Modern.az

Gənclər hansı qələm sahiblərini oxuyurlar? - “Kimə lazımdır bu mənasız kitablar?”

Gənclər hansı qələm sahiblərini oxuyurlar? - “Kimə lazımdır bu mənasız kitablar?”

Ədəbi̇yyat

9 Fevral 2017, 12:39

Hər dövr yeni yazıçılar yetişdirir, yeni mövzular, yeni bədii təsvirlər, obrazlar yaradır. Müasir dövrün də özünəməxsus qələm sahibləri var. 

Bəs görəsən, dövrün gənc yazarları hazırda ədəbi mühitdə hansı qələm sahiblərini oxuyurlar?

 

Modern.az saytı mövzu ilə bağlı kiçik sorğu keçirib. Həmin sorğunu təqdim edirik:


Qabil Ədalət (şair-yazar):

"Bu gün yazan çoxdur. Sayı da gündən-günə artır... Mən özüm şeir yazdığım üçün şeir oxumağa da üstünlük verirəm. Bunu da kitabdan yox, daha çox  internet şəbəkəsindən. Düzü, elə də vaxtım olmur ki, oturub kitab oxuyam hər gün. Pul verib kitab aldığım yadıma gəlmir... Ara-sıra olur mütaliə edirəm. Ən son Kənan Hacıdan iki kitab hədiyyə almışam. Vaxtım olduqca, onları oxuyuram.

Kənan bəy özü gözəl insandır. Gözəl ona görə də vadar edir ki, onun kitabını oxumağa...

Kitabı bitirməmişəm deyə fikrimi desəm, qeyri-səmimi olar".

 

İntiqam Yaşar (şair-yazar): 

"Belə konkret, ad çəkərək cavab vermək bir az çətin olacaq. Çünki yazı-pozu ilə  sıx əlaqəsi olan biri kimi ədəbi mühitdə olan imzaları mütəmadi izləməyim zərurətdir.  Bu səbəbdən də, imza olduğunu qəbul etdiklərimi oxuyuram. Ədəbi mühitin mövcud durumu haqda məlumatlı olmaq üçün bu şərtdir". 

 

Günel Ali Ağayeva (yazar, jurnalist): 

"Ədəbi mühitdə Çingiz Abdullayev, Nakim Əlili, Zəlimxan Yaqub, Ramiz Rövşən, Varisin kitablarını oxuyuram. Sevdiyim əsərlər çoxdur. Bir neçəsinin adlarını sadalaya bilərəm. "Bəxtin intiqamı", "Mənim gözəl Alibim", "O qızın göz yaşları", "Sonuncu ölən ümidlərdir", "Andora sevməli və ölməli şəhər".
Lakin vətənpərvərlik və vətənin mərd oğulları haqqında yazılan "Bəxtin İntiqamı" adlı kitab ən sevdiyim romanlardan biridir. Hər bir yazarın öz dəsti-xətti olduğu üçün fərqli prizmadan yanaşırlar. Dedektik janrda olan kitabları oxuyarkən özümü müəllifin baş qəhrəmanının yerinə qoyuram. (Sanki kitabdakı qəhrəman mənəm). Vətənpərvərlik mövzularını hələ hər kəs qələmə ala bilmir. Gərək yazıçı o hissləri oxucusuna yaşatsın. Yaşanan gerçək hadisələr dəqiqliklə çatdırılmalıdır. Bir sözlə, oxuduğum və ürəyimə yatan kitabların təsirindən çıxma bir az çətin olur".


Sərəstan Gur (şair-yazar):

"Ədəbi mühitdən ən çox oxuduğum gənc yazarlardan biri bəlkə də birincisi gənc şairə Sevil İşıqdır... Şeirlərində reallığı əks etdirən Sevil deyərdim ki, şeirə işıq verir... Toxunduğu mövzulardan tutmuş ədəbi normala qədər o qədər gözəl yanaşır ki, şeri oxuyub bəyənməmək mümkün olmur. Eminquey Akifin də yaradıcılığını daim diqqətdə saxlayıram. Eminquey Akifin ən fərqli tərəfi sətiraltı sözləri peşəkarcasına işlətməsidir və bu da onun istedadının nəticəsidir... O cümlədən, Vasif Zöhraboğlunu qeyd etmək istəyirəm. Vasif  şeiri zamanın nəbzi üstündə yazılan şairdir. Və hər şerini oxuduqca şeirə sanki bağlanırsan. Vasifin "Yuxu" şeirini oxuyub bitirəndən adam hər dəfə peşman olur. Şeir o qədər gözəldir ki, onun bitməsi oxucunu peşman edir. Ən sevdiyim əsər isə indiyə kimi təkrar olsa belə, 4 dəfə oxuduğum Qabriel Qarsia Marquesin "Yüzün ilin tənhalığı" əsəridir!".

 

Günel Fərhadqızı Emin (yazıçı):

"İkinci Mahmud, Çinarə Ömray, Aqşin Yenisey, Aysel Abdullazadə ən çox oxuduğum müəlliflərdir. Səbəb: yazıdakı bədii təsvir, söz ehtiyatı, fərqli düşüncə tərzi, cəsarət, səmimiyyət, tənqid və təhlil etmə bacarığı, aktual mövzu seçimi və reallığın əks etdirilməsidir. Əsər çoxdur, adı çəkilən müəlliflərin əsərlərini oxuyuram və çoxunu bəyənirəm".

 

Ruslan Dost Ali (şair-yazar):

"Bu günkü ədəbi mühitimiz o qədər böyükdür ki, hərdən lap başını itirirsən. Əlbəttə ki, hamını oxumağa nə vaxt var, nə də həvəs. Heç buna gərək də yoxdur, məncə. Mütləq seçim etməlisən. Demək olar ki, əsl ədəbi nümunə yarada bilən, damarlarına qədər söz hopmuş bütün imzaları oxuyuram. Burada ruha yaxınlıq məsələsi də var yəqin. Ad çəkəsi olsam, uzun bir siyahı alınar.

Ümumilikdə isə, ədəbi mühitə olan bu axın adamda ikrah hissi doğurur artıq. İndi oxumaqdan daha çox yazmağa üstünlük verirlər. Kimi dindirsən ən pis halda yüzlərlə şerinin olduğunu deyəcək. Hamı kitab çıxarmaq hayındadır. Axı kimə lazımdır bu mənasız kitablar? Üstəlik də pulunu verib, bir-iki mükafat alıb, özünü toxunulmaz hesab eləyir. Çap olunduğu qəzetlərdə də adının qabağında "Qızıl qələm" mükafatı laureatı yazdırır. Daha demir ki, əsl ədəbiyyat yaratmış yazıçıların nəinki qızıl, heç gümüş qələmləri belə olmayıb. Bu adam anlamır ki, qızıl qələmin yox, qızıl sözün olsun gərək. Hələ bu "şair"lərin tanınmış tənqidçilərə səhifə-səhifə özlərini təriflətməklərini demirəm. Təəssüf ki,  özlərini dahi hesab edən bu adamların içində nüfuzlu şəxslər də olmamış deyil. Bu məmləkətin qadını axırıncı dəfə mətbəxin qapısını nə vaxt açdığını unudub, Facebook-da paylaşdığı şəkilli şeirinə yazılan şərhlərə təşəkkürnamələr göndərməklə məşğuldur. Bu məmləkətin gənci oxumaq, təhsil almaq, əziyyət çəkib işləmək əvəzinə qələmdən bərk-bərk yapışıb, Yazıçılar Birliyindən təqaüd güdməklə keçirir vaxtını. 

Azərbaycan ədəbi mühiti yazıçı və tənqidçi adına satqınlarla doludur.

Aristotel Platonun ideyalar haqqında təlimini tənqid edərkən demişdir: "Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür!". Nə yazıq ki, biz bunun əksini düşünməkdəyik.

Ən sevdiyim əsər isə Dostoyevskinin "Cinayət və Cəza" romanıdır".

 

Kamal Aken (yazar):

"Kənan Hacı, Şərif Ağayar, Aqşin Yenisey və s. Çünki günümüzün ciddi ədəbiyyatı məhz bu adamlarda birləşir".

 

Azadə Bayramova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir