Modern.az

Rusiyada qadınlar kişilərdən 10 milyon nəfər çoxdur

Rusiyada qadınlar kişilərdən 10 milyon nəfər çoxdur

28 Mart 2011, 14:56

2010-cu il oktyabrın 14-dən 25-dək keçirilmiş ümumrusiya siyahıyaalmasında Rusiyada daimi yaşayan 142 milyon 905,2 min nəfər qeydə alınıb. 2002-ci ilin siyahıyaalması ilə müqayisədə Rusiya əhalisinin sayı 2,2 milyon nəfər və ya 1,6 faiz azalıb. 
Siyahıyaalmanın ilkin yekunları “Rossiyskaya qazeta”da dərc edilib. (AzərTAc)
Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sayının azalmasına səbəb son iki siyahıyaalma arasındakı müddətdə miqrasiyanın artması fonunda əhalinin təbii azalması (ölənlərin sayının doğulanların sayından çox olması) ilə əlaqədardır.
Əvvəlki kimi yenə də əhalinin ən çox məskunlaşdığı federal dairələr Mərkəz, Volqaboyu və Sibir federal dairələridir. Bu bölgələrin ərazisində ölkə əhalisinin 61 faizdən çoxu yaşayır. 2002-ci ilin siyahıyaalması ilə müqayisədə RF-nin 63 subyektində əhalinin sayı azalmış, 20 subyektdə isə artıb.
Rusiya urbanizasiyanın yüksək səviyyədə olduğu ölkə kimi qalmaqdadır. 2002-ci ilsə şəhər əhalisinin sayı 73,3 faiz təşkil etdiyi halda 2010-cu ildə bu göstərici 73,7 faizə bərabər olub.
Siyahıyaalmanın ilkin yekunlarına görə, Rusiya əhalisi üçün səciyyəvi hal – qadınların sayının kişilərdən xeyli çox olması tendensiyası davam edir. 2002-ci ildə bu fərq 9 milyon 956 min nəfər olduğu halda 2010-cu ildə 10 milyon 495 min nəfərə çatıb. Siyahıyaalma prosesində 66 milyon 205 min kişi və 76 milyon 700 min qadın qeydə alınıb.
Kişilərin və qadınların say nisbətinin bir qədər pisləşməsi kişilər arasında vaxtsız ölüm göstəricisinin yüksək olması ilə əlaqədardır.
Siyahıyaalmanın son nəticələri 2013-cü ildə dərc ediləcək. Bu sənəd 11 cilddən ibarət olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir