Modern.az

Əhmədbəy Ağaoğlunun sağ gözü

Əhmədbəy Ağaoğlunun sağ gözü

7 Fevral 2017, 11:50

(yazını oxuyanlardan ricam: "sağ" sözü burda qeyri-müstəqim mənadadır)

Əhmədbəy Ağaoğlu 1909-cu ildən ömrünün sonuna kimi qısa fasilələrlə (cümhuriyyət dövründə türk ordusu ilə Bakıya qayıdıb, millət vəkili olub, Paris Sülh Konfransında iştirak edib və sair) Türkiyədə yaşayıb. Bu 30 ilə yaxın bir dövrdə başına gəlməyən olmayıb. 1918-ci ilin payızında İstanbulu işğal edən ingilislər üzdə olan ziyalıları o vaxtkı türk hakimiyyətinin əliylə həbs edib, ölkədən kənara sürgün edirmişlər.

Əhmədbəy də bu dalğadan kənarda qalmır, 1919-cu ilin 28 may tarixində (talenin nəhsinə lənət!) Əhmədbəyi Mudrosa (yunan adası) sürgün edirlər. Bir müddət orda saxladıqdan sonra Maltaya həbsxanaya göndərirlər. İngilislərin siyahısında Əhmədbəyin tanıtımı belə verilir:

Azərbaycan nümayəndəsi, təbliğatçı və müxbir.

Gəncliyindən Əhmədbəyin sağ gözündə problem varmış. Hərdən onu incidərmiş. Sonradan tamam nurunu itiribmiş. Maltada olanda sağ gözü yenidən ağrımağa başlayır. Bu dəfə məsələ ciddiləşir, müayinə edirlər, məlum olur ki, sağ gözü təcili çıxarılmasa, sol gözünü də kor edəcək. Kənardan ingilis həkim çağırırlar, o da əməliyyat üçün 50 funt sterlinq istəyirlər.
Əhmədbəydə o qədər pul hardandır. O zaman çarəsiz Əhmədbəy varlı bir hərəkat yoldaşından borc istəyir və belə bir şərt kəsir: borc bütün hallarda qaytarılacaq. Gəl, borc müqaviləsi imzalalayaq. Orda yazaq ki, ölməsəm, borcunu özüm qaytaracam, ölsəm, övladlarım. Sən ölsən, övladlarına qaytaracam. İşdi-şayət ikimiz də ölsək, övladlarım övladlarına qaytaracaq. "Dostu" borc verməkdən imtina edir və hətta istehza da edir: Heç əsirlikdə olan da borc istəyər?! (Heeyyy, gidi dünya, heeyyy)


Həbsxanada Əsəd (Eset) bəy adlı ixtisaca həkim olan bir İttihadçı siyasətçi varmış. O, deyir ki, əgər lazımi avadanlıq (skalper-filan) olsa, əməliyyatı mən edərəm. Tibbi avadanlığı təmin edən həbsxana rəhbərliyi Əhmədbəyin dilindən kağız alır ki, xəstə əməliyyata könüllü gedir. Əməliyyat uğurlu keçir, Əhmədbəyin sağ gözü çıxarılır və o, kor olmaqdan qurtulur.


Əsl ziyalı millətin gözüdü, öz gözü görsə də, görməsə də... Çünki onun bəsirət gözü açıqdı, çünki ona millətin görmədiyini görmək bəsirəti verilib. Göz fiziki mənada görməsə də, sağdı, diridi... Əhmədbəyin sağ gözü kimi.



Qalib Toğrul

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu