Modern.az

Cahangir müəllimi xatırlayarkən

Cahangir müəllimi xatırlayarkən

8 Fevral 2017, 13:15

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun (1986-cı ilədək Əlyazmalar Fondu adlanırdı) sabiq direktoru, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanovun 90 illiyi münasibətilə kitab hazırlandığını eşidəndə  çox sevindim. Çünki vaxtilə onun xeyirxahlığından pay düşən insanlardan biri də mən olmuşam. Ona görə də bu günədək unutmadığım bəzi epizodları qeyd etmək üçün əlimə imkan düşdüyünə görə, Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tahirə xanım Həsənzadəyə (xəbəri mənə çatdırdığına görə) sonsuz təşəkkürlərimi bildirirəm.


Cahangir müəllimi ilk dəfə 1980-ci ildə görmüşdüm. Bu görüşün səbəbi isə mənim bir neçə il işsiz qalmağım idi. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdiyim zaman ailə vəziyyətimlə əlaqədar olaraq, təyinat yerinə gedə bilmədiyimə görə, sonralar böyük problemlərlə rastlaştdım. Qəzet və jurnallarda arabir yazılarım çap olunsa da, redaksiyalarda boş yer tapmaq çox çətin idi. Söz verənlərin sayı çox olsa da, nəticəsi yox idi. Belə bir gərgin zamanda ailəmizə yaxın olan tanınmış insanlardan biri Cahangir Qəhrəmanovun adını çəkdi, onun xeyirxah insan olduğunu söylədi və məsləhətləşib məni onun yanına apardı.

O zaman Əlyazmalar Fondu AMEA Rəyasət Heyətinin 1-ci və 2-ci mərtə­bəsindəki bir neçə otaqda və böyük zallarda yerləşirdi. Direktorun otağı isə 1-ci mərtəbədə, liftin yanında idi.Doğrusu, o möhtəşəm binaya daxil olanda, bir anlıq özümü itirdim, elə bildim ki, ən çətin bir imtahana gəlmişəm. Cahangir müəllimin kabinetinə daxil olanda isə onun çox zəhmli siması məni daha da həyəcanlandırdı. Bu gərginliyi hiss edən Cahangir müəllim bir qədər mülayim səslə, “yəqin sən də elmlə məşğul olmaq istəyirsən”,-deyib sınayıcı nəzərlərlə üzümə baxdı. Mən isə özümdən asılı olma­yaraq, “yox,mən öz peşəmlə məşğul olmaq istəyirəm”,-deyəndə Cahangir müəllim yarızarafat şəklində “hə nə olar, tez-tez bizdən də yazarsan”,- dedi. Söhbətdən başa düşdüm ki, mənimailə vəziyyətim barədə məlumatı var. (Sonralarbildim ki, həmin adam məni Cahangir müəllimə yaxın qohumu kimi təqdim edibmiş...).

 

Beləliklə, 10-15 gündən sonra gəlib ərizə yazdım və Mədəniyyət xadimlərinin şəxsi fondlarının mühafizəsi şöbəsinə böyük laborant vəzifəsinə işə qəbul olundum. Şöbənin müdiri filologiya elmləri doktoru Əzizağa Məmmədov olsa da, şöbədə bütün işlərə uzun illər ərzində (elə Əlyazmalar Fondu yaranan gündən) orada çalışan, çox dəqiq, zəhmətkeş və xeyirxah insan Mərziyə xanım Paşayeva nəzarət edirdi. Nəinki şöbədə, elə Fondun özündə də böyükdən kiçiyədək hamı onun hörmətini saxlayırdı.

Mən az müddət ərzində kollektivə qaynayıb-qarışsam da, fikrim elə “ Elm və həyat” jurnalında boşalacaq ştatın yanında idi. “Niyyətin hara, mənzilin də ora”,- deyiblər. Düz 3 ildən sonra “Elm və həyat”da yer boşaldı və mən də nə az, nə çox, düz 30 ildən artıq həmin jurnalda işlədim. Həmin illər ərzində Əlyazmalar İnsti­tutundan jurnala göndərilən müəllif yazılarına həmişə çox doğmalıqla yanaşırdım.Axı, mən Azərbaycanın sayılıb-seçilən elm adamlarının bir çoxunu məhz Əlyazmalar İnstitutunda işlədiyim dövrdə yaxından görüb tanımışdım. Onların sırasında akademik Həmid Araslı, filologiya elmləri doktoru Cənnət xanım Nağıyeva, Məmmədağa Sultanov (dünyasını dəyişənlərə Ulu tanrıdan rəhmət diləyirəm) hazırda fəaliyyətlərini davam etdirən alimlərdən filologiya elmləri doktorları Mehri xanım Məmmədova, Mahirə xanım Quliyeva, Nəsib Göyüşov, hazırda Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan AMEA-nın müxbir üzvü Möhsün Nağıyevi görəndə sanki öz doğmalarımla qarşılaşıram.

Cahangir müəllimlə bağlı heç vaxt unuda bilmədiyim 2-ci xatirə Şuşa səfərimiz barədədir. 1983-cü il 22, 23 və 24 may tarixi həmin günləri birlikdə keçirmiş 40-dan artıq (uşaqlı-böyüklü) insanın hər birinin yaddaşında pozulmaz izlər qoyub. Aradan 33 il keçməsinə baxmayaraq, Şuşa adı çəkiləndə istər-istəməz Cahangir müəllimin məğrur siması gəlir gözümün qarşısına. Çünki o vaxt Cahangir müəllimin həmin təşəbbüsü olmasaydı, yəqin ki, mən də, mənim ailə üzvlərim də Şuşanı görmək, gəzmək xoşbəxtliyinə nail ola bilməzdik. Bu səfərin əsas özəlliyi onda idi ki, Cahangir müəllim özü ailəsilə birlikdə iştirak etdiyi kimi, əməkdaşlara da tapşırmışdı ki, kim istəyir ailə üzvlərini də gətirsin. Bizim də ailəlikcə (həyat yoldaşım və 2 övladımla) qatıldığımız bu 3 günlük səfər ərəfəsində mən Cahangir müəllimin necə sadə, səmimi və xeyirxah insan olduğunu daha yaxından müşahidə etmək imkanı qazandım. O, bir ailə başçısı  qayğısilə uşaqdan-böyüyə hamıya diqqət yetirir, baməzə söhbətlərilə hər kəsin qəlbinə yol tapırdı. Şuşaya çatdığımız 1-ci gün İsa bulağında leysan yağışa düşdük. Amma təpədən-dırnağa qədər suya batan insanlardan heç bir nəfər də xəstələnmədi. Kollektivdə elə doğmalıq yaranmışdı ki, sanki bir ailənin üzvləri idik və Cahangir müəllim də bu ailənin başçısı idi.

Səhərisi gün kollektiv şəkildə Şuşanı qarış-qarış gəzdik, məşhur yerlərdə– Cıdır düzündə, M.P.Vaqifin məqbərəsinin və Tarix-diyarşünaslıq muzeyinin qarşısında (əvvəllər bu tikili Gövhərağa məscidi adı ilə tanınıb) çəkdirdiyimiz şəkillərə indi dönə-dönə baxmaqdan yorulmuram. O tanış olayları bir daha xəyalən də olsa gözlərim qarşısında canlandırmaq istəyirəm. Bu şəkillərin hamısında Cahangir müəllim həyat yoldaşı ilə birlikdə ortada, kiçik yaşlı uşaqlar isə lap qabaqda dayanıblar. Həqiqətən mehriban bir ailənin simvolu kimi.

Aradan keçən illər ərzində, daha çox isə son 24 ildə Cahangir müəllimin Xankəndində olduğumuz birinci gün (adətən, Şuşaya gedən turistlər mütləq əvvəlcə orada qeydiyyatdan keçməli və hətta yeməyi də orada yeməliydilər).Nahar hazır olana qədər o mənfur ermənilərin göstərişilə onların qəbiristanlıqlarını da “ziyarət etməyə” məcbur olduq. Başdan-ayağa qara mərmər muzeyini xatırladan qəbiristanlığın oxşarını heç Bakıda da görməmişdik. Orada Cahangir müəllim üzünü yanında dayananlara tutub dedi ki, “Oqonyok” jurnalında Şuşanın şəkli verilib və şəklin altında “Şuşa, Ermənistanın qədim şəhəri” sözləri yazılıb. Cahangir müəllim bu sözü deyəndən sonra ermənilərin insanlığa yaraşmayan alçaq xüsusiyyətləri barədə bir xeyli danışdı.

Ancaq o vaxt heç kəsin ağlına da gəlməzdi ki, aradan az bir vaxt keçəndən sonra bizim bu tərəflərə ayaq basmağımız müşkülə çevrilə, insanlar doğma torpaqlarından didərgin düşə bilərlər. Heç kəsin ağlına gələ bilməzdi ki, musiqi beşiyimiz Şuşa dahi Üzeyirin dünyaşöhrətli musiqisinə, Xanın ecazkar səsinə, Natəvanın ürək dağlayan qəzəllərinə, həsrət qalacaq, xarıbülül dərddən-qüssədən saralıb-solacaq.

                                              
Maral Poladova,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun,
Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin
 baş mütəxəssisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi