Modern.az

Bir ailənin Talış yüksəkliyində verdiyi 2-ci ŞƏHİD - FOTOLAR

Bir ailənin Talış yüksəkliyində verdiyi 2-ci ŞƏHİD - FOTOLAR

Reportaj

31 Yanvar 2017, 11:34

Vətəni qibləgah edən şəhidlər - XLV

 

Görənləri  əvvəlcə mavi gözləri heyran edirdi. Təmasda olandan sonra isə daha çox bağlanırdılar insanlar ona. Məktəbdə oxuyanda şagirdlərin sevimlisi, dostları arasında dostların sevimlisi, ailədə, qohum-qonşu arasında isə hamının sevimlisi, sözü-söhbəti idi Şahin. Haraya getsə özü ilə birlikdə sevinc aparırdı. Getdiyi yerlərə gözlərinin mavi işığından işıq verirdi elə bil. Bu mavi gözlü oğlanı sevməmək mümkün deyildi. Həm də ona görə ki, dünyada hər şeydən çox Vətənini və dürüstlüyü sevirdi.  21 yaşına kimi qazandığı məhəbbət oldu... Bir də arzusunda olduğu o uca məqam: ŞƏHİDLİK! 


Modern.az saytı "Aprel şəhidləri" silsiləsindən növbəti yazını təqdim edir.


Şahin Yaşar oğlu Cavadzadələr ailəsinin üçüncü oğlu idi. 1995-ci il mayın 15-də Beyləqanda  doğulmuşdu. 2001-ci ildə əlinə üçrəngli Azərbaycan bayrağını alıb  Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdu.  2012-ci ildə məktəbi bitirib, iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı.
"N" saylı hərbi hissədə xidmətdə ikən,  könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olmuşdu. Kiçik gizir rütbəsini alanda sevincinin həddi-hüdudu yox idi. Hədəfi uzaq idi. Azərbaycanın Ordusunda ucalara yüksəlməyi arzulayırdı. 2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başladı.


Nümunəvi əsgərlikdən gizir olmağa qədər gəldiyi yolda ağır sınaqlardan keçmişdi.  Xüsusi təyinatlı əsgərlərin işi asan olmur... dağda, daşda, istidə, soyuqda, dərədə, təpədə...  günün hər saatında, hər vaxtında təlimlərdə olur, hər zaman vətənin keşiyində ayıq-sayıq dayanmaq üçün güc toplayırlar.  Belə təlimlərin birindən sonra sosial şəbəkədəki səhifəsində yazmışdı : “Sizin “fantastika” deyib izlədiyiniz filmlər bizim həyatımızın  canlı şəkilləridir. Siz rahat yatarkən, biz sizi qoruyuruq. Yuxunuz şirin olsun. Rahat yata bilərsiniz. Biz növbədəyik...”. 

Qulluq etdiyi hərbi hissədən ezamiyyət alanda tarixdə padşahlar yurdu kimi tanınan doğma Beyləqanına gələrdi. Doğulduğu yurdun təbiətini, havasını heç nəyə dəyişmirdi. Hərdən ağ köhlən atına minib kəndi də gəzməyə çıxardı. Elə bil ki, at da onu görəndə şahinlərdən qanad alar, Şahini kəndin eləsində-beləsindən uçurardı. Bir şakəri də var idi. Haraya getsə, üçrəngli Azəbrycan bayrağını özü ilə gəzdirərdi.  2015-ci ildə 9 noyabrda Bayraq günündə yazmışdı bu sözləri:
“Şəhidlərimin qanı ilə boyanan qürurum, Bayrağım! Heç zaman zirvədən enmə. Xalqımı, dövlətimi Bayraq günü münasibəti ilə təbrik edirəm. Cənab prezidentimizə də uzun ömür, can sağlığı... Mən ona güvənib inanıram ki, Cənab prezidentimizin komandası ilə torpaqlarımız işğaldan azad olunacaq... Və cənab nazirimiz Zakir Həsənov Ordu generalı olacaq... bax o gün çox yaxındır...”.


Şahin Cavadzadə təlim məşqlərinə, əməliyyatlara getdikcə, günlərini sayırdı... Gözləyirdi, arzulayırdı ki, torpaqları tez azad eləsin.  Bir neçə ay əvvəl onunla bir bölükdə olan hərbçi yoldaşları  düşmən təxribatı nəticəsində həlak olumuşdular. Bu hadisədən sonra Şahin və silahdaşları özlərinə yer tapa bilmirdilər. Həmin gün Şahin Cavadzadənin ən ağır günü idi. Hamı yatandan sonra  dəftərçəsinə yazacaqdı: “Siz Tarix yazdınız  qardaslarım... Hər zaman urəyimizdə və xatirələrimdəsiniz... sizin qisasınız hər dəfəsində alınır... amma  bizə bəs etmir... Allah rəhmət etsin, Sizinlə birlikdə Vətənimiz uğrunda canlarını Orduda fəda edib, Şəhid olan qardaşlarımıza...”.


2016-cı ilin mart ayınin 3-də isə  isə bu sözləri yazdı: “Hələ ki, bədənimdə qan qalıbsa, nəfəs ala bilirəmsə, düşmənin qarşısından  bir addım da geri çəkilmərəm... mənim son yerim Qarabağımdı... Qana qan, cana can alacağam inşallah...”.

Bütün hikkəsini, hirsini yazmışdı… İtirdiyi dostların, qardaşların ağrısını yığmışdı ürəyinə… Evlərinə gələndə, kənd içinə çıxanda gülsə də, ürəyindən dost itkisinin ağrısı azalmırdı… Bir dəfə anası İradə xanımla söhbətində də belə demişdi:


“Ana, dostumuz şəhid olub, onun evinə getmişdik. Anası elə ağlayırdı ki... Onun ağlamağını, göz yaşını unuda bilmirəm... Ana, səndən bir xahişim var, mən ölsəm sən mənim üçün elə ağlama...”.


Şəhid anası İradə xanım:


- Üstünə çımxırdım, -dedim: - Oğlum o nə sözdür deyirsən. Ağlamağa başladım. Ürəyim elə hər zaman səksəkədə idi. Hər balanın öz yeri var. Bilmirəm, nədirsə, onu bir başqa cür istəyirdim. Şahin mənim dostum idi, sirdaşım idi. Həəəəə... həmin gün çox ağlatdı məni. Sonra gözümün yaşını silib, “ana, zarafat edirəm. Mən ölmərəm. Bilmirsən ki, dağ canavarıyam. O uca bayrağımızı Şuşaya sancmayınca, ölən deyilik. Ağdamı, Şuşanı almayınca, o yerləri sənə qarış-qarış gəzdirməyincə ölən deyiləm”.

Heç bir dəqiqə də olsun xəyalımdan çıxmır... Evimin səs-küyü idi, yaraşığı, işığı idi. O gələndə həyət-baca, ev-eşik gülüşlərtə qərq olurdu. Evimin növrağını, bəzəyini-düzəyini işığını aparıb, Şahin. Aprelin 1-də mənim ad günümdür. Bacısı Firuzənin telefonuna yazıb məni təbrik etmişdi. “Salam  canım anam. Ad günün mübarək. Hər zaman üzün və könlün gülsün. Nə yaxşı ki varsan... Hər zaman da ol... Sevimli anam, Xızıdayam. 3-4 günə gəlib səni təbrik edəcəm. Sənə elə bir doğum günü keçirəcəm ki...” - yazmışdı. Oğlumun mənə doğum günü hədiyyəsi  Vətən uğrunda həlak olması oldu.

Güzəranımızla əlaqədar Bakıda ev tutub orda yaşayırdıq. Xidmət etdiyi hərbi hissəsi də Bakıya yaxın olduğundan, elə bilirdim ki, gözüm Şahinin üstündədir. Elə bilirdim ki, məsafəcə ona yaxın olanda, qəzavü-qədərdən qoruyacağam. Qoruya bilmədim, balamı.  Onun üçün ayırdığım otaqda da çarpayısının üstünə Azərbaycan bayrağını vurmuşdu.  Bayraq onun üçün hər şey idi. Məni təbrik edəndən 1 gün sonra, aprelin 2-dən etibarən  oğlumla heç kim əlaqə saxlaya bilmədi. Mən də adətən ağlayan deyiləm, ürəyim köksümə sığmırdı. Binəqədidə kirayə qaldığımız evdən  bütün qohum-əqrabaya zəng etdim, soruşdum. Məni aldadırlar ki, narahat olma, təlimdədir. Sən demə Talış yüksəkliyi uğrnda döyüşlərdə həlak olub...
2015-ci ilin oktyabr ayında maşını ilə qəza keçirmişdi. O maşından sağ-salamat çıxmışdı. Burnu da qanamamışdı. Xəbəri eşidib təlaşla zəng vurdum. Özü telefona cavab verib dedi ki, “ana, narahat olma, sağ-salamatam. Təki sən ağlama”. Şahin bu dünyaya sevinc paylamaq üçün gəlmişdi. Mavi gözləri hər zaman gülərdi. Ağlamağı sevməzdi oğlum... Ancaq dayana bilmirəm axı...

Axı mən cavanam, qara geymə sən,
Başına-gözünə elə döymə sən,
Ruhum yanındadı, inciyərəm mən.
Vurma dizlərinə sən yana-yana,
Ağlama, ana.

Qulaq as, Xan Araz hay-harayımdı,
Oxşa çinarları, sərvi boyumdu,
Hər payız gələndə mənim toyumdu,
Geyin təzə libas, çıx bir eyvana,
Ağlama, ana.

Vaxtsız budağından düşən yarpağam,
Vətən torpağına qarışacağam,
Nə qədər həyat var, yaşayacam,
Vətən torpağına səcdə qıl, ana,
Ağlama,ana.   (Məhərrəm Mahir)


Aprelin 8-i bizə dedilər ki, Şahin yaralıdır. Bərdədən Beyləqanın xəstəxanasına gətirəcəklər. Bir Allahın xəbəri oldu məndən ki, Bakıdan kəndə necə gəlib çatdım. Baxdım ki, kəndimiz, yollar qatı dumana bürünüb. Bu kənd , bu yerlər indiyə kimi elə duman görməmişdi.  Balamın  həlak olmasına təbiət də yas tutmuşdu, qatı dumana bürümüşdü dünyanı.  Fikirləşirdim ki, bəlkə zarafatdır, bəlkə o dumanların içərisindən indi çıxacaq...”.

Şahinin əmisi Əsəd deyir ki, qardaşı oğlunu Bərdədən gedib özü gətirdi. Şahinin tabutunu  sevdiyi üçrəngli bayrağa bükmüşdülər.  

“Bütün qardaş balaları, bir yana, Şahin bir yana idi. Şahinlə xüsusi dostluğumuz var idi”,-deyir, əmisi Əsəd.  


- Axırıncı dəfə mart ayının 28-də Beyləqana gələndə oturub əmi-bala xeyli söhbət edik. Vətəndən, dostdan-tanışdan, hətta istədiyi qızdan da danışdı. Biz ailədə 10 uşaq olmuşuq. Şahin isə ailəmizin ilk şəhidi deyil. 1993-cü ildə 18 yaşlı qardaşım  Akif  də elə həmin Talış yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldu.  Şahin üzünü görmədiyi, nəfəsini duymadığı o gənc şəhid qardaşımla yanaşı eyni qəbristanlıqda dəfn olunublar. Fərq ondadır ki, Şahin qələbəmizdən xəbər tutdu. Akif isə nigaran getdi. Vətənpərvərlikdə elə Şahin də üzünü görmədiyi qardaşıma bənzəyirdi. Ancaq Şahinin şəhidliyi Akifin şəhidliyinə bənzəmir.  Şahinin şəhidliyini el-oba, Vətən bayram kimi qaraşıladı. Lap türk elimizin dastanlarında olduğu kimi, el-oba aprel döyüşü şəhidlərini çox ucalara qaldırdılar.  Əlbəttə, bu vətən torpağı uğrunda canından keçən hər bir əsgərimiz, şəhidimiz bizim üçün doğmadır. Şahinə Tanrı bir qız gözəlliyi vermişdi. İşığına yol getmək olardı. Nə qədər həyatsevər, enerjili idi. Çox qürurlu idi. Hərbi qulluğa ehtiyacdan getməmişdi. Şükür Tanrıya ki, dolanışığımız pis deyil. Onun ehtiyacı torpaq idi. Görünür elə bu torpağın da ona ehtiyacı var imiş. Halal xoşu olsun. Şahin  kəşfiyyat komandiri Elvin Namazovun qrupunda  gizirlər Seymur Baxışov, Sərxan Bayramov, Toğrul Fərəczadə, Teymur Qasımov, Bəxtiyar Hacıyevlə  erməni tərəfə keçərək  onlara verilən tapşırığıl yerinə yetirərkən, qəhrəmanlıqla həlak olublar. Qanlarının əvəzi olaraq, Talış yüksəkliyini əldə ediblər. Aprelin 3-də  düşmən tərəfin atdığı  mərmilərin partlaması nəticəsində həlak olublar. Yoxsa ki, onlar dağ canavarları idilər. Onlar düşmənə elə belə can verməzdilər. Hərbi hissədə qulluq etdikləri zaman o qədər uğurlu əməliyyatları olub ki...  Şahin özü deyirdi ki, “biz o qəhrəmanların davamçılarıyıq. Bizim o şəhidlərin yolunu tutmalıyıq, onlar bizim şərəfimiz və sədaqətimizdir!!! Biz şəhid verməyə və o itkiyə dözməyə öyrəncələyik...”.
Bu yolu da Şahin özü seçmişdi... Bu da bizim nəslin alın yazısıdır... Neyləyə bilərik ki... Şair Asəf Qayanın bir şeiri var Şəhidlər haqqında. Yazır ki:

Bu gün övlаdıylа Millət öyündü,
Ürəklər qürurlа, şəstlə döyündü,
Bu gün mаtəm dеyil, tоydu, düyündü
Şəhidlər bаyrаmın mübаrək, Vətən!


Şəhidlik zirvədir hər kəs ucаlmаz,
Şəhidlikdən qоrхаn Hаqdаn güc аlmаz,
Nаmusu tаpdаnаr, yеnə öc аlmаz
Şəhidlər bаyrаmın mübаrək, Vətən!


Şəhidsiz Millətin şərəfi оlmаz,
Düşmən оnu yеnər, dоst isə sаymаz,
Məhv оlаr, аdı hеç tаriхdə qаlmаz
Şəhidlər bаyrаmın mübаrək, Vətən!”.


Şahinin atası Yaşardan söz almaq olmurdu... neçə dəfə cəhd etdi ki, oğlunun adını çəksin. Sonbeşik  balasının adını çəkincə gözlərinə  gücü çatmadı. Deyirlər kişilər ağlamaz. Ancaq oğul dərdi ataları, kişiləri də ağladır. İki oğlunu- Emini və Fikrəti evləndirmişdi. Onlardan rahat idi. Evinin ərköyünü, şıltağı Şahini heç doyunca görmürdü də... Şahin gah təlimlərdə olurdu, evə gələndə də dostlarını, tay-tuşlarını başına yığar, ya da qardaşlarının körpələri ilə vaxtını keçirərdi. Yaşar da nə deyəcəkdi ki... Cavandır da... cavanlığını  edirdi... İndi evinin hər tərəfində,  kəndin küçələrində, yollarında, hər yerdə Şahinin xatirələrini görür, o xatirələr də o boyda Yaşarı kiçildib, belini büküb.  Hələ cavan olanda, 18 yaşlı qardaşı sındırmışdı belini, indi də, oğul dağı vuruldu sinəsinə... Beləcə ahların, acıların içərisində gecələri səhər edir, gözlərinə yuxu getmir ki, barı yuxusunda görə ciyərparəsini...

- İndi nə var ki, müharibə aparmağa... Qardaşım Akif şəhid olanda 1993-cü ildə çox çətinliklər gördük...
 Ancaq Şahin döyüşə bilirdi, Şahin sağ da qala bilərdi... Bilmədim nədən oldu?-- deyib, gözələrinin dayanmayan yaşını silir Yaşar.  Və söhbətinə davam edir: 

-Artıq hərbi sahədə püxtələşmişdi. Boyuna baxıb fəxr edirdim.  Həmin gün topların, mərmilərin səsindən ev silkələnirdi. Biz nə biləydik  ki, Şahin elə gəlib bu yollardan keçib, düşmənlə üzbəüz döyüşə gedib.  Biz burda rahat yatırkən, öznün dediyi kimi, o bizi qoruyurdu. Ancaq ki, həmişə söhbət düşəndə deyirdi ki, “mən elə bir iş görəcəm ki, məniumlə fəxr edəcəksiniz”. Sən demə özü arzuladığını bilirmiş... Ürəyindəkini biz bilmirdik. Dəftərində yazmışdı ki, hər oğul şəhid ola bilməz.

 
Füruzə evin kiçik qızıdır. Üç qardaşın bir bacısı. Qardaşları Emin, Fikrət, Şahin bir yerə toplaşanda, Füruzə üçün xüsusi bayram olurdu.  Ancaq  evdə daha çox Şahinlə dostluğu tutardı. Şahinin sevgilərindən, sevdiklərindən xəbəri olurdu. Hələ bir toy-bayram olanda,  kəndin qızlarının  ona oğrun-oğrin baxmasını, yeri gəldi-gəlmədi şirin söz deməsinin də fərqində idi. Qızların çoxunun gözü Şahində idi. Şahin də nə Şahin...  mavi gözlü, hündür boylu, şux qamətli, şirin sözlü... Toylarda oynamağı bir başqa aləm idi... Qızların ürəyinin yağını aparmışdı...  Hələ axırıncı dəfə o Novruz bayramı günlərində  Füruzəyə demişdi ki, “bacı hazırlaş, qaqan, bu yaxınlarda səni elçi göndərəcək...”. O gecə yata bilərdimi Füruzə, gözünə yuxu getmədi ki... Xəyalında növbə-növ xonçalar tutdu, əyninin paltarlarını dəyişib çıxardı, qardaşının seçdiyi qıza min cür bər-bəzək vurdu... Səhər ayılıb ala gözlü qardaşının üzündən sevinclə öpdü də... Dedi ki, “ay Şahin, bütün gecəni sənin toyun haqqında fikirləşmişəm...”. Şahin də, - tələsmə toyu payızda edərik, - dedi.  O bayram günləri təlimə getməzdən əvvəl yenə də yol çantasından ən bahalı şokaladları çıxarıb Firuzə üçün qoydu. Bu şirin oğlan, bacısına da hər zaman ən dadlı şirniyyatlar alıb gətirərdi...


Əfsuslar olsun ki, indi bunların hamısı acı bir xəyaldır... 


- Dünən yenə qar yağmışdı. Çıxdım həyətə, qara nifrət elədim, bilirsiniz niyə? Çünki Şahin qarı çox sevirdi. Uşaq vaxtı qarda oynadığımız günləri xatırladım. İndi ancaq xatirələrlə yaşayıram. Bu yaşayış deyil, əzabdır mənim üçün, -deyir Firuzə.


“Onu xatirələrdə axtarmaq mənim üçün çox çətindir. İnanmaq istəmirəm... Şahin heç vaxt bizə problem yaşatmadı, onu bir dəfə də kədərli görmədim, bir dəfə xətrimə dəyməyib ki, o incikliyimi xatırlayım... Bu evimiz o gələndə toyxanaya bənzəyirdi. Sevdiyi mahnıların sədaları altında qol götürüb oynayardı... Onun bir oynamağı var idi ki... İndi toylarımız darıxacaq Şahin üçün... Şahin toylarda Vətən ruhlu, MARŞ havalı mahnılara oynayardı. Ən çox sevdiyi isə “Azərbaycan oğluyam” mahnısı idi.  3 gün görməyəndə darıxırdım... İndi bir gör getdiyi neçə vaxtdır... Neyləyim mən? Kimdən alım Şahinimi? Kimdən soruşum qartal gözlü Şahini?  Elə bilirəm ki, yenə qapı açılacaq, yenə Şahin şaqraq gülüşləri ilə evimzə sevinc, şadlıq gətirəcək...  Sən demə bizim mələk deyib göydə axtardıgımız mələklər elə yanımızda olurmuş... Mənim də mələk kimi bir qardaşım var idi... Fərqində deyildim... İnanmazdım ki, məni bu yerlərdə qoyub gedə bilər... Torpaq məndən güclü oldu... Deyirəm ki:

Sən gedəndən ev eşikdə sazaqdi 
Yolun düşsə bu dünyaya bir də gəl
Gündüzlərim döndü gecə oldu gəl
Cavanliğim yavaş yavaş soldu gəl
Səndən sonra bu dünya da boşalıb,
Yolun düşsə bu dünyaya bir də gəl...

Gəlmir... Gözləyirəm... Gəlməyir... Onu bir də görmək üçün, bütün ömrümdən keçərəm... Qardaş necə şirin olurmuş... Bəs deyilmi bu axan qanlar... Vətən hələ neçə oğul verməlidir axı?!  Bilmək istəyirəm ki,  sonu nə zaman gələcək Şəhid yolçuluğunun... Mən istəmirəm ki, daha bacıların gözü yolda qalsın... Mən dünyamıza sülh istəyirəm...

... Şahin Cavadzadənin həyat yolunu naxışladığım bu yazının sonunda elə Şahinin öz sözlərini yazıram: “Kazarmadan çölə çıxdım. Külək elə sərt əsirdi ki...Yağan yağış da gözlərimə iynə kimi batırdı. Bir siqaret çəkməyə külək və soyuq imkan vermirdi.  Biz 2 min-3min km yüksəklikdə Sizi qorumaq üçün burdayıq. Hərdən fikirləşin, yada salın ki,  o əsgər postlarında dayanan oğullar nələr çəkir.  Azərbaycan əsgəri Vətəni belə qoruyur! Allahım sən özün əsgərlərimizi qoru ... Havanın soyuğu, qarı, yağışı bizi qorxutmaz! Çünki biz dağlarda da, aranda da, yaylaqlarda da Vətənin keşiyini çəkirik. Xalqımızın, Dövlətimizin var olması, yaşaması üçün bizim kimi oğulları var! Sən rahat nəfəs al. Bizim kimi övladların tükənməyib, VƏTƏN!”.

Aida Eyvazlı

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı