Modern.az

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

21 Yanvar 2017, 15:46

Abid Tahirli
filologiya elmləri doktoru

 (“Ulduz”un dekabr nömrəsinə bir nəzər)


“Yeni  ulduz doğulur. Ədəbiyyat və incəsənətimizin, siyasi və ictimai həyatımızın üfüqlərində yeni bir ulduz... Elə isə gəlin onun adını böyük hərflərlə yazaq: Ulduz! İlk baxışda səma ulduzları bir-birinə oxşar kimi nəzərə çarpır. Sanki onların hamısı körpə uşaqlar tək eyni təbəssümlə gülümsəyir. Əslində isə ulduzlar arasında milyon, bəlkə də  daha çox yaş fərqi, birinin digərinə bənzəməyən tərcümeyi-halı, astronomik taleyi vardır...Jurnal N. Gəncəvi, M. Füzuli, M. F. Axundov, Ə. Sabir, C. Cabbarlı, Ü. Hacıbəyov, S. Vurğun ənənəli böyük ədəbiyyatımızın , incəsənətimizin yeni səsli, yeni imzalı ədəbi qüvvələrini üzə çıxaracaqdır. Jurnalın səhifələrində Siz müxtəlif məsələlərə dair müzakirələrin, disputların iştirakçısı olacaq, müasir poeziya və nəsrimizin problem məsələlərinə həsr edilmiş materiallar oxuyacaqsınız.”  Bu cümlələr düz 50 il bundan əvvəl- 1967-ci ilin yanvar ayında 15.000 tirajla ilk dəfə oxucularının görüşünə gələn “Ulduz” jurnalının “Redaksiyadan” adlı proqram məqaləsindən  götürülmüşdür. Ötən illər ərzində “Ulduz” vədinə sadiq qalmış, ədəbi-mədəni irsimizin daha da zənginləşməsinə ləyaqətlə və fədakarlıqla xidmət etmiş, onlarca gənc şair və yazıçının əgər belə demək mümkünsə, “əlindən tutub” böyük ədəbiyyata həvəsləndirmişdir. Və təsadüfi deyil ki, “Ulduz”da imzası olanların böyük əksəriyyəti ümidləri doğrultmuş, özlərini təsdiq etmiş və ədəbiyyat tariximizdə müəyyən izlər buraxmışlar...

Poeziya. Haqqında bəhs edəcəyim noyabr nömrəsindəki müəlliflər barəsində də 50 il sonra eyni sözlərin deyilməsi  arzusu və ümidi ilə mətləbə Mətləb Ağa ilə başlayıram. Sözün düzü, onun “özüylə söbəti”ndə ədəbi düşüncələri, öz təbiri ilə desəm, ”niyə yazdığı” barədə daha geniş, daha maraqlı mülahizə və fikirlərini gözləyirdim. O, isə iddiası böyük, imkanları məhdud olan “yaradıcı adamlardan”, “Azərbaycan əlifbasında otuz iki hərf olduğundan  qəti xəbəri olmayanlardan”, “bir kitabı oxuyub başa çıxa bilməyənlərdən”, amma ədəbiyyatdan moizə oxuyanlardan kiley- güzar etməklə kifayətlənir. Fikrimcə, bu qəbildən  şikaytətlərdənsə,


...və bu sentyabr da

köçünü yığışdırır...

yenə bir külək düşüb

küçəni yığışdırır...


kimi təsirli misraların sayını artırmaqla ədəbi meydandakı, Mətləbin sözləri ilə ifadə etsək, “zir-zibili”, “makulaturanı” təmizləmək daha effektiv olardı. Mətləbin şeirlərinin ideya- bədii məziyyətləri barədə söz açmaq üçün  kifayət qədər əsas olsa da, onu deməklə kifayətlənirəm ki, müəllifin sözün gücü ilə  peşəkar rəssamların belə həsəd apara biləcəyi mənzərə yaratmaq məharəti diqqətəlayiqdir ki, bu onun həm də dərin müşahidə qabiliyyətinə dəlalət edir.

Pərakəndəlik olmasın deyə, söhbətimizi nömrədəki poeziya nümunələri ilə davam etdirəcəyik. Furqanın şeirlərinə ilk dəfə  səhv etmirəmsə, “525-ci qəzet”də 2-3 il bundan əvvəl rast gəlmişdim və həmin nümunələr məndə böyük təəssürat yaratmışdı. Bir kəlmə ilə desəm, onun şeirləri fikrə daldıran, düşündürəndir. Elə bil, sözlər sehirli,  misralar sirlidir, aralanmağa, ayrılmağa qoymur. Məncə, şair  hamının gördüyü, bəlkə də, hətta bildiyi “işin içindən iş çıxardır”, gördüklərini elə mənalandırır, yazır, yozur ki, təəccüblənməyə bilmirsən.

məsələn,

bu ağac

öz kölgəsini qoruyur

günəşin istisindən...

...və biz də

yarpaq olmalıydıq, əslində...

olammadıq-

heyif

     
Təqdirəlayiqdir ki, “Ulduz” ənənəsinə sadiq qalaraq dekabr nömrəsində də “Debüt” rubrikasında  özünün çoxsaylı  müəlliflər siyahısına daha üçünü əlavə etmiş,  gənc yazarlar Qərib Nicatın, Gülşən Mustafanın və Sevinc Məmmədlinin  şeirlərini vermişdir. Qərib Nicat “taleyinin uşaq otağının divarından asdığı rəsmin” (Uşaqlığımın rəsmi), Gülşən Mustafa isə “xisləti, əməli ilə mərd, mətin insanlardan seçilməyən” aynabəndlərin  (Aynabənd) onlarda yaratdığı fərdi, fərqli ovqatı poetik deyim və lövhələrlə, bədii boyalarla ifadə etməyə, mənalandırmağa çalışmışlar.

Balacaydın, anlamırdın,

Kimlər kimdir, nələr nədir,

Ətrafında gördüklərin baxışında oyuncaqdı-

söyləyən Sevinc Məmmədlinin “Günahsızım” adlı şerinə də bu ruh , bu duyğu hakimdir.

Jurnalda Tural Adışirinin irili-xırdalı, adlı-adsız 13 şeiri dərc olunub.  Sadə, səmimi, oynaq,  axıcı və aydın dillə qələmə alınmış bu məhəbbət ətirli şeirlərdə gənc şairin ürək çırpıntıları, hiss və həyəcanı duyulur, hiss olunur. Məhəbbət, sevgi mövzusunda yazmaq, qələmi sınamaq əlbəttə, heç kimə yasaq edilməyib, lakin ədəbi xəzinəmizin bu səpkidə bənzərsiz nümunələrinin olduğunu nəzərə alsaq,  Tural Adışirinin cəsarətini təqdir etməliyik. Eyni zamanda  şeirlərdə  oxşar, təkrarı xatırladan  poetik deyimlərin, səslərin, nəfəslərin oxucuları qayğılandırdığını da qeyd eyməliyik. Məs., harada və hansı missiyada  işlənməsindən asılı olmayaraq, “sahilsiz dəniz”  Nəbi Xəzri başda olmaqla bir neçə başqa şairi xatırladır. Yaxud, Osman Sarıvəllinin, Hüseyn Arifin, Musa Yaqubun təbiəti tərənnüm edən, metafora, epitet, təşbeh və s. kimi digər bədii təsvir və  ifadə vasitələri ilə süstlənmiş zəngin yaradıcılığı bu sənətkarları  zirvəyə ucaltmışdır. Həmin  nümunələrdən, poetik lövhələrdən sonra bu ifadələr caizsə, ətəklərdə, yaxud yamaclarda gəzişmək, şübhəsiz ki, yazılanlara oxucu marağını azaldacaqdır.

 Aşağıdakı misralar Hikmət Məlikzadənin “Ulduz”un dekabr nömrəsindəki şeirlərindəndir.

...İtib elçi daşı mamırın altda,

Donub küçənizdə ayaq izləri...

***

Təkcə bu bulaqdı şahidim, o da

Kimsə yoxdu deyə, qaşını əyib.

***

Dünya bəzən məndən sənə

Adəmdən mənə qədərdi.

***

Dünyanın, bəlkə də, ən pis qızıdı

Dünyanın, bəlkə də, ən gözəl qızı...

 
Bu sətirlərin bədii yükü, sanbalı və sahmanı göz qabağındadır,  inkaredilməzdir və şairin düşüncəsinin, zövqünün, sözdən uğurla və yerli-yerində istifadə etmək bacarığının, yeniliyə, axtarışa meylinin, marağının   göstəricisidir.

Yaxşı haldır ki, “Ulduz” ənənəsinə sadiq qalaraq bu nömrəsində də ”Bölgələrdən soraqlar” rubrikası ilə ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının təqdimatı ilə Cəlilabaddan Allahşükür Alaşarlının “Qəzəllər”ini dərc etmişdir.  Bilal müəllim Allahşükürü oxuculara  “öyrənməkdən yorulmayan, yeniliyə böyük ehtirasla can atan, həvəslə yazıb yaradan” gənc  şair kimi təqdim edir, əminliklə yazır ki, şeirlərində Füzulinin ruhu yaşadığı kimi, Aşıq Ələsgər havası  da ürək sərinlədir sərinlədir.  

 Poeziyadan söz düşmüşkən qeyd edək ki,   jurnal ötən nömrəsində şifahi ədəbi nümunələrə də yer ayırmışdır. İstedadlı şair- publisist, pedaqoq İslam Sadığın “Ulduz”un Baş  redaktoru Qulu Ağsəsə ünvanlandığı məktubdan məlum olur ki, müəllim tələbələrinə bölgələrdən şifahi ədəbi nümunələri toplamaq tapşırığı vermiş və tələbə İlkin Elsevəroğlu da tətil zamanı Cəlilabadın Ləzran kəndindən atalar sözlərini, bayatıları və holavarları  toplamışdır. Təqdirəlayiqdir ki, İslam Sadıq tələbəsinin həmin örnəkləri necə topladığı haqqında yazdığı məqaləsini şifahi ədəbi nümunələri ilə birlikdə  jurnala təqdim etmişdir.

 Nəsr. Vüsal Nurunun “Tüklü sabun” hekayəsi nəzərimi daha çox mövzunun, problemin aktuallığı ilə çəkdi, hərçənd ki, əsərin dil, üslub, sənətkarlıq məziyyətləri də diqqətəşayandır. Hekayənin mövzusu hansı səbəbdənsə, Almaniyaya gedən, orada məskunlaşan, alman qızı ilə ailə həyatı quran Ayazın- Ayzikin həyatından- əslində  faciəsindən bəhs edir. Ən əvvəl qeyd edək ki, ədəbiyyat tariximizdə təhsil almaq amacı ilə Avropaya üz tutan həmvətənlərimizin taleyi ilə bağlı  xeyli maraqlı bədii nümunə var.  Nəcəf bəy  Vəzirovun  “Müsibəti-Fəxrəddin”  faciəsinin qəhrəmanını maarif, tərəqqi işığını elinə-obasına gətirmək, təhsil almaq, müasir ideyalara yiyələnmək arzusu onu Avropada, Almaniyada  təhsil almağa getməyə sövq etmişdir. Qəhrəmanın məqsədi ətalət və cəhalət içərisində böyüyüb boya-başa çatdığı mühiti dəyişməkdir. Bunun üçün isə mücadilə aparmaq, bir ziyalı kimi  kamilləşmək lazımdır.  Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı da dini cəhalətin sürətlə yayıldığı bir zamanda Kiyevdəki türk (azərbaycanlı) tələbələrin 1910-15-ci illərdəki fəaliyyətləri haqqındadır. Əsərin  ikinci  hissəsi olan “1917-ci ildə” romanının baş qəhrəmanı Rüstəm bəy   dərin zəkası, filosofanə fikirləri, cəmiyyət həyatı ilə bağlı maraqlı və  ziddiyyətli mülahizələri ilə seçilir, o da Fəxrəddin bəy kimi mənsub olduğu xalqı və vətəni dərin məhəbbətlə sevir.

Vüsal Nurunun Ayziki fərqli obrazdır və daha çox Mirzə Cəlilin felyetonunlarındakı, Ceyhun Hacıbəylinin publisistikasındakı “avropalıları”  xatırladır. Ayaz niyə “Ayzik” olmuşdur? Onu milli hiss və duyğulardan, adət-ənənələrdən uzaqlaşmağa, libası, həyatı ilə bərabər, təfəkkür tərzinin  dəyişməsinə, öz kökündən ayrılaraq yad bir məxluqa çevrilməsinə nə səbəb olmuşdur?      Problemin aktuallığını nəzərə alaraq, məsələnin üzərində bir qədər ətraflı dayanmağı məqsədəmüvafiq hesab edirik. Tarixə  qısaca nəzər salaq.  Bəri başdan deyim ki, başlanğıcını orta əsrlərdən götürən,  XX əsrin sonu, XXI əsrin əvvəllərindən geniş vüsət alan, sürətlənən, bəzən milli-mənəvi dəyərlərin bəlası kimi təqdim olunan   qloballaşma müasir, modern texnologiyanın sayəsində cəmiyyət həyatının ən müxtəlif sahələrini bürüyən, hər cür milli, dini, regional sədləri, sərhədləri dəf edərək iqtisadiyyatı, ictimai-siyasi hadisələri, axınları, cərəyanları, ideologiyaları bir məcraya yönəldən tarixi prosesdir. Obrazlı desək, qloballaşma bir tərəfdən şirin su kanalları kimi torpağa can verir, iqtisadiyyatı, ona bağlı sahələri dirçəldirsə, digər tərəfdən kükrəyən dağ çayı kimi təbiətin və bəşər övladının əli və əqli ilə yaranan nemətlərin bir qismini məhv edir, dağıdır, viran qoyur. Hələ  çar Rusiyası dövründə  imperiya ərazisindəki  müsəlman bacı-qardaşlarını tərəqqiyə, elmə, Avropa mədəniyyətinə  sahib olmağa  səsləyən maarifçilər  öz milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi də unutmamağı tövsiyə edirdilər. 

Qərb həyat, təfəkkür tərzinə daha dərindən nüfuz etdikcə, bələd olduqca  böyük maarifçi, naşir, redaktor, irsi və şəxsi həyatı ilə Azərbaycana bağlı İsmayıl Qaspiralının  Avropa mədəniyyəti adı altında digər xalqlara insan haqları, yaxud vicdan azadlığı adı altında inteqrasiyasına, belə demək mümkünsə, bir sıra əxlaqdan kənar xüsusiyyətlərin  sırınmasına, transferinə  etiraz etmiş , bədii və publisistik əsərləri ilə bu prosesə qarşı   kəskin mübarizə aparmışdır. Bədii əsəri «Firəngistan məktubları»nda  «Bu gün Avropadan geri qalmış millətlər Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından ibrət alıb bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir» - yazan  İ.Qaspiralı «Avropa mədəniyyətinə bir nəzər» adlı publisistik əsərində qeyd edir ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!”

 “Tüklü sabun” hekayəsinin qəhrəmanı sələflərinin  tövsiyəsinə əməl etməmiş, onların yolu ilə getməmiş, nəticədə uçuruma yuvarlanmışdır. İndi o, yad diyarda tüfeyli bir həyat sürür, qaş-gözünü aldırır, sığındığı Amaranın istədiyi kimi bir kloun həyatı sürür. Atası naxələf oğlunu lənətləmiş, özü də dünyasını dəyişmişdir. Onu Vətənə gətirən doğma torpağa sevgi, valideyn məhəbbəti yox, Ayziki təqib edən,  addımbaaddım izləyən ,ona rahatlıq verməyən atasının ruhudur. Maraqlıdır ki, Vətəndə hələ  də Fəxrəddin bəy dövrünün ab-havası hakimdir. Yenə bədəndən cin çıxaran mollalar meydanda, yenə cəhalət bayquşları iş başındadır. Gözlənilməz bir hadisənin qurbanına çevrilən Ayzik  qətldə ittiham olunaraq  həbs edilir. Ayzikin əldən çıxmasından ehtiyatlanan və onu səfərdə müşaiyət edən Amara geri qayıdır. Əlbəttə, hekayənin süjeti, kompozisiyası, yuxarıda söylədiyim kimi  dili, üslubu, digər sənətkarlıq məsələləri ətrafında da müəyyən mühakimələr yürütmək olardı. Lakin  hər il ən müxtəlif səbəblərdən, o cümlədən təhsil almaq niyyəti ilə Avropaya üz tutan, bəzi hallarda bir sıra gənclərin “ayzikləşdiyini” nəzərə alaraq, əsərin aktuallıq nöqteti-nəzərindən dəyərləndirilməsinə üstünlük verdik. Bu gün qloballaşmanın təcavüzünə məruz qalan milli-mənəvi dəyərlər, adət-ənənələr hər kəsi düşündürən ciddi problemlərdir.

 Murad Köhəqala maraq dairəmdə olan müəlliflərdəndir, onun publisistik yazılarında toxunduğu mövzular diqqətimi çəkir. Yanılmıramsa, bir yazısında da  uşaqların, məktəblilərin  mütaliəsi məsələsini  qaldırmışdı və xüsusi ilə dərsliklərdə  ciddi problemlərin olduğunu vurğulamışdı. Yazını oxuyanda  Azərbaycan Atatürk Mərkəzində Dilsuzun nağıl kitablarının təqdimatında ( o,70-dən çox nağılımızı  yenidən işləmiş və hər bir nağılın ayrıca, illüstrasiyalı kitab şəklində nəşrinə nail olmuşdu)  akademik Bəkir Nəbiyevin “Bəzi xəstəliklərdən qorunmaq üçün körpələrə peyvənd edilir. Onların mənəvi mərəzə məruz qalmaması, yad, zərərli, ziyanlı vərdişlərə düçar olmaması üçün valideynlər körpələrini Dilsuzun hekayələri ilə vaksin etməlidirlər”- fikrini xatırlamışdım.  “Ulduz”da Murad Köhəqalanın “Heyvanların söhbəti” proyektində” rubrikası altında verilmiş  hekayələrinə rast gələndə yenə Bəkir müəllimin dedikləri yadıma düşdü və həqiqətən də məzmun, ideya, dil baxımından müasir tələblərə cavab verən əsərlərə çox ciddi ehtiyac olduğunu bir daha  vurğulamağı lazım bildim.

“Ulduz”un  təqdim etdiyi  hekayələrdən Cavid Qədirin “Şahid adamların hekayəsi” oxucunu  təkcə mövzunun ağırlığı, hadisələrin dramatizmi yox, həm də müstəntiq Rəhimov kimi tiplərlə eyni mühitdə,  eyni cəmiyyətdə, eyni dövranda  yaşamağın ağrı-acısı, nigarançılığı  üzür.  “Başı qarnına işləyən”, əyri yollarla mənsəb-rütbə, vəzifə alan müstəntiq Rəhimovun istintaq zamanı  şilə-yumuruğuna tuş kələn və bu halı ilə kefli İsgəndərdən də çarəsiz  dəli Səfərin “deməliyəm ki, çox iyrənc məxluqlarsınız. Geydiyiniz geyimlər, yediyiniz yeməklər, yaşadığınız evlər, həyatınız...”la başlayan ittihamları- monoloqu əslində müəllifin  müstəqilliyimizə ləkə gətirən, inkişafımıza zərər vuran Rəhimovlara qarşı etirazın özünəməxsus ifadəsidir.

Tanınmış yazıçı- publisist, ssenarist Orxan Fikrətoğlu xalq dilində danışan, xalq dilində yazan, xalqı da düşünməyə vadar edən qələm əhlidir. Anlatmaq onun ən böyük missiyası, anlada bilmək  ən böyük məharətidir. Ədibin “Ulduz” da verilmiş “ Tülu” povestinin məzmunu, ideyası onu deməyə əsas verir ki, bu, fikir  və  intellektual əsəridir, ictimai və şəxsi həyatda təcavüzə məruz qalan  milli və bəşəri dəyərlərin, mənəvi, əxlaqi amillərin xilasına, ailədaxili və insanlararası münasibətlərin təmizliyinə, cəmiyyətdə ədalət ölçülərinin itirilməməsinə  xidmət edən bir yazıçı töhfəsi, müəllif mövqeyinin bədii ifadəsidir. Əsərin ideya və sənət dəyəri,  bədii məziyyətləri,  süjeti, kompozisiyası, obrazları, onların həyat və düşüncə tərzi irihəcmli və sanballı yazı üçün orijinal faktlarla zəngindir. Vətəndaş- sənətkar    Orxan Fikrətoğlu bu əsəri ilə də sözün gücünə inanaraq həmvətəninə müraciət edir: “Papağını qarşına qoy, yaxşı-yaxşı fikirləş, “zəlzələ” baş verəndə gec olur. Təmənnasız yaxşılıq elə, “mürəbbə qazanına istiot tökmə”, “şər atma”, “yalan danışma”,  zorlama,  öldürmə,  haqsızlıq etmə, pis vərdişlərdən əl çək, narkotik  alverinə qurşanma, mürtəce,  mürtəd və əclaf olma! Bir sözlə, tövbə et,  haqqa tapın, yenidən başla! ”

 Zeynəb Əliqızının  “Ən yaxşı it”, Tural Sahabın “Yağışlı bir sentyabr gecəsində”, Mənsur MATT-ın “Utanc” hekayələri təhkiyənin təbiiliyi, kədərli tərzi, emosionallığı, eyni zamanda  səmimiliyi ilə yadda qalır.

 Görkəmli türk yazıçısı, filosof və tərcüməçi Cəmil Meriçin üzümüzə gələn il anadan olmasının 100 ili tamam olur.  Təqdirəlayiqdir ki, bu əlamətdar hadisə  münasibəti ilə “Ulduz” jurnalı   Cəlal Bəydilinin “Əsrin vicdanı Cəmil Meriçin 100 illik yubileyinə” adlı yazısını və böyük qələm və zəka sahibinin kəlamlarını vermişdir.

 Tərcümə.  Oxucular jurnalın  dekabr nömrəsində XX əsrin və modern Alman ədəbiyyatının ən parlaq simalarından Frans  Kafkanın “Hibrit” ( tərcümə edən Taleh Həmidoğlu), tanınmış rus yazıçısı Valentina Yerofeyevanın “Vüsal” ( tərcümə edən Knyaz Qaçaq), Başqurdstanın gənc və istedadlı yazıçısı Ayqiz Baymuxametovun “Getmə, ana” (tərcümə edən Aygün Yaşar) hekayələri ilə də tanış olmuşlar.

 Ədəbiyyatşünaslıq. Müasir Azərbaycan  ədəbi tənqidində öz imzasını təsdiq etmiş Əsəd Cahangir yeni il ərəfəsində Arzu Hüseyn, Elşad Ərşadoğlu, Hədiyyə Şəfaqət, Dilqəm Əhməd, Ruslan Dost Əli, Aqşin Evrən, Leyla Əliyeva, Akif Ulucay, Xatirə Nurgül, Feyziyyə, Fəridə Məmmədova, Emin Piri, Ramil Əhməd, Fərid Hüseyn, Alik Əlioğlu, Nicat Məmmədov, Leyla  Nənə, Aysel Novruz, Elnaz Eyvazlı, Rəqibə Nazimqızı, Sevinc Elsevər, Əvəz Qurbanlı, Aysel Əlizadə, Nilufər Şıxlı, Könül Arif kimi gənc nəsil yazarların  timsalında  çağdaş şeirimizin   ümumi mənzərəsinə lakonik, eyni zamanda peşəkar, operativ və obyektiv ( yəqin, bayramqabağı olduğundan bir qədər də səxavətlə) nəzər salmış, onların yaradıcılığını mövzu, sənətkarlıq baxımından təhlil etməyə, müasir tələblər nöqteyi-nəzərindən  dəyərləndirməyə çalışmışdır. Tənqidçi çağdaş şeirimizin nümayəndələrindən və nümunələrindən söz açarkən klassik poeziyanın yaradıcılarının irsi ilə paralellər aparır, nəsillərarası əlaqələrə, ənənələrə toxunur, ortaq və fərqli məqamlarla bağlı maraqlı mülahizələr irəli sürür.

 Şair, tədqiqatçı Namiq Hacıheydərlinin qənaətinə görə “Əski türkün ... həyatının və yaradıcılığının elə bir tərəfi yoxdur ki,orada “at” sözü keçməsin” ( Əski türkün yaşamında və dünyagörüşündə at ). Müəllif fikirlərini türk xalqlarının yazılı və şifahi ədəbi nümunələrindən tutarlı  misallar gətirməklə əsaslandırır.

 Jurnalistika. Gənclik jurnalında əlamətdar günlərlə, tarixi hadisələrlə bağlı materialların dərc edilməsi müsbət haldır.  Hər il noyabrın 6-da ölkəmizdə  qeyd olunan “Azərbaycan televiziyası və radiosu günü”  münasibəti ilə jurnalist Hicran Hüseynovanın  “Mənim radiom” adlı məqaləsi və  radio sahəsində xidməti olan insanların-Əməkdar jurnalist Gülbəniz Hüseynlinin, tanınmış radio jurnalistləri Aybəniz Məmmədəliyevanın, Sarıtel Vahidin, İntiqam Mehdizadənin və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının ürək sözləri təsirli, mənalı və maraqlıdır. Azərbaycan radosunu bənzərsiz yaradıcılıq məkanına bənzədən Gülbəniz xanım mədəniyyətimizin səs salnaməsinin yaradılmasında iştirakından qürur duyduğunu  haqlı olaraq fəxrlə deyir. Həyatının 30 ilini Azərbaycan radiosuna həsr edən Aybəniz xanım radionu  maarifçilik missiyasını yerinə yetirən müqəddəs məkan adlandırır. Təranə xanım əmindir ki, söz  özünü heç yerdə radiodakı kimi rahat hiss etmir. İntiqam Mehdizadə: “ Qızıl fonda düşmüş 300-dən çox hazır, istənilən vaxt efirdə səslənə biləcək verilişimizin lent yazıları qorunur ki, mən onları öz övladlarım qədər sevir, əzizləyirəm”. Bu isə Vaqif Əlixanlının qəlbinin pıçıltılarıdır: “ 90 yaşlı Radio – öz taleyimi, ömürlüyümü etibar etdiyim həyatım qədər əziz insan deməkdir”.

Bədii tərtibat, dizayn, rəssam işi və illüstrasiyalar. Bu cəhətləri ilə də indiki tələblərə tam cavab verən “Ulduz” öz ünvanına  ən xoş sözləri haqq edir.

Bütün deyilənləri yekunlaşdıraraq bildiriəm ki, jurnaldakı materialların əksəriyyəti  ideya-məzmun baxımından  sanballı və zəngin, dil-üslub, sənətkarlıq nöqteyi-nəzərindən qənaətbəxş, janr cəhətdən rəngarəng, coğrafi  yöndən əhatəlidir. Və fürsətdən istifadə edib, dərginin 50 yaşı münasibəti ilə bütün əməkdaşları ürəkdən təbrik edir və yeni- yeni yaradıcılıq uğurları arzulayıram.

29 dekabr 2016.
[email protected]

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir