Modern.az

Nic azərbaycanlıları... (REPORTAJ)

Nic azərbaycanlıları... (REPORTAJ)

Reportaj

27 Mart 2011, 14:24

Qəbələnin bu məşhur kəndində udinlərlə birgə yaşayan azərbaycanlılar 1 may bayramını hələ də xüsusi təntənə ilə qeyd edirlər Yolumuz yenə özundə təbiətin gözəlliyini əks etdirməklə yanaşı, olduqca maraqlı və qədim tarixə malik olan qədin Nic kəndindən düşüb. Azərbaycan miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada təkcə udinlər yaşamır. Bu kənddə udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır.  Bu isə o deməkdir ki, Nic kəndi Azərbaycan mədəniyyətinin və ölkəmizdə tarixən mövcud olan tolerant mühitin mövcud olduğu yaşayış məntəqələrindən biridir. Nic təkcə Qəbələnin deyil, eyni zamanda Azərbaycanın ən böyük kəndlərindən sayılır.

Modern.az saytı bir müddət öncə Nic kəndində yaşayan azsaylı xalqlardan birinin – udinlərin tarixi kecmişi, bu günü, onların yaşayışı, adət-ənənələri barədə yazı təqdim etmişdi. Bu dəfə isə kənddə yaşayan azərbaycanlıların həyat tərzinə qısa nəzər salmağa çalışaq.

Maraqlı tarixi olan kəndin mərkəzində böyük Daş bazar yerləşir. Çay daşlarından tikilən bazar yaşlı Nic sakinlərinin dediyinə görə, çox qədim zamanlaradan fəaliyyət göstərir. Kəndin mərkəzindən keçən Oğuz-Şəki magistiral yolu Nicin inkişafına təsirsiz ötüşməyib. Qədimdə taçirlər ticarət məqsədilə bu yoldan istifadə ediblər. Nic sakinlərinin sözlərinə görə, elə  bu qədim bazar da həmin dövürdən qalıb. İndi isə bazarda kənd sakinləri istehsal etdikləri məhsullrı satışa cıxarır, bazarda təkcə niclilər deyil, qonşu rayonlardan da ticarət məqsədilə gələnlər alver edirlər.    Nicə gələn  tacirlərin qalması üçün burada kicik  karvansara da  fəaliyyət göstərib. Hazırda isə həmin karvansara təmir olunaraq və müəyyən qədər də müasir görünüş verilərək otel kimi fəaliyyət göstərir. Kəndə gələn turistələrin də elə çox hissəsi  burada qalır.

Qeyd etdiyimiz kimi, Nicdə azərbaycanlılarla yanaşı, etnik xalqlar - udinlər və ləzgilər yaşayırlar. Sıx kontakda olan millətlərin hər iki dinə - İslama və xristianlığa etiqat etmələri üçün məscidlər, məbədlər fəaliyyət göstərir. Kənd əhalisinin  40%-ni təşkil edən müsəlmanların ibadəti üçün kənddə 2 məscid fəaliyyət göstərir. Məscidlərin hansı tarixdə tikildiyi məlum deyil, məlum olan odur ki, onların qapıları sovetlər dövründə qapalı olub. Ancaq son 3 ildə məscid yenidən təmir olunaraq inanclı insanların itifadəsinə verilib. İndi bu məscidlərdə ərəb dili, əlifbası və ən əsası Quran oxumaq öyrədilir.

Məşğuliyyət Nic kəndinin ərazisinin çox hissəsini müxtəlif meyvə bağları, əkin sahələri tutur. Elə buna görə də,  kənd əhalisinin əsas məşğuliyyəti bağçılıq-fındıqçılıqdır. Bundan əlavə, burada yaşayan insanlar heyvandarlıq, bağçılığın digər sahələri, az bir qismi isə əkinciliklə məşğul olur. Maraqlıdır ki, əhaliyə bələdiyyə tərəfindən əkin üçün torpaq payları verilsə də, sakinlərin əksəriyyəti demək olar ki, onu əkib-becərmirlər. Bunun əsas səbəbi kimi isə çəkdikləri əziyyətin qarşılığını götürə bilməməklə izah edirlər. Kənd sakini Elsəvər Süleymanovun sözlərinə görə, əkin sahələrinin əkilməsi və buradan məhsulun əldə edilməsi çox əziyyət tələb edir. “Əkin sahələrinin əkilməsi üçün texniki vasitələr və digər məsələlər var ki, çox əziyyət və vəsait tələb edir. Buna görə, bu sahəyə maraq göstərmirik. Yəni çəkilən zəhmətin maya dəyəri çıxmır”.

Əsas gəlir sahəsi fındıq bağlarından olan Nic əhalisi son illər məhsullarını yaxşı qiymətə sata bilməməkdən narazıdırlarr. Kəns sakinlərinin sözlərinə görə, Qəbələdə “Gilan” fındıq zavodunun fəaliyyətə başlaması camaatın yaşantısdına həm mənfi, həm də müsbət mənada xeyli təsir göstərib. Beləki, bu  zavodun fəaliyyətə başlaması insanların işini xeyli asanlaşdırıb. Əvvəllər istehsal etdikləri məhsulu satmaq üçün başqa yerlərə üz tutan insanlar indi bu problemdən azaddırlar. Amma indi də  kənd sakinlərini başqa bir məsələ - məhsulu ucuz qiymətə satmaq narahat edir. Kənd sakinlərinin sözlərinə görə, onların məhsullarına verilən dəyər heç əziyyətlərini ödəmir.

Nicin ətraf əraziləri başdan-başa müxtəlif ağaclardan ibarət meşələrlə örtülsə də, hazırda bu meşələr yox olmaq təhlükəsi ilə üz-üzədir desək, yanılmarıq. Kənddə nə sovet dövründə, nə müstəqillik dövründə qaz olmayıb. Bu isə meşələrin qırılmasına gətirib çıxarıb. Yerli sakinlər deyirlər ki, son zamanlar onlara meşələrdən istifadə etməyə qadağa qoyulsa da, ağacların  qırılaıraq mebel fabriklərinə daşınmasının qarşısını heç kim almır.

Kənd əhalisinin məşğuliyyəti sırasında heyvandarlığın müxtəlif sahələri ilə yanaşı, tərəvəzçilik, az hallarda arıçılıq da var.  Nicli azərbaycanlıların tərəfəz məhsullarına xüsusilə də udin xalqının marağı böyükdür. Azərbaycanlıların hazırladıqları tutma (bəzi yerlərdə turşu və ya şoraba deyirlər) ətraf rayonlarda sözün əsl mənasında şöhrət qazanıb. Nic tutmalarının sorağına gələnlərin sayı heç də az deyil.

Mətbəx 

Qəbələnin və eləcə də Nic kəndinin azərbaycanlı sakinlərinin bir çox özünəməxsus toy adətləri və  yeməkləri var. Xörəklərə misal olaraq qoz dolmasını, döşəmə plovu, qoz qutabını, üçqulaq paxlavanı, qozlu sıyığı, hinduşka və şabalıtdan hazırlanan xüsusi yeməyi göstərmək olar. Yəqin bu bölgədə qoz və fındığın çox olmasının nəticəsidir ki, elə ən dadlı və özünəməxsus yeməkləri də bu məhsullardan hazırlayırlar. Çay süfrəsinin əvəzolunmaz məhsulu gül suyudur. Qızılgüldən hazırlanan bu məhsul çaya xüsusi dad və qoxu verir. Fırlama da bu kəndin əsas yeməklərindən hesab olunur, hətta ətraf kənd və rayonlardan bu yeməyin dadına baxmaq üçün Nicə gələnlər var.  Sözügedən yemək növü kənddə yaşayan azərbaycanlılarla yanaşı, udinlərin də mətbəxində də əsas yer tutur. Ancaq tarix baxımından bu yemək növünün hansı xalqa mənsub olmasını demək çətindir. Çünki tarixən bu kənddə müxtəlif azsaylı xalqlar sıx qarşılıqlı ünsiyyətdə yaşayıb. Bu baxımdan burada yaşayan xalqların yeməkləri  və adətlərinin bir qismi bir-birinə qarışıb.

Adətlər Xalqımızın əsas adətlərindən olan toy adət - ənənəsi bu kənddə  Azərbaycanın digər bölgələrindən o qədər də fərqlənmir. Ancaq Nicdə qədim toy adətlərinin bir qismi hələ də qalmaqdadır. Məsələn, bəytərifi bir çox yerlərdə artıq olmasa da, Nicdə toy məclisini onsuz təsəvvür etmək çətindi. Toyda adətən bəy və gəlinin yanaşı əyləşdiyini görürük. Amma Nic toylarında bu hal istisnadır. Xına toyunda (qız toyunda) gəlin bir nəfər oğlan və bir nəfər də qız tərəfindən olan qohumla əyləşir. Bu prinsip çox az hallarda pozulur. Oğlan isə toya müəyyən vaxt ərzində dəvət olunur. Bəy  toyda bir necə dəfə yaxın qohumları və dostları ilə iştirak etdikdən sonra məclisi tərk edir və toya kənardan baxmaqla kifayətlənir. Eyni sözləri oğlan toyu haqqında da demək mümkündü. Oğlan toyunda qız evi qonaq sayılır və oğlan evinin  dəvəti olmadan qız evinin toy məclisinə daxil olması yaxşı hal hesab olunmur. Hətta pu pirinsip evlənən tərəflər arasında əvvəlcədən qohumluq varsa da, pozulmur.

Nic kəndində azərbaycanlılarla yanaşı qədim qafqaz mənşəli xalq olan udinlər və ləzgilər də yaşayır.  Kəntdə yaşayan hər üç xalqın nümayəndələri sıx münasibətdədirlər. Sıx münasibətdə yaşamalarına baxmayaraq bu  xalqlar arasında  sıx qohumluq münasibətləri yoxdur. Çox az hallarda belə qohumluq münasibətlərinə rast gəlmək mümükündür.  Ancaq ləzgilər və azərbaycanlılar arasında münasibətlər daha fərqlidir. Beləki, istər qız almaq və vermək istərsə də digər münasibətlərdə bu iki xalqın nümayəndələri daha çox münasibət qururlar. Görünür bu, hər iki xalqın eyni dinə sitayiş etməsi ilə bağlıdır.

Qohumluq münasibətlərini çıxmaq şərtilə kənddə yaşayan hər üç xalqın ortaq cəhətləri çoxdur. Uzun illər davam edən qarşılıqlı münasibətlər nəticəsində xalqların bir çox adət- ənənələri  qarışıb. Məsələn, udinlərlələ sıx münasibətdə olan azərbaycanlılar yəqin elə sözügedən xalqın təsirinin nəticəsidir ki, yeni ili və ləğv olunmasına baxmayaraq 1 may bayramını hələ də xüsusi təntənə ilə qeyd edirlər. 

Təhsil 

Kənddə 5 orta məktəb var, üçü rus dillidir, ikisi Azərbaycan dilində fəaliyyət göstərir. Nicdə fəaliyyət göstərən 5 orta məktəbdən ikisində azərbaycanlılar təhsil alır. Azərbaycanlıların təhsil aldıqları məktəblərdən biri 4 nömrəli məktəbdir. Məktəb yarananda ilk olaraq ibtidai təhsil verib. Daha sonralar 4 saylı məktəb  8 illik və nəhayət  11 illik olub. Nic kəndinin məktəblərində bir sıra problər movcuddur. Belə ki, müəllim çatışmazlığı kənd məktəblərinin əsas bəlasııdır. Hətta bir neçə il bundan öncəyə qədər məktəbdə bir sıra fənlər qeyri– ixtisas müəllilləri tərəfindən tədris olunurdu. Elə bu baxımdan da məktəbin məzunları arsından ali məktəblərə qəbul olduqca azdır. Hazırda bu pboblem qismən aradan qaldırılsa da, tam həllini tapmayıb. 

Sədaqət SÜLEYMANOVA Bakı-Nic-Bakı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu