Modern.az

Rəşid Behbudov - 100: Sənətə və yubileyə yaraşmayan ifalar

Rəşid Behbudov - 100: Sənətə və yubileyə yaraşmayan ifalar

27 Yanvar 2017, 13:23

Ariz Abduləliyev

 

1. Sərəncam, tədbirlər və  yekun konserti

 

Azərbaycan Prezidentinin Rəşid Behbudovun anadan olmasının 100 illik yubeliyinin keçirilməsi haqqında 18 mart, 2015-ci tarixli sərəncamı ölkə içtimaiyyəti tərəfindən rəğbət və sevinclə qarşılandı. Öz səsi, ifası, sənətkarlığı, peşəkarlığı, mədəniyyəti, xidmətləri, konsertləri, qastrolları, təşkilatçılığı, sənətə sevgisi və məsuliyyəti ilə Azərbaycan musiqi mədəniyyətinin, professional ifaçılıq sənətinin və mahnı estradasının hər zaman yüksəlişini təmin edən, onun inkişafına, təbliğinə, xaricdə tanınmasına və sevilməsinə səbəb olan, zəngin sənət irsi və oxuma məktəbi yaradan Rəşid Behbudova dövlət tərəfindən verilən belə yüksək dəyər, həm də bu böyük sənətkarımıza sönməz xalq məhəbbətinin bariz ifadəsidir.

Sərəncamdan sonra paytaxtda, bölgələrdə, xarici ölkələrdə (Türkiyədə, İzraildə, Gürcüstanda, Rusiyada, Avstriyada, Vaşinqtonda  və s.) Rəşid Behbudovun 100 illiyi münasibətilə müxtəlif tədbirlər – gecələr, konsertlər, konfranslar gündəmə gəldi. Bu dəyərli mədəniyyət hadisəsinin zirvəsi, əlbəttə, Rəşid Behbudovun adını daşıyan prospektdə sənətkarın heykəlinin açılışı oldu. Rəşid Behbudovun yaratdığı və onun adını daşıyan Dövlət Mahnı Teatrı qarşısında qoyulan bu abidə onun xidmətlərinə, sənətkarlığına ehtiramın, sönməyən dinləyici sevgisinin əbədi bir rəmzinə çevrildi. Bu sərəncama, bu diqqətə görə hər birimiz minnətdarıq.

Prezidentin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi (MTN) tərəfindən hazırlanan və həyata keçirilən tədbirlər planına dekabrın 14-də Heydər Əliyev Sarayında yubiley gecəsi ilə yekun vuruldu. Yubiley gecəsi Rəşid Behbudovun repertuarındakı mahnılardan təşkil olunmuşdu. Müğənnilər, orkestrlər Rəşid Behbudovun oxuduğu mahnıları onun bu yubiley konsertində bir daha səsləndirdilər. Amma nədənsə Rəşid Behbudovun yubiley tədbiri əvvəldən sona qədər qaranlıq məkanda icra olundu. Zal da, səhnə də alaqaranlığa bürünmüşdü. Belə işıqlanma konsert boyu Rəşid Behbudovun ifalarından ibarət video-kadrların nümayişi üçün idimi? Yoxsa, işığa və ödəniləcək işıq puluna qənaət üçün idimi? Bəlkə belə qara işıqlanma ilə tədbirə elitar görkəm vermək istədilər? Axı Rəşid Behbudovun yaradıcılığı, sənət fəaliyyəti haqqında nazirin nitqi də alaqaranlıq məkanda baş verdi. Bəlkə bu formatda olan bir neçə saatlıq konsertləri hər dəfə tamaşaçılara qaranlıq zalda və qaranlıq səhnədə təqdim etmək kimlərinsə vahid iş metodudur, dəyişməz ənənəsidir və ya texniki dizaynı, şəxsi zövqüdür, yoxsa qənaət rejimidir?

 

2. Səsi, istedadı, peşəkarlığı və məsuliyyəti olmayan və ya az olan ifaçılar  

 

Mən konsertin və ifaların üzərində dayanmaq istəyirəm. Bir daha vurğulayım ki, yubiley gecəsi Rəşid Behbudovun oxuduğu mahnılardan təşkil olunmuşdu. Yubilyarın ifasının video-nümayişindən sonra həmin mahnını proqram üzrə növbəti müğənni ifa edirdi. Açığı, bir neçə müğənni – Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Ramil Hüseynov, bir az da Brilyant Dadaşova istisna olmaqla, digər müğənnilər etimadı doğrultmadılar, gözləniləndən aşağı səviyyədə oxudular.


Birincisi, bu konsertin Rəşid Behbudovun yubileyinə həsr olunması və yubiley tədbirlərinin yekunu kimi təşkil edilməsi dəvətli müğənnilər tərəfindən mütləq nəzərə alınmalı və onlar öz ifalarına son dərəcə məsuliyyətlə hazırlaşmalı idilər. İkincisi, onlar bir ifaçı, musiqiçi kimi başa düşməli idilər ki, Rəşid Behbudovun yubileyində onun repertuarını oxuyurlur və bu mahnıları Rəşid Behbudov kimi də olmasa, ən azı normal professional səviyyədə ifa etmələri vacibdir. Üçüncüsü, Rəşid Behbudovin yubileyinə dəvətli olan iki min tamaşaçı qarşısında böyük sənətkarın oxuduğu mahnıları oxumağın peşə məsuliyyəti müğənillər tərəfindən mütləq başa düşülməli idi. Təəssüf ki, belə olmadı və əksinə, Rəşid Behbudovun ifası fonunda müğənnilərin aşağı səviyyəli, qeyri-peşəkar və xaric oxumaları özünü daha aşkar büruzə verdi.


Konserti izlədikcə, müğənniləri dinlədikcə açıq-aşkar eşidilirdi ki, onlar orkestrlə, müşayiətçi ilə az məşq ediblər və ya mahnıları yaxşı, mükəmməl öyrənməyiblər. Qeyd etdiyim kimi, bu, məsuliyyət, istedad və peşəkarlıq məsələsidir. Sanki ötən ilin tədbirlərinə son vurmaq naminə, yubileyi sonlandırmaq xatirinə, necə deyərlər, öhdəyə düşən daha bir işə də “ quş qoymaq” naminə tədbir bu cür tələm-tələsik yola verildi; candərdi gəldilər, candərdi oxudular və candərdi alqışlaşlandılar. Bir də axı səsi, istedadı, ifaçılıq səviyyəsi olmayan müğənnini heç vaxt və heç yerdə ürəkdən alqışlamırlar, belələrinə sadəcə, etika naminə əl çalırlar, necə ki, bu konsertdə oxuyan əksər müğənnilərə münasibətdə bu, bir daha  baş verdi.

 

3. Həmişə öyrənməli, çalışmalı, məşq etməli və peşə səviyyəni artırmalısan – Rəşid Behbudov belə öyrədirdi!

 

Bəstəkarların, ifaçıların yubiley tədbirlərində oxuyan müğənillər ifa etidiyi mahnının üzərində həftələrlə, günlərlə, saatlarla məşq etməli, mahnının hər notunu, hər səsini düzgün çatdırmalı, musiqini düz oxumalı, mahnının intonasiyalarını düz, olduğu kimi tələffüz etməlidir. Bunun əksinə, Rəşid Behbudovun yubileyinə həsr olunan konsertdə müğənnilər tərəfindən açıq-aşkar sərgilənən məsuliyyətsiz yanaşma onların qeyri-peşəkar ifalarında, düz olmayan səslərində, bəzi notları hətta xaric oxumalarında özünü bir daha əyani təsdiqlədi. Səhnəyə, dinləyici qarşısına bu qədər də məsuliyyətsiz, hazırlıqsız, bu qədər də özündənrazı çıxarlar? Niyə başa düşmürsən ki, belə konsertlər sənin səsin, qeyri-peşəkar oxumağın, yalandan naz-qəmzə (bu kişilərə də aiddir) ilə gülümsəməyin və təriflərindən qat-qat aşağı qabiliyyətin üçün deyil? Buyur, toylarda fonoqramın fonunda ağzını nə qədər istəyirsən aç-yum, nə qədər istəyirsən qiymətini yalandan qaldırıb çox pul al, amma Allah eşqinə konsertlərə, efirlərə soxulma. Efirlərə və konsertlərə çox hallarda bir-iki məşqdən sonra çıxan müğənillərin əksəriyyətində isə elə bil “əvəzsiz ifaçı”, “ələdüşməz səs sahibi”, “alternativi olmayan müğənni”, “həmişə axtarılan musiqiçi” sindromları yaranıb. Sanki “yaxşı oxusam da, oxumasam da əl çalacaqlar”, “mütləq çağıracaqlar” əminliyinə düçar olublar. Bu nə səsdir, bu nə oxumaqdır? Bu nə yarıtmaz psixologiyadır? Niyə başa düşmürlər ki, Rəşid Behbudov kimi qüdrətli, şöhrətli ifaçı, elə bir əvəzolunmaz səsin və sənətkarlığın sahibi hər gün saatlarla məşq edirdi. Amma bizim müğənnilər Rəşid Behbudovun sənətkarlığı, xidmətləri, səsi, oxumağı qarşısında məsuliyyət, ciddilik göstərmək əvəzinə, çılız səs və aşağı ifa imkanları ilə, bəziləri isə hazırlıqsız və məsuliyyətsiz ifaları ilə yubiley konsertinin profesional səviyyəsini çox aşağıladılar.

 

4. Sənətin dəyişməyən tələbləri: səs, istedad, zəhmət, məsuliyyət

 

Yalançı molla “cəddinə” arxayın olan sayaq, bunlar da fəxri adlarına, şöhrətlərinə, “xalaxətir” dinləyici alqışına, “nazirliklər, İH-lər, TV-lər, müəssisələr, şadlıq sarayları, restoranlar tərəfindən həmişə axtarılan musiqiçi”, “provitelstvennıy muzıkant” kimi özünəvurğunluq və şöhrətpərəstlik mərəzlərinə, “ortaq populyarlıq”larına arxayındırlar. Hələ üstəlik sənət, səhnə və dinləyici qarşısındakı məsuliyyətsizliklərini, qeyri-peşəkar ifalarını, pis və düz olmayan oxumalarını və çalmalarını bu kimi “statuslarının”, fəxri adlarının və şöhrətlərinin, efir “qəhrəmanlıqlarının” fonunda gizlətmək, yayındırmaq, unutdurmaq istəyirlər. Amma bilmirlər ki, hansı fəxri adı daşısan da, nə qədər təriflənsən də, sənətdə və səhnədə heç nəyi gizlətmək mümkün olmur – sənətdə kimsənsə, hara qədərsənsə, ifalarında da məhz o cür, o qədər görünürsən. Daha bilimirlər ki, dinləyici pis ifaya da əl çala bilir və bu, alqış deyil, etika naminə çəpik çalmaqdır.  

 

5. Utandınızmı?!

 

Bu konsertin səviyyəsiz, xaric, candərdi, qeyri-peşəkar ifalarını qonaq bir musiqiçi əməlli-başlı ifşa elədi. Tbilisidən dəvətli olan, Gürcüstanın xalq artistini nəzərdə tuturam. Nə yaxşı ki, ona səhnə verilməsi yubiley tədbirinin təşkilati səviyyəsini də, bədii səviyyəsini də bir xeyli işıqlandırdı. Dinləyicilər onun ifasına ünvanladıqları sürəkli alqışıları ilə, “bravo”ları ilə həm də oxuya bilməyən, səsi olmayan, üzərində işləmək istəməyən müğənnilərimizə düzgün rəy bildirdilər, onlara öz sözlərini yaxşıca dedilər.

Xatırlatmaq istəyirəm ki, Rəşid Behbudovun bioqrafiyasında Tbilisinin professional musiqi mühiti də vardır. Xoşbəxtlikdən sənətkar gənclik illərində gürcü vokal məktəbində lazımınca təcrübə keçibdir, səsinin vokal imkanlarını artırıbdır, peşəkar vokalçılıq təcrübəsi, peşəkar vokal ifaçılığı və sənət dostları qazanıbdır. Onlardan biri – xeyli yaşı olan, Gürcüstanın şöhrətli vokalçısı, R.Behbudovun sənət dostu öz ifası ilə bu tədbirə əsl dost və əsl sənətkar töhfəsini verdi. Onun təqdim etdiyi oxuma yubiley konsertinin zirvə ifası oldu. Gürcüstan vokalçısının klassik operalardan oxuduğu iki ariya bu yubiley konsertinə professional səviyyə aşıladı. Onu alqışladırlar, məhz peşəkar səviyyəli ifaçı, möhtəşəm vokal-səs sahibi kimi alqışladılar. Rəşid Behbudov kimi qüdrətli sənətkarın yubileyinə məhz belə oxumaq, belə səs, belə ifa və ifaçı yaraşır.  Daha...

Şübhəsiz, ifaçını alqışlamaqla, ona əl çalmağın fərqini təkcə dinləyicilər yox, ifaçılar özləri də bilirlər. Görəsən, mahnıları, notları düz oxuya bilməyən, yaxud səsi olmaya-olmaya ortaya düşüb “estrada müğənniliyi” ilə sənət aləmini özünə güldürən və ya Avropa dinləyicisinin qarşısına vokalçı adı ilə çıxıb özünü biabır edən “istedadlı və görkəmli” müğənnilərimiz bu Gürcüstan vokalçısının oxumağından sonra özlərindən utandılarmı? Görəsən, belələrini səhnəyə buraxanlar, heç olmasa bundan sonra səhnəyə yalnız oxuya bilənləri çıxaracaqlarmı? Səsin, ifanın, düz oxumağın nə demək olduğunu, səhnənin və sənətin qarşısında peşə məsuliyyətinin nə demək olduğunu başa düşdülərmi?

 

6. Lovğalıq, düz olmayan ifalar, qeyri-peşərkarlıq...

 

Mən bu müğənnilərin adını ona görə çəkmirəm ki, onların kimliyini konsertdəki dinləyicilər də, “Mədəniyyət” kanalında yayımlanan bu konserti izləylənlər də, konsertdəki musiqiçilər də, özləri də çox yaxşı bilirlər. Onları hər gün, hər həftə tekanallarda görür və eşidirsiniz. Təəssüf olunasıdır ki, gələcək nəsillər fondlarda qorunan bu və bu sayaq konsertləri nə vaxtsa dinləsələr, müğənniləri Rəşid Behbudova və onun repertuarına sayğısızlıqda, belələrini tərifləyə-təriflərə səhnəyə və efirə buraxanları isə əsl istedadlara və sənətə qarşı məsuliyyətsizlikdə qınayacaqlar, mütləq qınayacaqlar. Belə də səs, belə də oxumaq, belə də məsuliyyətsizlik olar? Musiqiçi nə qədər qeyri-peşəkar, istedadsız və məsuliyyətsiz olmalıdır ki, repertuarını axıra qədər mükəmməl və dəqiq öyrənmədən efirlərə, konsertlərə çıxsın?     

 

7. İncəsənətdə aşağı peşəkarlığın və “cib iştahının” əlaqəsinə dair: qazanan kim, uduzan kim

 

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Deyək ki, bu cür “pravitelstvennıy” konsertləri təşkil edənlərin öz ambisiyaları, maraqları olur. Olsun. İncəsənətdə və mədəniyyətdə də bazar iqtisadiyyatının qanunları hökmranlıq edir. Hərənin öz çəkisinə görə, imkanına görə, postuna və səlahiyyətinə görə, öz adətkarlığına görə öz “cib iştahası” var. Olsun. Amma bazar iqtisadiyyatı bizim hər sahədə yaratdığımız “bazarlar”dan deyil. Musiqi incəsənətini, konsertləri,  səhnəni, efiri hərə öz “müğənni və çalğıçı” komandası ilə və öz “cib iştahasına” görə beləcə “yola verirsə”, onları öz vergili və ya vergisiz qonararlarının dövriyyəsinə daxil edirsə, bundan uduzan yenə də musiqimiz, ifaçılıq sənətimiz, zövqlərimiz, bədii tərbiyəmiz, mədəniyyətimiz, istedadlı gənclərimiz, milli kimliyimiz olur. Sənət və sənətkarlıqla, ifa və peşəkarlıqla bu qədər “komediya” yapmaqmı olar? Elə bil eyni müğənnilərin “göbəyi” birdəfəlik MTN-nin, İH-lərin, AzTV-nin, özəl telekanalların, radioların şoularında kəsilibdir və bunların arasında “daimi  komanda” müqaviləsi imzalanıbdır. Belələri efirlərə, konsertlərə, tədbirlərə, Məşdibad demiş, “o qədər adətkarda” olublar ki, artıq zəhmət çəkib hazırlaşmağa da, mahnı üzərində işləməyə də, səsləri, notları düz oxumağa da, yüzlərlə, minlərlə, milyonlarla tamaşaçı qarşısında peşə məsuliyyətini dərk etməyə də, fonoqramsız oxumağa da həvəsləri yoxdur. Gündəmi zəbt etmələri, populyarlığın “yalançı işıq effektləri”, aldıqları fəxri adlar, qazandıqları pullar, şərikli qonorarlar, məmurların “zövq məclislərində” oxuyub-çalmaları, onların “pulsilən” layihə və tədbirlərinə qatılmaları, təriflənmələri, iş adamlarından aldıqları “hörmətlər” bunları, deyəsən axı, yamanca çaşdırıbdır. Hətta belə-belə işlər onları elə səviyyəyə çatdırıb və çaşdırıb ki, “nə oxusam da, necə oxusam da, mən mənəm”, “mən əvəzolunmaz və məhşur ifaçıyam” kimi anti-sənət psixologiyasının (virusunun) fəal daşıyıcılarına çevriliblər, dahilik və əvəzolunmazlıq mərəzinə tutulublar. Artıq anlaya bilmirlər ki, səsləri yoxdur, vokal imkanları çox məhduddur, peşəkarlıq səviyyələri aşağıdır, notları, ayrı-ayrı səsləri, nəqəratları düz və ya təmiz oxuya bilmirlər. Daha bilmirlər ki, telefon zəngi ilə, tapşırıqla, “görüm-baxımla”, “qurşaqdan aşağı” oyun qaydaları və s. ilə konsertə, efirə hər gün çıxmaq olar, amma sənətkar, ifaçı, səs sahibi olmaq olmaz. Az-maz qabiliyyətləri olanlar isə nədənsə üzərlərində həmişə işləmək, sənətin fəhləsi kimi zəhmət çəkmək, gündəlik hazırlaşmaq, həmişə peşəkar hazırlıq səviyyəsində olmaq istəmirlər. Fakt: Rəşid Behbudovun adına, yubelyinə yaraşmayan son dekabr konserti.

 

8. Ah, bu gündən-günə biabırlaşan orkestrlərimiz...

 

Bu konsertdə kamera və simfonik orkestrlərimiz isə öz “ənənələrinə” sadiq qalaraq, yenə də xaric çaldılar. Təəccüblü heç nə yoxdur. Professional musiqi ictimaiyyəti dövlət orkestrlərimizin aşağı səviyyəli, xaric ifalarına artıq alışıblar. Ayıb olsun, vallah. Özlərindən o qədər razıdırlar ki, yaşadıqları şöhrət, lovğalıq və populyarlıq  sindromları onları elə bir “professional ucalıq” məqamına endirib ki, qulaqları öz xaric ifalarını da, məlasəf, eşidə bilmir. Simfonik və kamera orkestrlərimizin beynəlxalq arenalarda qazandıqları “provinsiya orkestri”, “əyalət musiqiçiləri” kateqoriyası bu dirijorların da, orkestrantların da zatən öz natəmiz ifalarını eşitməyən “professional” və özündənrazı qulaqlarından qaynaqlanır. Mən bu konsertdə bir şeydən də çox hayıfsılandım: səhnə qaranlıq olduğundan sayın Teymur Göyçayevin qarşıdan orkestrə, arxadan zala elədiyi nadir dirijorluq mesajlarından təəssüf ki, bu dəfə əsl şou əyləncəsi ala bilmədim.   

 

9. Səsi fərqləndirməyin və qiymətləndirməyin vaxtı çoxdan çatıb, cənablar

 

Mən bir məsələni də qeyd etmək istəyirəm. Xanəndə səsi Allah vergisidir. Bu səs dəstgah və təsnif musiqisini, xalq mahnılarını oxumaq üçün yaranıb. Xanəndələrə klassik vokalın dərsini verənlər, onlara bəstəkar mahnılarını xaric də olsa oxutduranlar, bir tərəfdən xanəndə səsinin spesifik fizioloji özəllliklərini təhlükə qarşısında qoyurlar, bir tərəfdən çox istedadlı xanəndələrdə ifaçılıq imkanlarının qarşısını alırlar, bir tərəfdən də muğam-xanəndə ifaçılığına ciddi zərbə vururlar. Məşhur Bülbülü xatırlayın. O, xanəndəlikdən vokala keçəndən sonra səsi bir müddət tutuldu, çünki səsin fərqli genetik formatlarını, fərqli fizioloji quruluşlarını və oxuma texnikasını dəyişmişdi, amma nə yaxşı ki, tale üzünə güldü, xoşbəxtlikdən səsi bərpa olundu və vokal dərsləri alaraq, xanəndədən professional opera vokalçısına, mahnı-romans müğənnisinə çevrildi. Lakin vokala keçəndən sonra, xanəndəliyə və dəstgahlara bir daha qayıtmadı, düz də elədi. Başlıcası, Bülbül klassik vokalın peşəkarı, ustadı olandan sonra muğamı da, xalq mahnılarını da xanəndə kimi yox, məhz vokalçı kimi oxudu. Artıq on ildən çoxdur ki, istedadlı gənc xanəndələr öz istəyi və ya kimlərinsə “dahiyanə” təşəbbüsü ilə mahnıların vokal ifasına keçəndən sonra xanəndə boğazının spesifik özəlliklərini itirirlər və nəticədə bəstəkar mahnıları kimi muğamı da düz oxuya bilmirlər. Bu, həqiqətdir. Həm də ayrıca və vacib bir mövzudur. Və bu barədə sonra. 

 

10. Yenə də?!

 

Qarşıdan Heydər Əliyev Sarayında Tofir Quliyevə həsr olunan konsert tədbiri gəlir. Yanvarın 31-də. Bravo! Amma... Anonsları izləyəndə yenə həmin və yenə də o cür oxuyan titullu-tutilsuz müğənnilərin, xanəndələrin adına rast gəldim. Yenə də səsi olmayanlar, özündən razılığı sənətindən ağır gələnlər, yenə də istedadsızlar, sənətin və ifaçılığın məsuliyyətini bilməyənlər, yenə də həmin lazımsız “komandanın” ərköyünləşmiş oxuyub-çalanları, yenə də təmiz və düz oxumayanlar... Ayıb olsun sizlərə! Təsəvvür edəndə ki, səsləri olmayan, bəstəkar mahnılarını oxuya bilməyən, yaxud notları düz və təmiz səsləndirə bilməyən həmin müğənnilər və xanəndələr bu dəfə də Tofiq Quliyevin mahnılarını aşağı səviyyədə oxuyacaqlar, həm də özlərindən çox razı bir şəkildə...

Bazar olsun, ey “çal-çağır komandası”, “qonorar komandası”, “bazarlaşma komandası”.  

Qəmin kəm, Rəşid Behbudov. Qəmin kəm, Tofiq Quliyev.                                   

 

11. Zatən nəyi bacarırıq?!

 

Yeri gəlmişkən, bu yaxınlarda görkəmli mahnı bəstəkarı Raymond Paulsun yaradıcılıq gecəsini Rusiya telekanallarından biri ilə izlədim. Bu konsertdə möhtəşəm təşkilatçılıq, professional səhnə tərtibatı və işıq, səs rejissorluğu, ən başlıcası, mahnıların yüksək professional ifası, müğənnilərin səs imkanları bizimkilər ilə müqayisədə məndə təəssüf yaratdı. Paulsun bir-birindən gözəl mahnılarından, müğənnilərin ifasından, orkestrin ideal səslənməsindən, konsertin səviyyəsindən nə qədər böyük zövq yaşadımsa, bir o qədər də təəccüb və təəssüf keşirdim. Görəsən, biz öz sənət xadimlərimizə niyə ruslar qədər də dəyər verə, hörmət edə, məsuliyyətlə yanaşa və onlara layiq olan səviyyədə konsertlər təşkil edə bilmirik? Görəsən, biz nəyi və necə bacarırıq?   

                  


P.S.
CNN kanalı 2016-nı “musiqinin öldüyü il” adlandırdı, nədən ki, həmin il dünyanın bəzi görkəmli, şöhrətli caz, rok, pop, estrada sənətçiləri vəfat etdilər. 2016-cı ilin sənət həyatına isə Bakıda Rəşid Behbudovun yubileyi ilə yekun vuruldu - cismani olmasa da, irsi, sənəti və ifası daim sevilən və heç vaxt ölməyən dahi musiqiçi. Böyük musiqiçinin ölümü nə onun sənətkarlığını, nə də musiqinin özünü öldürə bilir. Tarixdə musiqinin öldüyü il olmayıb və olmayacaq da. Fəqət sənəti – onu öldürən dirilərdən qorumaq lazımdır. Mən yubiley konsertindəki zəif ifaları “musiqinin öldüyü gün” adlandıra bilərdim. Amma yox, çünki o konsertdə  musiqini yaşadan Rəşid Behbudov da oxudu.  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı