Modern.az

Mircəfər Bağırovun işdən çıxardığı prokuror - İdris Əsgərovun BƏRAƏTİ

Mircəfər Bağırovun işdən çıxardığı prokuror - İdris Əsgərovun BƏRAƏTİ

Mədəni̇yyət

8 Fevral 2017, 17:14

Mərhum prokuror İdris Əsgərovun xatirəsinə...

Azərbaycanda , türk qövmündə kişiliyin timsalı, nümunəsi idi İdris Əsgərov.  Bu gün 40 gündür ki, dünyamızı tərk edib, haqq dünyasına, Tanrıya qovuşub. Mən o adamlardan idim ki, İdris Əsgərovun  qapısını döyüb, hər zaman evinin qonağı ola bilirdim. Onun və ailəsinin etibarını qazanmışdım.  Bizi Azərbaycanın tanınmış vəkili Həqiqət Hüseynova tanış etmişdi. 1994-cü ildəki ilk tanışlığımızdan sonra Azərbaycan Respublikasının Baş  Prokurorluğunun Nəzarət- Təşkilat İdarəsinin rəisi  İdris Əsgərovla əməkdaşlığımız  əvvəlcə möhkəmləndi, sonra isə dosta-doğmaya çevrildik.  1996-cı ildə   daha Baş Prokuroluqda  çalışa bilməycəyi barədə  ərizə yazaraq,  öz xahişi ilə prokurorluq orqanlarından xaric olundu. Bakı  Dövlət Universitetinin Hüquq fakültəsində Mülki Hüquqdan dərs deməyə başladı və  Azərbaycan üçün  ilk Mülki Hüquq dərsliyinin də müəllifi oldu.

Tanrı onun taleyinə hər şeyin mütləqini, mükəmməlini yazmışdı. Azərbaycanın tarixində ilk dəfə  23 yaşlı ən gənc prokuror kimi  rəhbər vəzifədə çalışmağa onu Caparidze rayonuna (indiki Nərimanov rayonu) Azərbaycan SSR-nin MK –nın  birinci katibi Mircəfər Bağırov  təyin etmişdi. 23 yaşlı rayon prokuroru İdris Əsgərov 2 il qanunun aliliyinin keşiyində dayanır. Və günlərin birində   Pespublika prokuroru H.M. Rəhimovun  Mircəfər Bağırova yazdığı  təqdimatla hüquq-mühafizə orqanlarından xaric olunur. Rəhimov soyadlı baş prokuror İdris Əsgərovun keçmişini araşdıraraq onun  “qolçomaq və mülkədar oğlu olduğunu üzə çıxarır”.  


Mircəfər Bağırov kimi bir ölkə başçısının imzası ilə “yad ünsür” kimi işdən götürülmə əslində çox ağır ittiham idi. İdris Əsgərova gənc kadr kimi verilən yataqxana otağı da əlindən alınır və o, birbaşa Gəncəyə - anasının yanına gedir. Bir neçə müddət anasının yanında qalandan sonra, əsl həqiətləri araşdırmağa başlayır. Sözün əsl mənasında təhqiqat aparıb, sənədlər toplayır. Və məlum olur ki, onu belə ittihamla ləkələyən  Hacı Rəhimov özü  qanunsuz repressiyaların həyata keçirilməsində ən fəal iştirakçı olubmuş. Və aradan çox qısa müddət keçəndən sonra, İdris Əsgərov haqqında “fərman” verən  Hacı Rəhimov barəsində bir vaxtlar baş prokuror olduğu  sistemdə cinayət işi başlanır. Onu “Azərbaycanda əks-inqilabçı cinayət işlərinin istintaqı və həlli zamanı yol verilmiş satqınlıq və sosialist qanunçuluğunun pozuntuları haqqında”  təqdimat ilə İman Mustafayevin imzasıyla biabırçı şəkildə işdən kənarlaşdırlar.  Bu zaman kəsiyində İdris Əsgərov  ədalət axtarışındaykən, atasının haqqını təmin edir. Azərbaycan SSR Ali Məhkəməsinin  22 oktyabr 1955-ci il tarixli qərarı ilə atasının məhkum edilməsi haqqında Gəncə Quberniyasının üçlüyünün 5 mart 1953-cu il tarixli qərarını ləğv etdirərək, ona bəraət alır. Atası Qasım  Əsgərov haqqındakı qondarma cinayət işini bütün detalları ilə alt-üst edir. Və bundan sonra yenə Azərbaycan Baş prokurorluğunda alnı açıq və üzü ağ fəaliyyətə başlayır, 47 il çalışır.

Olanlardan-keçənlərdən daha çox mənə danışardı. Söhbətlərindən hər zaman hiss edirdim ki, Mircəfər Bağırova böyük  rəğbəti var. Baxmayaraq ki, Mircəfər Bağırovun hakimiyyətində  gənc prokuror kimi çox əziyyət çəkmişdi, hətta 5 il işsiz qalmışdı. Və məcburiyyət qarşısında qalaraq, təhsilinə aid olmayan yerlərdə çalışıb, aiıləsini dolandırmışdı.

O, Mircəfər Bağırovu səciyyələndirərək, rayon prokuroru işləyərkən  Azərbaycanın birinci katibi ilə görüşdüyü maraqlı məqamları xatırlayardı. Danışırdı ki, “bir dəfə Caparidze rayonunda 76 nəfərin  iştirak etdiyi toyda cinayətkarlar bütün qonaqları, bəy və gəlini qarət etmişdilər. Cinayət hadisəsindən xəbər tutan Mircəfər Bağırov həmin hadisənin təcili surətdə açılmsı üçün göstəriş verərəkən belə söyləmişdi: “Bu cinayətin baş verməsi dövlətə - şəsxən sizə meydan oxumaq deməkdir. Əgər 10 gün ərzində cinayət açılmazsa, 6 nəfərin hamısı öz  vəzifəsi və partiya biletləri ilə vidalaşmalı olacaq”. Və bundan sonra bir qədər dayanaraq, adətən rus dilində danışan Bağırov azərbaycanca “Azərbaycan dilində  “toy” sözündən başqa  “toy tutmaq” anlayışı da var. Yəqin bu deyimin mənasını anlayırsınız. Müqəddəs toy məclisini  mahiyyətcə yas məclisinə çevirən cinayətkarları tapıb, onlara  “toy tutmaq lazımdır””...  Həmin cinayət hadisəsi bir neçə günə açılmışdı... Əks halda, hər kəsin aqibəti məlum idi”...


İdris müəllim Mircəfər Bağırovun  ölmədiyi, qaçıb canını qurtardığı barədə yayılmış şayiələrə də çox dəqiq aydınlıq gətirmişdi. Bir dəfə Moskvada xidməti ezamiyyətdə olarkən,  “Rosiyya” mehmanxanasının  restoranında  təsadüfən Bağırovun oğlu Cenlə tanış olur. Bu görüş zamanı Cen atasını son dəfə gördüyünü belə təsvir edir. O deyir: “Həmin vaxt qüvvədə olan qaydalara əsasən, ölüm cəzasına məhkum edilmiş insanlara hökmün icrasından bir saat əvvəl öz ailə üzvləri ilə görüş verilirdi.  Biz də 1956-cı il may ayının 28-də anam Yevgeniya ilə birlikdə  atamla görüşdük. Atamı gözləmə otağına gətirdilər. Atam içəri girəndə anamın alnından öpdü. Məni kənara çəkərək “oğlum, mən xalq düşməni deyiləm. Partiya öz siyasətini dəyişir. Bunu əsaslandırmaq üçün qurbanlar tələb olunur ki, mən bu qurbanlardan biriyəm”. Bu sözləri deyəndən sonra atam otağı tərk etdi. Bizə 30 dəqiqəlik görüş verildiyi halda, o bizimlə heç 10 dəqiqə də oturmadı”.
 

İdris müəllim deyirdi ki, dövlət ağır günlərini yaşayanda onu dəmir qanunlar və dəmir iradə və dəmir əl idarə etməlidir ki, dövləti məhv etməkdən qorusun. Yoxsa ki, cinayətkarlar dövlətin içərisinə yeriyib, dövləti sarsıda bilərlər. Mircəfər Bağırov da o ağır müharibə və sonrakı illərdə Azərbaycanı dövlət kimi məhv olmaqdan xilas etmişdi. 
Mən bilirdim ki, Mircəfər Bağırova onun belə müsbət münasibəti dövlətimizə, Vətənimizə olan böyük sevgisinin  təzahürü idi. Mircəfər Bağırovun məhkəməsində baş verən bir maraqlı məqamı da İdris müəllim belə nağıl edirdi:


“Mircəfər Bağırovun məhkəməsində SSRİ-nin baş prokuroru Rudenko ondan  “Böyük Sovet Ensklopediyası”nın baş redaktoru Suren Şaumyanı nə üçün təhqir etdiyini soruşanda, M.Bağırov “onu Bakıdan qovmuşam. Bir dəstə adamla gəlib arxivlərimizi ələk-vələk etdi. Kommunist pərdəsi altında daşnakların törətdiyi cinayətləri, müsəlmanların izini yer üzündən silmək, banklardan və evlərdən talan edib oğurladıqları sərvətlərə aid sənədləri aradn çıxarmaq istəyirdi. Mən də əmr etdim ki, Bakını 24 saat ərzində tərk etsinlər” cavabını verir.
Dövlət ittihamçısı  Rudenko ona daha bir sual ünvanlayır.

“Müttəhim Bağırov, 1948-ci ildə Nizaminin yubiley təntənələri keçirilən zaman Şaginyan Mariettanı nə üçün qəbul etməmisiniz  və üstəlik nə üçün təhqir etmisiniz”- sualının cavabında Bağırov deyir: “Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün ondan zəhləm gedirdi. Mənimlə görüşmək istəyirdi. Rədd etdim. Dedim ki, nə qədər istəyir verin yeyib –içsin, sonra da çıxıb getsin””.


İdris Əsgərov özü nəhəng şəxsiyyət idi. Onun ədalət tərəzisi heç vaxt mizanı pozmadı. Azərbaycanda əksəriyyətin  düşmən saydığı Mircəfər Bağırovu günahlandıra bilmirdi. Deyirdi ki, “onu tarixin yaddaşından silmək olmaz. O, 1930-50-ci illərin qanlı hadisələri, Vətən müharibəsinin ağır günlərini də əhatə edən tariximizin bir simasıdır. Tarixin bu keşməkeşli yollarında Bağırovun fəaliyyətinin yaxşı cəhətləri inkar edilmədən, onun mürəkkəb əməyi diqqətlə araşdırılmalı və tarixdə layiqli yeri müəyyən edilməlidir.  Çünki, həmin ağır dövrdə Azərbaycanın rəhbəri olan bu şəxs öz məhdud  imkanları daxilində siyasətin əksinə olaraq, bir sıra dəyərli insanları da xilas edə bilmişdi”. 

Mircəfər Bağırov İdris Əsgərovun xatirində  öz sözünü deyə bilən, dediyini həyata keçirən və son dərəcə cəsur, şəxsiyyətinə görə  kişi adam kimi qalmışdı.


Bağırovun repressiya  fəlakətindən xilas etdiyi həmin şəxslərdən biri də Səməd Vurğun idi. Bir  dəfə İdris müəllimi çox fikirli gördüm, nədən qeyzləndiyini soruşanda , dedi ki, “uşaq-muşaq, tarixdən, ədəbiyyatdan, həyatdan xəbəri olmayanlar da görmədikləri, tanımadıqlar tarixi şəxsiyyətləri əsassız mühakimə edirlər. Səməd Vurğun haqqında, digər şəxsiyyətlər haqqında müzakirə aparanda insanlara tarixi hadisələrin baş verdiyi məkandan, həmin zamanın siyasi hadisələrinin mənzərəsi içərisində münasibət bildirilməlidir. Onları hadisələrin baş verdiyi, şəxsiyyətlərin fəaliyyət göstərdikləri dövrdən təcrid etməklə qiymətləndirmək doğru olmaz. Bunu mən qanlı repressiyalar dövrünü  qismən də olsa görmüş, 2 yaşından etibarən Qazaxıstanın Aral gölündə sərt təbiəti olan bir adada sürgün həyatı yaşamış, indi ağsaqqal yaşına çatmış bir təcrübəli insanın inamı ilə deyirəm. O dövrü görməyən, o acıları hiss eləməyən insanlar həmin dövrü  və insanları mühakimə edə bilməzlər”.

İdris  müəllim Azərbaycan  Baş Prokurorluğunu tərk edəndə  hörmət etdiyim prokurorluq işçilərindən biri belə dedi: “Baş prokurorluğun sütunları dağıldı”.

İdris Qasımov mükəmməl bir insan, təcrübəli və ədalətli prokuror idi.  Sözünün əvvəli də, axırı da Allah idi. Ömrünün son illəri özünün qələmə aldığı “Ömür salnaməmin acılı-şirinli günləri”  kitabında yazır:

“Fəaliyyətim dövründə qanunun aliliyini təmin etmək üçün prinsipiallıqla yanaşı ədalətə, tələbkarlıqla yanaşı qayğıya önəm verməyə çalışmışam. Qəbul etdiyim qərarların qanunlara müvafiq olması üçün onları, necə deyərlər, Femidanın tərəzisində ölçüb, götür-qoy etmişəm, haqqı-ədaləti rəhbər tutmuşam. Allahın buyurduqlarından da yan keçməmişəm. ..”.

İdris Əsgərov 89 il ömür sürdü. Ləyaqətli bir kişi, bir insan, bir ailə başçısı, bir ata, bir dost, bir qanun keşikçisi ömrünü yaşadı.  Onu sevməmək mümkün deyildi. Danışanda dilindən dürr tökülürdü. Ürəyi gözlərində yanırdı. Gözlərində əbədi bir işıq görmüşdüm.  Ötən il iyun ayının 30-da onun doğum gününü qeyd etmək üçün Umayra Nağıyeva ilə biz də bağ evinə yığışdıq. Oğulları Azad, Elçin və Fuadın, dostu Tofiq Bağırovun övladları  da gəlmişdilər. İdris müəllimin  yenə xatirələri dil açmışdı. Daha çox Tofiq Bağırovdan danışırdı. İndi özü  bu dünyada olmasa da,  övladlarının  da atsının adına layiq bir kişi olduğunu söylədi.  Gəncədən  uşaq bağçasından başlanan dostluqlarının bu gün oğulların davam etdirməsindən  fəxrlə danışdı. Və dedi ki, çox bəxtli bir insandır ki, hər zaman Vətənə gərəkli olub və gözəl dostlar qazana bilib. Səməd Vurğundan, Aşıq Ələsgərdən şeirlər dedi. Aşıq Ələsgərin  atası Molla Qasıma (o zaman molla yanında dərs alana adamların adının əvvəlinə “molla” sözü əlavə edərdilər, bu ziyalılıq göstəriçisi idi)  və əmilərinə həsr etdiyi  şeiri də oxudu:

Mən deyirəm çox igiddi,
Əsəd ilə Molla Qasım.
Köhnə kişilər deyirlər,
İyid Bayramxana deyin.
Molla Qasım Kamandardı,
Əsədi gördüm mərdana.
Əl-ayağı od ələyir,
Elə ki, girdi meydana.


Doğum günündən ayrılanda söz vermişdi ki, tanrı qismət eləsə, bu il 90 illiyində yenə bizi həmin o bağda başına yığacaq. Ömür vəfa etmədi.  İdris müəllim dekabrın 31-i bu dünyaya gözünü əbədi yumaraq, o biri doğmalarının, dostlarının yanına getdi. O biri dünyada, o haqq dünyasında onu həyat yoldaşı Solmaz xanım, çox erkən bu dünyadan köçən alicənab oğlu Fuad qarşıladı. 1994-cüildə 44 yaşlı oğlu Fuadı erkən itirəndə, heç zaman şeir yazmayan prokuror İdris Əsgərov oğlunun dərdini misralara çevirmişdi:

Sən öz həyatının gülşən çağında,
Sevərdin danışıb gülməyi oğul.
Bəs sevən ömrünün erkən çağında,
Sən necə bacardın, ölməyi oğul?!

 

Mən yaşda ataya oğul itirmək
Sadəcə dərd deyil, bir müsibətdir!
Bu çəkilməz dərdə dözərmi ürək?!
Gənc oğul itirmək bir fəlakətdir.

   
1997-ci ildə “Panorama” qəzetinin 27 noyabr sayında İdris Qasımov haqqında yazdığılm sözlər elə öz dəyərində qalıb: “Onun adını respublikanın hüquq-mühafizə orqanlarında həmişə ehtiramla çəkirlər. Prokuror kimi işlədiyi müddətdə istər dövlət, istərsə də vicdanı qarşısında gözükölgəli olmayıb...”.

İdris müəllim bu dünyanı tərk etməklə sıralarımzda az qalan kişilərin sırasını seyrəltdi. Hər zaman onunla söhbət edəındə, görüşəndə fikirləşərdim ki, kaş ölkəmizdə  belə kişilərdən bir az çox olaydı... Onda nə haqqın, nə ədalətin mizan tərəzisi pozulmazdı. İdris müəllimlə hər görüşüm bir bayram idi, indi onunla o biri dünyada görüşməyə yol tutmuşam...



Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır