Modern.az

Lapşin Ermənistan girovluğundakı 3 azərbaycanlı ilə dəyişdirilsin - TƏKLİF

Lapşin Ermənistan girovluğundakı 3 azərbaycanlı ilə dəyişdirilsin - TƏKLİF

9 Fevral 2017, 14:01

“Hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, uzun müddətdir ki, erməni girovluğundadır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmək üçün getmişdilər. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, Kreml bununla bağlı səsini çıxarmır. Rusiya Ermənistandan tələb etmir ki, Qarabağa getməyə görə, adamı həbs etməzlər. Lakin, Rusiya bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına etiraz edir”.

Bunu Modern.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və rəsmi Bakının razılığı olmadan işğal altındakı torpaqlarımıza səfər edib.

Q. Həsənquliyev hesab edir ki, bu baxımdan Rusiyanın Lapşinə görə, Azərbaycana təzyiq etmək cəhdi əsassız və mənasızdır. Partiya sədri onu da qeyd edib ki, Lapşin Azərbaycanın istintaq orqanlarında öz təqsirini etiraf edərsə, bu halda məhkəmə ona daha yüngül cəza verə bilər.

Deputat bununla belə vurğulayıb ki, Lapşin Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə ilə dəyişdirilməlidir.

“Azərbaycan üçün daha faydalı olardı ki, Lapşini sonda erməni girovluğunda olan 3 vətəndaşımızla dəyişərdi. Lapşinin həmin girovlarla dəyişdirilməsi daha məqsədəuyğun olardı. Düşünürəm ki, bu istiqamətdə diplomatik danışıqlar aparılacaq”,-deyə Q. Həsənquliyev söyləyib.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. Qondarma məhkəmənin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə gün bundan qabaq isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Tərtərin Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə keçib.


Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir