Modern.az

2017-ci il Qarabağ üçün daha betər ola bilər” - PROQNOZ

‘2017-ci il Qarabağ üçün daha betər ola bilər” - PROQNOZ

25 Yanvar 2017, 11:23

İngilis jurnalisti və Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal-ın Karneqi Avropa saytında dərc olunmuş son məqaləsi “2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi” adlanır.

 

Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekpsertlər belə bir sual verirlər: “Müharibə olacaqmı?” Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər.

Ötən aprelin dörd günü ərzində, 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən qanlı toqquşmalarda ümilikdə, 200 azərbaycanlı və erməni həlak olub.

De Vaalın fikrincə, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışıqlar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.

 

Əlbəttə ABŞ-ın təməlini qoyanlardan biri sayılan Bencamin Franklin deyib ki, “yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır”, amma De Waal-ın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər.

Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir.

Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəflərin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.

De Waal yazır ki, Azərbaycan 2016-cı ilin aprelində iki kiçik ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.

 

Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini həddindən artıq yüksək qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları İsgandər raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.

Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə Iron Dome raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.

De Vaal yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb.

 

Ermənistanda prezident Serj Sarqsyan-ı apreldə çətin parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq.

Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sarqsyan-ın hakimiyyəti əldə saxlamaq üçün sonuncu döyüşü kimi qiymətləndirirlər.

Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Tramp-ın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər.

De Vaal-ın fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.

“Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün qabaqlayıcı diplomatiyaya ehtiyac var” – yazır Tomas de Vaal.

 

Modern.az

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı