Modern.az

Qanmaz nə deməkdir? - FÜZULİ LÜĞƏTİ

Qanmaz nə deməkdir? - FÜZULİ LÜĞƏTİ

29 Yanvar 2017, 13:06

Mənə həmişə elə gəlir ki, hansı millətin evi yıxılıbsa və evi yıxılan o millət ha zor-güc gəlsə də, yıxılan evini dikəldə bilmirsə, deməli o millətin qanmazları çoxdur. Çünki vətəninin bağrı köz-köz olsa da, onun fəryadlarını qulaq ardına vurub eşitməyənlər bu fəryadların nə olduğunu anlaya bilməyənlərdir. Anlamamaq isə ən dəhşətli bəladır. “Necəsən, qanmayım, atan yansın” məsəlindəki qanmazlıq faciəsi bəlkə də bu dünyanın ən böyük faciəsidir.

  Bəs bu ifadə bizim dilimizə necə gəlib düşmüşdür? Bu sözün kökü hansı bulaqdan su içir? Yə”ni “qanmaz” sözü hansı mə”na üstündə köklənmişdir? Mənə elə gələrdi bu söz “qan” sözü ilə bağlıdır, qanmaz və qan. Lakin bu qulaq qafiyəsinin arasında mə”na eyniyyəti ziddiyyət təşkil edərdi və məni bu fikirdən daşındırardı. Dilimin ucundakı bu ifadənin mə”na çalarını gəzib soraqladığım bir zamanda qoca Füzuli dadımda yetdi, Füzuli iniltisi, Füzuli ahı qulaqlarımda fəryada çevrildi:

            Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,

            Bəladır hər kimin bir yolda ğəmmaz olsa yoldaşı.

 Budur qanmaz sözünün əsil şəkli, ilki, əvvəli. Səs oxşarlığından “qanmaz”a şevrilən “ğəmmaz” öz fitrətini bütün aydınlığı ilə bizə göstərir. Qəmmaz- yəni qəmi az olan, başqa sözlə heç nəyi ürəyinə salmayan, vecinə almayan. Füzulinin başqa bir qəzəlində bu söz belə oxunur:

           Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,

           Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş!

                                           
ATİF İslam oğlu İSLAMZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır