Modern.az

Hansı ölkələrdən məhsul idxal edirik? - RƏQƏMLƏR

Hansı ölkələrdən məhsul idxal edirik? - RƏQƏMLƏR

İqtisadiyyat

24 Yanvar 2017, 10:54

 

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Modern.az xəbər verir ki, 114 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Bu dövr ərzində xarici ölkələrlə 16031,6 milyon ABŞ dolları məbləğində, o cümlədən 8314,9 milyon dollarlıq ixrac və 7716,7 milyon dollarlıq idxal əməliyyatları aparılıb.

Nəticədə 598,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2015-ci ilin eyni dövrünə nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 11,0 faiz azalıb. Ticarət dövriyyəsinin 2445,2 milyon dolları, yaxud 15,3 faizi MDB üzvü dövlətlərinin, 13586,4 milyon dolları və ya 84,7 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 5700,5 milyon dollarlıq hissəsi və ya 35,6 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb.

 

2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 13,1 faiz az olub. MDB üzvü dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 33,7 faiz artaraq 607,1 milyon dollar təşkil edib, digər ölkələrə isə 15,5 faiz az məhsul göndərilib. İxracın ümumi dəyərinin 43,7 faizi Avropa İttifaqı ölkələrinin, 7,3 faizi MDB üzvü dövlətlərinin, 49,0 faizi isə digər ölkələrin payına düşüb.

 

Rəsmi məlumatlara görə, 2016-cı ilin yanvar-noyabr aylarında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 8,0 faiz azalıb, MDB üzvü dövlətlərindən 1,6 faiz çox, digər ölkələrdən 10,7 faiz az məhsul idxal olunub. İdxalın ümumi dəyərinin 26,8 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü dövlətlərinin, 49,4 faizi isə digər ölkələrin hesabına formalaşıb.

Xarici ticarət dövriyyəsinin 80,8 faizi Türkiyə, Rusiya, İtaliya, Almaniya, Çin, Tayvan (Çinin əyaləti), İsrail, Fransa, Birləşmiş Krallıq, ABŞ, Hindistan, Gürcüstan, Çexiya, Ukrayna, Xorvatiya, Norveç, Yaponiya, Portuqaliya və Sinqapurun hesabına formalaşıb.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 6,1 faizi Birləşmiş Krallığın, 5,6 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiyanın, 3,4 faizi Ukraynanın, 2,6 faizi Sinqapurun, 2,1 faizi Braziliyanın, 1,8 faizi Fransanın, 1,7 faizi İranın, 1,3 faizi Çexiyanın, hər biri 1,1 faiz olmaqla Qazaxıstan və Rumıniyanın, 17,8 faizi isə digər ölkələrin payına düşüb.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi