Modern.az

Ramiz Həsənoğlu “Atalar və oğullar” LAYİHƏSİNDƏ: “Atam keçinəndə gözləri ilə anamı axtardı”

Ramiz Həsənoğlu “Atalar və oğullar” LAYİHƏSİNDƏ: “Atam keçinəndə gözləri ilə anamı axtardı”

7 Fevral 2017, 13:05

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...


Layihəmizin növbəti qonağı Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğludur. O, ömrünü Azərbaycan teatrına həsr edən atası Həsən Mirzəyevdən danışacaq.

 

Sizi Ramiz Həsənoğu və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

 

Atamdan əvvəl babam “Zinger Süleyman”  haqqında

 

-Yadımdadır, rəhmətlik anam atamla necə tanış olmalarından, ailə qurmalarından danışardı. Əslən bakılıyıq, İçərişəhərdənik. Bizim məhəlləyə Ağşalvarlılar məhəlləsi deyilərmiş. Sonradan övladları böyüdüyü üçün babamın atası İçərişəhərdə yox, Bayır Şəhərdə, indiki Təzəpir məscidinin yanında övladları üçün ev tikir. Bizim nəslin ikinci məskunlaşdığı yer də həmin ərazi olur. Babam Süleyman orada ailə qurur, həyatını ora ilə bağlayır. Atam Həsənağa Mirzəyev onun birinci övladıdır.  Atamdan sonra bibim Tamara dünyaya gəlir.
Atamdan əvvəl bir az babam haqqında danışmaq istərdim. O vaxtı Almaniyanın məişət avadanlıqları əşyaları hazırlayan “Zinger” firması var idi. Babam çox savadlı və bir neçə dil bilən şəxs olub. “Zinger” firmasının Bakıdakı əlaqələndiricisi olduğu üçün ona el arasında zarafatla “Zinger Süleyman” deyərmişlər. Çox unikal adam olan babam sənətə çox məftun idi və bu sevgisini heç zaman gizlətməzdi. Cəfər Cabbarlı məşhur “Oqtay Eloğlu” əsərini o vaxtın ən tanınmış aktyorlarından olan Hüseyn Ərəblinskinin prototipi kimi yaradıb, orada onun ağır həyatını əks etdirib. Yadımdadır, anam danışardı ki, babam buna narazılıqla yanaşardı. Deyərmiş ki, Hüseyn Ərəblinski bizim küçədən keçəndə hələ küçənin başında ondan gələn xoş ətir adamı vururdu.

Babam rus dilini o dərəcədə yaxşı bilərmiş ki, rusların özləri ona ərizə yazdırarmışlar. Təqaüdə çıxandan sonra isə hazırda Cəlil Məmmədquluzadənin ev muzeyinin yerləşdiyi küçədə kiçik bir dükanın qarşısında  nöyüt satarmış. Bu o zaman idi ki, Mirzə Cəlil də həmin küçədə yaşayarmış və bu o vaxt üçün heç də ayıb iş sayılmazmış…

 

Qeyri-adi tanışlıq

 


-Atam belə bir kişinin evində böyümüşdü. Babam Süleymanın ən böyük arzularından biri də o idi ki, atamı öz nəsillərinə layiq, adlı-sanlı bir qızla evləndirsin. Buna görə də atamı layiqli bir ailənin övladı ilə - dağlı qızıyla nişanlayırlar. O vaxtı nişan aparan oğlan ailəsi qız üçün çox bahalı hədiyyələr- boyunbağı, mirvarı və gətirərdilər. Nənəmlə babam da ən bahalı hədiyyələrdən həmin dağlı qızı üçün aparırlar. Lakin tale yenə də öz işini görür; atam o qızla deyil, anamla ailə həyatı qurmalı olur.
Onların çox maraqlı tanışlıqları olub: anam o vaxtı Aşqabaddan Bakıya Teatr Texnikumuna oxumaq üçün gəlmişdi. Tanınmış opera müğənnisi Gülxar Həsənova ilə yataqxanada bir qalar və bir gəzərmişlər. Hərdən Səadət sarayında yerləşən Əli Bayramov adlı kluba da gedərmişlər. Atam da anamı orada görüb və çox bəyənib. O zaman da Gülxar Həsənova Ağadadaş  Qurbanovla nişanlı imiş. Atam Teatr Texnikumunun tələbəsi kimi kluba tar dərnəyinə gedərmiş. Bunu Ağadadaşa, o isə öz növbəsində Gülxara deyir. Gülxar bunların aralarının qurulmasını istəyir. Anam danışırdı ki, onlar birinci dəfə çox qəribə şəkildə görüşüblər. Atam anamgil olan sinfə bir əlində tar, o bir əlində alma ilə girir. Anamı görcək tez almanı şkafın üstünə atır, beləcə, özünü yığışdırır. İlk tanışlıqları belə olur. Yoxsa, anamın onunla ciddi münasibət qurmaq istəyi olmayıb. Amma bu tanışlıq atamın nişanlı olduğu vaxt baş tutub. Atam anamı tanıyanda artıq dağlı qızı ilə nişanlı idi. Buna baxmayaraq, evdə bəyan edir ki, mən onu yox, başqasını sevirəm. Bu istəyində qətiyyət göstərir. Doğrudur, bir müddət ailəsi ilə inciklik yaranır, amma sonradan babam anamın necə insan olduğunu görüb, hər şeyi bağışlayır. Anam deyərdi ki, babam sərt danışan insan olub, münasibətlər düzələndən sonra evdəkilərə deyib ki, o “kopoyoğlunun qızı üçün apardıqlarımızı bu kopoyoğlunun qızı üçün gətirin....”.

 

Sənətə qurban gedən ömür

 

-Bütün bunların hamısını  mənə anam danışıb. Təqaüdə çıxandan sonra çox darıxardı. Teatrı nisgillə, böyük həsrətlə xatırlayardı. Hər dəfə onun yanına gedəndə o illərdən, atamdan həsrətlə danışardı. Bəziləri təkrarən deyərdi. Mən diqqət edərdim ki, anam təkrar dediyi məsələlərdə bəzi nüansları unudur. Onların tamam yaddan çıxmaması üçün anama xatirələrindən ibarət kitabı yazmağı təklif etdim. Anam rəhmətə gedəndən sonra o kitab çapdan çıxdı. Orada anamla atamın özlərini sənətə necə fəda etdikləri çox gözəl təsvir olunub. 

 

“Atamın “universitetləri””

 


-Atam əvvəlcə Nərimanov Texnikumuna daxil olub. Ora indiki Dövlət İqtisadiyyat Universitetin binasında yerləşirdi. Lakin atamın sənətə sevgisi çox böyük idi, görünür, o da babamdan keçmişdi, buna görə paralel olaraq Teatr Texnikumunda təhsil alır. Orada həm kursun rəhbəri məşhur rejissor Tuqanovun assisenti, həm də qrupun rəhbəri olur. Bəzən, Tuqanovu da atam əvəzləyərmiş. Anamla ailə qurduqdan  sonra İrəvana gedirlər. İrəvan Dövlət Teatrı həm atam, həm də anam üçün ilk böyük səhnə olub. Atam orada bir çox məşhur tamaşalardan əsas rolları canlandırıb. Onun yaratdığı rolların arasında “Otello”da Kalsio, “1905”də Baxşı, “Şərqin səhəri”ndə General Tompson və başqa rollar var.
Həmçinin, atam İrəvan teatrında rejissura ilə də məşğul olur, bir neçə tamaşaya quruluş verir. Elə mən özüm də valideynlərim İrəvanda işlədiyi zamanda o şəhərdə anadan olmuşam. Atam-anam ara-sıra Bakıya gələr, sonra yenidən ora qayıdarmışlar. Amma 1948-ci ildə Qərbi azərbaycanlıların kütləvi şəkildə ana yurdlarından deportasiya olunmasından sonra mənim valideynlərim bioqrafiyasında yeni mərhələ başlayır. Bu Gəncə mərhələsi idi. Biz ailəliklə Gəncəyə köçdük, atam-anam Gəncə Dövlət Teatrında çalışmağa başladılar. Amma o zaman vəziyyət heç də yaxşı deyildi. Aktyorlar aylarla maaşlarını ala bilmirdilər. Bu da təbii ki, beş nəfərlik ailənin dolanışığına təsir göstərirdi. Bu səbəbdən atam məcbur qalıb teatrdan, sənətdən ayrıldı. Onun aktyorluqla yanaşı, kimya mühəndisliyi diplomu da var idi. Bu ixtisas üzrə yaxşı qazancı olan iş tapdı və ailənin maddi dolanışığını təmin etməyə başladı. Amma atamın bütün həyatı sənətə biçilmişdi. Bəlkə, elə buna görə də o, özü də gözləmədiyi halda yenidən teatra qayıtdı. Doğrudur, aktyor kimi qayıtmasa da, sənət yenidən ona öz qollarını açdı...

 

Yenidən teatrda

 

-Atamın teatra, ümumilikdə, ailəmizin Bakıya qayıtdığını bu gün də yaxşı xatırlayıram: Azərbaycan teatr tarixinin böyük siması olan Ədil İsgəndərov Gəncəyə tamaşa qəbul etməyə gəlmişdi. Həmin tamaşada əsas rollardan birini anam canlandırırdı. Ədil müəllim anamın ifasını çox bəyəndi və onu Bakıya, Akademik Milli Dram teatrına işə dəvət etdi. Qeyd edim ki, Ədil müəllim anam İrəvana gələndə ondan azacıq incimişdi. Çünki anam Ətaya xanımın perspektivini görüb onun Bakıda qalmasını istəyirdi. Amma anam ailə vəziyyətinə görə İrəvana getməyə məcbur oldu və bu haqda Ədil müəllimə heç nə demədi. O da çox əsəbiləşdi və dedi ki,  nə zamansa qayıtmaq istəsən, mən səni teatra qəbul etməyəcəyəm. Amma elə olmadı. Elə Ədil müəllimin özü anama yenidən iş təklifində bulundu. Anam da təbii ki, razılaşdı. Ə.İsgəndərov kimi adamla kim işləmək istəməzdi ki... Atam isə bu vaxtı Gəncədə məsul mühəndis kimi çalışırdı. Lakin onu azdan-çoxdan tanıyan Ədil müəllim atama da Bakıya, teatra qayıtmağı məsləhət gördü. Amma aktyor yox, quruluş hissə müdiri kimi... Beləcə, 1956-cı ildə Bakı ailəmizə, sənət isə atama öz qollarını açdı...

Atamı xatırladan musiqilər

-Atamın mənə təsiri ən çox kitaba, mütaliəyə maraqda özünü göstərirdi. Mən hələ çox kiçik  olduğum zamanda bütün “Koroğlu” dastanını əzbərdən bilirdim. Qoşma və əhvalatlardan ibarət böyük dastandı, onu əzbər deməyim hamını təəccübləndirirdi. Bu mənə atamdan, elə anamdan da keçmişdi. Hər ikisinin unikal yaddaşı var idi. Yadıma gəlir, evimizdə nəyimiz də olmasa, kitablarımız çox idi. Biz-mən və  qardaşım kitabdan ayrılmazdıq. Qardaşım gecə fənər işığı ilə yorğanın altında kitab oxuyardı. Atam tar kursuna getmişdi və təbii ki, tarda gözəl ifa edirdi. Amma onun gözəl saz çalmağı da vardı.

Bir cürə sazı var idi, biz eyvanda oturub ailəliklə dincələndə atam həmin sazı dilləndirər və xırıltılı səslə pəsdən oxuyardı.  Mən indi də həmin musiqiləri və atamın xırıltılı səslə ifasını çox yaxşı xatırlayıram. Bəlkə də, dinləyirəm...


İlk azərbaycanlı mütəxəssis

-Atam 1956-cı ildə Bakıya qayıdandan sonra bütün ömrünü teatrla bağladı. Xatırlayıram, evə çoxlu dekorasiya maketləri, eskizlər  gətirər və teatrın bəzi işlərini evdə görərdi. Unikal yaddaş sahibi idi. Bütün rəssam, rejissorların nömrələrini əzbərdən bilər və dekorasiyalarla bağlı onlarla etdiyi danışıqları, görməli olduğu işləri heç zaman qeyd etməzdi. İş yerinə gedərdim, kabineti başda-başa gözəl maketlərlə dolu olardı. Bu o zaman idi ki, teatra çox böyük tamaşaçı məhəbbəti var idi. Bu o zaman idi ki, pərdə açılan kimi tamaşaçı aktyordan əvvəl dekorasiyanı alqışlayardı. Beləliklə, indiki kimi tamaşadan həmən sonra asılqana qaçmayan tamaşaçılardan birinci alqışı elə atam qazanardı.

Atamın fəaliyyətinin bir qolu da pedaqoji istiqamət idi. O, Azərbaycanda quruluş hissədən, səhnənin bədii quruluş tərtibatından dərs deyən ilk mütəxəssis idi. Ona kimi isə bu sahəni cuhudlar, ya qeyri millətin nümayəndələri tədris edirdilər. Atamın tələbələri bu gün də onu xoş  xatirələrlə yad edir.

Bir salamın  zarafatı

-Heç vaxt yadımdan çıxmaz. Elə atamın tələbələrindən biri bunu mənə danışmışdı. Demək, mənim çəkdiyim “Topal Teymur” televiziya tamaşası axşam efirdə göstərilmişdi. Səhəri gün isə atamın dərs dediyi Teatr İnstitutunda tələbələr böyük şövqlə, canfəşanlıqla onunla görüşüb, salamlaşmağa can atırdılar. Təbii ki, bu salamlaşmada atamın öz qazandığı hörmət daha çox rol oynayırdı, amma o yarızarafata deyərdi ki, “Topal Teymur”un rejissorunun atası olduğum üçün o cür canfəşanlıqla mənimlə salamlaşmaq istəyirdilər.

Cavanlıqdan küskünlük

-Bütün ekran işlərimə görə çox sevinərdi, ümumiyyətlə, bizimlə fəxr edərdi. Sevinərdi ki, biz də bu sənətdə – anamla birgə bütün ömürlərini fəda etdikləri  teatrda onların  davamçısı olduq. Bəzən, zarafatla deyərdi ki, ləvənd oğlu ləvənd, mənə də rol ver. Amma rol versə idim də oynamazdı. Çünki sonralar aktyorluğa bir daha qayıtmaq istəmədi. Teatrda hamı atamın aktyor peşəsinə son qoyduğu üçün təəssüflənirdi. Çünki onun fakturası, xarici görmkəmi bir sözlə, hər şeyi aktyorluğa yarayırdı. “Uşaqlığın son gecəsi” filmində Yusif Vəliyevin yaratdığı tikinti rəisi obrazını rejissor Arif Babayev atama vermək istəyirdi. Amma o, birmənalı şəkildə “yox” dedi. Sanki aktyorluğa baş vurardısa,  yenidən cavanlığına, Kalsio, Baxşı, General Tompson kimi obrazları yaratdığı İrəvan və Gəncə teatrlarının səhnəsinə qayıdacaqdı... Amma nədənsə atam bunu istəmirdi...


Atamın yükü

-Anamla atam bütün ömürlərini bu sənətə qurban verdilər. Mən də, qardaşım Rauf da valideynlərimizin təkcə bioloji yox, həm də mənəvi davamçısıyıq. Bütün həyatlarını sənət üçün qurban verdikləri azmış kimi bizi də özlərindən sonra bu sənətə xidmət üçün qoyub getdilər. Allah hər ikisinə rəhmət eləsin! Təsəvvür edin, onlar teatr sənətinə elə bir dövrdə xidmət etdilər ki, həmin zaman kəsimində insanlar ancaq öz yaşayışlarını düşnürdülər. Həm müharibədən əvvəlki, həm də sonrakı dövrlərdə İrəvanda, ondan sonrakı müddətdə isə Gəncədə bu missiyanı yerinə yetirdilər. Anam danışardı ki, atam evin azuqəsini təmin etmək üçün xeyli kilometrlərlə yolu qət edər, çiynindəki ağır yükü şəhərdə nəsəyə dəyişib evə gətirərdi. Ailəmiz bu cür ağır günlərdə sənətə xidmət edirdi və o xidmət bu gün də davam edir.

 

Biri var idi, biri yox idi, yaxud, bir nağılın sonu

-Aqşin Babayevin radioda “Biri var idi, bir yox idi” layihəsi vardı.  Bir buraxılış da valideynlərimə həsr olunmuşdu. Orada Aqşin Babayev bir fikir bildirdi. Dedi, müsəlləh əsgər, hərbçi vətənə necə xidmət edirsə, onlar da teatra sənətinə o cür xidmət etdilər. Zarafat deyil, üç uşaqla burdan-ora, ölkənin bu yerindən- o yerinə get... Hamısı da ona görə ki, sənət yaşasın. Onlar deyərdim, biri-birindən güc alırdılar. Hər zaman bu yolda birlikdə oldular. Hətta atam keçinən gün belə, son dəqiqəsində gözləri anamı axtardı. Anam o gün televiziyaya çəkilişə getmişdi. Atam eyvanda oturmuşdu, qəflətən, ürəyi tutdu, tromp qırılmışdı, son saniyəsində gözləri anamı axtara-axtara dünyadan köçmüşdü... Allah, ikisinə də rəhmət eləsin! Yaşasın, Azərbaycan teatrı

 

E.NAZİMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir