21 oktyabr 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Həyat yoldaşı: "Məhəmməd Əsədovun nə vaxtsa qayıdacağına çox inanıram” - MÜSAHİBƏ
Həyat yoldaşı: "Məhəmməd Əsədovun nə vaxtsa qayıdacağına çox inanıram” - MÜSAHİBƏ +
23.01.2017, 13:17

20 noyabr 1991-ci il tarixində Qarakənd faciəsi nəticəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova Modern.az saytına müsahibə verib. Məleykə Əsədova 30 ilə yaxındır Texniki Universitetdə dərs deyir. Onunla söhbəti təqdim edirik:
 

- Məleykə xanım, adam var ki, eldən gedir, adam da var evdən gedir. Adam var ki,  onun ölümü bir ailənin deyil, bütün xalqın itkisi hesab olunur. Necə xatırlayırsınız o günləri?


- Mən indiyə qədər Məhəmməd Əsədovun yoxluğunu qəbul etməmişəm. Düz 25 ildir ki, hər an onun yolunu gözləyirəm. Elə bilirəm ki, Məhəmməd nə vaxtsa mütləq qayıdıb gələcək.

Amma o faciədən 25 il keçib. Məhəmmədin yaxınlarının, dostlarının çoxu dünyasını dəyişib. Fikirləşirəm ki, Məhəmməd qayıdanda bu adamların itkisi ona çox pis təsir edəcək. Çünki ona doğma olan adamların çoxu artıq həyatda yoxdur. Məhəmmədin nə vaxtsa gələcəyinə inanıram. 1991-ci ilin noyabrın 20-də baş verən faciə tək məni deyil, Azərbaycan xalqını yandırdı. Məni də demək olar ki, tam məhv etdi. O, ağrı, acı, zillət mənim ürəyimdə kök atdı. 25 ildə o ağrı, acı indiki bəzi-bəzi xəstəliklər kimi bütün varlığımı bürüyüb. Yəni getdikcə, onun kökləri daha da çoxalır, amma ümid də azalmır.

- Təbii ki, ümid daha da çoxalmalıdır. General Məhəmməd Əsədovun özündən sonra övladları onun yolunu layiqincə davam etdirirlər. Bilmək istədik, 25 il ərzində Məhəmməd Əsədovun dostları, yaxınları onun xanımına baş çəkirmi? Həmin vertolyot hadisəsi zamanı həlak olan insanların ailələri bir yerə yığışırlarmı?

-
O hadisədən qabaq da Məhəmməd Əsədovun dostları çox az olub. Amma möhkəm dostları olub. Həqiqi, təmənnasız, heç nədən asılı olmayan dostlar. Həmin dostlardan yenə də var. Onlardan biri Rafiq Əliyev, qudamız Əhməd müəllim və bir neçə adam bizimlə tez-tez əlaqə saxlayırlar, maraqlanırlar. Onu da qeyd edim ki, vertolyot qəzasında həlak olanların bəzilərinin ailələri ilə əlaqə saxlayırıq. 20 noyabrda və bəzən də adi günlərdə görüşürük. Söhbətləşirik.
 

- Məleykə xanım, həyat yoldaşı həm də yaxın dost, sirdaş olur. Bizim üçün maraqlıdır ki, Məhəmməd Əsədov Qarabağla bağlı həyat yoldaşına nələr deyirdi?
 

- Qarabağ hadisələri hələ başlamazdan qabaq,  yəni 1988-ci illərdən külək bu hadisələrin iyini gətiridi. Məhəmməd nəsə olacağını hiss edirdi. Amma nələrin olacağını bilmirdi. Çünki Qarabağla onun əlaqəsi vardı. Bilirsiniz ki, Məhəmməd 1986-1988-ci illərdə Prezident Aparatında şöbə müdiri işləyirdi. Orada işlədiyi vaxtlarda Qarabağa səfərlər edirdi. Dəfələrlə Şuşada olmuşdu. Orada olan ermənilərin hərəkətlərindən hiss edirdi ki, heç kimin xəbəri olmadan onlar nəsə bir plan qururlar. Yəni Azərbaycana qarşı pis niyyətli plan... Bunu o, hiss edirdi. Mənə bir şey demirdi, amma iş yerində hər zaman narahatçılığını bölüşürmüş ki, Azərbaycan üçün xoşagəlməz nələrsə olacaq.

Yadımdadır, azərbaycanlıları öz dədə-baba yurdlarından, indiki Ermənistandan çıxarmağa başlamışdılar. Məhəmməd deyirdi ki, həmin azərbaycanlıları Qarabağda, Şuşada və ətraf rayonlarda yerləşdirmək lazımdır. O deyirdi ki, həmin insanların Bakıya gəlməyi bir o qədər də düzgün deyil. Çünki o torpaqların iqlimi ilə Qarabağın iqlimi demək olar ki, eynidi.

Məhəmməd həmişə evə çox gec gəlirdi. Açığı mən bir ana, bir xanım kimi ailə başsının evə tez gəlməsini, uşaqları ilə maraqlanmasını çox istəyirdim. Məncə, bütün xanımların bir nömrəli istəyi budur.

İnanın, hər dəfə o, evə gec gələndə istəyirdim deyim ki, nə olar, ailənlə də bir maraqlan... Amma hər dəfə qapıdan içəri girəndə yorğun sifətini görürdüm, ürəyimdən keçənləri deyə bilmirdim. O, evə gələn kimi beynimdəki bu sözlərin hamısı yaddan çıxırdı. Şükür edirdim ki, sağ-salamat evə gəlib çıxıb. Məhəmməd nazir işləyən vaxtlar evə əsgər paltarında gəlirdi, papağını çıxarırdı və əsgərlər kimi salam verirdi. Bundan sonra mən ona “niyə başqaları kimi ailənə zaman ayırmırsan” deyə bilməzdim.
 

- Yəni gerçəkliyi bilirdiniz..

- Bəli, bilirdim ki, o, gəzməyə getmir. Bilirdim ki, bu adam işdən yorğun gəlir. Tək-tək hallarda belə şeylərdən söhbətimiz olardı. Mən də xoşlamırdım ona özümə aid olmayan sual verim, filan yerdə nə oldu və s. Bunu soruşmaq mənə yaraşmazdı. Bu hadisələr həddini aşanda, onda görürdün ki, bəzi şeyləri deyirdi.

Məsələn, Sumqayıt hadisələri baş verəndə Məhəmməd Prezident Aparatında işləyirdi və Sumqayıta getmişdi. Orada çox adamların maşınlarını aşırdırdılar. Amma Məhəmməd Əsədovu maşında görən zaman cavanlı, qocalı hamı yolu açıb ki, Məhəmməd müəllim gəlib və maşına yaxın durmaq olmaz. Bunun özü çox böyük bir hörmətdir. O, yaxşı məsləhət verməyi xoşlayırdı.

Adətən şəhərdə yaşayan rayon adamlarının evlərinə hər zaman qohum-əqrəba gəlib-gedir. Sizdə necə idi?

-
 Biz ailə quranda Sumqayıtda birotaqlı mənzilimiz vardı. Rayonumuzdan olan bütün qohum, dost-tanış hamısı bizə gəlirdi. Bəzən otaqda ayaq basmağa yer olmurdu ki, haradansa nəsə götürüm. Amma bir dəfə də olsun alnımı qırışdırmamışam ki, mənim yatmağa yerim yoxdu, harada yatım? Özü də təzə ailə quran vaxtlarımız idi. Beş nəfər üçün yemək bişirirdim, bir də görürdüm ki, daha beşi gəldi. Beş nəfərin yeməyinin on nəfər arasında bölürdüm. Az da olsa gülə-gülə hamının qarşısına qoyurdum və doyurdular. Bizim evə nəinki Məhəmməd Əsədovun qohumları, ucqar rayonlardan da gələnlər olurdu. Onların heç biri bizdən narazı qalmayıb.
 


Bizim üçün maraqlıdır ki, necə oldu ki, Məhəmməd müəllimlə tanış oldunuz?
 

- Məhəmməd çox yaraşıqlı oğlan idi. Mən 8-ci sinifdə oxuyanda o, məni görmüşdü.

Eşidib ki, Hidayət kişinin belə bir qızı var. Onların da bir qohumu bizim məktəbdə pioner dəstə rəhbəri işləyirdi. Ona deyib ki, “tənəffüs vaxtı Məleykəni görmək çətin olar. Ona görə də dərs vaxtı Məleykəni çıxar məktəbin həyətinə, onu görüm”. O vaxt Məhəmməd Sumqayıtda işləyirdi. Bu haqda mənə çox illər sonra dedi. Qız gəlib mənə icazə aldı. Mən də getdim. O qız məni gəzə-gəzə pioner otağına apardı. Bir də gəzə-gəzə geri qaytardı. Bu mənə heç nə demədi həmin an. Sonradan bunu Məhəmməd mənə deyəndə bildim ki, nəyə görə belə olub. Xalamgil o zaman Sumqayıtda qalırdı və rayona gəlmişdilər. Biz onları qonaq çağırdıq və Məhəmməd Əsədov da onlarla birlikdə bizə qonaq gəlmişdi. Baxdım ki, xalamgillə gələnlərin içində bir qəşəng oğlan var. Öz-özümün ürəyimdən keçirdim ki, bu məni istəsə ona gedərəm.(gülür). Deməli o da məni izləyirmiş. Elə istədiyim iş oldu da.
 

- Elçi göndərdi, yoxsa...?

- Mən orta məktəbi bitirdim, Sumqayıta getdim ki, sənədlərimi universitetə verim. Birinci il universitetə daxil ola bilmədim. Həkim olmaq istəyirdim, amma ola bilmədim. Sumqayıtda xalamqızıgildə qalası oldum. Həmin vaxtda da əgər birinci il universitetə daxil olmadınsa, növbəti il universitetə sənəd verəndə mütləq iş təcrübəsinə aid sənəd də təqdim etməli idin. Əgər bu yox idisə, universitetə sənəd verə bilməzdin. Ona görə də istər-istəməz işləməli idim.
Mən Sumqayıtda zavodda laborant işləməyə başladım. Məhəmməd Əsədov da xalamın yoldaşının kəndçisi idi. Bunlara gəlib-gedirdi. Məni də orada görürdü. Bir gün evlənmək təklifi aldım və böyük məmuniyyətlə qəbul etdim. İndiyə qədər də peşman deyiləm ki, Məhəmmədlə ailə qurmuşam.
Sentyabrda qayınatamgil məni istəmək üçün gəlmişdilər. Rəhmətlik İman əmim də Zəngilanda sayılıb-seçilən kişilərdən biri idi. Həm də mənim qayınatam ilə dost olublar. Əmim çox zarafatcıl bir kişi olub. Deyib ki, “ə Nəbi, qızı verdik sizə. Başınızı aldatdıq”. (gülür). İndi bu zarafatı heç kim etməz. O dövrün kişiləri əsl zarafat etməyi də bacarırdılar.
1968-ci ilin noyabrında toyumuz oldu. Oxumaq fikrindən yayındım. Mənə elə gəldi ki, ailə qurdumsa, daha oxumaq getdi. Məhəmməd mənə dedi ki, oxumaq istiyirsənsə, aparaq sənədlərivi universitetə verək. Elə oldu ki, mən hazırlaşdım və Azərbaycan Dillər Universitetinə daxil oldum. Oxuduğum müddətdə də Məhəmməd mənə kömək edirdi. O, mənim oxumağımda çox böyük bir rol oynayıb.

- İşləməyinizə necə icazə verdi?

-
 Elə şeylərdə Məhəmməd Əsədov çox müasir idi. Əgər məni məcbur edib oxudubsa, işləməyimə mane ola bilərdimi? Əksinə, deyirdi ki, sən dili elə öyrənməlisən ki, tələbələrin oxumaq üçün xaricə getməlidi. Yəni o dərəcədə oxumağa, işləməyə icazə verirdi. İşləməyimə heç vaxt narazı olmayıb. Kim o fikirdə olsaydı, ona münasibət çox pis olardı.

- Məleykə xanım, belə görünür ki, Məhəmməd Əsədovun karyerası sizinlə evləndikdən sonra yüksəlişə doğru gedib. Adətən belə məsələlərdə xanım öz həyat yoldaşına böyük dəstək olur. Sizin bu istiqamətdə hansı rolunuz olub?

- Məhəmməd əmin idi ki, mən ondan icazəsiz heç hara gedə, heç kimlə görüşə bilmərəm. İndi bəzi xanımlar elə işlər görürlər ki, həyat yoldaşlarının heç xəbəri də olmur. Yəni mən ondan icazəsiz bir addım atmazdım. Özü də bilirdi ki, mənim dünya malında gözüm yoxdu. Övladlarımızadan da arxayın idi, bilirdi ki, onlara lazım olan tərbiyəni, təhsili verəcəm. Kim mənə desəydi ki, bunu Məhəmməddən xahiş etmək lazımdır, böyük ürəklə ona deyirdim. O da imkan olduğu halda əlindən gələn köməyi edirdi. Bilirdi ki, burda təmənna, başqa bir fikir ola bilməz. Mənim dediyim bir söz Məhəmmədin də, qayınatamın da, qayınanamın da yanında iki olmayıb. Mən onların ərköyün gəlinləri və Məhəmməd Əsədovun ərköyün xanımı olmuşam.

Yəni o mənada ki, onlar məni düzgün başa düşüblər. Əyri-üyrü yollarım olmadığına görə, onların gözlərinə baxa bilmişəm və məni də yaxşı başa düşüblər. Bu mənada mən ona dəstək olmuşam, onun işinə mane olmamışam. O evdən arxayın olub. Adətən kişinin fikri ailəsində qalanda işində narahatlıq ola bilir. Məsələn, işi ilə əlaqədar olaraq, rayonlara gedərdi. Mən o rayonlardakı evin hasarından, qapıdan çölə çıxmamışam.

- Bunlar Məhəmməd Əsədovun istəyi idi, yoxsa sizin xarakteriniz beləydi?

-
 Mən belə idim. Məhəmməd mənə deyərdi ki, Belyəqanda bu qədər şey tikmişik. Heş olmasa balaca oğlumuz Rasimi də götür, gedin Şahmat məktəbinə, muzeyə baxın. O təklif edirdi, amma mən getmirdim. Çünki kiminləsə rastlaşsam, söhbətləşsəm, deyəcəkdilər raykom katibinin xanımı filankəslə danşdı, yəqin ailəlikcə dostdurlar. Bütün bunları düşünürdüm, istəmirdim həyat yoldaşıma zərrə qədər ziyan gətirim. Mən ona görə də bu şəraiti yaratmırdım.
 

- Bizim üçün çox maraqlı gəldi ki, bir kənd qızının bu qədər bilməyi haradan irəli gəlir? Bu yoldaşınızdan, yoxsa ailədən gəlmə idi.. Kənd insanları adətən çox saf, səmimi olurlar və bu səmimilik onlara bəzən zərər gətirir...
 

- Kənd Mincivan ilə qəsəbə Mincivan arasında böyük bir yol vardı. Axır illər, o qədər inkişaf etmişdi ki, ikisi də birləşib, böyük bir Mincivan olmuşdu. Mincivan qəsəbəsi şəhər tipli bir yer idi. Mən Sumqayıtdan Mincivana gedəndə elə bilirdim ki, kənddən şəhərə gedirəm. Gedib orada inkişafı görürüdüm. Siz təsəvvür edin ki, Mincivanda böyük bir dəmiryol stansiyası olub. Bakıdan Zəngilana məktəblərə bir yoxlama gələn kimi birinci Mincivana gələrdi. Katib onları Mincivana gətirərdi ki, oranı gəzdirsin, göstərsin. Yəni Mincivan o qədər inkişaf eləmişdi.
 



- Həyatda insanın həmişə çətinliyi, çətin günləri olur. Bəzən maddi məsələlərdə qadınlar dözmür. Bəs siz necə?

- Heç vaxt heç nədə gözüm olmayıb. Sizə deyəcəyimi Məhəmməd Əsədov hələ də bilmir. İndi sizə deyəcəm. Amma öz aramızdı da. (gülür): Mən Sumqayıtdan universitetə avtobusla gəlmişəm və getmişəm. Guya Məhəmmədin imkanı yox idi ki, mənə bir maşın ayırsın. Elə olub ki, Sumqayıtdan tələbələrlə bilet almışıq, mən yanımda olan tələbə yoldaşıma da bilet alırdım. Çünki qayıdanda da biryerdə qayıdırdıq, gedəndə mən alırdım ki, gələndə yəqin ki, o alar. Bilet 50 qəpik idi. Məndə isə 1 manat və qəpik olurdu. Amma yenə də qrup yoldaşıma bilet alırdım. Baxmayaraq ki, qayıtmağa pulum yox idi. Gələndə görmüşəm ki, həmin qız yoxdu. Mənim 50 qəpiyim olmadığına görə avtobusa 30 qəpik verib, ayaqüstə gəlirdim. Belə vaxtlar olub. Mən belə şeylərə çox dözümlüyəm. Gözümdə heç nə yoxdu. Mən bilındə ki, Məhəmməd Əsədov gedib mənim üçün nəsə edəcək, ona çox narazı qalmışam. Dəbdəbədən çox uzaq olmuşam. Amma elə bilmişəm ki, dünyanın ən varlısı, ən rahatı mənəm. Çünki mənim qarşımda o cür yaraşıqlı Məhəmməd Əsədov var idi. Ona görə mənim heç nədə gözüm olmayıb. Evdə bizim nəyimiz vardısa, onunla da qane olmuşuq.
 

- Bəs, Sumqayıtdan Bakıya köçməyiniz necə oldu?

- Sumqayıtdan Bakıya köçməyimiz çox uzun olub. Sumqayıtda Məhəmməd Əsədov Şəhər Partiya Komitəsində (İndiki İcra Hakimiyyəti) işləyirdi. O, rus dilini çox yaxşı bilirdi. Özünə qarşı çox tələbkar və təmkinli idi. Belə adamlar çox az hallarda olur. O vaxt Sumqayıtın birinci katibi Kamran Bağırov onun işguzarlığını və ciddiliyini görmüşdü.  Onun köməyi ilə Məhəmmədi Ağsuya rəhbər göndərdilər. Orada Məhəmmədin necə çalışqan olduğunu gördülər və rəhmətlik Heydər Əliyev Məhəmməd Əsədovu Moskvada keçmiş DTK-nın məktəbinə oxumağa göndərdi. Təsəvvür edin ki, Sumqayıtdan getdik Ağsuya, oradan da Moskvaya. Həmin məktəbdə o, 2 il təhsil aldı. Onunla birgə həmin məktəbdə oxuyanlar SSR-i respublikalarının rəhbərlərinin birinci müavinləri idi. Vəzifə və yaş cəhətdən də ən kiçikləri Məhəmməd idi. Orada əsəsasən təhsil alanlar ruslar və yəhudilər idi. Onların da içində baş çıxarmaq, təhsil almaq hər adamın işi deyildi. Məhəmməd hara getsəydi, biz də onun yanındaydıq. O bizdən uzaqbaşı 1 həftə, 10 gün hansısa rayona işlə əlaqədar gedəndə tək qala bilərdi. Həmin rayona gedəndə oradakı evi təmir etdirərdi və bizi daha sonra gəlib ora aparardı.
Məhəmməd Əsədov Moskvada məktəbi bitirdikdən sonra təklif aldı ki, qalıb orada işləsin. O bu təklifi qəbul etmədi ki, Azərbaycana qayıdacaq. Azərbaycana gələndə hazırkı adı Dövlət Təhlükəsizlik Xidməti (DTX) olan qurumda işlədi. Ondan sonra Beyləqanda Məhəmməd Əsədovun işinə ehtiyac olduğu üçün ora göndərildi. Orada birinci katib vəzifəsində işlədi.
1986-cı ildə Məhəmməd Əsədovu Prezident Aparatına dəvət etdilər. O, Prezident Aparatında hüquq-mühafizə şöbəsinin müdiri oldu. Daha sonra onu Ağdaşa birinci katib göndərdilər.

Hansı rayonda işləyirdisə, həmin rayonun adamlarının Məhəmmədə çox böyük hörməti yaranırdı. Daha sonra onu Ağdaşdan Qubaya göndərdilər. Orada da bir müddət işlədi.  Məhəmmədi Qubadan Daxili İşlər Nazirliyinə (DİN) gətirəndə, qubalılar onlar az qaldılar ki, ağlasınlar. Biz həmişə Məhəmmədlə bir yerdə olmuşuq.
1990-cı ildəki 20 Yanvar hadisələri zamanı o, Qubada işləyirdi. Biz də hökumət evi ilə üzbə-üz binanın 15-cı mərtəbəsində qalırdıq. Həmin gün o zəng etmişdi. Mən dedim ki, Məhəmməd küçədə bir adam yoxdu. Arada küçələrdə çox sürətlə maşınlar gedir. Nəsə də deyirlər, anlamıram ki, ancaq nə deyirlər. Amma tək-tək maşınlar çox sürətlə gedirlər. Küçələr boşdu. Nə mənada sürətlə gedirlər? Elə bil ki təşvişdədi bu maşınları sürənlər. Nədi bu? O dedi ki, eyvana çıxma. Deməli,  tankların gəldiyi və hadisənin yaşandığı gecəymiş. Atırdılar. O bina da hündürdü axı, elə bilirdim ki, evin üstündən nəsə atırlar. O dedi ki, eyvana çıxma ha. Mən eyvana çıxmasam da, çalışırdım ki, küçəyə baxam, görən nə var orda. Maraq adama qalib gəlir axı. Onda hiss etdim ki, atışma gedir.
May ayında da Məhəmməd Əsədov daxili işlər naziri təyin olundu.
 

- Məhəmməd Əsədovun nazir olduğu vaxt Azərbaycan üçün heç də rahat dövr deyildi. Özü də narahat adam idi. Azərbaycan üçün narahatçılığın həmişə ifadə edirdi.  Biz bilirik ki, o vəzifə üçün yox, xidmət üçün Bakıya gəlmişdi. 

- O bilirdi ki, respublikada təhlükə var. Gücünə inanırdı, bilirdi ki, gecəsini gündüzünə qatıb nəsə bir şey edə bilər. Sözümün canı odur ki, Məhəmməd nazir işləyəndə onun köməkçiləri deyirdilər ki, biz cavan oğlanlarıq, amma Məhəmməd Əsədov kimi gücümüz, enerjimiz yoxdu. Bu adam yorulmaq bilmirdi. 20 Noyabr hadisələrindən sonra onun köməkçiləri bizə gəlmişdilər. Qarabağla əlaqədar olaraq, bundan qabaq Moskvadan generallar Məhəmmədin yanına gəlibmiş. Köməkçiləri danışırdılar ki, Məhəmməd Əsədov həmin generalları necə məlumatlandırırdısa, onlar söz tapıb deyə bilmirdilər. Köməkçilərin sözlərinə görə, generallar onun kabinetindən çıxıb bunlara deyiblər ki, “siz onu qoruyun. O adam dahidir!”. 
 

- 20 noyabr hadisələri ərəfəsini necə xatırlayırsınız?

-
 Düzdür, mən demirəm ki, hissiyatım güclüdür. Amma bir ay qabaqdan mən nəsə narahatçılıq hiss edirdim. Hansısa hadisənin olacağı ürəyimə dammışdı. Elə bilirdim ki, mən öləcəm. Özümün yoxluğunu hiss edirdim. Ona görə də heç kimə bildirmədən böyük oğlum Natiqlə bir yerə gedəndə deyirdim ki, bacınız yoxdu, qardaşınla bir-birinizə diqqətli baxın, biri-birinizi qoruyun. Açıb deyə bilmirdim ki, mən özümü ölmüş hiss edirəm.
Həmin hadisələrdən bir ay əvvəl idi. Məhəmməd mənə dedi ki, get, şəkil çəkdir, diplomatik pasport alaq. Ola bilər, nə vaxtsa xaricə istirahət etməyə gedərik. Mən də dedim yaxşı. Sürücü ilə getdim şəkil çəkdirdim. Sənəd şəklindən əlavə, normal bir ölçüdə, şərfimi çiynimə atıb bir şəkil də çəkdirdim. Onu da nə üçün çəkdirdim deyim. Dedim neçə vaxtdır ki, hiss edirəm ki, ölə bilərəm. Axırıncı şəkilim bu olsun. Həmin şəkli mənim baş daşıma qoysunlar. Yəni ürəyimdə bunu fikirləşib çəkdirdim.
O günlərdə heç bilmirdim nə olacaq. Amma nəyinsə olacağını gözləyirdim. Deməli, həmin ərəfələr idi. Məhəmməd Qazaxda Ermənistanın daxili işlər naziri ilə görüşəcəkdi. Evdə belə bir söhbət oldu ki, erməni nazirlə görüşəcək, amma bilmir ki, görüş hansı tərəfdə olacaq. Dedi ki, istiyirəm onu Zəngilana çağıram ki, gəlib görsün ki, nə gözəl yerlərimiz var. Həm də gedib atamı da görərəm. Mən də söhbət zamanı dedim ki, nəyə lazımdır o ermənini gətirib gözəl yerlərimizi göstərəsən. Elə bil ürəyimə damdı ki, birdən oranı görüb işğal edərlər. Dedim o tərəflərə aparma.
O görüşü Qazaxda olu.
Məhəmməd harasa gedəndə yanında mühafizəçi- filan aparmazdı. Təkcə köməkçiləri yanında olardı. Qayıdandan sonra mənə danışdı ki, Qazaxda erməni nazirlə görüşə gedib maşından düşəndə onlar şoka düşüblər. Dedi ki, maşından tək düşüb getdim. Amma onlar yığıb öz mühafizəçilərinə kimi gətirmişdilər. O gələndə dedi ki, mən ermənini məhv etdim. Öz sübutlarımla, qanuni işlərimizlə.

Məhəmməd divanda oturub televizora baxır və bu söhbəti edirdi.  Elə bu an evə zəng gəldi. Dedilər ki, sabah Qarabağa gedirsən. Dedi ki, protokolla mən orada olmalı deyiləm. Mən bir saat olar gəlmişəm. Amma əmr, əmrdi. O, getməliydi.
Məhəmməd divandan durdu. Təhlükəsizlik məqsədilə bir-iki yerə zəng etdi. Haraya zəng etdisə, heç kimi tapa bilmədi. Özü də bir az şübhələndi ki, bu nə gedişdi. Hiss etdi ki, burada anlaşılmazlıq və ya bir iş var. Həmin axşamdan səhərə qədər nələr çəkdiyimi bir Allah bilir. Başımın ağrısından səhərə yaxın yuxuya getmişdim. Neçə illər idi ki, ailə qurmuşduq. Amma Məhəmmədi birinci dəfə idi ki, həmin gün çay verməmiş işə yola salmışam. Evdən çıxan zaman gəldi məni oyatdı ki, dur, mən gedirəm, qapını bağla. Mən də yuxularımda nələr görmüşdüm. İstədim deyəm ki, Məhəmməd getmə. Amma elə bil ağzımı qıfılladılar. Deyə bilmədim ki, getmə. Həm də fikirləşdim ki, onsuz da gedəcək. Gəzməyə getmir ki, iş üçün gedir. Həm də burada Qarabağ, Ağdam söhbəti var. Onun qalması mümkün deyildi...

Nə isə...

Diplomatı götürdü və mənə dedi ki, saat 4-də qayıdacaq. Mən də özümdən asılı olmayaraq dedim ki, qayıtmayacaqsan. Bu sözü necə dedim, bilmirəm, ancaq dediyimdən də peşman oldum. Sonra mən getdim qapını bağladım. Ömrümdə birinci dəfə idi ki qapını bərk vurub bağlayırdım. Özümə yer tapa bilmirdim.

Kələm dolması bişirmək istədim.

Amma onu da tam bişirə bilmədim. Mən hələ elə bir iş olmayıb ki, onu başlayım və bitirməmiş əl çəkim. Saat 4-ün yarısı olardı. Məhəmmədin köməkçilərindən biri zəng elədi ki, Məleykə bacı, narahat olma Məhəmməd Əsədovgilin mindiyi vertolyot itib və onu tapa bilmirlər. Mən də dedim ki, vertolyot dənizin, okenın  üstü ilə  getmiyib ki, itə, onu tapa bilməyələr. Bir az keçdi, televizorda simfonik mahnılar səsləndirməyə başladılar. Artıq mənə məlum oldu ki, neçə vaxtdır keçirdiyim narahatçılıq budur. Televizorda dedilərki, vertolyot Qarakənddə ermənilər tərəfindən vurulub. O vaxtdan dünyamız, daxili aləmimiz dağıldı. İndiyə kimi Məhəmmədin yolunu gözləyirik.

Heç yadımdam çıxmır. Televizorda vertolyotun vurulması xəbərini kiçik oğlumuz Rasimlə birgə eşitdim. O vaxt Rasimin 11 yaşı var idi. Rasim özündən asılı olmayaraq, stolun başına dolanırdı, evin içində ora-bura qaçırdı. Onun hərəkətlərini sözlə ifadə edə bilmirəm...
 

- Nəvələrinizdən Məhəmməd Əsədovun adını daşıyan var?

- Bəli, Nazimin oğlu Məhəmmədin adını daşıyır. Natiqin qızı isə mənim adımı daşıyır.
 

- Övladlarınız atalarının yoxluğunu sizə göstərməmək, sizi ovundurmaq üçün hansı addımları atdılar?

- Mən Allahımdan razıyam ki, mənə elə oğullar nəsib edib. Bu, Allahın verdiyi bir nemət, Məhəmməd Əsədovun qoyub getdiyi bir irsdir. Uşaqlarım mənim bir sözümü iki etməyiblər. Heç vaxt onlardan narazı olmamışam. Atalarının yolunu davam etdirirlər. Çalışırlar ki, atalarının etdiyinin heç olmasa bir faizini edə bilsinlər. Biliblər ki, ataları oxumağa çox böyük diqət yetirib. Ona görə yaxşı təhsil alıblar. Natiq ilə Rasim hüquqşünas, Nazim isə həkimdir.
 


- Söhbətimizin əvvəlində qeyd etdik ki, vertolyot qəzasında həlak olanların ailələri ilə görüşürsünüz. Necə və harada görüşürsünüz? Həyatda bir şey var ki, eyni dərd daşıyıcıları bir yerdə olanda özlərin ovundura bilirlər..
 

- Elə olur ki, 20 noyabrda Şəhidlər Xiyabanına gələnlərin bəziləri evimizə təşrif buyururlar. Adi günlərdə də Vəli müəllimin xanımı Xalidə xanımla zəngləşirik, görüşürük. O, Elmlər Akademiyasında işləyir. Xəstələndiyi zaman mənim bir rəfiqəm var, onunla gedib Xalidə xanıma baş çəkirik. Mən adi günlərin birində süfrə açıb rəfiqələrimi yığmaq istəsəm, Xalidə xanımı da mütləq dəvət edirəm. Bir yerdə oturub, söhbətləşirik. İsmət müəllimin həyat yoldaşı ilə də zəngləşirik. Şuşanın katibi olmuş Vaqif müəllimin qızları ilə də hərdən görüşüb, zəngləşirik. Bir dəfə evə dəvət etmişdim. Çox sağolsunlar gəlmişdilər.
 

- Bayaq dediniz ki, elə bilirsiniz Məhəmməd Əsədov ölməyib, sağdır. Demək həm də bu ailə onun nəzarətindədir. Onun dövründə hər şey necəydisə, indi də elə davam edir...

-  Evimizi indi görürsünüz də... Məhəmməd burada olanda necəydisə, indi də elədi. Özü də gəlib kənarda baxsa, bunu görəcək. Heç nəyin yerini dəyişməmişəm və heç nə də almamışam. Həmçinin, o burada olanda necə dolanırdıqsa, indi də elə dolanırıq. Məhəmməd Əsədov bizi həddindən artıq təmin etməyib ki, indi də o, olmayanda bizə təsir etsin. Mən əvvəl də beləydim, indi də beləyəm. Heç bir artıqlıq, əskiklik yoxdur. Yalnız Məhəmməd Əsədov burada yoxdu. Qalan hər şey olduğu kimi qalıb. Bilmirəm fikrimi tam izah edə bildim, yoxsa yox...
(Müsahibə boyu özünü amiranə göstərən xanım kövrəlir, bunu bizə göstərməmək üçün gülümsəyir...)

 

- Məleykə xanım, həm noyabr ayında toyunuz olub, həm Məhəmməd müəllim general rütbəsini alıb, həm də vertolyot hadisəsi olub. Noyabr ayı sizin üçün nə deməkdir?


-
 Noyabrda çox gözəl işlər olub. O işləin çoxu hazırda da davam edir... Noyabr ayı yaxınlaşanda adamın içindən bir tufan qopur. Elə bil aləm dağılır. Həm xoş xatirələr, həm baş ucalığı, həm narahatçılıq. Hamısı yığışır bir yerə. Baş ucalığı odur ki, insanların hörmətini, Xiyabana axını görürsən. Ona görə də mən həmişə fəxr edirəm ki, Məhəmməd Əsədovun həyat yoldaşıyam. O, hadisələri, işləri hər gün yatanda gözümün qabağına gətirirəm ki, noyabr ayında belə bir günlərimiz olub. Bu da bir Allahın xoşbəxt günüdür. Hamı dünyadan köçəcək. Onlar ölümləri ilə də özlərinə hörmət qazandılar.
 

- Dinə meyilli olduğunuz hiss olunur. Məhəmməd Əsədovun dinə münasibəti necə idi? Məsələn, namaz qılmağa, oruc tutmağa, ziyarətgahlara getməyə və s?

- O dövrdələrdə namaz qılmaq, ziyarətgahlara getmək söhbəti yox idi. Böyük vəzifə sahiblərinin, partiya işçilərinin, onların ailələrinin isə belə işə aid olması çox təhlükəli idi. Amma Məhəmməd Əsədov həmişə Allah adamı olub. Allah onun həmişə ürəyində olub. Özünün məscidə, ziyarətgaha getməyini o vaxtlar görməmişəm. Xanımların ziyarətgahlara getdiyini görsəydilər, problemlər yaranardı. Düzdür, mən şəhərdə getməmişəm. Amma Zəngilanda, Mincivanda olduğum müddətdə ailəmlə ziyarətgaha getmişəm.

Ailə həyatı qurandan sonra isə qorxa-qorxa gedərdim ki, Məhəmməd vəzifədədir. Məhəmmədin özü də bilirdi ki, mən ziyarətgaha gedəcəm. Özü də icazə verirdi.

 
Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:25

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..   
21.10.2017, 17:03

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..  

Nəcməddin Sadıkov Amerikaya getdi   
21.10.2017, 16:39

Nəcməddin Sadıkov Amerikaya getdi  

Çavuş əsgəri güllələyib - Orduda HƏRC-MƏRCLİK…   
21.10.2017, 16:29

Çavuş əsgəri güllələyib - Orduda HƏRC-MƏRCLİK…  

Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO
21.10.2017, 16:18

Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO

Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  
21.10.2017, 16:05

Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA   
21.10.2017, 15:48

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA  

İsrail qırıcıları Suriyanı bombaladı
21.10.2017, 15:46

İsrail qırıcıları Suriyanı bombaladı

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA   
21.10.2017, 15:36

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA  

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI   
21.10.2017, 15:16

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI  

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ   
21.10.2017, 15:12

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ  

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA   
21.10.2017, 15:10

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA  

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21.10.2017, 14:40

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”
21.10.2017, 14:23

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı
21.10.2017, 14:20

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO   
21.10.2017, 14:12

Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO  

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21.10.2017, 14:03

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”
21.10.2017, 13:51

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Müdriklik zirvəsi - 70 yaş...   
21.10.2017, 13:46

Müdriklik zirvəsi - 70 yaş...  

Prezident mükafatları artırılır - ayda 500 manat   
21.10.2017, 13:27

Prezident mükafatları artırılır - ayda 500 manat  

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək
21.10.2017, 13:14

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı   
21.10.2017, 13:03

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı  

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu   
21.10.2017, 12:53

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu  

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...
21.10.2017, 12:42

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...

Qarabağda daha iki erməni əsgər öldü   
21.10.2017, 12:40

Qarabağda daha iki erməni əsgər öldü  

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü
21.10.2017, 12:32

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü

Arvadını öldürən ər polisə təslim oldu
21.10.2017, 12:28

Arvadını öldürən ər polisə təslim oldu

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ
21.10.2017, 12:20

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ
21.10.2017, 12:12

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...
21.10.2017, 12:00

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21.10.2017, 11:52

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı

51 keçmiş polis əməkdaşı saxlanıldı    
21.10.2017, 11:45

51 keçmiş polis əməkdaşı saxlanıldı  

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21.10.2017, 11:43

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ
21.10.2017, 11:32

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.23%)
“Azərişıq”(26.6%)
“Azərsu”(10.4%)
“Azəristiliktəchizat”(2.85%)
Heç biri(54.7%)