Modern.az

Cənubi Qafqazda niyə birlik yoxdur? - TƏHLİL

Cənubi Qafqazda niyə birlik yoxdur? - TƏHLİL

Ölkə

23 Yanvar 2017, 14:35

Gürcüstan, Ermənistan və Azərbaycanın formalaşdırdığı Cənubi Qafqaz regionu 17 milyon sakini, Xəzər və Qara dənizə çıxışı və zəngin xammal ehtiyatları ilə dünyanın diqqət mərkəzində olan məkandır. Separatizm səbəbindən Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə, Gürcüstanı çalxalayan separatizm bəlası zaman-zaman səslənən Cənubi Qafqaz birliyi ideyasının gerçəkləşməsini mümkünsüz edir.

 

Halbuki sabitlik və mehriban qonşuluq şəraitində həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan regional və qlobal təhlükələrə daha adekvat cavab verə bilər, daha yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirə bilərdi. Bu həm də İran, Rusiya və Türkiyə kimi nəhəng dövlətlərin əhatəsində olan respublikalara xarici təsirlərdən müəyyən qədər müdafiə olunmağa yardımçı olardı. Qafqaz respublikalarının bir-biri ilə əməkdaşlığı bir neçə əsr boyu davam edən qonşuluq münasibətlərinin üzərində möhkəmlənə bilərdi.

 

Bu mənada ortaq enerji layihələri, açıq sərhədlər Cənubi Qafqaz respublikalarının ticarət dövriyyəsinin artmasında müsbət təsir göstərə bilərdi. Bütün tərəflərə dividend gətirən bu addım işğalçı siyasətinə görə bütün regional layihələrdən kənara qalan Ermənistanın blokadadan çıxmasına, Gürcüstanın dayanıqlı inkişaf yoluna qədəm qoymasına və Azərbaycanın Avropaya daşıyacağı enerji layihələrinin marşrutlarını diversifikasiya etməyə şərait yaradacaq.

 

İstər Çini Avropa Birliyi, istərsə də Rusiyanı İran və körfəz ölkələri ilə birləşdirmək üçün əlverişli coğrafi mövqeyə malik region vahid platformada bu layihələrdə iştirak edə və böyük maliyyə gəlirləri əldə edə bilər. Lakin bunun baş verməsi üçün regional konfliktlərin həlli, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təmin olunması mütləqdir. Cənubi Qafqaz regionunda sabitliyin olması isə heç də hamının xoşuna gələn perspektiv deyil. Regionda pozucu, dağıdıcı və təxribatçı fəaliyyət göstərən qüvvələr məhz etnik zəmində gərginliyin saxlanılmasına və bağlı sərhədlərin gələcəkdə də bağlı qalmasına maraq göstərir. Yalnız bu yolla vahid mövqedən çıxış etməyən Qafqaz dövlətlərini nəzarətdə saxlamaq mümkün olacaq.

 

Cənubi Qafqazın tarxi iilə bağlı maraqlı məqamlardan biri 1918-ci ildə baş vermişdi. 1918-cic il aprelin 22-də Zaqafqaziya Seymi Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Federativ Respublikasını elan etmişdi. 186 min kvadrat kilometr ərazini əhatə edən bu dövlət 1 ay mövcud olmasına baxmayaraq hər 3 xalqın dövlətçiliyinin bünövrəsində durur.

 

Müasir günümüzdə belə bir dövlətin qurulması gərəksiz və qeyri-real olsa da, Bakı, Tbilisi və Yerevanın əməkdaşlığı hər 3 xalqa çoxdan arzuladığı sülh və əmin-amanlığı gətirə bilər.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi