Modern.az

Ermənistanın “cəsəd alveri” - Məqsəd nədir?

Ermənistanın “cəsəd alveri” - Məqsəd nədir?

26 Yanvar 2017, 16:08

Ermənistan 1 aya yaxındır ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədini Azərbaycana qaytarmaqdan imtina edir. Bütün beynəlxalq konvensiyaları və humanizm prinsiplərini pozan düşmən ölkə AŞPA, ABŞ Dövlət Departamenti, Rusiya XİN-i, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s. beynəlxalq qurumların çağırışlarına da məhəl qoymur.

 

Rəsmi Yerevan qeyri-sivil addımını pərdələmək üçün guya 29 dekabrda insidentin baş verdiyi istiqamətdə istintaq işlərinin yekunlaşmadığını bəhanə gətirir.

 

Çingiz Qurbanovun cəsədi ilə bağlı cərəyan edən belə hadisələr ilk deyil. Belə ki, 2014-cü il iyunun 19-da Tərtər istiqamətində baş verən döyüş zamanı təkbaşına 5 erməni hərbçisini öldürüb 3-nü yaralayan gizir Mübariz İbrahimovun da cəsədi uzun müddət Azərbaycan tərəfinə qaytarılmırdı. Hətta məsələ ilə bağlı bütün ermənilərin katolikosu II Qaregin Ermənistan prezidenti Serj Sarkisyana da müraciət etmişdi.
Yalınz bu müraciətdən sonra 2014-cü il noyabrın 6-da Mübariz İbrahimovun cəsədi digər şəhid hərbçi Fərid Əhmədovun meyiti ilə birlikdə Azərbaycan tərəfinə geri qaytarılmışdı.

 

Düşmənin meyitlərimizi qaytarmamağı hansı məqsədlə etdiyini söyləmək asandır. Bu həm Azərbaycan tərəfinə psixoloji təsir göstərmək, həm cəmiyyətimizə qarşı əsəb müharibəsi aparmaq və həm də qarşı tərəfə göz dağı vermək məqsədi güdür.
Paralel olaraq, bu, Ermənistan rəhbərliyinin də stress içində olduğunu və uğursuz diversiyalara, verdikləri qeyri-bərabər itkilərə görə meyitdən qisas almaq, öz cəmiyyətlərinə müəyyən sakitləşdirici mesajlar göndərmək məqsədi daşıyır.

Psixoloji müharibənin daha bir elementi isə hərbçimizin cəsədinin fotolarının yayılmasıdır. Bu çirkin propaqanda metodu Mübariz İbrahimovun əlləri bağlı fotosunun yayılmasında da, həmçinin son insident zamanı Çingiz Qurbanovun cəsədinin fotosunun bir neçə dəfə tirajlanmasında özünü göstərib.

 

Məqsədindən asılı olmayaraq, rəsmi Yerevanın hərbçimizin meyitini qaytarmaması XXI əsr kontekstində orta əsr müharibə metodlarını xatırladır.  

   

Dünya praktikasında düşmən əsgərinin cəsədinin qaytarılmaması faktı müasir dövrdə müşahidə olunmayıb. Sonuncu belə fakt 2014-cü ilin avqustunda İsrail ordusu Qəzza sektorunda “Sarsılmaz Qaya” əməliyyatını keçirən zaman qeydə alınıb. Həmin vaxt “Həmas” təşkilatı İsrail ordusunun 2 hərbçisi – Benay Sarel və Liel Qidonini öldürmüş, leytenant Adar Qoldini isə qaçırmışdı. Sonradan onun döyüşdə öldürüldüyü məlum olsa da, “Həmas” bu günə qədər onun cəsədini İsrailə qaytarmayıb.

 

Məhz bu insidentdən sonra rəsmi Təl-Əviv terror hücumları zamanı öldürülən fələstinli terrorçuların meyitlərinin ailələrinə verilməməsi haqda qərar qəbul edib.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!