Modern.az

Qafqaz Universitetilə bağlı yeni QƏRAR verildi

Qafqaz Universitetilə bağlı yeni QƏRAR verildi

Təhsil

31 Yanvar 2017, 11:37

Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

 

Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

 

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

 

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur. 

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar