Modern.az

“Xalaqızı” ləqəbli snayperçi: “Rəhim Qazıyevin üstünə şığıdım, onu təhqir etdim...” - MÜSAHİBƏ

“Xalaqızı” ləqəbli snayperçi: “Rəhim Qazıyevin üstünə şığıdım, onu təhqir etdim...” - MÜSAHİBƏ

26 Yanvar 2017, 11:33

Əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayperiçi olub.

Könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılan Növrəstə xanım hər zaman öz snayperi ilə səngərdə olub - döyüşlərin qızğın getdiyi yerlərdə iştirak edib. 

1992-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuş, ilk qadın snayperçi Növrəstə Yusifovanın  Modern.az saytına müsahibəsini təqdim edirik.

- Növrəstə xanım necə oldu ki, Qarabağ döyüşlərinə qatılmaq qərarı verdiniz?

- 1988-ci ildə “Meydan” hərəkatına qoşuldum. 1989-cu il dekabrın 27-də hərəkat iştirakçılarından bəzilərini tutub avtobuslara dolduraraq, Bayıl həbsxanasına aparmaq istəyirdilər. Mənim mindirildiyim avtobus xarab oldu, digər 5 avtobusu apardılar, biz qaçdıq. Avtobus Səməd Vurğun bağının yanında xarab olmuşdu, əsgərlər bizi atəş açmağa başladılar, oradan sağ qurtardıq. Bir müddət sonra 20 Yanvar hadisəsi baş verdi. 1991-ci ildə eşitdim ki, Birinci Şıxov batalyonu yaranıb, gedib dənizin kənarında batalyonu axtardım. Polis mənim təxribatçı olduğumu düşünüb saxladı, amma təxribatçı olmadığım bilinəndən sonra məni evimə gətirdilər.


1992-ci ilə Şıxov batalyonu könüllülərlə birlikdə, əsasən Əfqanıstan müharibəsi görmüş azərbaycanlılar cəbhə bölgəsinə yola düşdü. 1991-ci ilin dekabr ayında Mili Müdafiə Şurasına getməyə başladım, mənim könüllü olaraq orduya qatılmağıma icazə vermirdilər. Səbəb göstərdilər ki, ancaq kişilər döyüşür, döyüşdə qadın yoxdur.
1992-ci ilin fevral ayında ən böyük faciələrimizdən olan Xocalı soyqırımını yaşadıq, ondan sonra Rəhim Qazıyev Müdafiə Şurasına gəldi. Rəhim Qazıyevin üstünə şığıdım və onu təhqir etdim ki, mən döyüşə getmək istəyirəm, nəyə görə qoymursunuz?  Rəhim Qazıyevin sürücüsü Əli dayı dedi ki, “mən şurada danışdım, səni qəbul edəcəklər”. Həmin gün  gecə saat 2-yə qədər orada oturdum, qəbul etmədilər. Üstündən 1 həftə keçdi, bu, 1992-ci il mart ayının 17-nə təsadüf etdi. Əli dayı gəldi və məni qəbul etdilər. Məni yoxladıqdan sonra öyüd-nəsihət verdilər ki, orada qadın yoxdur, sən neyləyəcəksən?... Mən də onlara cavabımda, hamı kimi xidmət edəcəyimi bildirdirdim.

17 mart 1992-ci ildə məni ilk xanım snayperçi olaq qeydə aldılar. Bizi evə buraxdılar ki, Novruz bayramını keçirdikdən sonra gələrsiniz. Martın 21-nə qədər olan müddətdə bayram keçirmək əvəzinə bildiyim dərmanları, preparatları, digər tibbi ləvazimatları və hətta özümlə bel də götürdüm ki, cəbhə bölgəsində lazım olar. Ayın 21-i getdim Milli Şuranın binasının önünə, indiki Binəqədi rayon İcra Hakimiyyətinin yerində yerləşirdi. Bizi qəbul etdilər, formanı verdilər. Yola çıxanda bizə hara gedəcəyimiz barədə məlumat vermədilər. Mart ayının 22-si bildik ki, Şuşaya gedirik. 23-ü sübh tezdən ilk döyüşümüz Şuşada başladı. Orda mənə ermənilərdən əldə etdikləri snayper silahı verdilər, çünki snayper silahı yox idi. Amma snayper əyri atırdı deyə, batalyon komandiri Tofiq Oğuzun beşatılan silahını mənə verdilər. Tofiq Oğuz 2-ci qrup əlil olan Qorxmaz dayıya tapşırdı ki, beşatılanımdan muğayat ol, o, məni nəzərdə tuturdu. 
Mən Milli Müdafiə Şurasından gedəndə bildirdilər ki, sənin hər bir anın izlənəcək, əgər döyüşə uyğun olmayan hər hansı bir hadisə baş verərsə, səni geri qaytaracağıq, mən də razılaşdım. Mən Şuşanın işğalı hadisələrini görə bilmədim, çünki may ayının 6-da Tofiq Oğuz məni məcburi avtobusa mindirib, sürücüyə də tapşırdı ki, bunu Şuraya apar, çağırırlar. İki il bundan əvvəl bilmişəm ki, tək qadın snayperçi olduğuma görə düşmən məni sağ tutmaq istəyib. Onun üçün də döyüş zamanı ələ düşməyim deyə, tez şəhərə göndərdilər. Sağ qalan komandirlərim danışırdılar ki, ermənilər mənim sağ ələ keçirilməm üçün mükafat qoyubmuşlar.

- Ailəniz sizin müharibəyə qatılmağınıza necə reaksiya verdi?

- 1989-cu ildə artıq boşanmışdım, tək yaşayırdım. Getməyimdən yaxınlarımın xəbəri olmadı. Gedəndə evin açarını Mənzil İstismar İdarəsinə verdim ki, nə üçünsə lazım olsa istifadə edərsiniz.

- Snayper dəqiqlik tələb edən silahdır, ondan istifadə etmək üçün böyük təcrübə lazımdır. Atıcılıqla bağlı hansısa təcrübələrə malik idiniz, yoxsa o silahdan ilk dəfə cəbhə bölgəsində istifadə etdiniz?

- Orta məktəbdən sonra Bakı Maliyyə Kredit Texnikumunu bitirdim. Daha sonra “Semaşko”da mühasib kimi 9 il işləmişəm. Orda “KTU” deyilən təşkilat var idi, kimin idman növündə hansısa bacarığı var idisə, yerli komitənin xətti ilə gedib yarışlarda iştirak etməli idi. Məktəbdə, texnikumda oxuyan zaman hərbi idman növündən dərəcələr almışdım. Bir dənə atıcılıcılığa və üzgüçülüyə getməmişdim. Onda dedim gedərəm atıcılığa, həm öyrənərəm, həm də özümü sınayaram. 1974-cü ildə idarə, təşkilatlar arasında keçilirən yarışda 2-ci yeri tutdum, silahı ilk dəfə əlimə alırdım. 1975-ci ildə yenidən yarışa qatıldım, 1974-ci ildə 1-ci yeri tutan oğlana qalib gəldim, 1-ci yeri tutdum. Bütün bunları Müdafiə Şurasındakılara inandırdım. Bunlardan başqa,  sərbəst avtomobil idarə edə bilirdim, qaldırıcı kran da işlədə bilirdim, özümlə gedəndə nə götürmüşdümsə, hər şey yaradı mənə. Şuşada yaralılar olurdu, həkim yox idi, döyüşün içində yaralıları özüm sarımışam. Yaralılar olanda səngərə gətirmələrini demişəm, çünki səngəri atıb gedə bilməzdim.


- Döyüş zamanı düşmənlə qarşılaşdınızmı? Məhv etdiyiniz düşmən əsgəri oldumu?

- Mən snayperçi olduğuma görə, mövqeyimə görə uzaqdan düşmənin hansısa avadanlığını, özlərini dəf etmək üçün orada idim. Əbəyaxa döyüşlərdə iştirak etməmişəm. Amma bir neçə dəfə piyadalarla birlikdə döyüşlərdə olmuşam. Şuşada  “Üçmıx” deyilən post var idi, orada ermənilər bizim 4 əsgərimizi vurmuşdular. Onlarda 3-ü şəhid oldu, biri sağ qaldı, snayperlə vurmuşdular. Biz orada ən yüksəkdə idik, mənzillər aşağıda idi, onların haradan vuracağını bilmirdik. Rəhmətlik Tofiq Oğuz dedi ki, o snayperçini tap. Mən əsasən axşam saat 6-dan səhər 6-ya kimi postda olurdum . Əsasən axşamlar hücumlar olurdu.

Təxminən saat 12-də Qorxmaz dayı ilə  birlikdə ərazini müşahidəyə getdim.  “Üçmıx”ın altında olan üzümlüyü izlərkən üzümlüyün altında bir dənə paslı çəllək gördüm.  Dedim ki, Qorxmaz dayı mən bu çəlləkdən şübhələnirəm, torpağım üstündə bir dənə də yarpaq olmadığı halda çəllək niyə olsun?  Ora iki atəş açdıqdan sonra partlayış oldu. Daha sonra onların xəttindən bilindi ki, düşmənin bunkerini məhv etmişəm. Eyni zamanda, ermənilərin silahları və əsgərləri də məhv olmuşdu. Nəbilidə onların topları var idi, ora tank gedə bilməzdi, dağın ətəyi meşəlik idi. Şuşaya dağın ətəyilə gələn bir yol var idi. 1992-ci ilin fevral ayında Şuşaya yardıma gələn 3-cü kursdan yuxarı tibb işçilərini yandırmışdılar. Onlara elə atəş açmışdılar ki, avtobusda olan 1 nəfər də sağ çıxmamışdı. Avtobusun yanığını çıxarmaq üçün 2 gündən çox vaxt getmişdi, onlar oradan sərrast atırdılar. Hətta işıqsız keçən avtobusun səsini eşidəndə vururdular. May ayının 4-də atılan mərminin tüstüsündən onu yerini dəqiqləşdirdim və məhv elədim.  Bir dəfə də onların avtobusunu vurmuşam, 20-yə qədər erməni ölüb. Mən tək-tək erməni vurmamışam, bir erməniyə görə hansısa hədəfi qaçırmalı deyiləm və yaxud özümü aşkar etməməliyəm. Onların Janna adlı snayperçisi var idi, Şuşada çox sərrast işləyirdi.

- Cəbhə bölgəsindən qayıtdıqdan sonra fəaliyyətiniz nələrdən ibarət oldu?

- Döyüşdən qayıtdıqdan sonra bir-birimizi tanıyan əsgərlərlə Biləcəridə toplaşdıq. Orada əvvəl rota komandirimiz olmuş Nail Kazımovu özümüzə komandir seçdik, çünki əsgərlər arasında xainlər, satqınlar var idi, ermənilərdən Azərbaycan dilində səlis danışanlar var idi. Bir həftə Biləcəridə yerləşən çağırış məntəqəsində qaldıq, daha sonra Yevlaxa, Tərtərə, Ağdama  getdik.  Ağdamın Qərvənd kəndində məktəbdə məskunlaşdıq, bizə silah verdilər.

Qarıkənddə Məhəmməd Əsədovun, İsmət Qayıbovun içərisində olduğu vertolyotu vurmuşdular. Vertolyot vurulan hissənin hündürlüyündə səngərlər qazdıq, sonradan bizim əsgərlər ora  gəldilər. Gülablıda Yenikənd, Əsgəranın Yaşma deyilən ərazisini qorumuşuq, 864 saylı hərbi hissənin tərkibində 4 aya kimi orada olmuşuq. İyulun 27-də ağdamlılar dedilər ki, biz öz ərazimizi qoruyacağıq, çıxın gedin. 1992-ci il avqustun 27-si gördüyümüz işlərin hamısı haqda məruzə etmişik, 30-u oradan çıxıb evimizə gəlmişik. Sentyabrın 5-dən sonra bizi çağırdılar təşkilat idarəsinə və orada bizimlə  müqavilə bağladılar ki, döyüşçü olaraq 10 nəfərinizi qrup halında döyüşə göndəririk. Müqavilə bağladıq, döyüşə yollandıq. İlk olaraq sentyabrın 7-si Qubadlıya getdik. Qubadlıdan sonra Ağdərə və Ağdamda olduq. Ağdamın demək olar ki, bütün kəndlərində olduq. Kəşfiyyatçı olaraq bir öz işimizi görürdük. 1994-cü ilin iyun ayına kimi döyüşlərdə olmuşuq.

- Müharibə dövrü bitəndən sonra hansı sahədə çalışmağa başladınız?

- Döyüşə getdiyim vaxt qülləli kran maşinisti idim. Texnikum bitirsəm də, mənim o işlərə çox marağım yox idi, qülləli kran maşinistliyi kursunu bitirmişdim və o sahə üzrə işləyirdim. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti idim. Döyüşə gedəndə işdən çıxmaq üçün ərizə yazdım, müdürüm dedi ki, işdən çıxma, sağ qayıdarsansa, yerinə bərpa olunarsan. Tərxis olandan sonra iş yerimə bərpa olundum. Atəşkəsin mənə aidiyyəti olmadı, məndən böyük qardaşım vəfat etdiyi üçün, tərxis olunmağım haqqında 4 dəfə ərizə yazdım, qəbul etmədilər, hələ də döyüşə yararlı idim. 5-ci dəfə ərizə yazanda bildirdim ki, qardaşımın 2 azyaşlı uşağı qalıb, gedib işləyim onlara əl tutum, onda ərizəmi imzaladılar.

Ulu öndər bildirmişdi ki, nizamlı ordu olacaq, kim könülüdürsə, silahları təhvil verib getsin. Mən fikirləşdim ki, qayıdaram, amma işlə, ailə ilə bağlı qayıda bilmədim.

1997-ci ildə "Qarabag əlilləri və vetaranları " İctimai Birliyi yaradıldı. Yeganə döyüşçü qadın olduğum üçün məni sədr seçdilər.

- Sizinlə birgə döyüşlərdə iştirak edən başqa qadınlar da var idi?

- Mən döyüşdüyüm bölgədə səngərdə döyüşçü qadın olmayıb. Yaralılara yardım edən, hospitalda çalışan qadınlar olub, amma səngərdə qadın görməmişəm. 

- Uzun müddət döyüşdə olmusunuz, bu zaman ərzində ən çox xatırladığınız hansı hadisə olub?

- Döyüş zamanı olan hadisələrin hansını danışım? Heç bir hadisə yadımdan çıxmayıb, silah yoldaşlarımın parçalanmış bədənləri, ağır yarananlar, şəhid olanların hamısı bir lent kimi hər zaman gözümün önündə canlanır.

Qəhrəman oğullarımızla çiyin-çiyinə döyüşdüyüm üçün hər zaman fəxr edirəm. Hər bir bölgədən döyüşçü var idi. O dövrdə mən şəhərliyəm, rayonluyam, kəndçiyəm söhbətləri olmayıb, Azərbaycanı bölgələrə bölmək indi meydana çıxıb. O cür oğullarımız olmasa idi, heç bir qadının hünəri deyildi ki, hansı addım atsın. Döyüşə ermənilərdən qisasımızı almağa getmişdim. Biz diri şəhidlərik. Torpağımızı gec-tez alacağıq, ancaq şəhidlərimizi qaytara bilməyəcəyik.  Ermənilərin vəhşiliyindən nə qədər danışsaq bitməz. Müdafiə Şurasında verdiyim sözə əməl etmişəm, əksik etmədiyim üçün indiyi qədər onlar üçün “Xalaqızı” olaraq qalmışam. Nəyi bacarmışamsa etmişəm.

- Hansısa təhlükə ilə qarşılaşmısınız?

- Yanımda bir neçə dəfə mərmi partlayıb, mənə heç nə olmayıb. Zəngilanda olanda yanımda mərmi partlayıb, qəlpə yaraları olub, sarıyıb səngərə dönmüşəm.

- Döyüşdüyünüz vaxt erməni odusu güclü idi?

- O vaxtda Azərbaycan ordusu Ermənistan ordusundan həddən artıq güclü idi. Azərbaycan ordusunda könüllü xidmət edən oğullarımızın əksəriyyəti Əfqanıstan müharibəsinin iştirakçıları olub. Onlar ruslarla döyüşdə olduğu üçün rusların bütün döyüş metodlarını bilirdilər. O vaxt buradakı rusların və ermənilərin badalağı ilə vurulan zərbələrə görə Azərbaycanı zəif adlandırmaq olmaz. Ermənistan ordusunda heç bir könüllü olmayıb, onlar rusları qabağs verdilər, arvadlarını da onların yanına qoşub döyüşə göndərdilər.  Onlar bizim torpaqlarımızı öz güclərinə görə deyil, havadarlarının gücünə işğal ediblər. Yoxsa Ermənistanın hünəri yox idi ki, bizimlə döyüşə gəlsin.

2016-cı ilin aprel ayında baş verən “Aprel döyüşləri”ndə onlar Azərbaycan ordusunun gücünü bir daha gördülər. 3 gün ərzində bir neçə ərazini geri aldıq, bu döyüş bir az uzansaydı Azərbaycan ordusu bütün torpaqları geri alacaqdı. Azərbaycan ordusu Ermənistanı bütövlükdə məhv etmək gücünə malikdir.  Biz erməniyə yox, rusa meydan oxuduq. “Aprel döyüşləri”  müharibə deyildi, onların elədiyinə cavab idi.

- Dövlət səviyyəsində sizə verilən dəyərdən razısınızmı?

- Bəli, dövlətimizin göstərdiyi qayğıdan razıyam. Kim bilərdi atəşkəs elan olandan sonra, 1995-ci ilin sonundan könüllü döyüşənlərə müharibə veteranı, əlil, qəhrəman, şəhid statusu veriləcək. Bizim dövlətimizin döyüşçülərə qayğısı elə oradan başladı . Bu günə qədər də maşın verilir, ev verilir, torpaq sahəsi verilir, bütün şərait yaradılır. Bunların hamısı qayda ilə olmalıdır, mən döyüşdə olmuşam deyə ehtiyacı olanı tapdalayıb keçməməliyəm. Bu yaxınlarda ölkəmizin başçısı İlham Əliyev bildirdi ki, 1989-dan 1991-ci ilə qədər döyüşənlər veteran statusu almalıdır.

Bu diqqət deyil, qayğı deyil, bəs nədir? Ali Baş Komandandan çox razıyıq, amma yerlərdə ki, məmurlar özbaşınalıq edir. Cənab Prezidentin xəbəri olan kimi onlara qarşı tədbir görür.

Torpaqlarımızın düşmən işğalından azad olması üçün döyüş  başlarsa, qisasımızı almağa, hər zaman əsgərlərimizin yanında olmağa, vətənimizin müdafiəsinə hazıram.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi