Modern.az

““Gənclik” jurnalını komsomolçular batırdılar” - MÜSAHİBƏ

““Gənclik” jurnalını komsomolçular batırdılar” - MÜSAHİBƏ

26 Yanvar 2017, 15:50

““Gənclik”də çap olunmaq üçün Məmməd İsmayılın bığının altından keçmək lazım deyildi”  

 

1980-ci illərin sonu 90-cı illərin əvvəllərində baş verən ictimai-siyasi dəyişikliklər, SSRİ-nin çökməsi, “xalqlar həbsxanası”nın 70 illik “qırmızı zolağından” çıxan respublikaların müstəqilliyə qovuşması həmin dövlətlərin mətbuatına da təsir göstərdi.


1980-ci illərin sonlarında Azərbaycanda yaşanan Azadlıq hərəkatı, Meydan hadisələri yeni mətbu orqanlara da müstəqil, azad  ruh bəxş  etdi. 1988-ci ildə yaradılan və Azərbaycan tarixində bəlkə də ən çox tirajla satılan jurnal olan “Gənclik” bu cür orqanların önündə gedirdi. Şair Məmməd İsmayılın rəhbərlik etdiyi jurnalın tirajı bir müddət rekord həddə - 300 minə çatdı. Təəssüf ki, ədəbi-mədəni və ictimai jurnal olan “Gənclik”  çox keçmədən tarixə qovuşdu. Bu gün həmin jurnalın yetirmələri Azərbaycan ədəbiyyatında ən önəmli yerləri tuturlar.


Jurnalın ilk baş redaktoru və əsas siması olmuş Məmməd İsmayıl Modern.az saytına müsahibəsində “Gənclik” haqqında maraqlı faktlardan söhbət açıb:

-Əvvəlcə, “Gənclik” jurnalının yaranma tarixçəsindən danışaq...

- Haradasa, 5-6-cı  siniflərdə oxuyanda ədəbiyyat müəllimimiz xəttimin yaxşı olduğunu, ya da gələcəyimin içinə dolan fəhmi ilə sinfin divar qəzetini çıxarmaq üçün mənə böyük kağız verdi və “bir həftəyə divar qəzetini çıxaracaqsan”, dedi. Amma rəhmətlik “bu divar qəzeti nə olan şeydi, necə çıxarılır” məsləhətini vermədi, mən də özümü hər şeyi bilən kimi göstərmək istədiyimdən, ya da çəkindiyimdən bir söz demədim... 
Və qarşıdakı bir həftəni necə keçirdim, bir Allah bilir. Nə isə, bəlkə öz çabalarımla, ya bəlkə hansısa mistik gücün qatqılarıyla qəzeti hazırlayıb müəllimə  göstərdim ki, bu da mənə zövq verdi. Sonra bununla da kifayətlənməyib məktəbin divar qəzetini də mənə hazırlatdı. O zamanlar kimin ağlına gələrdi ki... Amma mənim ağlıma bir şeylər gəldi...
O zamanlar Bakıya qəzetlərə göndərdiyim şeir və məqalələrə bir-iki istisnalarla şablon cavablar verilirdi. İçimdə hər zaman bir istək baş qaldırırdı, "mən olsam", "məndən olsaydı"... və bu “mən olsam”, “məndən olsaydı”larla illər keçəndən sonra şair, jurnalist olmaq arzum yarandı. Hələ Jurnalistika fakültəsinə yox, Kitabxanaçılıq (həm də qiyabi) fakültəsinə daxil olmağım, Jurnalistika və Filologiya fakültələrində oxuyan  tələbələrin biz "Kitabxanaçılıq”dakılara  üstdən aşağı baxmaları içimdəki o “mən olsam”, “məndən olsaydı” duyğusunu birə-beş körüklədi. Beləcə, çeşidli vəzifələrdən keçə-keçə gəlib "Gənclik" jurnalına qovuşdum. Mənə "Gənclik”ə redaktor olmağı təklif edəndə "İşıq" nəşriyyatının direktoru idim, amma tərəddüd etmədən nəşriyyat direktorluğunu "Gənclik"ə dəyişdim. Çünki ilk dəfə idi ki, imkanlarımla arzularım üst-üstə düşürdü.

 

-“Gənclik” jurnalı işıq üzü gördüyü ildə Azərbaycan ədəbiyyatında, mətbuatında hansı boşluqları doldura bildi?

-Bunu bilmək üçün “Gənclik”in çap olunmağa başladığı 1988-ci ildəki Azərbaycan mətbuatı ilə, jurnalın fəaliyyət göstərdiyi illər ərzindəki ədəbi, mətbu mənzərəni müqayisə etsəniz, fərqin və hansı boşluqların doldurulmasının miqyasını özünüz görəcəksiniz.

- Jurnal Azərbaycan ədəbiyyat və mətbuatına nə kimi yeniliklər gətirdi? Hansı orijinallıqlar, özəlliklər jurnalı bu qədər məşhurlaşdırdı?

 

-Özümə görə demirəm, amma “Gənclik” Azərbaycan demokratik mətbuatının ilk qaranquşu oldu, tabu qoyulmuş bir çox mövzuları ilk dəfə mətbuata gətirdi, hər aspektdən orijinal, yeni jurnal oldu. Komsomol orqanı xalqın orqanına döndü. “Gənclik” 5 nəfərlik redaksiya əməkdaşının yox, 300 minlik abunəçi ordusunun müştərək zövqünün jurnalı oldu. Zövqlərin yalnız mərkəzdə deyil, Azərbaycanın hər küncündə də formalaşdırılmasında bu jurnalın rolu əvəzsizdir. Həm dizayn, forma, həm də, yatıb qalan, unudulan, unutdurulan mövzuların gündəmə gətirilməsi baxımından “Gənclik” elə adı kimi yenilik, oyanış  və sıçyarış  oldu. Ölkənin hər yerindən ünvanımıza göndərilən məktubları bir-bir özüm oxuyur və onların jurnalın səhifələrində işıqlanmasına imkan yaradardım. Qısacası, toplum ilk dəfə idi ki, onun ovqatını, ruhunu səhifələrinə daşıyan jurnal görürdü. Bir sözlə, “Gənclik” şanslı, zamanın nəbzini tuta bilən və yolunu, izini itirməkdə olan gəncliyə ən doğru yolu göstərən orqan oldu.

 

-Jurnalın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ədəbi simalardan kimləri misal çəkə bilərsiniz?

-İndi Azərbaycan ədəbiyyatında boy göstərən “80-cilər” nəslinin demək olar hamısı “Gənclik”in səhifələrindən keçib gəlib. Birinin adını çəkib başqasını unutmamaq üçün ümumi dedim. Mənim şeir üslubumu bilirsən, amma deyə bilərəm ki, tamam fərqli bir yönlə ədəbiyyata gəlmək istəyən, o zaman kimsənin yaxına buraxmadığı Həmid Herisçinin, Rasim Qaracanın ilk şeirlərimi  jurnalda mən çap etmişəm. Jurnalın səhifələrinə baxsanız, bunu özünüz də görə bilərsiniz. Kriteriyamız bir idi - yaxşıların yaxşısını seçmək. Jurnalda çap olunmaq üçün Məmməd İsmayılın, yaxud hansısa əməkdaşın bığının altından keçmək lazım deyildi. Azərbaycanın müxtəlif  bölgələrindən redaksiyaya göndərilən məktub və şeirlər növbə gözləmədən jurnal səhifələrinə yol açırdı. Bütün bunlar jurnalı ortaq fikir mərkəzinə çevirmişdi.

 

-Jurnal hansı səbəbdən yayımını dayandırdı?

-Jurnalın yayımının dayandırmasının bir neçə səbəbi var: birincisi, 1992-ci ildə məni heç gözləmədiyim vaxtda AzTV-yə sədr göndərdilər. Bu zaman jurnal bir növ başsız qaldı. Doğrudur, jurnal əvvəlki görünməmiş tirajla çap olunmurdu, kağız qıtlığından bəzən, iki nömrəni birləşdirib çap edirdik. Bayaq dediyim “başsız qaldı” ifadəsi bəlkə də, sərt alındı. Çünki jurnalda Hüseyn Əfəndi, Salam Sarvan kimi istedadlı və bacarıqlı işçilər çalışırdılar. Amma formal da olsa, jurnal hələ də Azərbaycan Mərkəzi Komitəsinin orqanı idi.
“Gənclik” 300 min tirajla çıxan zamanda haqları olmaya–olmaya jurnalın qazandığı gəlirləri mənimsəyən komsomol fəalları müstəqillik dövründə jurnala deyil, heç özləri-özlərinə də sahib çıxa bilmədilər.  Ona görə də jurnalı qapadıb yerinə “ PS Gənclik” adlı qəzet açdılar. O qəzet də Hüseyn Əfəndi dünyasını dəyişəndən sonra qapandı. Beləcə, “Gənclik” çox təəssüf ki, tarixə çevrildi. 
Bu taleyinə, keçdiyi yola görə mən “Gənclik”i  kosmosun dərinliyindən Yer kürəsinə yaxınlaşan və ona yeni enerji yükləyən quyruqlu ulduza bənzədirəm. “Gənclik” də o quyruqlu komet kimi gəlişi ilə Azərbaycan mətbuatında fərqli aura yaradıb, şərəfli tarixinə qovuşdu.

-Bu gün “Gənclik” jurnalının yeri nə dərəcədə hiss olunur?

-Bu sualın cavabını, bugünkü Azərbaycan gəncliyi-sizlər verməlisiniz!

 

E.Nazimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu