Modern.az

Cəbi Bəhramov: “Hitlerin alman reyxinə 27 min erməni qulluq edirdi”

Cəbi Bəhramov: “Hitlerin alman reyxinə 27 min erməni qulluq edirdi”

30 Mart 2011, 13:03

XX əsrdə azərbaycanlılara qarşı törədilən cinayətlərdə 2,5 milyon nəfər qətlə yetirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov hakim partiyanın saytına müsahibəsində 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı bir sıra maraqlı faktları açıqlayıb. Modern.az müsahibəni qısa ixtisarla təqdim edir.

- Xalqımıza qarşı törədilmiş soyqırımın tarixi kökləri nədən ibarətdir?

- Əgər soyqırımından söhbət gedirsə, ilk növbədə bu terminin özünə aydınlıq gətirilməlidir. İlk dəfə «soyqırımı» beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə BMT-nin İnsan hüquqları komissiyasının qəbul etdiyi 264 saylı konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış bir millətin, xalqın, etnik qrupun qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə görə məhvə məhkum edilməsini ifadə edir. Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya, soyqırıma məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası ilə, ermənilərin əli ilə, erməni terror təşkilatlarının – daşnaksütyun, ASALA və digər təşkilatların iştirakı ilə azərbaycanılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirilib və çar Rusiyası, Sovet hökuməti, eləcə də bəzi qərb dövlətləri onların ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiq olunub.
1918-ci ildə, o cümlədən, 1920-ci ilin mayından 1991-ci ilə kimi və 1991-ci ildən bu günə qədərki dövrdə Azərbaycan xalqına qarşı törədilən cinayətlər mahiyyət etibarı ilə soyqırımı cinayətləridir. Ona görə də, biz konkret olaraq mart qırğını ilə bağlı danışarkən bu hadisələrə aydınlıq gətirilməlidir. Onu bildirim ki, bu problemin əsası ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsindən başlayır. Bu barədə tarixdən kifayət qədər faktlar məlumdur ki, hansı xarici qüvvələrin dəstəyi ilə haradan ermənilər bizim ərazilərimizə köçürülüb. Bundan əlavə, ötən əsrin əvvəllərində beynəlxalq güclər dünyanın bölüşdürülməsi uğrunda mübarizəyə girişdilər və bu da Birinci dünya müharibəsi ilə nəticələndi. Müharibə ərəfəsində iki hərbi-siyasi blok yaranmışdı- Dördlər İttifaqı və Antanta. Antanta bloku daha fəal və hərtərəfli strategiya işləyib hazırlamışdı. Onların əsas məqsədlərindən biri də Osmanlı dövlətini parçalayıb onun mülklərinə sahib çıxmaq idi. Qafqaz isə iki dövlət-Rusiya və İran arasında bölünsə də, İranın cənub hissəsi İngiltərənin, şimalı isə çar Rusiyasının nüfuz dairəsində idi. Bütövlükdə Osmanlı dövlətinin və Azərbaycanın əraziləri artıq hücum obyekti idi. Türkiyəni bölmək üçün 1911, 1912, 1913, 1914-cü illərdə Antantaya daxil olan ölkələrin başçıları və xarici işlər nazirləri dəfələrlə görüşmüşdülər. O zamanlar Türkiyəni bölüşdürmək qərb dövlətlərinin əsas məqsədləri idi. Azərbaycanı isə ilk növbədə diqqət mərkəzində saxlayan onun nefti idi. Bu, o dövrün beynəlxalq münasibətlər sistemində ən aparıcı yerlərdən birini tuturdu.

- Bu proseslər isə ermənilərin bölgədə fəallaşması və 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı soyqırımın törədilməsi ilə nəticələndi...

- Rusiya imperiyasının 1917-ci ildə dağılması Bakı neftinə olan marağın getdikcə artmasına səbəb oldu. Həmin il dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Növbəti ilin yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılır. Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulubmuş. Nəzərə alsaq ki, o zaman Bakıda heç bir hərbi birləşmə yox idi, bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilmişdi. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam etdi.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, «Azərbaycan» qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlınının qətlə yetirildiyi qeyd olunur. Bolşeviklər qorxurdu ki, bu ərazilər ingilislərin əlinə keçə bilər. Eyni zamanda, xalq arasında böyük nüfuza malik olan ictimai-siyasi təşkilatları neytrallaşdırmaq, milli elementlərdən təmizləmək üçün bu yola və fikrə əl atıldı ki, Bakı neft mərkəzi olaraq Azərbaycan milli demokratik qüvvələrinin əlinə keçməsin. Həmin zamanlarda hətta Şaumyan da bildirirdi ki, Bakı azərbaycanlıların əlinə keçsəydi, yarana biləcək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan oluna bilərdi. Etiraf edirdi ki, Moskva hərbi dairəsindən tapşırıqla göndərilən həmin iki aeroplandan şəhərin bombardman edilməsində istifadə olunub. Bütün bunlar isə yerli azərbaycanlılara qarşı əvvəlcədən təşkil olunmuş ağır cinayət hadisəsi idi. Ermənilər qoca, qadın, uşaq fərq qoymadan qətlə yetirmişdilər. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Bizim hesablamalarımıza görə, bu rəqəm bir milyon nəfərə çatır. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi qərb dövlətləri və Sovet hökuməti dayanıb.

- Bəs Sovetlər hakimiyyəti dövründə azərbaycanlıların soyqırıma məruz qalması hansı faktlarla öz əksini tapır?

- 1920-ci ildən 1953-ci ilə qədər dövrə nəzər salsaq həmin zamanlarda da soyqırımın başqa forması həyata keçirilib. 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda 48 min nəfəri güllələmişdilər. Eləcə də, 1930-37, o cümlədən, 1953-cü ilə qədər baş verənlərə baxanda da, bu hadisələrin analogiyasını görmək mümkündür. Bu proses 1941-1945-ci illər müharibəsində də davam edib. Bu müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 80 faizi rus dilini bilmirdi. O zaman ordududa olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları güllələyirdilər. Belə olan halda, Azərbaycanın rəhbəri Mircəfər Bağırov vəziyyətə müdaxilə etdi və milli diviziyalar təşkil olundu. Azərbaycanlılar sübut etdi ki, digər xalqlardan da döyüşkəndirlər və müharibədə qəhrəmanlıqlarla bunu sübut etdilər. Brest qalasının müdafiəsində 44 nəfər azərbaycanlı iştirak edib, amma onların adını sovet hökuməti heç yerdə çəkməyiblər. Bizim apardığımız araşdırmalarda bunlar aşkara çıxarılıb.
Bildiyiniz kimi sovet hökuməti 1948-53-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından köçürülməsi ilə bağlı iki qərar qəbul edib. Bu məsələ ilə bağlı Ulu öndər Heydər Əliyev 1997-ci il 18 dekabr tarixində Fərman imzalayıb. Bu sənəddə göstərilir ki, sovet hökumətinin qərarları xalqımıza qarşı deportasiya siyasəti idi və deportasiya isə soyqırımına aparan ən böyük cinayət aktlarından biridir. Onu da deyim ki, soyqrımı siyasəti sovet hökumətinin zamanında bitmədi. 1988-ci ildən 1994-cü ilə qədər 30 min azərbaycanlı ermənilər tərəfindən öldürülüb. 1992-ci ilin fevralında ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı bütövlükdə insanlığa qarşı cinayət hesab edilir.

- Cəbi müəllim, tarixdə baş verən hadisələr açıq şəkildə sübut etmirmi ki, ermənilər hər zaman xarici qüvvələrin əilndə bir alət olub? Məhz ermənilərin vasitəsilə müəyyən təxribatlar həyata keçirilib?

- Əlbəttə ki, bu, belədir. Xatırladım ki, II Dünya müharibəsi dövründə yəhudilərə qarşı törədilən soyqırımı çox ağır nəticələr verdi. Amma bu cinayəti törədən cinayətkarlar öz cəzalarına çatdılar. Təsəvvür edin ki, bu cinayətdə də ermənilərin əli var. O zamanlar faşistlər tərəfindən erməni legionları yaradılmışdı. Dünya müharibəsi başlandığı dövrdə alman reyxinə 27 min erməni qulluq edirdi ki, onlardan 3 mini SS, almanların agent kəşfiyyatının xidmətində idi. Həmin 3 min nəfər Ukrayna ərazisində yəhudilərin məhv edilməsində xüsusi fəallıq göstərib. Onların xüsusi fəallığı nəticəsində 1941-ci ilin 16 noyabr-15 dekabrında 17 min 645 yəhudi, 2504 karain (tövrat inanclı xəzər türkləri), 824 qaraçı, 212 partizan güllələnib. Onların başında isə vaxtilə Vedibasarı, Zəngəzuru talan edən Nışte və Dro dayanırdı. Göründüyü kimi II Dünya müharibəsində ermənilər yəhudilərə və digər millətlərə qarşı cinayətlər törədiblər.

- Cəbi müəllim, hazırda bu hadisələrlə bağlı aparılan elmi araşdırmalar hansı səviyyədədir?

- Qeyd etdiyimiz kimi Ulu öndər Heydər Əliyevin 1998-ci ilin mart ayında imzaladığı fərmanda qarşıya qoyulan əsas məqsədlərdən biri bu məsələlərin, soyqırımı hadisələrinin mahiyyətinin geniş şəkildə xalqa çatdırılıması və bu faktların dünya miqyasına çıxarılmasıdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu barədə elm adamlarına müvafiq tövsiyələr verilib. Hazırda AMEA-nın Tarix İnstitutunda bu işlər geniş şəkildə aparılır, bir çox sənədlər toplusu hazırlanıb. Xatırladım ki, 2003-cü ildə ermənilərin Azrəbaycan torpaqlarında törətdikləri cinayətlərlə bağlı kitab nəşr etdik. İnstitut tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətlər öyrənilir və bu cinayətlərin kim tərəfindən törədildiyi geniş şəkildə araşdırılır. Tarix İnstitutu bu məsələlərlə bağlı kitablar nəşr edib və araşdırmalar nəticəsində gələcəkdə yeni nəşrlər də işıq üzü görəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?