Modern.az

Fazil Əhməd Burget: "Əfqanıstana bir türk prezidentlik edəcəkdi, ABŞ qoymadı"

Fazil Əhməd Burget:  "Əfqanıstana bir türk prezidentlik edəcəkdi, ABŞ qoymadı"

28 Mart 2011, 15:27

"Türkiyənin istəyi ilə General Dostum Karzaini dəstəkləməsəydi, onun seçilmək şansı yox idi"

"Xalq bəzən öz problemlərinin həlli üçün dövlətə deyil, Talibana müraciət edir"


Əfqanıstan türklərinin fəallarından olan Fazil Əhməd Burget "Türküstan" qəzetinin suallarını cavablandırıb. Modern.az saytı həmin müsahibəni təqdim edir.

Arayış - Fazil Əhməd Burget orta təhsilini Əfqanıstanda alıb. 1993-cü ildə Türkiyəyə gedib. İzmirdə Egey Universiteti Ədəbiyyat fakültəsi Türkologiya bölümündə təhsil alıb. Bir müddət İstanbulda Əfqanıstan Türkləri Beynəlxalq Yardımlaşma Dərnəyində mətbuat müşaviri işləyib. 2000-ci ildə Ankaraya gedib. Qazi Universiteti, İctimai Elmlər İnstitutunda Yaxın Tarix kafedrasında magistratura təhsili alıb. 2001-2005-ci illər arasında Avrasiya Strateci Araşdırmalar Mərkəzidə aparıcı mütəxəssis işləyib. 2005-ci ildə Əfqanıstana qayıdıb və Kabil Universitetində müəllim işləməyə başlayıb. Eyni zamanda Əfqanıstanda Özbək Türkcəsi ilə ilk dəfə nəşr olunan qəzetin redaktorudur. Əfqanıstan Milli İslami Cünbeş Partiyasının idarə heyətinin üzvüdür. 

- Fazil bəy, Əfqanıstandakı mövcud mənzərəni necə ifadə edərdiniz?

- Əfqanıstanda otuz ildir müharibə gedir. Bu, ölkəni ictimai, iqtisadi, mədəni və siyasi baxımdan demək olar ki, darmadağın etmişdir. Başqa sözlə bu müharibələrin dağıntılarının altında yeni bir sistem qurmaq çox da asan deyil. 1979-cu ildə Əfqanıstan keçmiş Sovetlər Birliyi tərəfindən işğala uğradı. Onsuz da Əfqanıstan xalqı arasında ciddi nüfuza sahib olan siyasi İslam üçün bu işğal, siyasi mübarizənin silahlı qarşıdurmaya çevrilməsi baxımından bir bəhanə və hətta ciddi bir fürsət oldu. Bu səbəblə işğal dövründə Pakistana yerləşən bir sıra siyasi islamçı liderlər başlanğıcda tək bir güc olaraq işğala qarşı vuruşsalar da, bir müddət sonra mənsub olduqları etnik və ictimai liderlər ətrafına qruplaşmağa başladılar. Bu da öz təsirini Əfqanıstanda fərqli silahlı qruplarda göstərdi. Sovet işğalından sonra və Əfqanıstanda kommunist reciminin yıxılmasından sonra, ölkədəki qarşıdurmalar da etnik xarakter almışdır. 1994-cü ildə ortaya çıxıb 2001 sentyabrına qədər ölkənin təxminən %95-ni nəzarətinə alan Taliban isə izlədiyi sıx bir Peştunizm siyasəti ilə ölkədəki etnik qarşıdurmanın zirvəyə çatmasına səbəb olmuşdur. Hazırda Əfqanıstandakı siyasi anlayış demək olar ki, etnik dəyərlərə bağlanmışdır. Onsuz da bu ölkədə tarixin heç bir dövründə müəyyən bir xalq-dövlət (millət-dövlət) anlayışından və ya bu istiqamətdə hər hansı bir siyasi təşəbbüsdən danışmaq çox çətindir. Bu ölkədə həmişə iqtidarda olan etnik qrup sanki bir etnik hakimiyyət siyasəti yürütmüşdür. Yəni Əfqanıstanda etnik əsaslı siyasət demək olar ki, bir ənənə halına gəlmişdir. Bu da təbii olaraq ölkənin sosial-siyasi quruluşuna təsir etmişdir.

Hər keçən gün ölkə daxilində təhlükəsizlik daha da pisləşir. 4, ya da 5 il əvvəl yalnız cənub və cənub-şərq bölgələrlə məhdud olan təhlükəsizlik problemləri, günümüzdə şimal və şimal-qərb bölgələrə də sıçramışdır. Şimalda bir çox mahal Taliban təşkilatının nəzarətindədir. Xalq da öz təhlükəsizliyi üçün Taliban təşkilatı ilə əməkdaşlıq içindədirlər. Əfqanıstan xalqı dövlətə çox güvənmir. Hətta bəzi yerlərdə xalq öz problemlərinin həlli üçün dövlətə deyil, Taliban təşkilatının yerli idarəçilərinə müraciət edir. Bunun iki əhəmiyyətli səbəbi var, biri; Taliban qorxusundan dövlətə müraciət edə bilməmək, ikincisi də Əfqan dövlətinin pis vəziyyətdəki bürokratiyasından (məmurlarından) qaynaqlanmaqdadır. Ən kiçik bir problemin həlli üçün dövlət idarələrində illərlə gözləmək lazım gəlir. Bu səbəblə xalq dövləti bir problem həll edicidən daha çox problemləri böyüdən bir yer kimi görür. Bu da dövlətin bir hökumət problemi ilə də qarşı-qarşıya olduğunu göstərməkdədir. Bütün bunlar Əfqanıstanda problemlərin daha da davam edəcəyinin dəlilləri kimi də görünə bilər. Məncə Əfqanıstanın daha etibarlı bir ölkə halına gəlməsi hələ ki, çox çətin görünür.

- Əfqanıstandakı Türk soyluların vəziyyəti, sayı, qruplar, yerləşdikləri bölgələr barədə məlumat vermənizi istərdik. 

- Əfqanıstandakı Türk soylular anlayışı daha geniş bir anlayışdır. Amma bu gün Əfqanıstan Türkləri deyincə, sayları digər Türk əsllilərdən çox olması, özlərinə aid bir bölgədə yaşamaları və ciddi bir siyasi qurumlara sahib olmaları səbəbi ilə, ağla ilk Özbəklər və Türkmənlər gəlir. Halbuki, sıx şəkildə ölkənin şimal və şimal-şərq bölgələrində yaşayan Özbək, Türkmən, sayıları az da olsa Qazax və Qırğız kimi Türk soyluların yanı sıra, bu ölkənin bir çox bölgəsində assimilyasiyaya uğrayan bir Türk varlığından danışmaq mümkündür. Assimilyasiya olmuş bu Türklərin ən başında şübhəsiz bu gün ciddi bir siyasi gücə çevrilən Xəzərlər (Hazaralar) gəlməkdədir. Xəzərələr farsca danışırlar. Amma, bunların Türk olduqları, ancaq məzhəb olaraq Şiəliyi mənimsədikləri üçün özlərini İrana daha yaxın gördükləri, bu səbəblə də farsca öyrəndikləri və daha sonra öz dillərini itirərək bu dili mənimsədikləri bir çox araşdırmaçılar tərəfindən qəbul edilir. Xəzərələr sıx olaraq ölkənin iç bölgələrində yaşayırlar. Cütçülük, ticarət və heyvandarlıqla məşğul olurlar. Son zamanlarda Əfqanıstan idarəetmə sistemində ciddi dərəcədə nümayəndələri iştirak edir. Özlərinə aid Hizbi Vəhdət adlı siyasi bir partiyaları da var idi. Hizbi Vəhdətin əsl qurucusu 1996-cı ildə Taliban tərəfindən tutularaq öldürülən Adulali Məzarı idi. Lakin Taliban reciminin dağılmasından sonra Məhəmməd Muhakkik, Abdulkərim Xəlili və Mustafa Kazımi liderliyində üç qrupa ayrıldılar. Təbii digər kiçik qrupları da mövcuddur, amma gözə dəyən və ciddiyə alınanlar bu üç siyasi qrupdur. Əfqanıstanda bu günə qədər ciddi bir siyahıyaalma həyata keçirilmədiyi üçün, digər etnik qruplarda olduğu kimi Xəzərələrin də sayıları haqqında qəti bir fikir söyləmək mümkün deyil. Ancaq son məlumatlara görə ölkə əhalisinin təxminən 11%-lik hissəsini təşkil edirlər.

Yenə, assimilyasiyaya məruz qalmış Türk qrupları arasında Tatarlar, Aymaklar, Qızılbaşlar, Afşarlar və Bayatları saymaq mümkündür. Lakin bunlar arasında, Tatarlar və Qızılbaşlar qismən Türklük şüurunu qoruyublar. Digərləri isə yaşadıqları bölgədə əksəriyyətdə olan etnik qruplar içində assimilasyasiyaya uğramışlar və Türk olduqları barədə aydın təsəvvürə malik deyillər. Ciddi mənada bir iş görülsə bunları geri qazanmaq imkanı da mövcuddur. Amma təəsüf ki, bu istiqamətdə heç bir iş görülməmişdir.

- Türklərin mövcud hakimiyyətdə təmsil olunmaq imkanları necədir? 

- Əslində 2001-ci ilin noyabrında keçirilən Bonn Konfransında yeni Əfqanıstan hökuməti, ölkədəki bütün etnik qruplar arasında paylaşdırılarkən, Əfqanıstan Türkləri adına sadəcə Özbəklər və Türkmənlərə 10%-lik pay verilməsi qərarlaşdırılmışdı. Hətta Bonnda bütün qruplar arasında müvəqqəti rəhbərlik üçün keçirilən seçkidə də əslində bir Özbək Türkü olan Əbdülsəttar Siret qalib gəlmişdi. Lakin, ABŞ-ın ciddi müqaviməti nəticəsində Həmid Karzai daha az səs almasına baxmayaraq başçı seçilmişdi. Digər yandan Bonn Konfransının bir çox qərarlarında olduğu kimi, Əfqanıstan Türklərinə hökumətdə verilməsi lazım olan 10%-lik yer məsələsi də reallaşmadı. Bu səbəbdən Əfqanıstan Türkləri nə mərkəzi, nə də yerli hakimiyyətlərdə kifayət qədər rola sahib deyillər.

Bu məqamda bir nüansı qeyd etməkdə fayda vardır: Əfqanıstan Türkləri tarixin müxtəlif dövrlərində, ölkədəki siyasi və hərbi proseslərdə əhəmiyyətli rol oynamışlar. Bilindiyi kimi, 1992-ci ilə qədərki prosesdə ölkədəki kommunist recim getdikcə daha da güclənməyə başlamışdı. Nəcibullah liderliyindəki kommunist recim izlədiyi milli sülh strategiyası ilə mücahid liderlər arasında ciddi şəkildə nüfuz əldə etmişdi. Ancaq o dövrdə General Əbdürrəşid Dustum ilə hökumət arasında çıxan bir problem səbəbi ilə General Dostum hökumətə qarşı qiyam qaldırmışdı. Bunun nəticəsində General Dustum Əhməd şah Məsud ilə əməkdaşlıq edərək Nəcibullah hökumətinə qarşı çevriliş etmiş və beləcə mücahid qrupların iqtidara gəlməsini təmin etmişdi. Yenə eyni şəkildə Taliban reciminin yıxılmasında General Dostumun ciddi rolu olmuşdu. Son olaraq Karzai hökuməti məhv olmaq üzrəykən Əfqanıstan Türklərinin lideri olan General Dostum Türkiyənin istəyi ilə Karzaini dəstəklədi. Beləcə Karzai təxminən öz potensialından 1.5 milyon əlavə səs almış oldu. Məhz bu bu proses Karzaini ikinci dəfə dövlət başçısı olmasını təmin etdi. Başlanğıcda əslində Karzai, yeni hökuməti qurmaq adına Əfqanıstan Türkləri ilə bir koalisiya quracağını söyləmişdi. Ancaq dünyada nümunəsi görülməmiş bir şəkildə dövlət başçısı seçildikdən sonra heç bir sözünü yerini gətirmədi. Hazırda Əfqanıstan hökumətində ya da bu ölkə bürokratiyasında Əfqanıstan Türklərinə çox rol verilmir.

- Əfqanıstandakı Türklərin Türk dünyası ilə əlaqələri hansı səviyyədədir, problemlərini eşitdirə bilirlərmi?

- Türk Dünyası dediyiniz coğrafiya Balkanlardan Çin Səddinə qədər olan bölgəni əhatə edir. Əfqanıstan da, xüsusilə bu ölkənin şimal qisimləri Türk Dünyasının vaz keçilməz bir parçasıdır. Lakin, bu ölkəyə hakim olan fərqli qövmlər buradakı Türk birliyinə və Türklərin digər qardaşları ilə müstəqil əlaqədə olmasına çox icazə verməmişlər. Türk dünyası içərisində daha çox Türkiyə Cümhuriyyəti ilə münasibətlər mövcuddur. Digər Türk respublikaları və ya Türk cəmiyyətləri ilə hansısa ciddi əlaqədən danışmaq hələlik mümkün deyil. Digər yandan Əfqanıstan Türkləri də daha çox problemlərini Türkiyə vasitəsilə Türk dünyasına eşitdirməyə çalışırlar. Lakin bu mövzuda çox da uğurlu deyillər. Türkiyə Əfqanıstandakı Türklərlə bağlı öz siyasətini bu ölkədəki mərkəzi hökumətin Türklərlə bağlı siyasəti əsasənda formalaşdırır. Yəni açıq söyləmək lazımdırsa Türkiyə hökuməti buradakı Türklərdən daha çox Əfqan rəhbərliyi ilə münasibətlərini gücləndirməyə çalışır. Bunun ən ciddi nümunəsini dövlət başçılığı seçkilərində gördük. Türkiyə hökuməti Əfqanıstan Türklərinə Karzainin dəstəkləməsi istiqamətində fəallıq göstərdi. Əfqan rəhbərliyində Türklərə də yer veriləcəyi mövzusunda Türk dövləti zəmanət vermişdi. Nəticədə Karzai dövlət başçısı oldu, amma verilən vədlər yerinə yetirilmədi.

- General Dustumun vəziyyəti daha çox maraq doğurur. Onun durumu hazırda necədir?

- General Dostum, şübhəsiz yalnız Əfqanıstan Türkləri tarixində deyil, ümumiyyətlə Əfqanıstanın müasir tarixində çox əhəmiyyətli proseslərdə yer almış, tarixə imza atmış bir liderdir. İndiki vaxtda hərçənd mərkəzi rəhbərlikdə ciddi bir rolu yoxdur, amma xalq arasında ciddi nüfuza və çox ciddi tərəfdar kütləsinə malikdir. Xüsusilə ölkənin şimalındakı Özbəklər, Türkmənlər, Qazax, Qırğız, Tatar və qismən də Taciklərin böyük dəstəyini arxasına alaraq böyük bir siyasi güc mövqeyinə malikdir. Yuxarı da da qeyd etdiyim kimi son prezident seçkilərində Türkiyənin istəyi ilə General Dostum Karzaini dəstəkləməsəydi Karzainin seçkiləri udmaq şansı yox idi. Bu çox deyilməsə də hamılıqla qəbul olunan gerçəklikdir. Çünki Karzai hakimiyyətdə olduğu 8 il boyunca Əfqanıstan ictimaiyyətin böyük etirazını qazanmışdı. Ona görə gün keçdikcə onun rəqibləri daha da güclənirdi. Xüsusilə ölkənin cənub və cənub-şərq bölgələrində ciddi bir tərəfdara sahib olan və Əhməd şah Məsudun yanında uzun illər işləyərək taciklərin də böyük dəstəyini alan puştun əslli Dr. Abdullah və cənub bölgələrdə ciddi bir tərəfdarı olan və Qərbin ən əhəmiyyətli adamlarından olan Əşrəf Qani Əhmədzai və Xəzərə əslli olub Əfqanıstanın Qandisi kimi də tanınan və Xəzərələr başda olmaqla az qala bütün etnik qruplar arasında tərəfdarı olan Ramazan Başardost kimi liderlər Karzainin ən böyük rəqibləri idi. Bunların qarşısında Karzainin zəif olduğu sanılmaqda idi. Ancaq, seçkilərdə son bir həftə qala General Dostum Türkiyədən Kabilə qayıdaraq Karzaini dəstəklədiyini açıqlayınca demək olar ki, bütün Özbək və Türkmənlər Karzaiyə səs verdilər. Təkcə bu fakt özü kifayət etdi ki, General Dostumun gücü görünsün. Yəni General Dostum yüksək bir kresloya sahib olmasa da, hələ də Əfqanıstandakı siyasi proseslərdə ən ciddi liderlərdən biridir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir