Modern.az

Atası Nərgiz təpəni azad etdi, özü Lələ təpəni - Xüsusi təyinatlı “Aprel şəhidi” - FOTOLAR

Atası Nərgiz təpəni azad etdi, özü Lələ təpəni - Xüsusi təyinatlı “Aprel şəhidi” - FOTOLAR

4 Fevral 2017, 13:43

Vətəni qibləgah edən şəhidlər  - XLVI

1991-ci ildə oğlu dünyaya göz açanda Beyləqanın Şahsevənli kəndində  el-oba qapılarına gözaydınlığına gəldi. Aprel ayının 17-si idi. Baharın ayazı-şaxtası  dağdan-daşdan çəkilmədiyindən, Ələkbər də ilk oğlunun adını Ayaz qoydu.  Həm də bir yaz günü dünyaya gəldiyindən Ayaz arzularını çiçəklətmişdi.

Sonra ikinci oğlu, daha sonra qızı dünyaya gəldi. Bu yerlərin bütün gənc ailələri kimi gün-güzəranlarını keçirirdilər. Və günlərin bir günü Vətən alovlara büründü, solaxay siyasətçilərin, dünyanı idarə edən hegemon dövlətlərin oyunu və dəstəyi, daşnakların  yardımı ilə erməniləri yenə it kimi, çaqqal kimi  Azərbaycana qısqırtdılar. 1918-ci ildən bəri tülkü kimi marığa yatan erməni daşnakları yenə araya girərək, qonşuluqda yaşayan mənfurları Azərbaycanla savaşa sürüklədilər. Həm başdan-ayağa qədər rus silahı ilə silahlanmış, həm də  imperialist güclərdən dayanmadan kömək, dəstək alan ermənilər ağalarının çaldıqları havaya oynadılar. Azərbaycanları əvvəlcə tarixi torpaqları İrəvandan sürgün etdilər.  Bu hadisə 1988-ci ildə baş tutanda, bir qış günü zülm ərşə dayanmışdı. Sonra isə hər zaman həsrətində olduqları Qarabağa hücumlar başladı.

Elə ovaxtdan - 1993-cü ildən də Ələkbər Hüseynov  ətrafında olan bütün cavanlar kimi  təzə yaradılan  könüllü dəstələrindən birinə  - Beyləqan –İmişli batalyona yazılaraq, savaşa atıldı. Gözələri nələr gördü, nə qədər dostunu, həmyerlisini, kəndçisini itirdi bu döyüşülərdə. Ən son döyüşləri isə Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiztəpə uğrunda oldu. Son döyüşdə bu təpənin uğrunda 36 şəhid verdilər. Onda da aprel idi. Onda da aprel ayının 17-si idi.
Bir neçə dəfə həmlə etdikdən sonra Nərgiztəpəni işğalçıların əlindən ala bildilər. Nərgiztəpə o yurddur ki, üstündə nə qədər qanlar tökülüb. Ta  bineyi-qədimdən bu elin insanları buraya elə Nərgiztəpə deyərdilər. Bu strateji əhəmiyyətli yerin alınmasında onlara bəlkə də qədim türk xaqanlarının ruhları kömək olmuşdu. İndi  Nərgiztəpənin ön tərəfi Qarabağ müharibəsi şəhidlərinin xatirə abidəsi, arxa tərəfi isə qədim qəbiristanlıqdır.

Tarixçilərin dediyinə görə üzərində müxtəlif yay, ox və digər döyüş alətlərinin şəkli  yonulmuş baş daşları qədim Oğuzların qəbirləridir. Qədim oğuzların məskəni olmasını Nərgiztəpədə arxeoloji qazıntılar zamanı tapılan əşyalar da xəbər verir. Ən maraqlı cəhət isə ondan  ibarətdir ki, tarixçilər bu yerin 6-7 əsrdəki türk tayfalarına məxus olduğunu, hətta Dədə Qorqudun başına yığılan elin-elatın burada yaşadığını əminliklə qeyd edirlər. Son illərin elmi araşdırmalarının nəticəsi olaraq  Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Tarix İnstitutlarının əməkdaşları belə qərara gəliblər ki, Dədə Qorqud dastanının  qəhrəmanlarından biri olan Qaraca Çoban  da burada dəfn olunub. Qaraca Çobanın adına uyğun olaraq, təpənin qarşısındakı dağ da elə Dədə Qorqud dastanında qeyd olunan kimi  Qaracuğ  adlanır. Qaraçuğ dağının döşündəki  düzə isə  "Qaraca çobanın ağxuru" deyirlər. Bu da onu sübut edir ki, Qaraca Çoban öz qoyunlarını bu axurda otladar və saxlayar,  Nərgiztəpənin  ayağında axan  çayda isə qoyunlarını  suvararmış. 
Yaz gələndə bu təpə nərgiz gülünə bürünür. Burada nərgizlər çiçəkləyir. İlk dəfə buraya kimin Nərgiztəpə deməsinə aid mənbə yoxdur. Hər kəs dədə-babadan buraları Nərgiztəpə adlandırıb. Təpənin  digər tərəfindəki qədim qəbirsanlığın yanındakı gümbəzdə  isə  eldə-obada, bu yerlərdə  müdrik el ağsaqqalı kimi tanınan Seyid Musa ağa uyuyur.
19-cu əsrin əvvəllərində  Xocavəndin Qaradağlı kəndində yaşayan Seyid Musa ağa ölməzdən  əvvəl  Nərgiztəpədəki qədim qərəbirsanlıqda dəfn olunmasını vəsiyyət edir. Xocavəndin Qaradağlı kəndində  canını Tanrıya tapşıran Seyid Musa ağanı bir dəvəyə yükləyib, gətirib burada dəfn edirlər.
Belə rəvayət edirlər ki, kişinin nəşini gətirən dəvə də elə həmin gün təpənin aşağısında uzanıb ölür. O dəvəni də qəbristanlığın ayaq tərəfində basdırırlar. Ötən 24 il ərzində ermənilərin ən böyük arzularından biri də bu qədim yerlərə özlərinin düzəltdikləri qondarma abidələrini yerləşdirmək planları baş tutmur.

Xocavənd hazırda etibarlı əllərdə olduğundan ermənilər mənfur niyyətlərini Nərgiz təpədə həyata keçirə bilməyiblər. Nərgiztəpə isə öz qoynunda təkcə əsgərlərin məzarlarını saxlamır, buradakı daş abidələrdəki  ox, yay işarələri qədim türüklərin bu yerlərdə etdiyi qəhrəmanlıqlardan, yadellillərə qarşı olan  döyüşlərindən xəbər verir. Türk qəbirlərində olan yay-ox işarələri onların, döyüşçü, sərkərdə olmalarının simvoludur.  Nərgiztəpə belə qəhrəmanlar qəbristanlığıdır. Buraya  ulu türk xaqanlarını ruhları hakimdir. Ona görə də bu müqəddəs yerlərdə canlarını verən şəhidlərin hər  birinin üzndə hər zaman nur –işıq görünüb. Onlar  canlarını xaqanların can verdikləri yerdə Tanrıya əmanət edəndə, Tanrı dərgahında o şəhidlərimizi həmin ulu ruhlar qarşılayıb.

2012-ci ildən burada Xocavənd şəhidlərinin şərəfinə xatirə abidəsi ucaldılıb. Elə həmin təpənin mərkəzində Azərbaycan bayrağı dalğalanır. Abidənin altında isə “Torpaq uğrunda ölən varsa- Vətəndir! yazdırıb, Xocavəndin icra başçısı, döyüşçü və əsgər Eyvaz Hüseynov.


Modern.az saytı “Aprel şəhidləri” haqqında növbəti yazını təqdim edir...


Şəhid atası Ələkbər Hüseynov  deyir ki, özü Nərgiztəpənin alınmasında, oğlu isə Lələ təpənin alınmasında iştirak edib. 1995-ci ildə hərbi xidmətdən tərxis olunub:

- Çox çətin illər idi. İndi vuruşmağa nə var ki... silah-sursatımız yox idi. Erməni ilə daşla-yabayla vuruşurduq. Onlar isə ən son model silahlarla, rus əsgərləri ilə üstümüzə gəlirdilər. Ona görə də o vaxt uduzmuşuq. Ancaq bu aprel döyüşləri başqa tamaşa idi. Əməlli-başlı döyüş başlmışdı, gərək axıra qədər gedəydilər. Düzgün də müharibə gedirdi. Azərbaycan gərək atəşkəsə qol qoymamaydı. Razılaşmayaydı. Bilirsiniz, müharibədən o dağlarda-daşlarda , odun-alovun içərisində can qoyanlar danışa bilər. Vətənin hər qarış torpağının qədrini o vətən torpağı üçün can qoyanlar, qan tökənlər, vuruşanlar  bilər.
Lələ təpənin alınmasını eşidib yaman sevindik. Aprelin 4-ü səhər saat 11-də bizə zəng vurub dedilər ki, oğlunuz yaralanıb. Həmin dəqiqə  cavab verdim ki, mənim oğlum yaralansa, heç vaxt zəng elətdirməz. Mən ona bələdəm. Deyin ki, şəhid olub... telefon zəngi kəsildi.
Evdən çıxdım... Getdim balamı axtarmağa... Heç qardaşına da demədim. Özündən kiçik qardaşı Ələsgər də hərbçidir. Sərhəd Qoşunlarında xidmət edir. Mən Ayazı  hərbdən çəkindirə bilmədim.  Əsgəri xidmərini başa vurandan sonra getdi bir şirkətdə işlədi. Bir neçə ay işləyndən sonra, dedi ki, “mənlik deyil, gərək gedim hərbiyə”.
8-ci sinfi biritəndə də sənədlrini aparıb Naxçivanski adına  hərbi liseyə vermişdik. Bütün sənədləri düz  gəldi, normativləri yerinə yetirdi. Amma qəsdən əngəllədilər, rüşvət verə bilmədim. Uşaq gözü yaşlı qayıtdı.
Əsgərlikdən sonra xüsusi təyinatlı bölüyün ən layiqlisinə yazıldı. Özünü əsl kəşfiyyatçı kimi təsdiq etdi. Mavi beretlilərAzərbaycan Ordusunun görən gözləridir. Oğlum da 2011-ci ildən etibarən şərəflə qulluq etməyə başladı. Onların  bölüklərinin əsgərləri, zabitləri haqqında “Odda yanmaz, suda batmaz” deyirlər. Ayaz belə Ayaz idi. Sınaqlardan çıxıb, çətinliklərdən keçmişdi, o qədər dövlət əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirmişdi ki...
Bizə danışmasa da, mən onun xidmət etdiyi hərbi hissənin təyinatını bilirdim. Tez-tez deyirdim ki, bala özündən muğayat ol, siz qartal kimisiniz, çalışın nişana gəlməyin. Deyirdi, “ata, arxayın ol...”. Bir ona sevinirəm ki, öz arzusuna çatıb... Ancaq oğul dərdi ağır dərddir, hər dərddən ağır olur.
Sonuncu dəfə aprelin 3-ü zəng vurudm ki, oğul, səni Allaha əmanət edirəm. Dedi ki, “ata narahat  olma, ağsaqqallarla birlikdəyəm. Mənə daha zəng vurma. Vaxt tapanda özüm axtaracam sizi...”. Sonuncu danışığımız oldu. Ancaq içimdən qovrulurdum. Narahat idim. Topun-mərminin səsindən də evdə otura bilmirdim. Anasına heç nə demədim. Heç ölüm xəbərini alanda da anasına demədim. Başımı götürüb getdim Lələ Təpə tərəfə...

Hüseynovlarda qonaq olduğum gün də bu evə bir qış gecəsinin sakitliyi və hüzn hakim idi. Ayazın anası Həmayil əlləri qoynunda qarşımıza çıxdı. Belə olur balası ölən anaların aqibəti, duruşu... Onları qolları qoynundan açılmır. O qollar böyütdükləri, layla çalıb beşiyini yellədikləri, əlindən tutduqları balalar üçün darıxırlar. Min bir arzu ilə boya-başa çatdırdıqları balaları səslərinə səs verməyəndə, qollar məlul-müşkül bükülüb, anaların qucağında gizlənir. Darıxırmı, utanırmı... bilmirəm.  
Çox çək-çevirdən sonra, ananı dilləndirə bildim. Heç danışmağa haləti yox idi. Elə hey ağlayır, hıçqırırdı. Dedi ki, oğluna payızda toy eləmək istəyirdi. Dedi ki, balası hamıdan qeyrətli, hamıdan yaraşıqlı, hamıdan şücaətli, qüdrətli idi. Dedi ki, oğlu  onun üçün bir sərkərdə, bir oba, bir el idi. Bir də onu dedi ki, indi oğlu ilə birlikdə xidmət edən dostları tez-tez bu soyuq, işığı azalmış evə gəlir və Ayazı yad edirlər.


“Deyirlər ki, oğlum öz komandiri Şükürlə birlikdə döyüşüb, komandiri ona çox etibar edirdi. Oğlum şəhid oldu, komandiri Şükür qəhrəman adı aldı... Olsun... Nə deyirəm ki, Allah hər kəsin balasını qorusun... İkinci oğlum da hərbçidir. Bizimkilərin alnına Vətəni qorumaq yazılıb.

Dağların çişkinidi,
Dumanlı çişkinidi,
Ay qız məni dindirmə,
Balamın pis günüdü”.


Hüseynovlar ailəsinin ikinci oğlu, hərbçi Ələsgər deyir ki, aprelin 4-ü axşam vaxtı qardaşının tabutunu həyətə gətiriblər. Həmin gecənin səhərisi isə, aprelin 5-də  qardaşı sevdiyi Vətən torpağına qovuşub.

“Təkcə ona görə sevinirəm ki, qardaşım torpaqlarımızın  kiçik bir hissəsinin də olsa, azad olmasından xəbəri oldu”,-  deyir, Ələsgər, sonra gözündən axan yaşını da silməyir. Elə bil ki, qardaşı haqqında danışdıqca, qəlbinin acısına dönən göz yaşları yanaqlarından süzülüb ürəyinə axdıqca, qəhrəman qardaşı üçün yanan ürəyinin üstünə su çilənir.  


– Qardaşım Mübariz kimi, Elyar  kimi, Həsən kimi  qəhrəman idi. Onların seçdiyi o  vətənpərvərlik, şəhidlik yolunu alnına yazmışdı.  Nə zaman bir şəhid xəbəri alırdı, nə zaman bir hərbçi şəhid olurdusa, qardaşımın qəlbi qan ağlayırdı, köksünə sığmırdı. Yerlə-göylə dalaşırdı. Bəzən hirsindən qışqırırdı da. Deyirdi ki, “belə qalmayacaq, alacağam onların qisasını, məqam gözləyirəm”. Çox sevirdi hərbçi peşəsini. 3 dəfə imtahan verəndən sonra sınaqlardan keçmişdi, seçmişdilər onu. Elə sevinirdi ki...
2014-cü ilin noyabr ayında ön cəbhədə qulluq etməyə sərəncam alanda, sevinci yerə-göyə sığmırdı. Ürəyi daim Vətən eşqi ilə çağlayırdı. Bir gün yenə kefi yox idi. Evə gəlmişdi. Mən də evdə idim. Əlini göyə açıb dua etdi Allaha. Dedi: “Nə vaxta qədər biz öz doğma yurdumuza həsrətlə baxacağıq? Uca Tanrım, canımı hələ alma, qoy Şuşanı, Kəlbəcəri şərəfsizlərdən, düşmən tapdağlndan xilas edim. Yurdumun şərəfsizlərin əlində qalmasına dözə bilmirəm. Uca Tanrım mənə düz yol göstər, mənə torpaqlarımızı almağa imkan ver...”.
Heç bu duaları etməsindən çox müddət keçmədi. Aprel döyüşü başladı... və qardaşım qəhrəmanlıqla həlak oldu. Qardaşım şəhidlik zirvəsinə ucalandan sonra,  təsəlli almaq üçün onun qulluq etdiyi hərbi hissəyə getdim.  Elə bilirdim ki, orda ona aid nəsə görsəm, sakitləşərəm. Deməyin ki, acizəm, ancaq, qardaş başqa candır. Qardaşın yerini heç nə verməz. Biz bir-birimizlə nəfəs alırdıq. O mənim hər şeyim idi. Bir bayatıda deyildiyi kimi:

Şanım qardaş, can qardaş,
Mən sənə qurban qardaş.
Olum sənə sadağa,
Sən itirmə qan qardaş!!!.

Xidmət etdiyi hərbi hissədə dostları deyir ki, döyüş başlayanda qardaşım və Ruhin Qəhrəmanov  ailəsi-uşağı olan hərbiçilərə deyiblər ki, siz döyüşə atılmayın.  İkisi də mayor Elnur Əliyevin qarşısını kəsiblər ki, “səni döyüşə buraxmayacağıq. Balaların gözləyir”. Mayor onları döyüşdə tək buraxmayıb. Deyib ki,  döyüşdə hamı bərabərdir. Hətta əsgərlərini xilas etmək üçün özünü qumbaranın üstünə ataraq həlak olub.
Şəhidliyindən bir müddət əvvəl  oturub söhbət  edirdik, birdən mənə dedi ki “qardaş mən şəhid olsam ağlayarsanmı?”. Dönüb təəccüblə üzünə baxdım, dedim “danışmağa söz tapmırsan? Sən olmayandan sonra bu həyat mənim nəyimə gərəkdir. Canım sənə qurban, mən sənsiz bu həyatda bir gün də yaşaya bilmərəm... Səninlə nəfəs alıram Ayaz, belə danışma.” Bilmirəm nə olmuşdu, ürəyinə nə dammışdı. Sonra yenə əlavə etdi: “Ələsgər, qaqa, mən ölsəm, haqqınızı mənə halal edin...”. Sonra da öpdü, qucaqladı məni, dedi ki, “anam, atam, bacım sənə əmanət... Hər zaman məni yaşat ki, onlar acı çəkməsinlər. Elə yaşa ki, məni səndə görə bilsinlər. Məndən sonra ikimizin əvəzinə yaşa...”.
Bax belə qalıb yaddaşımda  dünyamı aparan qardaşım.  Mən  o qisas gününü görmək üçün yaşayıram indi. İnanın ki, çox çətindir, qardaşsız nəfəsim çatmır.


Qədim sərkərdələr, döyüşçülər yurdu Beyləqanda bir qış axşamını da aprel döyüşlərinin qəhrəmanı, şanımıza şan gətirən Ayaz Hüseynovu yad etməklə arxada qoyduq. O ailəni tərk edəndə, gecənin səhərə açılan qapısında əllərimi Göy Tanrıya açıb belə bir dua etdim: Göy Tanrım, bu qisasımızı qiyamətə qoyma! O nigaran şəhid ruhları, o qəhrəman sərkərdələrimizin xeyir-dualarını Vətənimin üstündən əskik etmə. Bizi həm içəri, həm də kənar düşmənlərimizdən qoru, onları bu Türk oğullarının yurdlarından qovmağa, dostumuzu düşmənimizdən seçməyə bizə qeyrət, qüdrət ver.


Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi