Modern.az

Yaxşı ki, Anar Həsənov Lavrova ayaqqabı atmayıb

Yaxşı ki, Anar Həsənov Lavrova ayaqqabı atmayıb

23 Yanvar 2017, 17:11

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

    


Azərbaycan Respublikası jurnalistinin peşə etikası kodeksi və prinsiplərinə nəzər salanda, “Lider” televiziyasının artıq keçmiş əməkdaşı Anar Həsənovun Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi - "Cənab nazir, necə güman edirsiniz, Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan, eləcə də kriminal ünsürlərdən təmizləyəcəyi təqdirdə, Moskvanın mövqeyi necə olacaq: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" sualına görə, onun işindən azad edilməsi birmənalı olaraq qəbuledilməzdir.  

Maraqlı burasıdır ki, mətbuatda yayılan xəbərə görə, jurnalistin Rusiyada fəaliyyətinin dayandırılması barədə "vəsatəti” ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. Səfirin fikirincə, A.Həsənovun, S.Lavrova verdiyi bu gözlənilməz sual rusiyalı nazirin Qarabağla bağlı məsələyə açıq şəkildə -  "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil" - deməsinə səbəb olub ki, bu da iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirib.

 

Nə qədər qəribə olsa da, Azərbaycan səfiri Qarabağla bağlı Rusiya nazirinə illərcə gizlədilmiş həqiqəti açıq söylətməyə nail olmuş azərbaycanlı jurnalistin sualını "təxribatçı sual" kimi qiymətləndirib.

 

Əslində, P.Bülbüloğlu Rusiyanın Azərbaycana və Ermənistana qarşı olan münasibətlərini çox gözəl bilir. Bu da sirr deyil ki, Ermənistanın işğalçılıq siyasətini daim pərdələyən Rusiya siyasətini Azərbaycan ictimaiyyəti də yaxşı anlayır. Çünki, ötən il qoşunların təmas xəttində aprel döyüşü başlayan kimi Rusiya prezidentinin əmiranə şəkildə - "Atəşi dərhal dayandırın!" deməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində kimin yanında olmasını və ümumiyyətlə Azərbaycana qarşı olan siyasətini açıq-aşkar "faş" etdi.

 

Amma təəssüflər olsun ki, rəsmi Moskvanın Qarabağla bağlı ikiüzlü və ya ikibaşlı qartal siyasətinə, dünyada gedən ictimai-siyasi hadisələrdən uzaq, xalqın sıradan olan sadə vətəndaşları arasında hələ də sadəlövhlük edib inammayanlar var.

 

Bu məsələyə "Jurnalist xalqın nökəridir" deyimi ilə baxsaq, görünür Anar Həsənov Lavrova verdiyi sualı "təxribat" məqsədilə yox, məhz xalqın bu təbəqədən olan sadə vətəndaşlarının Qarabağ probleminin uzun illərdir niyə həll olunmamasını tam anlamaları üçün verib. Digər tərəfdən isə, Azərbaycan cəmiyyətində dolaşan - "Qarabağ problemi çoxdan həll olunardı, sadəcə rus qoymur" deyimini nəzərə alsaq, çox güman ki, həmkarımızın niyyətiöz sualını bu qaydada qoymaqla erməni əsilli "rus" nazirdən bunun nə qədər doğru olmasını dəqiqləşdirməyə yönəlib.  

 

Peşəkar jurnalistlər yaxşı bilir ki, jurnalist etikası, xüsusən, müsahibə zamanı qarşı tərəfə münasibətdə ortaya çıxır. Əgər müsahibə alan jurnalist aqressiv tonda çıxış etməklə özünü hakim kimi aparır və müsahibin cavablarını emosionallıqla qarşılayırsa, təbii ki, bu yol verilməzdir. Eyni zaman da, jurnalist müsahib ona qarşı tənqidi fikirlərlə çixış etsə də, təmkinli olmalı, fikrini səmimi və sakit tərzdə bildirməlidir.

 

S.Lavrovun keçirdiyi mətbuat konfransında Anar Həsənovun jurnalist etikasına tam riayət etməsi - aqressiv olmaması, emosional davranmaması, Azərbaycan suverenliyini kifayət qədər şübhə altına alan cavaba təmkinli yanaşması onun peşəkarlığını açıq göstərir.

 

Yalnız bir nüansda, sualın qoyuluşunda - "Moskvanın mövqeyi necə olacaq: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" hissəsində, həmkarımız "göz yumacaq" və "yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" ifadəsini işlətməsəydi bu daha yaxşı olardı. Çünki, Rusiya dünyanın güc dövləti, eyni zaman da Qafqazda geosiyasi marağını gizlətməyən bir nömrəli ölkə olduğundan təbii ki, bu münaqişəyə göz yummayacağı bəllidir. Bundan başqa sualın "Azərbaycanın daxili işlərinə qarışacaq?" kimi qoyuluşu isə Azərbaycanı Rusiyadan asılı olan və müəyyən mənada qorxan ölkə kimi göstərməkdir.

 

Amma görünür burada həmkarımız, Rusiyanın 2008-ci ilin avqustunda qondarma "Abxaziya" və "Cənubi Osetiya" respublikalarını separatçılardan təmizləmək istəyən Gürcüstanın daxili işinə qarışdığına görə, belə yanaşmanın Azərbaycana da  tətbiq edilməsini tam dəqiqləşdirmək istəyib.

 

Ölkə prezidenti, İlham Əliyevin 5 iyul, 2011-ci ildə Dünya Azərbaycanlılarının III qurultayındakı nitqində - "bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır" deməsini nəzərə alsaq, Anar Həsənovun sualı heç də Moskvadakı diplomatımızın düşündüyü kimi təxribat xarakterli sual deyil. Əksinə, əsl həqiqəti açmaq üçün düz hədəfə tuşlanmış sualdır.

 

Yeri gəlmişkən, bu arada Polad Bülbüloğlunun diplomat kimi 12 noyabr, 2014-cü ildə cəbhə xəttində erməni helikopterinin məhv edilməsi və ötən ilin aprel döyüşü zamanı Rusiya telekanalları vasitəsilə Azərbaycanın haqlı mövqeyini kəskin şəkildə müdafiə etməsini və Qarabağ probleminin incəliyini Rusiya ictimaiyyətinə çatdırmasını sözsüz ki unutmaq olmaz.

 

Azərbaycan Respublikası jurnalistinin peşə etikası kodeksinə görə, jurnalistin bütün peşə fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına tam uyğun gəlir və o, dərc olunmuş, efirə verilmiş materialı üçün oxucu, tamaşaçı, dinləyici, ümumiyyətlə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır.

 

Əgər yada salsaq 14 dekabr, 2008-ci ildə İraqda səfərdə olan C.Buş İraqın baş naziri əl-Maliki ilə birgə mətbuat konfransı keçirərkən qəflətən ayağa qalxan jurnalist ayaqqabısının bir tayını prezidentə ataraq ərəbcə - "Bu, iraqlıların hədiyyəsidir. Bu, vida öpüşüdür, al, köpək" demişdi. Buna görə iraqlı jurnalist, Misirin "əl-Bağdadiyə" telekanalının müxbiri Müntəzir əz-Zeydi 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun günahı, xarici dövlətin başçısına hücum etmək olmuşdu. Sonralar apellyasiya məhkəməsi bu qərarı dəyişərək Zeydinin gəncliyini, hadisənin baş vermə şəraitini nəzərə alıb onun cəzası 1 ilə endirmişdi.

 

Amma Müntəzir əz-Zeydidən fərqli olaraq, azərbaycanlı jurnalist heç kimə  ayaqqabı atmayıb, mənsub olduğu xalqın və dövlətin bir saylı problemi ilə bağlı öz peşəsi çərçivəsində vur-tut bir "sual atıb". Onun burada peşə pozuntusuna yol verməsilə bağlı heç bir günahı yoxdur. Əgər Anar Həsənovun yerində və ya mövqeyində erməni jurnalisti olsaydı, haylar ona düz Njde Qareginin abidəsinin yanında heykəl ucaldardılar və onun adına beynəlxalq jurnalist mükafatı təsis edərdilər.

 

Peşə etikası prinsipini və normalarını pozan jurnalistlərə qarşı tənbeh üsullarına nəzər salanda, burada cəza tədbirləri - xəbərdarlıq, töhmət, şiddətli töhmət və jurnalistlər birliyi üzvlüyündən çıxarılması yazıldığını görürük. Ona görə də, Anar Həsənova layiq olmadığı xəbərdalıq, töhmət, "lap istəsəydilər şiddətli töhmət" verə bilərdilər. Özü də bu, yalnız peşə etikası komissiyasının qərarı ilə müəyyənləşdirilə bilərdi, kiminsə istəyilə yox.

Amma nə qədər paradoksal olsa da, Anar Həsənov etik qaydalara tam uyğun şəkildə verdiyi suala görə, onu birbaşa işdən azad etməklə cəzalandırdılar. Bu mənada nə yaxşı ki, Anar Həsənov S.Lavrova ayaqqabı atmayıb. Yoxsa onun aqibətinin necə olmasını anlamaq çətin olmazdı.

 

Digər tərəfdən də, həmkarımız peşə etikası kodeksində nəzərdə tutulmuş ümumbəşəri sərvətlərə ehtiram edərək Azərbaycan respublikasının jurnalisti kimi  demokratiyanı, insan hüquqlarını müdafiə edir. O, qanunsuz silahlanmanı, respublikanın və ya dövlətin torpağını zəbt edənləri qınayır. Jurnalist öz fəaliyyətini respublikada torpağın bütövlüyünü, tarix və mədəniyyət abidələrini, xalq əmlakını qorumaq problemlərinin həllinin işıqlandırılmasına yönəldir.

 

Təəssüflər olsun ki, bütün bunları nəzərə alanda, Anar Həsənovun məhz bu suala görə işindən azad edilməsi, digər jurnalistlərimizin də Azərbaycanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyini müdafiə etmək istiqamətində fəaliyyətinə və onların hücum xarakterli jurnalist ruhuna mənfi təsir göstərəcək.

 

 

P.S. Anar Həsənovla nə qohum, nə də tanışıq. Sadəcəpeşə həmrəyliyinə görəAzərbaycan respublikası jurnalisti sülhün, humanizmin, demokratiyanın, tərəqqinin, qəsbkarlıq ideyalarına qarşı hərəkatın müdafiəsi işində dünyanın bütün jürnalistləri ilə həmrəydir.

 

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır