Modern.az

Prezidentin fərmanı bu insanların həyatını dəyişəcək"

“Prezidentin fərmanı bu insanların həyatını dəyişəcək"

24 Yanvar 2017, 17:02

Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərini dövlət hesabına həll edən nadir ölkələrdəndir. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yeni yanaşması və onlar üçün vahid aylıq müavinətin təyin edilməsi bu kateqoriyadan olan hər bir vətəndaşımızın həyatını müsbət istiqamətdə dəyişən amillərdən biri olacaq.

Modern.az xəbər verir ki, bu sözləri milli.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Millət vəkilinin fikrincə, dövlət başçısının fərmanı ilə müəyyən edilən konkret aylıq müavinət qaçqın və məcburi köçkünlərə aldığı yardımı istədiyi kimi xərcləməyə və onların müəyyən tələbatlarını ödəməyə imkan verəcək:

"Artıq hər adambaşına 36 manat vəsaitin ayrılması nəzərdə tutulur ki, məncə, bu da onların işıq, qaz, su kimi kommunal xidmət xərclərini ödəyə bilməsi üçün kifayət qədər normal məbləğdir. Artıq uzun illərdir ki, qaçqın və məcburi köçkünlər məskunlaşdırğı yerlərə uyğunlaşıblar. Nəzərə alsaq ki, onların böyük əksəriyyəti işləyir, konkret ödənişli məşğuliyyətləri var, o zaman prezidentin belə bir fərman verməsi onlara qarşı böyük bir diqqətdir. Mənə elə gəlir ki, bir çox ölkələr də bu sistemi tətbiq edə bilər. Çünki bu, qaçqın və məcburi köçkünlərin ona ayrılmış maddi yardımı alaraq özü istədiyimi kimi xərcləyə bilməsi üçün ən optimal variantlardan biridir. Əgər ailədə 4-5 nəfər varsa, bu, kifayət qədər məbləğ edir ki, bu pulla öz müəyyən tələbatlarını ödəyə bilsinlər".


Komitə sədri qeyd edib ki, Azərbaycan çox nadir ölkələrdəndir ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin dövlət hesabına həllinə yönəlmiş belə bir sistem var:

"Ümumiyyətlə, prezident İlham Əliyevin sosial sahə ilə, insanların həyatı ilə bağlı məsələlərdə, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar və verdiyi qərarlar hər zaman unikallığı ilə seçilir: "Azərbaycan dövlətinin siyasəti də, dövlət büdcəsi də ümumilikdə götürdükdə sosial yönümlüdür. Nəzərə almalıyıq ki, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərimizə həmişə xüsusi həssaslıqla yanaşılıb və onların həyat şəraitinin və maddi rifahının yaxşılaşmasını təmin etmək üçün müxtəlif yardımlar edilib, onların kommunal xərclərinin böyük bir hissəsi ödənilib".

Qeyd edək ki, prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Bundan əlavə, Dövlət Neft Şirkəti, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinə tapşırılıb ki, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi