Modern.az

Nazirlik 11 illik məktəblərin bağlanması xəbərinə AYDINLIQ GƏTİRDİ

Nazirlik 11 illik məktəblərin bağlanması xəbərinə AYDINLIQ GƏTİRDİ

24 Yanvar 2017, 17:38

Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblərin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcəyi barədə keçən həftə məlumat vermişdik. Bununla bağlı Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə - 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var.

Modern.az saytı olaraq neçə gündür ki, məsələni diqqətdə saxlayırıq.


Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov saytımıza açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib. O, bildirib ki, 11 illik təhsil ləğv oluna bilməz.

“Söhbət tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsindən gedir. Ola bilsin ki, təmayül sinifləri hər məktəbdə olmayacaq. Təmayül sinfinin təşkil olunması üçün məktəbdə paralel siniflərin olması vacibdir. Elə məktəblər var ki, orada buraxılış siniflərinin sayı azdır. Az olduğuna görə də həmin məktəblərdə bu sistem olmayacaq. Əslində, bu ideya 2009-cu ildən təhsil qanununda var. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ümumi təhsil 3 səviyyədən ibarətdir. İbtidai, orta və  tam orta. Qanunda göstərilir ki, ümumi orta təhsil icbaridir, yəni məcburdur. Növbəti bənddə isə bildirilir ki, ümumi təhsil təmayüllər üzrə təşkil olunur. Təhsilin təmayüllər üzrə təşkil olunması bir daha sübut edir ki, ümumi təhsilin tam orta təhsil səviyyəsi ləğv oluna bilməz”.

Şöbə müdirinin sözlərinə görə, təmayül siniflərin yaradılması 2011-ci ildən bəri ölkədə pilot qaydası sınaqdan keçirilir.

“2009-cu ildən sonra təmayül məktəblərinin təşkili ilə bağlı məlumatlandırma həyata  keçirilir. 2011-ci ildən bəri isə bu, pilot qaydasında sınaqdan keçirilir. Hazırda Azərbaycanda 180-dən çox məktəbdə təmayül sinifləri pilot qaydasında tətbiq olunur.

Sadəcə olaraq, burada icbari təhsil səviyyəsindən sonra təhsil təmayüllər üzrə təşkil olunur. Yəni 9-cu sinfi bitirəndən sonra uşaqlar müəyyən olunmuş qaydalar üzrə, seçim əsasında gedib ayrı-ayrı təmayül siniflərində konkretləşəcək. Sonra da kim istəsə kollecə, peşə təhsili müəssisəsinə  sənəd verə və bu yolla da təhsillərini davam etdirəcək. Ümumtəhsil məktəblərində 9-cu sinifdən sonra təmayül sinifləri ilə yanaşı, eyni zamanda, könüllülük  əsasında uşaqlar üçün 11-ci sinfi təşkil ediləcək.

2017-2018-ci tədris  ilindən tam orta təhsilin təmayüllər üzrə təşkili kütləvi keçid halını alacaq”.


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir