Modern.az

Qara Suriyanın ağ insanları - REPORTAJ

Qara Suriyanın ağ insanları - REPORTAJ

9 Fevral 2017, 11:23

Türkiyədə yaşayan suriyalılardan bir neçə dəfə yazmışam. Ölkələrindəki daxili savaşdan qaçıb Türkiyəyə sığınan suriyalıların zor yaşayışından, uçuq-saçıq evlərindən reportajlar etmişəm.
Bu dəfə isə əksinə, Modern.az üçün Türkiyədə yerləşən zəngin suriyalılardan yazıram... Burda onlara “bəyaz suriyalılar” deyirlər. Onlar xüsusilə İstanbuldakı Fatih bölgəsinin Sulukule deyilən səmtində yaşayırlar.


Əvvəllər qaraçıların yaşadığı, küçələrindən darbuka və skripka səslərinin yayıldığı Sulukule bir müddətdir istanbullular tərəfindən “Kiçik Suriya” adlandırılır. Köhnə evlərin yıxılıb yerinə villalar ucaldılmasıyla bir anda lüks bir məhəlləyə çevrilən Sulukule və ətrafında artıq suriyalıların məktəbləri, poliklinikası, marketləri, bərbərxanası, restoranları var. Burada hətta tələbə yataqxanası belə, tikilib. Buranın Hələb və ya Dəməşqin bir məhəlləsindən fərqi yoxdu. Sulukule küçələrində dərdini türkcə izah etmək qeyri-mümkündü. 577 mənzili və 60 dükanı, 250 -yə yaxın vilası var.


Ölkələrindən qaçarkən pullarını çıxara bilən zəngin suriyalılar yaşadığı Sulukuledəki villaların qarşısında ya da qarajında Suriya nömrəli 4x4 “Jeep”ləri, lüks avtomobillər saxlayırlar. Buların bir qismini öz vətənlərindən gətiriblər, digər qismini sonradan Türkiyədə satın alıblar.  Bahalı iqamətgahlarda yaşayan bir çox gənc universitet məzunu və ölkəsində vəziyyəti yaxşı olan ailələrin uşaqlarıdır.


Burda suriyalı qaçqınların uşaqlarına təhsil verən 3 məktəb var. Fatihdə, İstanbul Akademiya binasının 3 və 4-cü mərtəbəsi tamamilə Suriya məktəbinə çevrilib.


Təxminən 350 şagirdə sahib olan məktəbdə adambaşına bir il tədris üçün 400 türk lirəsi  alınır. Tamamilə Suriyadan gələn müəllimlərin çalışdığı məktəbdə Suriya proqramı əsasında təhsil verilir.
Küçənin başındakı “Hüda market”ə giririk. İstanbulda müxtəlif işlərdə çalışdıqdan sonra atası və qardaşı ilə bu ticarət obyektini açan Məhəmməd Dan deyir:


“Bura bölgədə keçmişdə Türkiyə ilə iş quran şirkət sahibləri yaşayır. Bu insanlar Suriyadan qaçarkən pulunun müəyyən bir hissəsini çıxarıblar.  Bir çox evdə 2-3 ailə bir yerdə qalır. Bizim Suriyada iki dükanımız vardı. Prezident Əsədin əsgərləri maşınımda bomba olduğunu iddia edərək, ona əl qoydular və məni həbs etdilər. Daha sonra iki dükanımız yağmalandı. Evlərimiz və maşınlarımız satıldı, amma pulunu ala bilmədik. Sahib olduğumuz hər şeyi itirdik.
İndi burada yeni bir həyat qurmağa çalışırıq”

Burdakı zəngin gənclərin coxu qeyri-leqal yolla Avropaya getmək istəyir. Amad Savaş adlı gənc deyir ki, qaçaq olaraq Avropaya getmək çox bahalıdır. Avropaya ediləcək bir qaçaq səyahət adambaşı 7-8 min avrodan başlayır.


Suriyalı zənginlərin məhəlləsində suriyalı həkim və tibb bacılarının çalışdığı bir xəstəxana da var. Burada 5 suriyalı həkim çalışır. Daha çox poliklinika xidməti verən xəstəxanada müayinə qiyməti 30 və 40 lirə arasında dəyişir. Burada həkimlərin yazdığı dərmanlar klinikanın əczaçılıq  anbarından xəstələrə verilir. Səhiyyə obyektində türk xəstələr müayinə oluna bilməz.


Qeyd edim ki, Türkiyə hökuməti 2 milyona yaxın suriyalıya sahib çıxıb. Onlara maddi yardımlar edilməklə yanaşı, xəstəxanalar pulsuzdur. Ölkədə oturma, çalışma və vətəndaşlıq üçün hər bir şərait yaradılıb.



Məhsəti ŞƏRİF

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər