Modern.az

Xalq artistindən İTTİHAM: “İndiki şit komediyaçılar bayağı tamaşaçı yetişdiriblər”

Xalq artistindən İTTİHAM: “İndiki şit komediyaçılar bayağı tamaşaçı yetişdiriblər”

24 Yanvar 2017, 12:45

Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artır. Eləcə də komediya janrında televerilişlər, çıxışlar da çoxalıb. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar müxtəlif səpkili proqramlarla efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. Komediya janrında fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınanılır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki  komediya ustalarının daha professional olduğunu bildirir.

Məşhur gülüş ustası, Xalq artisti Arif Quliyev bu mövzuda Modern.az-a danışıb. O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib.

“Elməddin, Fərda, Rafael və Çoşqun çox yaxşı fəaliyyət göstərirlər. Yəni gənc nəsil bizi çox əla şəkildə əvəz edə bilir. Ona  görə də mən rahat şəkildə istirahət edirəm. Hazırki aktyorları çox bəyənirəm. Onlar insanların nəbzini tuta bilir, öz üzərlərində işləyirlər. Rafael və Çoşqunun komediyalarını izləyirəm, onlar hər sözün üzərində işləyirlər, tamaşaçının üzündə gülüş yarada bilirlər. Elməddin və Fərdanın da fəaliyyətini çox bəyənirəm, onların çəkdiyi “Xoxan” filminə baxmışam və mənə ləzzət edib.
İlkin Həsənlinin rəhbərliyində olan “Bozbash pictures”in çəkdiyi filmlər, komediyalar çox yaxşıdır. Adını unutduğum digər bir çox komediya ustaları var ki, onlar da insanların üzündə gülüş yarada bilirlər. Kiminsə başqasını əvəz etməsi şərt deyil, mən başqasını əvəz edə bilmərəm, məni də kimsə əvəz edə bilməz. Hərənin özünəməxsus tərzi var. Lütfəli bir dənə olub, onu əvəz edən yoxdur, amma teatr fəaliyyət göstərir. İndi teatrda olmayan, özəl sektorda olan o qədər gənc aktyorlarımız var ki, yetişirlər, kinolar çəkirlər, öz bacarıqlarını məharətlə göstərirlər”.

Xalq artisti Valeh Kərimov (“Moşu”) isə hamını bəyənmir. O bildirib ki, camaat kimi bəyənirsə, demək ki, onlar yaxşıdır.


“Bizim dövrümüz başqa idi, o zaman institutda dərslər keçirilirdi ki, komediyanı, faciəni və digər janrları necə oynayarlar. İndikilər özləri öyrənib gəliblər, yeni janr, üslub yaradıblar, yeni tamaşaçı yetişdiriblər. Tamaşaçılar da onları bəyənir. Mən özüm də tamaşaçı olaraq komediya janrında oynayan bəzi aktyorları bəyənirəm. Amma bəzilərinin komediyaları çox bayağı, çit olur, onlara baxan tamaşaçı da bunu bəyənir. Bizim zamanımızdakı gülüşü yaratmaq üçün yaxşı əsər, rejissor, aktyor lazım idi. Bunlar bir adamın işi deyil.  Komediyanı yazan yazıçı olmalıdır, komediyanın janrlarına, tələblərinə qulluq edilməlidir. İndi yazan yoxdur, indiki komediyaçılar da anekdotları çevirib komediya edib,  oynayırlar. Komediaya janrını yaxşılaşdırmaq üçün uzun müddətə ehtiyac var. Komediyanı oynayanlar gərək dərs keçələr, amma indi müəllim də yoxdur.  İndi öyrədən də yoxdur, öyrənən neyləsin?..”.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır