Modern.az

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyətlər verilir

Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyətlər verilir

Ölkə

9 Fevral 2017, 13:25

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub. Burada əsas prinsipial məsələ Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyətlərin verilməsi idi.

Bu barədə Modern.az-a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc məlumat verib.

Zahid Oruc deyib ki, burada söhbət ondan gedir ki, nəqliyyat vasitələri, mal sahibləri, müxtəlif şəxslər və yaxud onların nümayəndəlikləri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hüquqlara rəğmən, istər Xəzər dənizindən, istərsə də digər sərhədlərimizdən iqtisadi fəaliyyətləri həyata keçirməkdədirlər. Bu zaman Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə təhdid ola biləcək malların, məhsulların keçidinin yoxlanması, həmçinin silah, qaçaqmalçılıq məhsulları, narkotik və digər bu kimi psixotrop maddələrin olmasını müəyyənləşdirmək hüququ həm də Dövlət Sərhəd Xidmətinə verilməlidir.

Deputat ötən illər ərzində Dövlət Sərhəd Xidmətinin Azərbaycanda formalaşan güclü dövlət strukturlarından biri olduğunu bildirib.

“Orada xidmət aparan şəxslər Azərbaycanın dövlət sərhədlərini göz-bəbəkləri kimi qoruyurlar. Ona görə də zərurət yaranır ki, biz hüquqi cəhətdən həmin quruma elə bir səlahiyyətlər verək ki,  onların dövlətimizin əleyhinə təhlükəli fəaliyyət həyata keçirə biləcək şəxsləri yoxlamaq hüquqları olsun. Komitə tərəfindən bu məsələ müzakirə olundu və parlamentarilərin əksəriyyəti bu qanunun lehinə səs verdilər”.


Qanun layihəsi  fevralın 14-də keçiriləcək Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır