Modern.az

9 fevralda Xocalıda vəziyyət necə idi? - Şəhərin keçmiş prokuroru 25 il öncədən DANIŞIR

9 fevralda Xocalıda vəziyyət necə idi? - Şəhərin keçmiş prokuroru 25 il öncədən DANIŞIR

9 Fevral 2017, 14:34

Bu il Xocalı soyqrımının 25-ci ildönümü olacaq.

Modern.az saytı Xocalı genosidinin 25 illiyini nəzərə alaraq, silsilə yazılar təqdim edir.

1992-ci ilin bu günündə - 9 fevralda Xocalıda vəziyyət necə idi? Yaşlılar, qadınlar, uşaqlar günü hansı ümidlə başa vururdular?


Xocalının prokuroru olmuş Atakişi Atakişiyev 1992-ci ilin 9 fevralını belə xatırlayır:

                                       
“Yeməyə çörək tapmırdıq”

 

Vaxtilə Xocalı prokuror vəzifəsini icra etmiş Atakişi Atakişiyev deyir ki, müharibəni yaşamaq çox çətindir.

“1992-ci ilin bu günü Xocalı mühasirədə idi. İnsanlar çox çətin şəraitdə  yaşayırdı. Buna baxmayaraq, hər bir xocalılı öz torpağını qoruyurdu. Həm də Xocalıda ən böyük  problem insanların qidalanması ilə bağlı idi. 1992-ci ilin bu günü vəziyyət çox çətin idi. Ən əsası un tədarükümüz tükənmişdi. Çörək tapmırdıq yeməyə. Unu bölüşdürmək artıq mümkün deyildi. Aclıq hökm sürürdü. Hələ də uşaqların bir tikə çörəyə görə necə ağladığını unuda bilmirəm. Çox çətin günlər idi. İnsanlar bir tikə çörəyə, bir qarış torpağa görə göz yaşı axıdırdı”.

                                                
“Əsl düşmən idilər”

Keçmiş prokurorun sözlərinə görə, hər bir erməni əsl düşmən idi və elə də rəftar edirdi.

“Xocalı hər tərəfdən mühasirədə idi. Şəhərə giriş-çıxış mümkün deyildi. Şəhərin dörd bir tərəfinə erməni səpələnmişdi. İnsanlarımızla çox qəddar rəftar edirdilər. Əsl düşmən idilər. Düzdü, mən Xocalıda doğulmamışam. Amma işimlə bağlı Xocalıda yaşamaq məcburiyyətində idim. Ona görə də Xocalı soyqrımına qədər baş verənləri acı xatirə kimi xatırlayıram. Xocalıda prokuror kimi çalışdığım günləri unutmaq çox çətindir. Prokuror kimi vəzifəmi bir tərəfə qoyub insanlara qayğı göstərir, problemlərinə kömək etməyə çalışırdıq. Bir onu bilirəm ki, həyatda müharibədən çətin heç nə yoxdur. İnsanların əlində özünü müdafiə etmək üçün silah-sursat yox idi. Kimdə nə vardısa hamısını cəmiyyətlər yığıb aparmışdı”.

                                          

“Soyuq sudan başqa heç nəyimiz yox idi”

Atakişi müəllim 1992-ci ilin 9 fevralından danışarkən bildirib ki, o günün özündə də Xocalıda müharibə gedirdi.

”1992-ci ilin fevralında şaxtalı hava vardı. İnsanlar bir tərəfdən də soyuqdan donurdular.Təəssüf ki, onlara yardım etmək imkanımız yox idi. O zamankı icra başçısı Elman Məmmədov və digər vəzifəli şəxslər xocalılılara gücləri çatan köməkliyi edirdilər. Amma tam köməklik də deyildi. Çünki nə un, nə çörək, nə qənd, nə də işıq vardı. Bir soyuq su vardı. Yadımdadır ki, bir nəfərin evində quru çay vardı. Onu  çay dəmləyib içirdik. O da qəndsiz. Vəssalam!

Həmin günlərdə mərkəzlə  əlaqə olsa da, Bakıdakıların başı başqa işlərə qarışmışdı. Onlar bizi düşünsəydilər, Xocalı o günlərə qalmazdı. Heç yadlarına da düşmürdük. İki dəfə rəsmi qaydada o zamankı dövlət başçısına, baş prokurora,  “Günün 24 saat xəbər xidməti”nə teleqram vurduq ki,“köməyimizə gəlməsəniz, Xocalı yoxdur. Xocalı yoxdursa, Dağlıq Qarabağ da yoxdur!”.


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir