Modern.az

Jurnalistlərin Cocuq Mərcanlıya səfəri təşkil oluna bilər

Jurnalistlərin Cocuq Mərcanlıya səfəri təşkil oluna bilər

2 Fevral 2017, 14:22

Bir neçə gün öncə Prezident İlham Əliyev Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda baş verənlərin dünyaya çatdırılması üçün oraya jurnalistlərin getməsi ən mühüm amillərdən biridir.

Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkə prezidentinin imzaladığı sərəncamda irəli sürülən məsələlər Azərbaycan xalqının iradəsindən doğan məsələlərdir.

“Cənab Prezident Azərbaycan xalqının iradəsinə söykənərək, belə bir sərəncam imzalayıb. Mən elə düşünürəm ki, biz sərəncamın əhəmiyyətini yetərincə dəyərləndirmirik. İllər keçdikdən sonra tarixçilər bu sərəncamın qiymətini kifayət qədər dolğun verəcəklər. O sərəncamın  Azərbaycan xalqının inkişafında, ərazi bütövlüyünün bərpasında nə qədər önəmli olduğu haqda məlumat verəcəklər. Sərəncamın həm mənəvi-psixoloji, həm tarixi əhəmiyyəti, həm siyasi əhəmiyyəti var. Sərəncamın mənəvi-psixoloji əhəmiyyəti ondan ibarətdir ki, artıq Azərbaycan xalqı torpaqların azad olunması ilə bağlı istəklərini əyani olaraq görür ki, torpaqlar azad olunub, həmin torpaqlarda quruculuq işləri görülür, əhali öz torpaqlarına qayıdır. Bu məsələlər Azərbaycan ordusuna mənəvi güc verir və fikirləşirlər ki, digər  torpaqların azad olunması üçün tələsməliyik. Bu məsələ erməni tərəfinə ağır mənəvi təsir edir. “Aprel döyüşləri”ndən sonra Ermənistanda böyük qorxu yaranmışdı. Ermənistan vətəndaşları gördülər ki, torpaqların işğal edilməsi onlara  heç bir yaxşı gələcək vəd etmir və erməni rəhbərləri xalqı aldadır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması Ermənistan iqtisadiyyatına güclü zərbə vurur. Torpaqların işğalından erməni məmurlar kapitallarının artırılması üçün istifadə edir”.


Ə.Amaşov deyib ki, ölkə başçısının bu sərəncamı eyni zamanda Minsk qrupunun rəhbərlərinə bir mesaj idi ki, əgər danışıqlar ləng gedərsə, Azərbaycan tərəfi öz torpaqlarını azad etmək üçün əməli addımlar ata bilər.

“Bunun üçün onlar birmənalı qaydada Ermənistan tərəfinə öz təsirini göstərməlidirlər. Madrid, Sankt-Peterburq, Kazan və digər görüşlərdə qərara gəlinmiş məsələləri müzakirə etsinlər və ölçüb sazişə çevirsinlər. Azərbaycan öz mövqeyini birmənalı şəkildə göstərib ki, hansı həddə qədər güzəştə gedə bilər. Bu Azərbaycan Prezidentinin çıxışlarında da öz əksini tapıb. Hərbi şəhərciyin açılışı zamanı cənab Prezident bildirdi ki, Azərbaycan torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik və Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Zaman keçdikcə, tarixçilər bu sərəncamın işğal olunmuş torpaqlarımızın qaytarılmasında başlanğıc olduğunu bir daha vurğulayacaqlar. Bu sərəncam digər sərəncamlara yol göstərəcək bir sərəncam olacaq”.


Əflatun Amaşovun sözlərinə görə, mətbuat nümayəndələrinin Cocuq Mərcanlıya getməsi ən mühüm məsələlərdən biridir.

“Mənim fikrimcə “Aprel döyüşləri” göstərdi ki, Azərbaycan əsgəri səngərdə necə vuruşursa, Azərbaycan jurnalisti də özünəməxsus olan sahədə o sayaq vuruşdu. Ondan əvvəl jurnalistikada baş verən problemlər “Aprel döyüşləri” zamanı demək olar ki, olmadı. Döyüş ərəfəsində Azərbaycan mətbuatı birgə oldu, baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyindən çıxış etdilər və Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinə çatdırdılar.  Əlbəttə, görülən işləri mətbuat vasitəsi ilə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdıra bilərik. Mətbuat Şurası jurnalistlərin Cocuq Mərcanlıya getməsinin tərəfdarıdır. Hazırda Cocuq Mərcanlıda təmizlik işləri gedir, yəqin ki, quruculuq işləri başlar-başlamaz Mətbuat Şurası yenidən bu təşəbbüslə çıxış edəcək. Çünki Cocuq Mərcanlıya yalnız yerli jurnalistlər deyil, xarici KİV nümayəndələri də iştirak etməlidir. Cocuq Mərcanlıdakı vəziyyət olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalıdır ki, ermənilərin zəbt etdiyi əraziləri nə günə salıblar. Onlar zəbt etdiyi yerlərdə yaşayış yerlərini və tarixi abidələri necə məhv ediblər”.  

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub