Modern.az

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

23 Yanvar 2017, 00:30

Bu gündən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayır. Modern.az saytı xəbər verir ki, qış sessiyası yanvarın 27-dək davam edəcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək. Sessiyada Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzada humanitar böhran kimi mövzular müzakirə olunacaq.

 

Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzular da sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.

 

Sessiyada Kiprin və Rumıniyanın prezidentləri, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı, Kiprin xarici işlər naziri çıxış edəcək, Avropa Şurasının baş katibinin qurumun fəaliyyəti barədə məruzəsi dinləniləcək.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır