Modern.az

Köçkünlərin kommunal xərclərə görə borcları kütləvi hal ala bilər

Köçkünlərin kommunal xərclərə görə borcları kütləvi hal ala bilər

Aktual

24 Yanvar 2017, 12:54

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.


Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az
-a açıqlamasında fərmanın məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyib.  Onun sözlərinə görə, fərman dövlət tərəfindən məcburi köçkünlərə ayrılan vəsaitin heç bir yerə yönəlmədən, heç kim toxunmadan birbaşa onların özlərinə çatdırılması məqsədi daşıyır:

“İndiyədək “çörəkpulu” müavinətləri məcburi köçkünlərin kartına yüklənirdi və insanlar onu nağd şəklində çıxararaq, istifadə edirdilər. Ancaq kommunal xərclər “Dövlətqaçqınkom” tərəfindən müvafiq təşkilatlara -“Azəriqaz”a, “Azərişıq”a, “Azərsu”ya köçürülürdü. Yazışmalar, hesablaşmalarda müəyyən narazılıqlar, neqativ hallar meydana çıxırdı.

Bütün bunların qarşısının alınması üçün dövlət məcburi köçkünlərə həm “çörəkpulu”, həm də kommunal xərclər üçün nə qədər vəsait ayıracaqsa, hamısı birbaşa karta köçürüləcək. Məcburi köçkün həmin vəsaitin necə istifadə edilməsini özü müəyyən edəcək. Yəni işlətdiyi işığın, qazın, suyun pulunu özü verəcək. Bu da müdaxilələrin qarşısını alacaq. Düşünürəm ki, alqışlanası, bəyəniləsi, vaxtında atılan qərardır”.

Bəzi fikirlərə görə, məcburi köçkünlər indiyədək kommunal xidmət haqqı ödəmədikləri üçün, bundan sonra da ödəniş etməməyə çalışacaqlar. Nəticədə isə kütləvi şəkildə kommunal xərclərə görə borc yaranacaq. Ən əsası isə ənənəvi olaraq şahidi olduğumuz məcburi köçkünlərlə “Azərişıq”, “Azəriqaz”, Azərsu” işçiləri arasında yaranan narazılıqlar daha da genişlənəcək. Qurumlar indiyədək güzəştlə yığdıqları ödənişləri almaqda çətinlik çəkəcəklər.

Deputat bu fikirlərlə qismən razılaşır: “Məsələ burasındadır ki, dövlət məbləği bu qədər müəyyən edib. Daha çox işıq, su, qaz istifadə edənlərin təbii ki, ödənişi də daha çox olacaq.

Ev şəraitindən, yaşayış yerindən, istiliyin, qazın olub-olmamasından asılı olaraq çətinliklər yaranacaq. İndi mən demirəm ki, ayrılan vəsait bütövlükdə məcburi köçkünlərin tələblərini ödəyəcək. Onlar üçün tikilən qəsəbələrdə yaşayan məcburi köçkünlər müəyyən qədər işlərini, xərclərini düzgün müəyyən edə biləcəklər.

Amma nəzərə alaq ki, dağ yerində yaşayan məcburi köçkünlər var. Qaz təchizatı olan və olmayan qəsəbələrdə məcburi köçkünlər ya odundan, ya neftdən, ya da elektrik enejisindən istifadə edir. Əlbəttə bu cür şəraitdə yaşayanlar üçün ayrılan vəsait çatmayacaq. Yəqin ki, dövlətimiz, cənab prezident gələcəkdə bütün bunları nəzərə alıb məbləği artıra bilər. Hələlik ayrılan vəsait budur”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı