Modern.az

“Pis məktəbləri saxlamaqdansa, bağlamaq lazımdır”  

“Pis məktəbləri saxlamaqdansa, bağlamaq lazımdır”  

23 Yanvar 2017, 15:49

Xəbər verdiyimiz kimi, Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək. Əsas səbəb kimi, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə - 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var.

Araşdırmalar göstərib ki, bəzi kənd məktəblərində 9-cu sinfi bitirən məzunlar, sonrakı iki ili 10-11-ci siniflərə getməkdənsə, repititor yanında təhsil almağa üstünlük verirlər. Ya da daha yaxşı təhsil verən məktəblərə dəyişilirlər...  Eyni zamanda məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.
Nəticədə də bəzi təhsil ocaqlarının 10-11-ci siniflərində davamiyyətin çox pis göstəricilərlə müşayiət olunduğu vurğulanır. 

Ümumiyyətlə, bəzi kənd məktəblərinin 11 illik təhsil sistemindən 9 illik təhsil sisteminə enməsinin faydalı tərəfləri nədir?

Şagird sayının az olduğu məktəblərin birləşdirilməsi gündəmə gələ bilərmi?

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bu cür prosesləri öyrənmək üçün öncə  analiz aparılmasını söyləyib.

“Orta məktəbdə təhsil almaq nə valideynin, nə də uşaqların arzusudur. Bu, dövlətin arzusudur. Dövlət marağındadır ki,onun əhalisi savadlı olsun. Əgər əhali savadlı olarsa,  deməli, bütövlükdə cəmiyyət qanun-qaydalara riayət edər, ictimai yerlərdə davranış mədəniyyətinə sahib olar. Bütün dünyada orta məktəblər dövlət nəzarətindədir. Əgər dövlət 11 illik məktəbi 9 illik sistemə endirərsə, bu da dövlətin işidir. Belə başa düşürəm ki, zərurət olarsa, dövlət də bunu edər”.


Ekspertin sözlərinə görə, 11 illik sistemin 9 illik sistemə keçməsi yeni ola bilməz.

“Sovet təhsil sistemində də belə hal olub. Şagird 9 illik təhsili öz məktəbində oxuyub 11 illiyi qonşu məktəbdə başa vururdu. Bu, çox əhəmiyyətli bir prosesdir. Düşünürəm ki, pis məktəbi saxlamaqdansa, yaxşı olar ki, keyfiyyətli məktəblərin sayını  çoxaldaq. 11 illik sistemi başqa məktəbdə davam etdirmək təcrübəsi həmişə olub. Şagirdləri bu kənddən o biri kənddə yerləşdirmək üçün xüsusi avtobuslar ayrılıb. Düşünürəm ki, bir ədəd sınıq salxaq məktəb saxlamaqdansa, bir normal avtobus ayırsınlar. O da kəndin uşağını o biri məktəbə aparıb və geri gətirsin”.

Şahlar Əsgərov, bəzi kənd məktəblərində şagird sayının az olmasına da diqqət çəkib.

“Təqribən 10-15 il bundan qabaq şagirdlərin sayını süni şəkildə artırmaq halları çox geniş yayılmışdı. Belə məktəblər “papka” məktəblər adlanırdı. Yəni sənəddə məktəb vardı, amma təcrübədə yox idi. Düşünürəm ki, nə qədər məktəblər üzərində nəzarət çox olarsa, həm xalqın, həm də dövlətin xeyrinə olar.

Məktəb mütləq yaxşı formalaşmalıdır. Əgər məktəb yaxşı deyilsə, onu bağlayıb yaxşı  məktəblə birləşdirmək lazımdır. Bir məsələni də yaddan çıxartmayın. Təhsil naziri sosial-müdafiə naziri deyil ki, camaata təqaüd paylasın. Təhsil Nazirliyi dövlətdən vəsait alıb  həmin pulu biliyə çevirməklə şagirdə verməlidir”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?