Modern.az

Bu il də bağlanan banklar olacaq - PROQNOZ

Bu il də bağlanan banklar olacaq - PROQNOZ

24 Yanvar 2017, 00:16

Dolların gündən-günə bahalaşması bank sektorunda növbəti dollarlaşma dalğasının yaranmasına səbəb olub. Əsasən də banklarda əmanətləri olanları onu geri götürərək dollara dəyişməyə üstünlük verir.  Modern.az saytı xəbər verir ki, “Marja”nın verdiyi məlumata görə, banklarda əmanətlərini geri götürməsində yeni dalğa başlayıb. O da qeyd edilib ki, bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.  Əmanətçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, dolların manata qarşı məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manatla saxlanılan əmanət sahiblərini daha da narahat edir. Onlar banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

 

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. Bu səbəbdən bankda dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.

 

Xatırladaq ki, yanvarın 12-də  manat tam üzən məzənnəyə keçdikdən sonra dollar qarşısında 5%-ə yaxın dəyərdən düşüb. Qeyd edək ki, hazırda dolların rəsmi məzənnəsi 1.8311 AZN təşkil edir.

 

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ötən il bank sektorunda gedən bu proseslərin bu il də davamlı olacağı şübhəsizdir: “Prezident də, Mərkəzi Bankın rəhbəri də son çıxışlarından bank sektorunda sağlamlaşdırma prosesinin davam etdiriləcəyi haqqında proqnozlar verdilər. Bu proses böyük ölçüdə bir neçə bankın bağlanması və birləşdirilməsi ilə müşahidə oluna bilər. Bu proses başlasa təbii ki, bank sektorunda təlatümlər davam edəcək.  Ötən il “Bank Standart”ın bağlanmasından sonra əhalidə əmanətlərin geri qaytarılmasında problemlərin yaracağı ehtimalı da yarandı. İndi əmanətçilər bu barədə düşünür. Çünki Əmanətlərin Sığortalanması Fondunda vəsait yox idi. Mərkəzi Bank borc və kredit şəklində Fonda pul verirdi. Məhz bundan sonra əmanətlərin geri qaytarılmasına başlanıldı. Bu da insanlara həm zaman , həm də əsəb hesabına başa gəldi. Çünki bəzən növbələr yaranırdı, bir neçə dəfə həmin bana gedib-gəldikdən sonra problem həll olunmağa başlayırdı. “Bank Standart” əmanətçilərinin sayına görə ilk üçlüyə daxil idi. Burada əhalinin sayının çox olması sanki bir effekt oldu və proses dalğavari olaraq digər banklara da yayıldı”.

 

Ekspertin fikrincə, son zamanlar həm dolların məzənnəsinin yüksəlməsi ilə bağlı gözləntilərin artması, gəm ötən ilin sonunda bank sektorunda baş verən hadisələr insanların bank sektoruna güvənini xeyli dərəcədə azaldıb: “Banklardan əmanətlərini çəkən insanlar ya onu valyutaya yönəldirlər, ya da ölkə ərazisində deyil, xaricdəki banklarda saxlamağa,  hansısa formada yatırım etməyə üstünlük verirlər. Bu da bank sektoruna əlavə yük gətirir. Depozitlərin geri çəkilməsi sürətlənərsə o zaman bankların bağlanması sürətlənə bilər, bu sektorda daha böyük təlatümlər ola bilər. Ona görə də əhalinin bank sektoruna olan güvənini artırmaq lazımdır. Bunun üçün də Mərkəzi Bankın və hökumətin verdiyi sözlərin bir çəkisi olmalıdır, banklara güvən formalaşmalıdır. Bu da uzunmüddətli bir prosesdir. Ona görə yaxın vaxtlarda müxtəlif addımlar atılsa belə depozitlərin geri çəkilməsinin sürətlənəcəyi ehtimalı çox yüksəkdir”.

Natiq Cəfərli bu məsələdə bank sektorunun sağlamlaşdırılmasının  əhəmiyyətindən də danışıb: “ Bankların sayının azalmasının iqtisadiyyat üçün heç bir əhəmiyyəti yoxdur. Önəmli olan bank sektorunun sağlam olmasıdır. Nə əhalinin sayına görə, nə əraziyə görə ölkədə neçə bank olmasını müəyyənləşdirmək olmaz. Belə bir iqtisadi yanaşma yoxdur. Əhalisinin sayı  və ərazisi kiçik olan Lüksemburqda yüzlərlə bank fəaliyyət göstərir. Yəni say etibarilə çox hesab edilə bilər. Əsas məsələ güvənilən bak sektorunun olmasıdır. Bu baxımdan ola bilər ki. bu il də sağlamlaşdırma tədbirləri çərçivəsində bankların sayı xeyli azalsın. Bir neçə bankın birləşdirilməsi və ya bağlanması müşahidə edilə bilər. Ancaq bu vəziyyətdən çıxış yolu deyil”.

 

İqtisadçının sözlərinə görə, sağlamlaşdırma prosesi ilə yanaşı xarici bankların Azərbaycan bank sektoruna cəlb edilməsi daha yaxşı olar: “Ancaq xarici bankların bazarda birbaşa iştirakı təmin olunmalıdır. Həmin bankların birbaşa yerli nümayəndəliklərinin açılışına icazə verilməlidir. Azərbaycanda bəzən elə olur ki, törəmə banklar və ya şirkətlər yaradılır, onlar vasitəsilə bazara girməyə cəhd edirlər. Rusiya və Türkiyə bankları burada fəaliyyət göstərərkən belə bir praktikadan istifadə edirlər. Əgər birbaşa iştirak üçün qanunvericilikdə maneələr varsa onlar da aradan qaldırılmalıdır ki, xarici banklar birbaşa bazara çıxsın. Bu istehlakçı üçün  yaxşıdır, onlar daha güvənli əmanət şərtləri təklif edə bilərlər, daha aşağı faizlə kredit verə bilərlər. Lakin əhali üçün nə qədər yaxşıdırsa, bank sektoru üçün bir o qədər çətinlik yaradacaq. Çünki onlarla rəqabət aparmaq üçün  yerli banklar müəyyən kriteriyalara cavab verməlidirlər.  Hökumətin belə bir addım atmaq fikri varsa bank sektoruna öncədən məlumat verilməlidir. İki-üç kiçik bank birləşərək, xarici banklarla rəqabət apara biləcək güclü bir bank formalaşdırmalıdırlar”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi