Modern.az

Ramilə Qurbanlının yorumunda “Lənkəran xanının vəziri”nin bərpa taleyi

Ramilə Qurbanlının yorumunda “Lənkəran xanının vəziri”nin bərpa taleyi

29 Mart 2011, 12:09

Milli Dram Teatrında M. F.Axundovun “Lənkəran xanının vəziri” tamaşasının premyerası oldu. Mirzə Fətəlinin bu əsərinə sənətşünas İlham Rəhimlinin araşdırmalarına görə həmin teatrın səhnəsində 50-dən çox quruluş verilib. Teatr dövlət statusu alandan sonra, yəni 1920-ci ildən bu yana əsər cəmi 10 dəfə tamaşaya qoyulub.   

Teatrın qapısı son vaxtlar o barədə yaradılmış təəssüratın əksinə olaraq “Dəmir qapı Dərbənd” deyildi, amma “ karvansara ” da demək olmazdı, çünki yalnız dəvət olunanlar içəri daxil ola bilərdi. İstər tamaşaçılar, istərsə də sənətkarların özləri üçün bütün rahatlıq yaradılmış, tamaşa salonu səssizliyə qərq olunmuşdu. Tamaşaçılar sakitcə daxil olub əyləşirlər, səhnə isə bütün dekorasiyası ilə bahəm elə bil canlıymış kimi və nəyisə gözləyirmiş təsiri bağışlayırdı. Fürsəti fövtə vermədən tamaşada oynayacaq aktyorlarla maraqlandım, amma səssizcə onları duyuq salmadan, çünki tamaşaqabağı yalnız oynayacağı obraza köklənmiş aktyorun fikrini yayındırıb, onu hazır olduğu vəziyyətdən çıxarmaq olmaz.

Xan obrazının ifaçısı Nurəddin Mehdixanlı geyinmiş, qrimlənmiş vəziyyətdə otağında əyləşib vaxtın tamam olacağını gözləyir ki, səhnəyə çıxsın, amma otağının qapısını da açıq saxlayıb. Onu bu vəziyyətdə dəfələrlə müşahidə etmişəm. Həmişə hamıdan tez hazır olur və gözləyir. Həmişə də simasında bir həyəcan duyulur.

Vəzir obrazının ifaçısı Cəfər Namiq Kamal da hazırdır, amma həmkarından fərqli olaraq otağına çəkilməyib və həyəcanını azaltmaq üçün siqaretə sarılıb, elə sümürür ki, elə bil vəzir obrazını vurduğu qullabdan çıxan qıvırcıq tüstülər yaradacaq.

Ayşad Məmmədov  rəhmətlik Hüseynağa Atakişiyevin özülünü qoyduğu, indi tifağı dağılmış Dövlət Gənclər Teatrının aktyorudur. Bu teatrda indi oynayacağı xan əyanlarından birinin obrazı ilə debüt edir. O, da həyəcanlıdır, ətrafındakıları görmür belə.

Şölə obrazının ifaçısı Şəlalə xanım isə tələskən halda belədən-belə, sonra da əksinə keçir.  Bir azdan tamaşa başlayır. 

Bir göz qırpımı

Çoxdandır hansısa tamaşanın ikinci hissəsinə qaldığımı xatırlamıram. Darıxdığımdan birinci hissənin başa çatmasını zorla dözürəm ki, ədəbsizlik edib tamaşa davam etdiyi zaman zaldan çıxmayım. Bu dəfə birinci hissə başa çatanda təəccübləndim ki, niyə pərdə salındı.  Saata baxanda anladım ki, mənə bir göz qırpımı qədər az görünən bu vaxt ərzində birinci hissə başa çatıb. Bütün şişirtmədən və mübağilədən kənar, klassikanın belə səhnə həllini ilk dəfə görürdüm. Zatən rejissor Azərpaşa Nemət də dedi ki, ilk dəfədir belə Mirzə Fətəli Axundov görür. Adətən artıq məzmununu bildiyimizdən klassik əsərlərin tamaşaları bizə o qədər də cəlbedici gəlmir, əksər vaxt darıxdırır. Bu tamaşadan isə sözün əsil mənasında zövq alırsan. Klassikaya xələl gətirmədən elə improvizasiyalar olunub ki, əvvəl tamaşaçını şaşırdır və dərhal o şaşqınlıq məmnun gülüşə çevrilir. Komediya budur və bu komediyanı tamaşaçıya mənalı, sanballı,  çox maraqlı formada çatdırmaq yalnız rejissor ustalığıdır.
Yeri gəlmişkən, tamaşanın rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludur ki, hazırda amansız xəstəliklə əlbəyaxa olduğundan premyerada iştirak edə bilmir.
Vaqif müəllim “Lənkəran xanının vəziri”ni bu səhnədə bir vaxtlar tamaşaya qoyduğu və indi sadəcə yeni üslubda bərpa etdiyi üçün onu tamamlamağı öz yetirməsi Tural Mustafayevə həvalə edib. Tələbə ustadının işini boynuna götürməsinin məsuliyyətindən çox gərginlik yaşayırdı, hərçənd Gənc Tamaşaçılar, Sumqayıt və “ Yuğ ” Teatrlarının səhnəsində müstəqil sanballı işlərin altından imza atıb. “Bu mənim ustadımın özülünü qoyduğu işdir, onu keyfiyyətsiz hala salmağa ixtiyarım yoxdur. Ən azı Vaqif müəllimin adına layiq bir tamaşa olmalıdır” deyir.

Tamaşa qüsurlardan da xali deyil

Tamaşada yerində işlədilən və əsil komediya janrına xas gülüş doğuran replikalar çoxdur. Teymur ağa rolunun ifaçısı Sabir Məmmədov tamaşanın gərgin məqamında əlini xəncərə atıb obrazına xas sözünü deyir və ardınca Şeksprin Hamlet obrazına daxil olur, ondan da bir jest göstərib dərhal da üzünü zala çevirib “Azər müəllim, eşidirsiniz, mənim Hamlet oynayan vaxtımdır” - əlavə edir. 
Tamaşaçı nə baş verdiyini həmən anlayıb və onun haqlı olduğunun da fərqinə varıb sözün deyilməsinin məqam seçiminə qibtə ilə qəhqəhə çəkir. Mənalı gülüş buna deyilir. Yaxud Ayşad Məmmədovun bəzi fikirləri qəzəlvari ifadə edərək bədəninin plastikası ilə də o ifanı müşayiət etməsi çox maraqlı idi.  Şölə xanımın kişini qadının ələ almasına verdiyi ifadə vasitələri də rejissorun tapıntılarındandır, o cümlədən Nisə xanımla Teymur bəyin görüş səhnələri.

Tamaşadan sonra yığılan bədii şura Azərpaşa Nemət, Məryəm Əlizadə, Zeynal Məmmədli, İsrafil İsrafilov hər biri yalnız tərif yağdırmadılar, tamaşanın uğurlu olduğunu vurğulayıb, çatışmayan cəhətləri də qeyd etdilər ki, onlara mütləq əl gəzdirilsin.
Məsələn, Azərpaşa Nemət “buraxdığı kobud səhvlərə görə mən işıqçıya “sabahdan işə gəlmə” -deyərdim dedi, tamaşanın ikinci reyissoru səhvin ondan gəldiyini dərhal etiraf etdi. Sənətşünaslar Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Ayşad Məmmədov, Sabir Məmmədovun ifaları barədə yekdil fikrə gəldilər ki, bu tamaşa onların imkanlarını bir daha üzə çıxartdı. Azərpaşa Nemət Sabir Məmmədova “replikanı da tutdum”- eyhamını da etdi, onu da dedi ki, bu tamaşa bərpa deyil, 90 faiz aktyorlar yenidir, gənclərdir, odur ki, buna yeni tamaşa demək olar.

Milli Dram Teatrının səhnəsində bərpa ömrünə başlayan M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası teatr tariximizdə başlanan yeni dövrün carçısı oldu. Bunu öz ustadının yolunu davam etdirib, tamaşanı başa çatdıran gənc rejissorun işi, həm də gənc aktyorların ifası da  təsdiq edir.      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir