Modern.az

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

Aktual

23 Yanvar 2017, 12:15

Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. Yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanırdı.

Modern.az-ın məlumatına görə, üç  ilə yaxındır ki, rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirirlir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Ötən müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər.  İnsanlar da yas mərasimlərinin bu cür sadə təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir.

        
Rayonun axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islamı qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.  O bildirir ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-600 manatla yola vermək olar.

Təxmini rəqəmlərə göeə, son 2 il 6 ay arzində rayonda 550-ə yaxın yas mərasimi olub. Həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 3 milyon manata qənaət olunub, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
  

Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olub. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaəti formalaşıb.


Rayonun axundu deyir ki, yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə İslamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!