Modern.az

“Cahangir Məmmədli bizim ağsaqqalımızdır” - Həmkarlarından TƏBRİK

“Cahangir Məmmədli bizim ağsaqqalımızdır” - Həmkarlarından TƏBRİK

Media

26 Yanvar 2017, 12:51

Bu gün Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədlinin 75 yaşı tamam olur. O, 1942-ci il yanvarın 26-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Filologiya elmləri doktoru, professorudur. Onun indiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.


Həmkarları Cahangir Məmmədlinin ad günündə  Modern.az saytına onun haqqında danışıblar.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid Cahangir Məmmədlini tələbəlik illərindən tanıdığını deyib.

“O, mənim müəllimim olub. Hələ sovet dövründə Cahangir müəllim digər müəllimlərdən məlumatlılığı, səmimiliyi və biliyi ilə seçilirdi. O, tələbələri ilə dost olurdu, dil tapırdı, dərdlərinə şərik olurdu. Sonra da tale elə gətirdi ki, Cahangir müəllimlə biz əməkdaşlıq etdik. “525-ci qəzet”də onun tez-tez yazıları çıxdı. İctimai yayımla bağlı ideyalar həyata keçirdik. Cahangir müəllimin son illərdəki fəaliyyəti Azərbaycan ictimaiyyətinin gözü qarşısındadır. Onun Azərbaycan mətbuatında çox böyük xidmətləri var.  Bu gün də Cahangir müəllimlə biz bir yerdəyik. O, hazırda da 40-50 il bundan əvvəlki kimi fəaliyyət göstərir. Mən ona can sağlığı və uzun ömür hazırlayıram”.


 Əməkdar jurnalist Azər Həsrət deyib ki, Cahangir Məmmədli onun yaddaşına özünün fərqli cəsarətilə həkk olunub.

 “Yadımdadır, 90-cı illərdə bir çox universitet müəllimləri müxalif fikirli gənclərlə, insanlarla ünsiyyətdən qaçardı. Bəlkə də onlara bunu yasaqlayan yox idi. Amma adamlar ən adi ünsiyyəti belə özləri üçün təhlükə sayırdılar. Cahangir müəllim isə o dövrün azsaylı istisnalarından biri idi. O, həm BDU-dakı dərslərinə davam edir, həm də media sahəsində ictimai fəaliyyətə yetərincə zaman ayırırdı. Özü də bütün çıxışlarında, davranışlarında sərbəstlik nümayiş etdirməklə yetişməkdə olan jurnalistlərə örnək təşkil edirdi. Bu baxımdan biz Cahangir müəllimi bir çoxlarından fərqləndirir, özümüzə daha yaxın bilirdik. Onun sonradan İctimai Yayım Şurasına rəhbər gətirilməsi də bu baxımdan ürəyimizcə oldu. Hazırda isə BDU-da Jurnalistika fakültəsinin dekanı vəzifəsini eyni şövqlə icra edir. O, bizim ağsaqqalımız, yolgöstərənimizdir. Yaxşı bir örnəkdir və belə bir ağsaqqalımızın olmasını özümüz üçün müstəsna şans şayırıq. Uca Tanrım Cahangir müəllimə uzun ömür, can sağlığı versin”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!