Modern.az

Növbəti 10 ildə IV sənaye inqilabının yeni sahələri yaranacaq - Dünyada və Azərbaycanda

Növbəti 10 ildə IV sənaye inqilabının yeni sahələri yaranacaq - Dünyada və Azərbaycanda

3 Fevral 2017, 14:46

Yaxın on il ərzində dünyada və Azərbaycanda insan əməyindən az istifadə edilən sahələr yaradılacaq.

Bu haqda Modern.az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili danışıb.

İqtisadçı-deputatsaytımıza danışarkən yaxın on illikdə dünya və Azərbaycan üçün aktiv fəaliyyətdə olacaq sahələr barədə məlumat verib.

O qeyd edib ki, 2006-cı ildə dünyanın ən böyük 10 şirkətinin 5-i neft, 3-ü bank, 1-i sənaye və 1-i isə İnformasiya Texnologiyaları (İT) şirkəti olub:

“2016-cı ildə isə dünyanın ən böyük 10 şirkətinin 5-i İT, 1-i neft, 1-i sənaye, 1-i bank, 1-i səhiyyə, 1-i tibb şirkətidir. 10 il ərzində dəyişikliklər çox böyükdür. Dünyada neft sərvətlərini İT sərvətləri artıqlaması ilə əvəz edib. Növbəti 10 il ərzində IV sənaye inqilabının təsiri ilə bu meyl daha da güclənəcək.

IV sənaye inqilabının əsas elementlərindən biri daha çox xidmət iqtisadiyyatının yaranmasıdır. İqtisadiyyatda, istehsalda, xidmət sahəsində daha çox süni intellektin tətbiqi və insanların ənənəvi əmək bölgüsündə tutduğu vəzifələrin tamamilə yeni vəzifələrlə əvəz olunmasıdır. Əvvəllər istehsalda daha çox insan əməyindən istifadə edilirdisə, hazırda bunu robotlar əvəz etməyə başlayıb. Prosesin ilkin mərhələsində müəyyən xidmət sahələrində, daha çox təkrarlanan əməyin istifadə edilməsində kompüterlərdən, robotlardan istifadə olunmağa başlayıb”.

 

T.Mirkişili qeyd edib ki, bu gün dünyada pilotsuz avtomobillərin istehsalı və onların geniş istifadəsi üçün çox böyük proqramlar həyata keçirilir:

“Yaxın gələcəkdə həm yük, həm sərnişin daşımasında, həm hava nəqliyyatında pilotlardan istifadə minimuma endiriləcək. Bir müddətdən sonra  sürüclərə belə ehtiyac qalmayacaq. Yayılmış məlumatlara görə, artıq Rusiyanın “Əmanət bankı” robot hüquqşünasların tətbiqinə başlayıb. Bununla da ənənəvi hüquqşünaslardan istifadəyə ehtiyac yaranmayaq. İlkin məlumatlara görə, təkcə “Əmanət bankı”nda  3500-dən çox hüquqşünasın ixtisar edilməsinə başlanılıb”.


Parlament üzvü bildirib ki, süni intellektin inkişafı ilə ənənəvi peşələr sıradan çıxmaqdadır:

“Gələcəkdə insanların əsas peşələri "kompüterlərə proqram yazmaq və kompüterlərdən təlimat almaq" kimi 2 peşədən ibarət olacaq. Bu elə bir prosesdir ki, getdikcə ənənəvi, bəsit, təkrar olunan iş yerlərinin ixtisarına səbəb olacaq. İnsanların daha çox yaradıcı, süni intellektin yaradılması və onlara xidmətlə bağlı sahələrə yönləndirilməsi nəzərdə tutulur. Məhz buna görə dünyada yeni paradiqmalar var ki, bunlar daha çox təhsillə bağlıdır. Çünki insanların çox qısa müddətə yeni peşələrə yiyələnməsi üçün yeni təhsil proqramlarına giriş edilməlidir. Ənənəvi təhsildə-4 il bakalavr, 2 il magistr oxuyandan sonra insanlar bir peşəyə sahib olur və ömürlərinin axırına qədər bu sahədə çalışırdılarsa, hazırda dünyada yeni tələblər formalaşmağa başlayıb. Çox qısa müddətdə yeni təhsil sahələri yaradılmalıdır. Təkrar təhsil sektorunda insanlar öz peşələrini dəyişə bilməli, yaxud da yeni biliklərə yiyələnməklə öz iş yerlərinin təkmilləşməsinə nail olmalıdırlar. Bu dünyada gedən prosesdir”.

T.Mirkişili ölkəmizin bu tendensiyadan öz nəsibini alacağını xüsusi vurğulayıb:

“Bizdə ötən ildən başlayaraq peşə təhsilinin inkişafı ilə bağlı çox böyük işlər görülür. Bunun üçün ayrıca bir agentlik yaradılıb. Peşə təhsilinin xüsusi strategiyası da qəbul olunub. İnsanların qısa müddət ərzində peşə təhsilinə yiyələnməsi, yaxud qısa müddət ərzində peşəsini dəyişmək bacarığına malik olması təhsil sektorunda gedən işlərin yeni yaranan paradiqmalara cavab verməsinə hazırlıq kimi qiymətləndirilməlidir. Azərbaycan qlobal dünyanın tərkib hissədir. Qısa müddətdə dünyada baş verən hadisələr Azərbaycanda təzahür edir. Biz bunu müşahidə edirik. Ona görə də dünyada gedən proseslərin yaxın onilliklərdə ölkəmizdə də tətbiqinin şahidi olacağıq. Çünki Azərbaycan innovasiyaların ən çox idxal və tətbiq olunduğu ölkələrdəndir. Ona görə də bu prosesləri qısa müddətdə Azərbaycanda da müşahidə edə biləcəyik. Amma hər bir sektorda buna hazırlaşmağa ciddi ehtiyac var. Biz bunu etdikcə, digər ölkələrdə rəqabətdə uduzmamamağa başlayacağıq. Azərbaycanda baş verən islahatlar, eyni zamanda ölkə başçısının müasir texnologiyalardan istifadəyə çağırışı məhz bu tendensiyanın Azərbaycanın gələcəyə hazırlanmağına bir çağırışdır”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır