söhbət belə açmağa dəyməz. Düzdü, tanınmış rus və digər əcnəbi millətlərin müğənnilərinin Bakıdakı konsertlərində bizim rus və ya ingilis “dilli”lər bülbül kimi ötürlər, di gəl, özümüzə çatanda onlar da susurlar. Bütün dediklərim isə ona dəlalət edir ki, xora xor baxanların xoraları əskilməz. Bu yazılmamış qanundur. Qəribə də olsa, biz yalnız özümüzdən kimisə asıb-kəsmək lazım gələndə  “xorla elə oxuyuruq” ki, hətta, misal çəkdiyimiz xaricilər belə bizə həsəd apara bilərlər.

       Nitqinin bu məqamında Asim müəllim bir daha salona nəzər yetirdi. Kimsə ona sarı baxmırdı, hamının diqqəti çaşqın-çaşqın direktordaydı.

-     Bir daha təkrar edirəm, ilk baxışdan mənim söylədiklərim birbaşa mətləbə aidiyyatı olmayan kimi görünə bilər. Amma, inanın, bunun özü reallığın güzgüsüdür.  O cür tədbirlərdə səsini çıxarmağı bacarmayanlar və ya bunu özünə rəva bilməyənlər Vətən, Millət naminə çağrışa cətinki qoşulalar!!!. Bizim əksər bəlalarımızın, o cümlədən, əsrlər boyunca torpaqlarımızı itirə-itirə getməyimizin başlıca səbəblərindən biri də budur – ellilikcə səs-səsə verə bilməməyimiz, növbə ümummilli məsələlərə çatanda çəkici eyni zindana döymək istəməməyimiz və ya bunu qanımıza, canımıza hopdurmamağımız!!!

      Asim müəllimin çıxışının bu məqamında karıxmış vəziyyətdə ayağa qalxan məktəb direktoru iclası “pozan” kəsə bir daha  tərs-tərs nəzər yetirəndə “qarşıq xor” onu qabaqladı. Bayaqdan dil boğaza qoymayan  “Tenor, bas, soprano və alto”lar qrupu birnəfəsə gurladı: -Elə, bu!?.

        Əlacsızlıqdan qurtulan və gözlərində acı istehza şahə qalxan məktəb direktorunun əli ilə çıxışı göstərməkdən başqa çarəsi qalmadı. Səhər tezdən bəri yaşadıqlarından “ikiqat olan” Asim müəllim də qamətini bir qədər düzəldərək səssiz-səmirsiz iclas salonunu tərk edənlərin cərgəsinə qoşuldu.     

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır