Modern.az

“Mən müəllim olsaydım...” - V sinif şagirdinin müəllimlər barədə İRADLARI

“Mən müəllim olsaydım...” - V sinif şagirdinin müəllimlər barədə İRADLARI

Aktual

21 Yanvar 2017, 18:13

Humay Nəhmətli Bakıdakı məktəblərin birində V sinif şagirdidir. Olduqca ağıllı və dərin düşünmək qabiliyyətinə malikdir. Onun təhsil, müəllim peşəkarlığı, şagirdlərin məktəbdəki vəziyyəti ilə bağlı maraqlı fikirləri var.

Bəzi ekspertlər təhsilimizin indiki vəziyyətini nəzərə alaraq deyirlər ki, məktələri və sinfi yalnız daxildən islah etmək mümükündür. Və təhsildən danışarkən şagirdlərin də söz haqqını tanımaq vacibdir, əks halda, elə belə də davam edəcək, nəticə olmayacaq.

Modern.az saytı bunları nəzərə alaraq, V sinif şagirdi olan Humay Nəhmətlinin söz haqqını tanıyaraq, onun təhsilin vəziyyəti barədə özünəməxsus fikirlərini sizlərə çatdırır.

- Humay, səncə təhsilimizin vəziyyəti ilə bağlı şagirdlərin fikirləri önəmlidirmi?

- Əlbəttə. Əgər hamı təhsildən danışırsa, biz şagirdlərin də müzakirəyə qoşulmağa haqqı var. Məni ailəmdə dinləyirlərsə, fikirlərimlə hesablaşırlarsa, demək, mənim də - biz uşaqların da söz haqqı var.

- Onda məsələn, müəllimlər və onların təlim-tərbiyə qaydaları barədə nə deyə bilərsən?

-Artıq beşinci sinifdə oxuyuram, müxtəlif müəllimlərimiz olyb. Hazırda ayrı-ayrı fənlərdən 11 müəllim bizə dərs deyir. Hərəsi bir xasiyyətdədir, hərəci bir cür dərs keçir. Müəllimlərimizin hərəsi bizimlə bir cür münasibət qurur.

Müəllimlər çoxu ilk gündən sinfə girən kimi öz qayda-qanunlarını qoyur. Amma hərəsi bir cür. Müəllim var deyir ki, “mənim dərsimdə səs salanı nə döyəcəm, nə də cəzalandıracam. Elə edəcəm ki, özü utanacaq. İkincisi, ən sərt qayadam budur: Qaydalarıma tabe olmayanın qiymətindən kəsəcəm”.

O müəllim, həqiqətən də, elə davranır ki, hamı onu sevir. Hamı ona hörmət edir. Hətta sinfin ən dəcəl şagirdi belə, onun dərsində səsini çıxarmır, hamı tərbiyəli davranır. Bir şey yerə düşəndə “üzr istəyirəm” deyib götürür. Amma bir məsələ var: hamı o dərsdə həm də gərgin olur. Hər an qiymətinin kəsiləcəyi qorxusunu yaşayır. Deməli doğru olmayan nəsə var.

Müəllim var, səs salan uşağı küncə qoyacağını, ya da tək ayaq üstə saxlayacağını deyir.

Müəllimlərin çoxu belə edir. Hətta şagirdi yaxşı yazmasa, məktəbdən qovacağını deyən müəllim də var. Özünü yaxşı aparmasa, zirzəmiyə salacağı ilə hədələyən də. Döyən də.. Söyən də...

Amma bunlar hamısı bir müəllimdə olmur. Hərəsində bir az...

Mənim fikrimcə, şagirdi qorxu ilə qaydalara tabe etmək zorakılıqdır. Doğru olmayan budur.

- Amma müəllim yumşaq davrananda da uşaqlar dəcəlllik edirlər. Bax, hər sinifdə çoxundan fərqli bir və ya bir neçə uşaq ola bilər. Dərslərdə səs salır. Müəllimləri əsəbləşdirir. Yoldaşlarını itələyir. Hətta döyür. Onlardan da betər, söyə də bilir. Bəs bu haqda nə deyə bilərsən...

- Müəllimlər də belə şagidrlərin bizdən fərqli olduğunu bilir, buna görə də fərqli davaranırlar. Amma bir az kobud mənada...

Peşəkar olan müəllimlər onları ələ almağı bilirlər. Amma müəllimlərin çoxu belə şagirdlərə  qışqırır, küncə qoyur, təhqir edir. Tez-tez valideyninə şikayət edib onu cəzalandırmağı xahiş edirlər. Müəllim olur ki, qışqırıb deyir: “Təkcə sənə görə mən bu sinfə girmək istəmirəm”.

 Hətta müəllim olur ki, uşağın üzünə qarşı deyir: “Sən niyə bu sinifdə oxuyursan?! Sənin kimilər üçün xüsusi məktəblər var”.

Bunlar isə həmin şagidrlərə pis təsir edir. O da acığını müəllimi daha da artıq qıcıqlandırmaqla çıxır. Sinif yoldaşlarını döyür. Hətta dəhlizə qarşısına çıxanı itələyir.

Müəllimin belə münasibəti şagirdlərin hamısına təsir edir. Şagirdlər həmin “ərköyün” uşağa qarşı dözümsüz olurlar. Dalaşırlar. Onlar da öz müəllimləri kimi, onun anasına şikayət edib ürəyini ağrıdırlar.

- Deyəsən müəllimlərin hərəkətlərilə bağlı çox düşünürsən...

- Müəllimlər haqqında çox düşünürəm. Fikirlərimi anamla bölüşürəm. Anam deyir, qınamaq asandır,  müəllim olmaq çətin.

- Bax, sən müəllim olsaydın necə davranardın?

-
Mən müəllim olsaydım, birinci qaydam özüm üçün olardı: Şagirdlərə öz qaydalarımı diqtə etməzdim. Mən onlarla fikirlərimi bölüşərdim. Dərsi necə rahat aparmağın yollarını müzakirə edib qaydaları yazardım. Amma divara deyil, hərəmiz öz qeyd dəftərimizə.

Mən məktəblərdə baş verənləri heç kimin adını çəkmədən danışdım. Çünki heç kimi incitmək istəmirəm. Amma inanıram ki, bu yazını oxuyan müəllimlər özlərini tanıya biləcəklər...

 

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir